Fövqəladə missiya
"Mən xalqımdan üzr istəmək istəyirəm. Ona görə ki, bizim sizinlə bir çox arzularımız yerinə yetmədi... Mən gedirəm. Səhhətimə görə yox, toplanmış problemlərə görə gedirəm. Məni daha böyük və daha yaxşı işlər görə biləcək yeni nəsil əvəzləyir. Rusiya Prezidentinin səlahiyyətlərinin hökumət sədri Vladimir Vladimiroviç Putinə həvalə edilməsi barədə fərman imzalamışam..."
Rusiyanın birinci Prezidenti Boris Yeltsinin 1999-cu il dekabrın 31-də göz yaşları içində xalqa müraciəti zamanı heç kimin gözləmədiyi halda istefasını elan etməsi tək Rusiyada yox, bütün dünyada şok effekti yaratdı. Ancaq dünyanın yaşadığı bu şokun dozasını artıran daha bir məqam isə Rusiya hüdudlarından kənarda hələ bir o qədər də yaxşı tanınmayan şəxsə - Vladimir Putinə Prezidentin səlahiyyətlərinin həvalə edilməsi və beləliklə, faktiki olaraq onun Yeltsinin xələfi seçilməsi idi.
Keçmiş kəşfiyyatçının siyasətdə nə dərəcədə mahir oyunçu ola biləcəyinə, özünün ağır dövrünü yaşayan, daxili siyasi çəkişmələr nəticəsində əldən düşən, hətta parçalanmaq təhlükəsilə üzləşən Rusiyanı böhrandan xilas edəcəyinə inam da elə böyük deyildi. Lakin hadisələrin sonrakı inkişafı Yeltsinin öhdəsindən gələ bilmədiyi problemlərin xələfi tərəfindən uğurla həll edildiyini və Yeltsinin varis seçimində yanılmadığını göstərdi. Vladimir Putin nəinki Rusiyanı dirçəltdi, həm də onun əvvəlki şöhrət və qüdrətini geri qaytararaq yenidən dünya miqyasında öz sözünü deyə bilən, qlobal oyunda əsas iştirakçılardan birinə çevrilən müasir Rusiyanı yaratdı. Bunu Sankt-Peterburqda kasıb bir ailədə doğulan, uşaqlığında isə yalnız kəşfiyyatçı olmağı arzulayan Putin etdi.
Dəcəl məktəbli
Vladimir Vladimiroviç Putin 1952-ci il oktyabrın 7-də Leninqradda anadan olub. Onun atası və adaşı olan Vladimir Spiridonoviç Putin 1930-cu illərdə hərbi dəniz donanmasında xidmət edib. İkinci dünya müharibəsi illərində isə Xalq Daxili İşlər Komissarlığının diversiya qruplarının tərkibində Leninqradın müdafiəsində iştirak edib. Müharibə qurtardıqdan sonra Leninqradda Yeqorov adına vaqonqayırma zavodunda çilingər işləyib. Anası Mariya İvanovna Putina əslən Tver vilayətindən olub və Leninqradın mühasirəsi illərində burada yaşayıb. Uzun müddət xəstəxanada sanitar işləyib. Putinin özündən başqa iki böyük qardaşı olub. Ancaq uşaqlardan biri körpə vaxtı, digəri isə Leninqradın Hitler ordusu tərəfindən mühasirəsi zamanı difterit xəstəliyindən həlak olublar.
Leninqradda kommunal mənzildə yaşayan Putin uşaqlıqda elə də sözəbaxan olmayıb. Vladimir Putinlə orta məktəbdə bir parta arxasında əyləşənlər xatırlayırlar ki, o, olduqca dəcəl idi. Sabiq Prezidentin məktəb yoldaşı Viktor Borisenko bildirir ki, Volodya daim müəllimləri hirsləndirir, uşaqlarla dalaşır və digər qaba hərəkətlər edirdi. Görünür elə bu səbəbdəndir ki, bir neçə il Putin pionerə qəbul olunmadı. Yalnız 6-cı sinifdə pionerə qəbul olunan Putinin dəcəl uşaqdan dönüb nümunəvi şagird olmasına səbəb isə ona daim edilən ictimai iradlar oldu. Hətta müəllimləri bildirirdi ki, əgər o, davranışını dəyişməsə, çətin tərbiyə olunan yeniyetmələr üçün nəzərdə tutulan internata göndəriləcək. Bu amil Putinin davranışını dəyişməsində az rol oynamadı.
İdmana, konkret desək, samboya böyük həvəs göstərən gələcək Prezidentin məşqçisi Anatoli Raxlin xatırlayır ki, yeniyetmələri məşqə qəbul etdikdən sonra Putin bütün boş vaxtını samboya həsr edirdi. Məktəbdən evə gələrək paltarını dəyişdikdən sonra bəzən nahar eləmədən idman zalına qaçırdı. Çox vaxt isə gündəliyini də özü ilə götürərək məşqçisi qarşısında dərslərini necə oxuması ilə bağlı hesabat verirdi. Məşqçinin isə qoyduğu qaydalar çox sərt idi: "iki" almısansa məşq etmirsən və evə gedirsən, dərsə tam hazır olana kimi evdə müəllimlərin tapşırığı ilə məşğul olursan.
Valideynləri isə Putinin idmana bu qədər böyük həvəs göstərməsinə ehtiyatla yanaşırdılar. Hətta Mariya İvanovna sambo ilə məşğul olmağı "ağıldankəmlik" adlandırırdı.
9-cu sinifdə DTK-ya müraciət
etdi
Rusiya Baş nazirinin şagird yoldaşı Viktor Borisenko xatırlayır ki, Putin hələ uşaqlıqda "Qılınc və qalxan" kitabını oxumağı, məxfi agentlər barədə filmlərə baxmağı çox xoşlayırdı. Onun yazı stolunun üstündə hətta hansısa kəşfiyyatçının portreti də var idi. Lakin Putin böyüdükdən sonra xüsusi xidmət orqanlarında işləmək həvəsində olduğuna dair şagird yoldaşlarına heç nə deməmişdi. Bununla belə, sonradan etiraf edirdi ki, uşaqlıq dövründə onun ən böyük arzusu kəşfiyyatçı olmaq idi. Hələ 9-cu sinifdə oxuyarkən DTK-nın Leninqrad bölməsinə müraciət edərək bununla bağlı istəyini onlara bildirmişdi. Burada isə Putinə ali hüquqi təhsil almağı, sonra onlara müraciət etməyi məsləhət görmüşdülər. Kəşfiyyatçı olmaq arzusu 1970-ci ildə Putinin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına gətirib çıxardı. Həmin vaxt isə buraya daxil olmaq elə də asan deyildi, bir yerə 20 nəfər iddiaçı var idi. Universitet illərində Putin digər tələbələrdən heç nə ilə fərqlənmirdi. Yaxşı oxumağa çalışan Putin gündəlik maddi xərclərini ödəmək üçün cidd-cəhdlə də çalışırdı. Hətta birinci kursda oxuyarkən inşaat dəstəsinin tərkibində Kondratevo kəndində donuzları kökəltmə korpusunun tikintisində də iştirak edib.
