İnsan hüquqlarının təminatı
daha da təkmilləşdirilir
Ölkəmizdə demokratik proseslərin davamlı şəkildə aparılması, dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yer tutmağımız, insan hüquqlarının təminatı sahəsində mühüm irəliləyişlərə nail olunması istər ölkə daxilində, istərsə də xaricdə müsbət qiymətləndirilir. İqtisadi yüksəliş və demokratikləşmə prosesinin genişlənməsi Azərbaycanın davamlı inkişafının mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir. Ötən müddətdə insan hüquqlarının müdafiəsi prosesinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılmışdır. Bu baxımdan Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncamı insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində daha qətiyyətli və prinsipial addımların atılmasına imkan yaratmışdır.
Sərəncamda qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilmişdir.
Belə bir fundamental sənədin imzalanması BMT-nin "Minilliyin inkişaf məqsədlərinə" və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetlərə əsaslanır. Sərəncamda Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi kimi dəyərləndirilmiş, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi önə çəkilmişdir.
Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf, ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması istiqamətində görülən tədbirlər milli qanunvericilikdə adekvat dəyişikliklərin edilməsini zəruri edir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi barədə layihənin ümumxalq səsverməsinə - referenduma çıxarılması da bu məqsədə xidmət edir. Milli Məclisin 2008-ci il dekabrın 19-da keçirilmiş plenar iclasında Referendum Aktı layihəsi ölkə Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən rəy alınması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdi. Dekabrın 24-də Konstitusiya Məhkəməsinin Plenumu təklif olunmuş əlavə və dəyişikliklərə mahiyyəti üzrə baxaraq onların Azəprbaycan Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğun olması haqqında rəy vermişdir. Parlamentdə ümumxalq səsverməsinin - referendumun 2009-cu il martın 18-də keçirilməsi qərara alınmışdır.
Referendum aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı cəmiyyətdə geniş müzakirələr aparılır. Artıq həm siyasi partiyalar, həm də aidiyyəti dövlət orqanları tərəfindən referenduma hazırlıq işləri görülür. Referendum üzrə təşviqat qrupları yaradılaraq Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçdikdən sonra təlimata uyğun fəaliyyətə başlayırlar.
Konstitusiyanın 29 maddəsində 42 əlavə və dəyişikliyin edilməsi nəzərdə tutulub. Referendum aktı layihəsinə nəzər yetirdikdə bunun böyük qisminin bilavasitə insan hüquq və azadlıqları ilə bağlı olduğu diqqəti çəkir.
Konstitusiyanın 17-ci maddəsinə (ailə və dövlət) təklif olunan əlavələr uşaq hüquqlarının etibarlı təminatına xidmət edir. Təklif olunan birinci əlavə "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar" nəzərdə tutulur. İkinci əlavə isə belə ifadə olunur: "Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır". Bu əlavələr valideyn himayəsindən məhrum uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmasına daha etibarlı təminat yarada bilər. Təklif olunan üçüncü əlavədə göstərilir ki, "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər". Bu müddəa respublikada uşaq əməyinin istismarı hallarına qarşı mübarizənin gücləndirilməsi baxımından vacib əhəmiyyət daşıyır.
Konstitusiyanın 32-ci maddəsinə təklif edilən əlavələr də diqqət çəkir. Birinci əlavədə göstərilir ki, "Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. İkinci əlavədə isə qeyd olunur ki, "Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". Təklif edilən bu müddəalar hər bir şəxsin toxunulmazlıq hüququnun konstitusion əsaslarını yaratmaqla, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli qorunmasına şərait yaradır.
Konstitusiyanın 67-ci maddəsinə təklif edilən dəyişikliyə görə, "Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dindirilməlidir". Bu əlavə cinayət prosessual qanunvericiliyi əsasında məhkum olunan hər bir şəxsə son söz verilməsinin konstitusion əsaslarını yaradır.
Konstitusiyanın 71-ci maddəsinə təklif olunan variant adından göründüyü kimi, sırf insan hüquqlarının qorunmasına xidmət edir. Müddəada göstərilir ki, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Bununla yanaşı, digər əlavələrdə qeyd olunur ki, "Hər kəs qanunda qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunda nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz" və "Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunda müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər".
Əsas Qanuna təklif olunan əlavə və dəyişikliklər sırasında vətəndaşların seçki hüququ ilə bağlı müddəalar da yer alıb. Konstitusiyanın 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişiklik - seçki hüququ olan 40 min Azərbaycan vətəndaşına Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququnun verilməsi əhali qruplarının, ümumilikdə xalqın hüquqi mənafeyinin daha dolğun, etibarlı qorunmasına xidmət edir. Qüvvədə olan variantda Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Eyni zamanda, yalnız bu instansiyaların qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Xalqın hər hansı qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarmaq hüququnun olmaması heç bir halda məqbul sayıla bilməz.
Əsas Qanuna təklif edilən dəyişikliyə əsasən 101-ci maddə yeni redaksiyada verilir. Bu dəyişiklik hər bir vətəndaşın passiv seçki hüququnun daha səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir. Qeyd edək ki, seçki hüququ olan hər bir şəxs prezidentliyə namizədliyini irəli sürə bilər, xalqın demokratik şəraitdə keçirilən seçkilərdə ona etimad göstərib-göstərməyəcəyi isə tamamilə başqa məsələdir. Prezident seçkilərində son sozü xalq deyir və xalqın istədiyi namizədi yenidən ölkə başçısı görmək istəyi Konstitusiyada təsbit olunur.
101-ci maddəyə təklif olunan digər əlavəyə görə, "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".
Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan digər əlavə və dəyişikliklər də ölkəmizin sürətli inkişafına adekvat olub cəmiyyət tərəfindən gələn sosial sifarişdir. Ölkədə referenduma hazırlıq prosesi uğurla davam edir. Son sözü Azərbaycan xalqı martın 18-də keçiriləcək ümumxalq səsverməsində Konstitusiya islahatlarına müsbət münasibət bildirərkən deyəcəkdir.
Tahir Süleymanov
Milli Məclisin deputatı
Azərbaycan.-2009.-1 fevral.-S.3.