Gənclər siyasəti uğurla həyata keçirilir
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə yaranan ictimai-siyasi sabitlik, demokratik mühit, aparılan islahatlar gənclərlə iş sahəsində də ciddi dönüş yaratdı.
1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu istiqamətdə görüləcək tədbirlərin başlanğıcı idi. 1996, 1999 və 2003-cü illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, ulu öndərin dərin məzmunlu nitqləri onların həyatında mühüm siyasi dönüş yaratdı.
1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncama uyğun olaraq hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.
1999-cu ilin iyulunda ölkə başçısı tərəfindən "Dövlət gənclər siyasəti haqqında" fərman verilmişdi. Fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı.
2002-2003-cü illərdə qəbul olunmuş "Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" sənədlərin gənclərin həyatında xüsusi rolu olmuşdur. Eyni zamanda, Gənclər, İdman və Turizm Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı" və s. proqramlar hazırlamış və ölkə başçısının fərmanları ilə təsdiq edilmişdir. Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi ümumi işə öz töhfələrini verib. Qəbul edilmiş qanun və dövlət proqramları, imzalanmış fərman və sərəncamlar gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun artmasına, habelə idmanın kütləviləşməsinə təsir göstərmişdir.
Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu 2002-ci il tarixli fərmanla qüvvəyə minmişdir.
Yaşadığımız dövr elmin, texnikanın və yeni texnologiyaların misli görünməmiş inkişafı ilə səciyyələnir. Bu dövrdə hər bir ölkənin tərəqqisi gənclərin yüksək səviyyədə təhsil almalarından, elmin və texnikanın əsaslarına dərindən yiyələnmələrindən birbaşa asılıdır. Qürur duyulacaq haldır ki, indi məktəbli və tələbə-gənclərimiz beynəlxalq fənn olimpiadalarında və elmi konfranslarda yüksək nailiyyətlər qazanırlar.
Beş ildən çoxdur ki, ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla həyata keçirilir. Son illərdə Bakıda, Maştağada, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Şamaxıda, Qazaxda, Masallıda və digər rayonlarda dünya standartlarına uyğun Olimpiya kompleksləri istifadəyə verilmiş, 2008-ci il oktyabrın 3-də Bakıda Azərbaycan gənclərinin V forumu təşkil edilmiş, xarici ölkələrə təhsil almağa göndərilən gənclərin sayı ilbəil artırılmış və digər tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)"na əsasən xarici ölkələrə təhsil almağa göndərilən gənclərin sayı bu dövr ərzində artırılaraq 4 min nəfərdən 5 minə çatdırılması nəzərdə tutulmuşdur.
Dövlət başçısının 2007-ci il fevralın 9-da imzaladığı "2007-ci il "Gənclər ili" elan edilsin" sərəncamı dünya azərbaycanlılarının hər birinin ailəsində böyüyən gənc üçün, ilk növbədə, cəmiyyətin inkişafı, xalqın elmi-texniki, ziyalı potensialının yüksəlməsi, tərəqqisi üçün münbit şərait yaratdı.
Son illər Azərbaycanda gedən hüquqi demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığı xeyli artmışdır. Azərbaycan gəncləri bu gün cəmiyyətin inkişafında sosial təbəqə kimi fəal iştirak edir. Onlar ən mötəbər kürsülərdən öz sözünü demək imkanı qazanmışlar.
Dövlət gənclərin sosial vəziyyətinin yaxşılaşdırılmasının qayğısına daim qalır. Ölkə başçısının 30 avqust 2005-ci il tarixli "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" və 1 fevral 2007-ci il tarixli sərəncamlarına əsasən müəllimlərin, elm adamlarının əməkhaqlarının, tələbə, magistr və aspirantların təqaüdlərinin artırılması, Bakıda və ölkənin bütün regionlarında yeni tipli məktəb binalarının inşa edilib istifadəyə verilməsi məhz bu istiqamətə yönəlmişdir.
Adilə Qocayeva
Azərbaycan.-2009.-1 fevral.-S.5.