Universitetdə o, hüquqla
yanaşı alman dilini də öyrəndi. İdmanla da məşğul
olmağı yaddan çıxarmayan Putin ali təhsil illərində
sambo üzrə idman ustası, iki il sonra isə dzü-do
üzrə idman ustası oldu. 1976-cı ildə isə
Leninqradda dzü-do üzrə yarışda birinci yerə
çıxdı. 1975-ci ildə universiteti qurtardıqdan sonra
Putinə Dövlət Təhlükəsizilk Komitəsində
işləməyi təklif etdilər. Hüquq fakültəsinin
məzunları üçün burada qeyri-adi heç nə
yox idi, çünki buranı qurtaranların çoxunu kəşfiyyat
idarələrində işləməyə dəvət
edirdilər. Ancaq belə iş təklifi alan məzunlar
çox ciddi yoxlamalardan keçməli idilər. Bundan sonra
onların kəşfiyyata daxil edilib-edilməmələri
haqda qərar verilirdi. Həmin yoxlamadan isə Putin müvəffəqiyyətlə
keçdi.
Putin özü isə
xatırlayır ki, işə qəbul olunduqdan sonra əvvəlcə
onu Leninqrad İdarə Komitəsinə, daha sonra isə əks-kəşfiyyat
bölməsinə göndəriblər. Burada təxminən
5 aya yaxın çalışan və əsas etibarilə
dissidentlərin fəaliyyətinə qarşı mübarizə
aparan Putin çox keçmir ki, Xarici Kəşfiyyat İdarəsinin
diqqətini özünə cəlb edir. Ona bu idarədə
işləməyi təklif edirlər. Təklifi qəbul edən
Putin bir il ərzində xüsusi hazırlıq keçdikdən
sonra Leninqrada qayıdaraq burada 4 il ərzində xüsusi xidmət
orqanlarında çalışır. Bundan sonra isə Andropov
adına Qırmızı Bayraqlı İnstituta (indiki Xarici Kəşfiyyat
Akademiyası) təhsil almağa göndərilir.
Dostluq Evinin kəşfiyyatçı direktoru
Adıçəkilən
institutu bitirdikdən sonra 1985-ci ildən 1990-cı ilə kimi
Putin Almaniya Demokratik Respublikasına (ADR), Drezdenə xidməti
ezamiyyətə göndərilir. Rəsmi şəkildə o,
SSRİ və ADR arasında Dostluq Evinin direktoru vəzifəsini
icra edir, əslində isə kəşfiyyat məlumatları
toplayır.
Putinin ADR-dəki kəşfiyyat
xidməti barədə hər hansı rəsmi məlumat
olmasa da, onun özü bu barədə müəyyən
açıqlamalar verib. Rusiya Baş nazirinin sözlərinə
görə, həmin vaxtlar buradakı əsas missiyası
informasiya mənbələri tapmaq, onlardan lazımi məlumatları
almaq, onu hazırlamaq və mərkəzə göndərməkdən
ibarət idi: "Söhbət Almaniyada olan siyasi partiyalar,
onların daxilindəki tendensiyalar, partiyaların
bugünkü və sabahkı mümkün liderləri,
insanların partiya və dövlət aparatında müəyyən
vəzifələrə irəli çəkilməsi barədə
informasiya toplamaqdan gedirdi".
Putin onu da xatırladır
ki, 1989-cu ildə ADR-də yaşanan çaxnaşmaların ən
qızğın vaxtında sovet ordu qruplaşmasına kömək
üçün müraciət edib: "Lakin burada mənə
bildirdilər ki, Moskvanın göstərişi olmadan heç
nə etmək olmaz. Moskva isə susurdu. Onda məndə belə
bir hiss yarandı ki, SSRİ daha yoxdur. Aydın oldu ki,
İttifaq xəstədir. Və bu, iflic adlanan sağalmaz,
ölümcül xəstəlik idi: hakimiyyətin iflici".
Sankt-Peterburq meriyasının "boz kardinalı"
1990-cı ilin iyununda
Leninqrada qayıtdıqdan sonra Putin Leninqrad Dövlət
Universitetinin rektoru Stanislav Merkurevin beynəlxalq məsələlər
üzrə köməkçisi vəzifəsində işə
düzəldi. Bununla yanaşı, o, həm də bu ali məktəbdə
DTK-nın təmsilçisi idi. Burada müəyyən
müddət işlədikdən sonra Putin Leninqrad Şəhər
Şurasının sədri Anatoli Sobçakın beynəlxalq
məsələlər üzrə məsləhətçisi
təyin edildi. Sobçakla Putin hələ universitetdə
oxuduğu illərdən tanış idi. Həmin vaxtlar gənc
müəllim olan Sobçak Putinin təhsil aldığı
fakültədə məşğələlər
aparırdı. Sonradan onlar arasında
tanışlığın yenidən bərpa edilməsi isə
Merkurev sayəsində mümkün olmuş, sonuncu Putini
bacarıqlı iş icraçısı kimi Sobçaka təqdim
etmişdi.
Sobçakın məsləhətçisi
kimi o, daha çox xarici ölkələrlə iqtisadi təcrübə
mübadiləsinin yaradılmasında iştirak edirdi.
1991-ci il iyunun 12-də
Sobçak Sankt-Peterburqun meri seçildikdən sonra Putin
meriyanın xarici əlaqələr üzrə komitəsinin sədri
təyin olundu. Bu vəzifədə o, şəhər
iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi, birgə
müəssisələrin açılması, xarici tərəfdaşlarla
əməkdaşlıq məsələlərini kurasiya edir,
biznes fəaliyyətilə məşğul olurdu.
Sankt-Peterburqda valyuta birjasının yaradılmasını,
Rusiyada ilk xarici banklardan sayılan "BNP-Drezdner
Bank"ın açılmasını, "Astoriya"
mehmanxanasının satışını Putinin adı ilə
bağlayırlar.
Həmin vaxtlar hələ də
DTK əməkdaşı olan Putin 1991-ci il avqustun 20-də bu
orqandan xaric olması haqda ikinci raport verdi (ADR-dən
qayıtdıqdan sonra verdiyi raport qəbul
olunmamışdı). Bu dəfə raportu qəbul olunan Putin DTK-nın
polkovnik-leytenant rütbəsində ehtiyatda olan kadrı kimi
qaldı.
Meriyada işlədiyi
müddət ərzində Sobçakın xüsusi hörmətini
qazanan Putin 1994-cü ildə onun birinci müavini vəzifəsinə
irəli çəkildi. Əvvəlki kimi o, şəhərə
xarici investisiyaların və şirkətlərin cəlb
olunmasına xüsusi diqqət yetirirdi. 1996-cı ildə Putin
artıq əsas missiyasının Sankt-Peterburqa xarici
investisiyaların cəlbi ilə yanaşı, qabaqcıl
texnologiyanın gətirilməsi, şəhər
iqtisadiyyatının yenidən qurulması, yeni iş yerlərinin
açılması, müasir infrastrukturun yaradılması
üçün xarici təcrübənin tətbiq
olunmasından ibarət olduğunu bildirdi. Ancaq bununla
yanaşı, o, siyasi məsələlərə də diqqət
yetirirdi.
Putin həm də ölkədaxili
siyasi mübarizədə fəal iştirak etməyə
başladı. 1995-ci ildə keçirilən parlament
seçkilərində "Rusiya bizim evimizdir" blokunun
regional bölməsinə rəhbərlik etdi. Ancaq həmin
vaxt nəticələr Putin üçün uğursuz oldu.
Müşahidəçilərə görə, buna əsas səbəb
Putinin seçkiqabağı texnologiyanı bilməməsi
idi. 1996-cı ildə Putin quberniya rəhbəri seçkilərində
Sobçakın kampaniyasında iştirak etməyə və
fəal təbliğatla məşğul olmağa
başladı.
Qubernator seçkilərində
Sobçak məğlub oldu. Əsas səbəb isə onun rəqibi
Vladimir Yakovlevin Moskvadan dəstəklənməsi idi.
Sobçakın məğlubiyyətindən sonra Putin
Sankt-Peterburqda tutduğu bütün postlardan getməli oldu.
Lakin Sobçak administrasiyasında o özünə çox
böyük nüfuz qazana bilmişdi. Qərbdən olan iş
adamları ilə əlaqələr qurmuş və
Sankt-Peterburqa böyük həcmdə xarici investisiya cəlb
edə bilmişdi. Bundan başqa, Putin Sobçakla şəhər
parlamentinin deputatları arasında əsas vasitəçi
rolunu oynamışdı. Tədqiqatçılar bildirir ki, həmin
dövrdə meriyada əsas qərarlar Putinin
razılığı olmadan qəbul edilmirdi, hətta buna
görə çoxları onu "boz kardinal"
adlandırırdı.
Yeltsin administrasiyasında uğurlu yüksəliş
Sobçakın məğlubiyyətindən
sonra Moskvaya gələn Putin Boris Yeltsin administrasiyasında
işə düzəldi. Putinin Prezident Administrasiyasında
uğurlu karyerası isə əslində Anatoli Çubays tərəfindən
ona göstərilən himayə ilə bağlı idi.
Çubays Prezident Administrasiyasında Sankt-Peterburqdan
olanların komandasını formalaşdırmağa
çalışırdı və bu siyahıya Putin də
daxil idi. Elə Çubaysın dəstəyilə az sonra
Putin Rusiya Prezidentinin İşlər İdarəsinin
müdiri Pavel Borodinin müavini vəzifəsinə təyin
olundu. Bu vəzifədə o, hüquqi və xarici iqtisadi məsələlərlə
məşğul olurdu.
1997-ci il martın 25-də isə
Putin Prezident Administrasiyasının rəhbərinin müavini
və Baş Nəzarət İdarəsinin sədri təyin
olundu. Yeni vəzifədə o, "Çubaysın Peterburq
komandası"nın digər üzvü olan Aleksey Kudrini əvəzləmişdi.
Əslində yeni vəzifəyə Putin elə Kudrinin
tövsiyəsilə gəlmişdi və sonradan bu fakt Putin tərəfindən
də etiraf olundu. Kudrin özü isə maliyyə nazirinin
müavini vəzifəsinə təyin edildi. Bundan başqa,
Putinin yeni vəzifəyə təyin olunmasına Yeltsinin
kürəkəni olan administrasiya rəhbəri Valentin
Yumaşev də xeyir-dua vermişdi. Yumaşevin Putini dəstəkləməsinin
əsas səbəbi isə onun siyasətə həddən
çox qarışmaması və keçmiş rəhbəri
Sobçaka Prezident Administrasiyasında da sədaqətli
olduğunu göstərməsi idi. Onun bu xüsusiyyəti
Yumaşevin daha çox xoşuna gəlmişdi.
Yeni vəzifədə Putin
müxtəlif dövlət strukturlarında, Silahlı
Qüvvələrdə, hərbi sənaye kompleksində
yoxlamaların başlanacağını və meydana
çıxan nöqsanların Baş Prokurorluğa təqdim
olunacağını bildirdi. Yoxlamalar özü isə Baş
Prokurorluğun və digər hüquq-mühafizə
orqanlarının əməkdaşları ilə birgə
aparılırdı. Putinin rəhbərliyi alıtnda Baş Nəzarət
İdarəsinin əsas işlərindən biri də
regionlarda və federal mərkəzdə büdcə vəsaitlərinin
məqsədyönlü istifadə edilməməsinə
qarşı mübarizə aparmaq idi. Onun Baş Nəzarət
İdarəsinin rəhbəri kimi imzaladığı ilk sənəd
məhz bu sahələrdə yoxlamalara başlanması idi.
Regional rəhbərliklər üzərində nəzarət
1998-ci ilin mayında Yeltsin
Administrasiyasında ciddi kadr dəyişiklikləri həyata
keçirildi. Mayın 25-də Putin administrasiya rəhbərinin
regional siyasət üzrə məsul müavini təyin olundu.
Öz sələfi və Boris Yeltsinin ilk tərəfdarlarından
olan Viktor Mitindən fərqli olaraq, Putin həm də
administrasiya rəhbərinin birinci müavini vəzifəsinə
yiyələndi. Kadr yerdəyişmələri administrasiya rəhbəri
Yumaşevin mövqelərini daha da gücləndirdi.
Yumaşevlə asanlıqla dil tapan və onun hörmətini
qazanan Putinin də administrasiyada təsiri genişlənirdi.
Onun yeni vəzifəyə gətirilməsinin əsas səbəbi
regional rəhbərliklər üzərində Prezidentin daha
ciddi nəzarət yaratmaq istəyilə bağlı idi. Təsadüfi
deyil ki, həmin il iyunun 4-də keçirdiyi mətbuat
konfransında Putin bildirirdi ki, bundan sonra ölkə rəhbərliyi
regional siyasətə, yerlərdə Prezident
tapşırıqlarının yerinə yetirilməsinə
daha çox diqqət ayıracaq.
1998-ci il iyulun 15-də isə
Putin regionların kuratoru vəzifəsində Sergey
Şaxrayı əvəz etdi. Bu vəzifədə olarkən
Putin Osetiya və İnquşetiya arasında o qədər də
rəvan olmayan münasibətlərlə məşğul
olmağa və yaranmış problemlərin tənzimlənməsinə
çalışırdı. Həmin vaxt Putin bu işlərlə
məşğul olarkən Yeltsin artıq onu Federal Təhlükəsizlik
Xidmətinin (FTX) rəhbəri vəzifəsinə
hazırlayırdı.
Köhnə-yeni iş yeri
Putindən əvvəl
FTX-nin rəhbəri vəzifəsini yerinə yetirən Nikolay
Kovalyov işində ciddi nöqsanlara yol verirdi ki, bu da onun
tezliklə tutduğu postdan kənarlaşdırılacağından
xəbər verirdi. FTX rəhbəri postuna ən real namizədlər
siyahısında isə ən çox şansı olan Putin
idi. Tədqiqatçılar bildirir ki, Putinin FTX rəhbəri
postuna gətirilməsinin əsas səbəblərindən
biri onun Prezidentin ətrafında olan insanlara loyal münasibət
bəsləməsi, digər tərəfdən isə siyasi
ambisiyalarının hər hansı təhlükə
yaratmaması idi. Həmçinin o da vurğulanır ki, bir
çox nüfuzlu şəxslərlə, o cümlədən
Çubaysla çoxsaylı əlaqələrinin olmasına
baxmayaraq, Putin kifayət qədər müstəqil idi. 1998-ci
il iyulun 27-də Baş nazir Sergey Kiriyenko Putini xüsusi xidmət
orqanlarında və iqtisadi cinayətkarlıqla mübarizədə
təcrübəsi olan şəxs kimi FTX-nin yeni rəhbəri
olaraq kollektivə təqdim etdi. Bir çox tədqiqatçının
fikrincə, Putinin bu vəzifəyə təyin edilməsinin əsas
səbəblərindən biri də Boris Yeltsinin xüsusi xidmət
orqanlarından daha böyük dəstək almaq istəyi ilə
bağlı idi. Yeni vəzifədə Putinin
qarşısına rəsmi şəkildə qoyulan əsas tələb
iqtisadi cinayətkarlıqla mübarizənin gücləndirilməsi
idi. Ancaq digər bir versiyaya görə, Putinin əsas missiyası
Yeltsinin üçüncü müddətə Prezident
seçilməsini təmin etmək, bu mümkün
olmadıqda isə hakimiyyəti problem olmadan onun varisinə
ötürmək idi.
FTX rəhbəri
seçildikdən sonra Putin ciddi islahatlara başladı. Mərkəzi
Aparatda çalışan işçilərin sayı 6 mindən
4 minə qədər azaldıldı. Həmin vaxt aparatda
çalışanların bir çoxu işdən
çıxarılmasını gözləmədən
özü istefa ərizəsi yazdı. Çoxları əmin
idi ki, aparatda əsas vəzifələri Sankt-Peterburqdan olanlar
tutacaq. Həqiqətən də əsas postlara Putinlə əvvəllər
xüsusi xidmət orqanlarında birgə xidmət etmiş
Viktor Çerkesov, Sergey İvanov, Aleksandr Qriqoryev kimi generallar
gətirildi, 1998-ci ilin oktyabrında isə Nikolay Patruşev
Putinin müavini təyin olundu. FTX rəhbəri postunda Putinin
işinin əsas istiqamətlərindən biri Moskva meri Yuri
Lujkovun və Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlevin FTX-nin
regional bürolarına artan təsirlərinin
qarşısını almaq idi. Bununla yanaşı, Putin digər
rəsmi strukturların fəaliyyətini də ciddi nəzarətə
götürdü. 1998-ci ilin noyabrında Dövlət
Dumasında çıxış edərkən Putin müxtəlif
hakimiyyət orqanlarında korrupsiya faktlarının aşkar
edildiyini və bu çərçivədə Dövlət
Statistika Komitəsi, Dövlət İnvestisiya Korporasiyası,
Moskva İnvestisiya Bankı və digər bir sıra
strukturların əməkdaşlarına qarşı cinayət
işinin başlandığını bildirdi. FTX rəhbəri
bununla bağlı qeyd edirdi: "Biz bunları ona görə
edirik ki, dövlətin malik olmalı olduğu bütün
resursları, obyektləri dövlətin özünə
qaytaraq".
Həmin vaxt isə Boris
Berezovskinin adı ilə bağlı qalmaqal əsl sensasiya
effekti yaratmışdı. Belə ki, FTX-nin bir qrup zabiti
televiziya ilə çıxış edərək bildirdi ki, rəhbərlik
onları MDB-nin icraçı katibi Boris Berezovskini
öldürməyə təhrik edib. Berezovski ətrafında
yaranan qalmaqal Putinin və rəhbərlik etdiyi orqanın
nüfuzunu ciddi təhlükə altında qoyurdu. Hətta
Putinlə görüşən Prezident də yaranmış
durumdan narahatlığını ifadə etmişdi.
Həmin vaxt yaranmış
bu qalmaqalı tədqiqatçıların çoxu hakimiyyət
uğrunda mübarizənin tərkib hissəsi kimi qiymətləndirirdi.
Putinin Berezovsksiyə qarşı çıxmasının əsas
səbəbi maliyyə baxımından bu qüdrətli
oliqarxı siyasətdən və biznesdən
uzaqlaşdırmaq idi. Berezovskinin də əsas niyyəti
hakimiyyət uğrunda mübarizədən qalib
çıxmaq və bunun üçün qurban seçdiyi
bir sıra şəxsləri, o cümlədən Putini və
Baş nazir Yevgeni Primakovu "aradan götürmək"
idi.
Primakovla başlanan mübarizə
1999-cu ilin avqustunda Putin Rusiya
Federasiyası Təhlükəsizlik Şurasının katibi
vəzifəsinə gətirildi. Əvvəllər Nikolay
Bordyujanın tutduğu bu vəzifəyə Sergey Kiriyenko və
Viktor Çernomırdin kimi nüfuzlu şəxslər də
iddialı idi. Ancaq Kreml həmin vaxt Baş nazir olan Yevgeni
Primakova daha az loyal olan şəxsin bu vəzifəyə
seçilməsini istəyirdi. Putin isə həmin vaxta qədər
FTX-nin də işini nəzarətə götürməyə
çalışan Baş nazirə yox, Kremlə tabe olmağa
meyil edirdi. Beləliklə də "çekist
ehtiyatlılığı" və Yeltsinə sədaqəti
Putinin Təhlükəsizlik Şurasının katibi vəzifəsinə
yiyələnməsində əsas rol oynadı. Yeni vəzifədə
isə Putin güc strukturları üzərində əlavə
təsir imkanları əldə etdi ki, bu da ona həm də
siyasətdə müstəqil fiqur kimi çıxış
etmək imkanları verdi.
Lakin yeni vəzifədə
Putinin həll etməli olduğu daha vacib məsələlər
də var idi. Bunların sırasına Kremllə Baş nazir
Yevgeni Primakov və Baş prokuror Yuri Skuratov arasında olan
qarşıdurma, Çeçenistandakı vəziyyət,
Balkanlardakı böhran, siyasi ekstremizmlə mübarizə ilə
bağlı məsələlər daxil idi. Parlamentdə xeyli
yer alan kommunistlər Primakovun açıq dəstəyini hiss
edirdilər. Hətta Primakov hökumətdə bir çox
aparıcı postlara sol qüvvələrin nümayəndələrini
təyin etmişdi və bu, Prezidentə qarşı
çıxan kommunistləri daha da gücləndirmişdi.
Yeltsinə sadiq olan iki nəfər - Putin və Stepaşin isə
Kremlə qarşı çıxan Duma və Baş nazirə
qarşı əsas sipər olmalı idi. Məhz bu iki şəxs
Prezidentə qarşı olan Baş prokuror Skuratovu da
"sıradan çıxarmalı" idi. Xatırladaq ki, həmin
vaxtlar Skuratov Kremlə qarşı bir çox kompramat
materiallar yayırdı. Putin və Stepaşin bununla
yanaşı, rəhbərlik etdikləri orqanlar daxilində
onlara müxalif olan şəxsləri də
neytrallaşdırmalı idi. Bu, daha çox kadr islahatları
ilə həyata keçirilirdi.
Təhlükəsizlik
Şurasının katibi vəzifəsində Putinin daha
çox diqqət yetirdiyi məsələ Şimali Qafqazda,
xüsusən də Çeçenistanda olan durum idi. 1999-cu
ilin mayında Stepaşinin Baş nazir vəzifəsinə təyin
olunmasından sonra Putin prezident fərmanı ilə FTX
bölmələrinin Şimali Qafqazda rolunun
artırılmasına nail oldu. Bundan başqa, o, ABŞ-ın
dünya hegemonluğuna qarşı çıxmaq
üçün Rusiyanın nüvə raket
potensialının inkişaf etdirilməsinin vacibliyinə də
xüsusi diqqət yetirirdi. Yuqoslaviyada yaranan böhranın tənzimlənməsində
Rusiyanın rolunun artırılmasına dair təşəbbüslərin
əsas müəllifləri sırasında da Putin xüsusi
yer tuturdu.
Bütün bunlar 1999-cu il
avqustun 9-da Putinin istefaya göndərilmiş Sergey
Stepaşinin əvəzinə Rusiya hökuməti sədrinin
səlahiyyətlərinin icraçısı təyin edilməsində
mühüm rol oynadı. Bundan başqa, Yeltsin artıq Putinin
özünün Prezident postuna varisi olduğunu gizlətmirdi.
Baş nazirin səlahiyyətlərini icra edən Putin 2000-ci
ildə keçiriləcək prezident seçkilərində
iştirak etmək niyyətini bəyan etdi.
Hökumətin ilk
iclasında Putin bildirdi ki, Stepaşinin istefası onun fəaliyyətinin
mənfi qiymətləndirilməsilə bağlı deyil:
"Bu, Prezidentin Dövlət Duması və prezident
seçkiləri ərəfəsində, eləcə də
Qafqazda vəziyyətin gərginləşməsilə əlaqədar
olaraq ölkədə daxili siyasi konfiqurasiyanı dəyişmək
niyyəti ilə bağlıdır". Əslində isə
daxili siyasi konfiqurasiyanı dəyişmək adı
altında Lujkovun yaratdığı "Vətən" və
Mintimer Şaymiyevin "Bütün Rusiya"
bloklarının neytrallaşdırılması nəzərdə
tutulurdu. Bu qüvvələrin birləşməsi isə
Kreml üçün ciddi təhlükə idi. Stepaşinin
isə həmin qüvvələrin
neytrallaşdırılması missiyasını yerinə yetirə
bilməməsi onun istefasında ciddi rol oynamışdı.
Hakimi-mütləq
1999-cu il avqustun 16-da Putin Duma
tərəfindən rəsmi olaraq Baş nazir vəzifəsinə
təsdiqləndi. Baş nazir kimi onun fəaliyyətinin əsas
istiqaməti Qafqaz siyasəti ilə bağlı oldu. Putin bu vəzifəyə
təyin olunarkən çeçenlərdən və digər
yaraqlılardan ibarət qruplaşmalar Dağıstana
soxulmuşdu. Həmin vaxtlar əsasən çeçenlər
tərəfindən Rusiyada müxtəlif terror aksiyaları
törədilirdi. Bunlara son qoymaq üçün Putin federal
ordunu Çeçenistana yeritdi. Həmin vaxt o, hərbi
qulluqçuların maddi-texniki təminatına da diqqəti
artırdı. Bunun sayəsində ilk olaraq Dağıstanda
olan yaraqlıların zərərsizləşdirilməsi
istiqamətində effektiv əməliyyatlar aparıldı.
SSRİ-nin dağılmasından sonra orduda yaranan
depressiyanı aradan qaldırmaq üçün Putin
Silahlı Qüvvələr qarşısında olduqca
iddialı tapşırıq qoydu - Çeçenistanı
federal mərkəzin nəzarətinə qaytarmaq. Bunun
üçün isə Putin orduya, generalitetə diqqəti
xeyli artırdı. Nəticədə qısa zaman ərzində
Çeçenistanın 80 faizi Rusiya ordusunun nəzarətinə
keçdi. Putin isə bildirirdi ki, dövlət Moskvanı dəstəkləyən
çeçen xalqının maraqları çərçivəsində
hərəkət edir və Çeçenistan "cinayətkar
rejimdən" xilas olmalıdır.
Rusiya ordusunun
Çeçenistanda qazandığı uğurlar Putinin
parlament və prezident seçkiləri ərəfəsində
reytinqini böyük sürətlə artırdı. Bunun nəticəsi
idi ki, 1999-cu ildə keçirilən parlament seçkilərində
hökumətyönlü "Birlik" bloku ikinci yerə
çıxdı. O, Kommunist Partiyasından cəmi bir faiz az səs
toplamışdı. Prezident seçkilərində Putinin
namizədliyini dəstəkləyəcəyini
açıqlayan "Sağ Qüvvələr
İttifaqı" da xeyli səs toplamışdı. Primakov
və Lujkovun rəhbərlik etdiyi "Vətən -
Bütün Rusiya" bloku isə Putinin əldə etdiyi
uğurlardan sonra parlament seçkilərində ən pis nəticəni
göstərmişdi.
1999-cu il dekabrın 31-də
Prezident Yeltsin istefa verdiyi üçün Putin Rusiya dövlət
başçısının səlahiyyətlərini də
icra etməyə başladı. Putinin yeni vəzifədə
imzaladığı ilk sənəd isə sələfinin
maddi və digər təminatları barədə sərəncam
oldu. Qafqazda təşəbbüsün Rusiya ordusunun əlinə
keçməsi, ölkədə vəziyyətin sabitləşməsi
qarşıdan gələn seçkilərdə Putinin qələbə
qazanmaq ehtimalını xeyli artırırdı. Bundan
başqa, o, ölkə iqtisadiyyatının üzləşdiyi
problemlərin aradan qaldırılması üçün də
ciddi fəaliyyətə başlamışdı.
Hələ Baş nazir olarkən
prezidentliyə əsas namizədlərdən biri kimi siyasi
platforması barədə suala Putin belə cavab vermişdi:
"Mənim əsas vəzifəm xalqın yaxşı
yaşamasıdır. Siyasi platformanı isə sonra işləyib
hazırlayarıq". Həmin vaxt aparılan sosioloji
sorğular göstərdi ki, Putinə təkcə
"Birlik" və "Sağ Qüvvələr
İttifaqı"nın tərəfdarları yox, RFKP və
"Yabloko"nu dəstəkləyənlərin bir çoxu
səs verməyə hazırlaşır. Halbuki sonuncuların
liderləri də seçkilərdə iştirak edirdi.
Bütün bunlar 2000-ci il martın 26-da Putinin prezident
seçilməsilə nəticələndi. O, seçicilərin
52,94 faiz səsini toplamışdı.
Prezident seçildikdən
sonra Putinin əsas fəaliyyət istiqamətlərindən
biri də ölkənin federativ quruluşu barədə
islahatlar oldu. Məhz bu islahatlar nəticəsində 2001-ci ildə
7 federal dairə yaradıldı. Həmin dairələrə rəhbərliyi
isə Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndələr
edirdi. Putin bildirirdi ki, bu addım Rusiyanın
parçalanması təhlükəsinin aradan
qaldırılması məqsədilə aparılıb.
Putinin ilk prezidentlik müddətində
vacib məsələlərdən biri ölkə siyasətinə
təsir imkanları olan iri biznesmenlərlə - oliqarxlarla
hakimiyyət arasında münasibətlərin inkişaf
etdirilməsi oldu. Hətta belə məlumatlar
dolaşırdı ki, 2000-ci ildə Putin oliqarxlarla qeyri-rəsmi
razılıq əldə edib: Kreml onların əmlak
hüququna hörmətlə yanaşmalı, oliqarxlar isə
Kremlin siyasi kursunu dəstəkləməli idi.
Buna qarşı
çıxdığı üçün Boris Berezovski,
Vladimir Qusinski, Mixail Xodorkovski kimi oliqarxlar Rusiyada sıradan
çıxarıldı.
Oliqarxlara qarşı belə
sərt siyasəti çoxları təhlükəli
adlandırdı, çünki onlar ölkə
iqtisadiyyatının inkişafında mühüm rol
oynayırdılar. Bununla belə, Putinin ilk prezidentlik
dövründə Rusiyanın iqtisadi inkişafı sürətli
idi. Ümumi daxili məhsulun orta illik artımı 6,5 faiz təşkil
edirdi. ÜDM-də xarici borcun payı 50 faizdən 30 faizə
endirildi, ölkənin valyuta ehtiyatları artırıldı.
Rusiyadan kapital axınının qarşısı
alındı, əhalinin maddi rifah halı
yaxşılaşdı.
Xarici siyasətdə də
ciddi uğurlar qazanıldı. Avropa Birliyi, ABŞ-la
münasibətlər yaxşılaşdı, NATO ilə
münasibətlər inkişaf etdirildi. Putinlə
ABŞ-ın sabiq Prezidenti Corc Buş arasında 2001-ci ilin iyun
ayında Lyublyanada keçirilən ilk görüşdən
sonra onların dostluq münasibətlərinin əsası
qoyuldu ki, bu, Rusiyanın inkişafında az rol oynamadı.
2003-cü ildə Rusiya ABŞ-ın İraqa müdaxiləsini
dəstəkləməsə də, elə mövqe tutdu ki,
Vaşinqtonla münasibətlər sonradan da qorunub saxlandı.
Bütün bunlar Rusiyanın ənənəvi xarici siyasi
kursunun dəyişməsindən və onun ABŞ-la, Qərblə
yaxınlaşmasından xəbər verirdi. Bu isə, əslində,
beynəlxalq arenada Rusiyanın mövqeyini gücləndirir,
Çeçenistana görə xarici tənqidləri
azaldırdı.
Lakin ilk prezidentlik
dövründə Putin bir sıra qalmaqallarla da üzləşdi.
2000-ci ilin avqustunda Barens dənizində "Kursk"
sualtı qayığında baş verən qəza Putinin
nüfuzuna müəyyən zərbə vurdu. Belə ki, həmin
vaxt qısa məzuniyyətdə olan Putinin istirahətini
yarımçıq qoyub hadisə yerinə gəlməməsi
və ilk günlərdə xarici dövlətlərin
yardımından imtina etməsi onun tənqid hədəfinə
çevrilməsinə səbəb oldu. 2002-ci il oktyabrın
23-də isə Movsar Barayevin rəhbərliyi altında bir qrup
çeçen yaraqlısının Moskvada "Nord-Ost"
teatrında xeyli sayda girov götürməsindən sonra
Putinin göstərişilə başlanan əməliyyat nəticəsində
girovlardan 129 nəfərin həyatını itirməsi də
Prezidenti tənqid hədəfinə çevirdi. Lakin onun
terrorçulara qarşı sərt mübarizə
metodlarını alqışlayanlar da az deyildi.
Bununla yanaşı, Putinin rəhbərliyi
altında ölkənin sürətli inkişafı, iqtisadi
artım, mərkəzləşdirilmiş hakimiyyətin
yaranması, Rusiyanın beynəlxalq imicinin möhkəmlənməsi,
onun yenidən qlobal oyunçu statusunu qazanması ona gətirib
çıxardı ki, 2003-cü ilin dekabrında keçirilən
parlament seçkilərində hökumətyönlü Vahid
Rusiya Partiyası səslərin üçdə ikisini
qazandı və bu, Prezidentə praktiki olaraq Duma üzərində
nəzarət imkanı verdi.
Yeni qələbə, yeni Rusiya
2004-cü il martın 14-də
isə Putin seçicilərin 71 faiz səsini toplayaraq ikinci
müddətə Prezident seçildi. İnauqurasiya mərasimində
Putin bəyan etdi ki, onun əsas missiyası - ölkənin
vahidliyini qorumaqla, dövlətçiliyi möhkəmləndirməklə
bağlı məqsədləri birinci prezidentlik
dövründə başa çatıb. Bu dəfə isə
Putin əsas diqqətin vətəndaş cəmiyyətinin,
insanların şəxsi azadlığının möhkəmlənməsinə,
real çoxpartiyalı sistemin yaradılmasına yönəldiləcəyini
bildirdi: "Yalnız azad insanlar azad ölkədə həqiqi
uğura nail ola bilər".
İkinci prezidentlik müddətində
Putinin diqqət yetirdiyi əsas məsələlərdən
biri də yoxsulluğun aradan qaldırılması, silahlı
qüvvələrin modernləşdirilməsi və mənzil
islahatları aparmaq idi. Xarici siyasətdə isə Putinin bu dəfə
diqqətini daha çox Ukrayna və Gürcüstan cəlb
edirdi. 2006-cı il sentyabrın 27-də Gürcüstanda 4
Rusiya hərbçisinin saxlanmasından və onların terrorçuluqda
ittiham edilməsindən sonra Rusiya Gürcüstanın hərtərəfli
mühasirəsinə başladı. Rusiyada olan gürcü
miqrantların deportasiyası həyata keçirildi,
Gürcüstana qarşı müxtəlif sanksiyalar tətbiq
olundu. Ukrayna isə daha çox Rusiyanın qaz təzyiqlərinə
məruz qaldı. Putin adları çəkilən postsovet
ölkələrinə təzyiq üçün çox
uğurlu vaxt seçmişdi. Bu vaxtlar Rusiyanın iqtisadi cəhətdən
güclənməsi və Avropanın enerji ilə təminatında
vacib rol oynaması bəzi hallarda onun açıq şəkildə
Qərbə qarşı çıxmasına gətirib
çıxarırdı. Ümumiyyətlə, Putinin ikinci
prezidentlik müddətində Rusiya xarici siyasətində Qərbi
daha çox tənqid etməyə və bir sıra müqavilələrdən
çıxmağa başladı. 2007-ci ilin fevralında
Münhen konfransında gözlənilməz sərtliklə
ABŞ-ın xarici siyasət kursunu tənqid etdi və
Amerikanı birqütblü dünya quruculuğu ideyasında
günahlandırdı. Putinin fikrincə, NATO-nun Şərqə
doğru genişlənməsi və ABŞ-ın Şərqi
Avropada Raket Əleyhinə Müdafiə Sistemi (RƏMS) yerləşdirmək
niyyəti beynəlxalq təhlükəsizliyə zərər
gətirir. Qərbdə Putinin bu açıqlamaları yeni
"soyuq müharibə"nin başlanğıcı kimi
qiymətləndirildi. Xatırladaq ki, həmin konfransda Putin
ABŞ-a Polşa və Çexiyada yeni RƏMS yaratmaq əvəzinə
Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadəni
təklif edirdi.
Putinin ikinci prezidentliyi
dövründə Rusiya iqtisadiyyatı daha da gücləndi,
ölkənin valyuta ehtiyatları 600 milyard dollara
çatdı. Sosial müavinətlər, maaşlar, əhalinin
sosial təminatı artırıldı. Rusiyanın beynəlxalq
nüfuzu isə artıq dünya dövlətlərinə
onun öz şərtlərini diktə etməsinə gətirib
çıxardı. 2008-ci ildə isə Putinin prezidentlik səlahiyyəti
başa çatdıqdan sonra çoxları onun
üçüncü müddətə dövlət
başçısı seçilməsi üçün
qanunverici bazada dəyişikliklər edəcəyini
düşünsə də, Putin buna getmədi. Əvəzində
Putin hələ Sankt-Peterburqdan tanıdığı Dmitri
Medvedevi özünə varis seçdi. Tədqiqatçılar
bildirir ki, Putinin nüfuzu Medvedevin prezident seçkilərində
qalib gəlməsində vacib rol oynayıb.
Medvedev prezident seçildikdən
sonra mayın 7-də səlahiyyətlərini təhvil verən
Putini Baş nazir təyin etdi. 2008-ci il aprelin 15-də isə
Putin parlamentdə mütləq əksəriyyətə sahib
Vahid Rusiya Partiyasının sədri seçildi. Elə həmin
vaxtlar Qərb mediası Rusiya hakimiyyət rəhbərliyində
baş verən dəyişikliklərə rəğmən, əvvəlki
kimi Putinin əsas fiqur olduğunu bildirirdi. Məsələn,
ABŞ-ın "The Wall Street Yournal" qəzeti
yazırdı: "İndi bəzi Avropa ölkələri
özünü elə aparır ki, sanki Rusiyanın iki
prezidenti var". Fransanın "Le Monde" qəzeti isə
yazırdı: "Putinin rəsmi iqamətgahı Kremldə
yerləşməsə də, o, hələ də Kremlin əsl
sahibidir". Gürcüstan Prezidenti Mixail Saakaşvili isə
qeyd edirdi: "Hər dəfə mən Dmitri Medvedevə zəng
vuranda məni Vladimir Putinlə birləşdirirlər".
Baş nazir kimi Putin hələ
də Rusiyanın xarici siyasətində ən mühüm rol
oynayır. Bu, 2008-ci ilin avqustunda Gürcüstan ölkənin
ərazi bütövlüyünü bərpa etmək
üçün Cənubi Osetiyaya ordu yeridəndən sonra
baş verən hadisələrdə bir daha öz təsdiqini
tapdı. Həmin vaxt Putin Pekində keçirilən XXIX
Olimpiya oyunlarını yarımçıq qoyaraq təcili
Şimali Qafqaza gəldi. Bunun ardınca isə Medvedevin əmri
ilə Rusiya ordusu "Gürcüstan-Cənubi Osetiya konflikti
zonasında sülhə məcburetmə" adı altında
beşgünlük əməliyyata başladı. Müharibənin
gedişində və ondan sonrakı dövrdə Putin rəsmi
olaraq humanitar əməliyyatlara rəhbərlik edirdi. Ancaq bəzi
tədqiqatçılar orduya da əsas əmrlərin Putindən
gəldiyini iddia edirdi.
1984-cü ildə ailə
quran Putinin həyat yoldaşı Lüdmila Aleksandorvna Putina
Leninqrad Dövlət Universitetinin filologiya fakültəsini
bitirib. Alman, ispan və fransız dillərində sərbəst
danışır. Əvvəllər stüardessa və alman
dili müəllimi də işləyib. Hazırda o, "Rusiya
dilinin inkişaf fondu"na rəhbərlik edir. Onların ilk
qızı Maşa 1985-ci ildə, ikinci qızları Katya isə
1986-cı ildə dünyaya gəlib.
Hazırda Baş nazir kimi
Putinin üzləşdiyi əsas çətinlik qlobal maliyyə
böhranı nəticəsində Rusiyadakı iqtisadi problemlərin
aradan qaldırılmasıdır. Putin Rusiya hökumətinin
bu çətinliklərin öhdəsindən də gələcəyini
bildirir.
"Heydər Əliyev bu ölkənin hüdudlarına
sığmırdı"
Putinin Prezident olduğu
müddətdə Azərbaycanla bu ölkə arasında
münasibətlər daha uğurla inkişaf edib və bir
sıra vacib məsələlər öz həllini tapıb.
Prezident kimi Putin ilk dəfə olaraq ölkəmizə 2001-ci
il yanvarın 9-da səfər edib. Həmin vaxt Putinlə
görüşən ulu öndər Heydər Əliyev bu səfərin
iki ölkə arasında əməkdaşlığın və
dostluq münasibətlərinin çox yaxşı əlaməti
olduğunu, münasibətlərin daha da möhkəmlənməsinə
xidmət edəcəyinə əminliyini bildirib. Prezidentlərin
o dövrdə razılığa gəldiyi əsas məsələlərdən
biri Xəzərin dibinin bölünməsi barədə
anlaşma oldu.
Putinin Azərbaycana ilk rəsmi
səfəri zamanı yadda qalan epizodlardan biri isə onun
ümummilli lider Heydər Əliyevə Leninqradda DTK məktəbini
"əla" qiymətlə bitirməsi haqqında
attestatı təqdim etməsi oldu. 2002-ci ildə ulu öndər
Heydər Əliyevin Rusiya səfərində Putinlə
keçirilən görüşdə Qəbələ RLS-in
statusu ilə bağlı yaranan problem qarşılıqlı
anlaşma şəraitində öz həllini tapdı.
2003-cü il dekabrın 15-də
ümummilli lider Heydər Əliyevin dəfn mərasimində
100 nəfərlik nümayəndə heyətilə iştirak
edən, bununla da həm mərhuma, həm də onun ölkəsinə
verdiyi önəmi göstərən Vladimir Putin dahi şəxsiyyət
haqqında qeyd edirdi: "Heydər Əliyev təkcə Azərbaycanda
deyil, bütün keçmiş İttifaq miqyasında
tanınmış şəxsiyyət idi. Onunla şəxsən
tanış olduqdan və birgə işlədikdən sonra
Heydər Əliyevə münasibətim
yaxşılığa doğru büsbütün dəyişib.
Başa düşdüm ki, çox ağıllı, dəqiq,
bacarıqlı rəhbər, əsl siyasətçidir. Azərbaycanlılar
qoy inciməsin, Heydər Əliyev bu ölkənin
hüdudlarına sığmırdı. Azərbaycanın bəxti
gətirmişdi ki, bu dövlətə Avropa və dünya
miqyasında tanınan bir siyasətçi rəhbərlik
edirdi. O, bir tərəfdən beynəlmiləlçi, digər
tərəfdən isə öz yurdunu sevən bir vətənpərvər
idi. Heydər Əliyev Rusiyanın da yaxın dostu idi. Bu
böyük insanın vəfatı onu tanıyanların
hamısını, o cümlədən məni kədərləndirdi".
2004-cü ilin fevralında
Prezident İlham Əliyev Rusiyaya səfər edib və burada
onun Putinlə görüşündən sonra iki ölkə
arasında əməkdaşlıq daha da genişləndirilib.
2006-cı ildə Putinin Azərbaycana növbəti səfərində
qarşılıqlı iqtisadi əməkdaşlığın
genişləndirilməsi barədə razılıq əldə
olunub.
2008-ci il 15-16 sentyabr tarixlərində
isə Prezident İlham Əliyev rusiyalı həmkarı
Dmitri Medvedevin dəvəti ilə Rusiyada işgüzar səfərdə
olub və burada Baş nazir Vladimir Putinlə də
görüşüb. Görüşdə Azərbaycanla
Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə
qarşılıqlı əlaqələrin uğurla
inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın
gələcək perspektivləri ilə bağlı fikir
mübadiləsi aparılıb.
Prezident postundan getməsinə baxmayaraq, hazırda Rusiyada ən vacib qərarlar yenə də Baş nazir Putinlə razılaşdırılaraq qəbul olunur. Bu gün onun adı yenə də nəinki Rusiyanın, hətta dünyanın nüfuzlu liderləri siyahısında yer almaqda davam edir. Müasir Rusiyanın qurucusu sayılan Putin uzun müddət siyasətdə qalmaqda iddialı görünür. Bu isə Rusiyanın yaxın tarixində cərəyan edəcək hadisələrin əsas qəhrəmanlarından birinin yenə də məhz Putin olacağını istisna etmir. Ən azı ona görə ki, Rusiyanın 2020-ci ilə qədər inkişaf strategiyası ilə bağlı hazırlanmış dövlət sənədi daha çox "Putin planı" kimi məşhurdur.
Yəni, fövqəlmissiya hələ uzun müddət davam edəcək...
Rasim Bayramov
Azərbaycan.-2009.-1 fevral.-S.3-4.