Sabahımıza böyük inamla

 

Tələbəliyimin ilk ili - 2009-cu ilin birinci semestri arxada qaldı. Uğurlu saymaq olar.... Ən əsası odur ki, bu ilk 4 ay ölkəmizdə təhsilə dövlət qayğısı barədə təsəvvürlərimi daha da zənginləşdirdi. 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə yaranan Azərbaycanın ilk ali təhsil ocağı, ulu öndərimiz Heydər Əliyevin də məzunu olduğu Bakı Dövlət Universitetinin tələbəsi olmağımla bir daha qürur duydum.

Bu il universitetimizin 90 yaşı tamam olur. Çox şadam ki, əlamətdar yubiley mənim də tələbəlik illərimə təsadüf edir...

Ötən illərdə çoxlarının təhsil məbədi saydığı Bakı Dövlət Universiteti böyük inkişaf yolu keçib, uğurlar əldə edib. Bütün dövrlərdə Azərbaycanın dövlət strukturlarında təmsil olunan şəxslərin əksəriyyəti BDU-nu bitirib. Hazırda təkcə parlament üzvlərinin əksəriyyəti bizim universitetin məzunudur. Bu təhsil ocağını hər il 4 min tələbə bitirir. Bu faktın özü universitetin ölkəmizin təhsil sistemindəki yerini və çəkisini aydın göstərir. Bu mənada, Bakı Dövlət Universitetinin yubileyi, həm də Azərbaycan elminin, Azərbaycan təhsilinin böyük bayramıdır...

...2008-ci il universitetimizin həyatında xüsusilə önəmli oldu. Sentyabrın 15-i, ilk dərs günündə möhtərəm Prezident İlham Əliyev və təhsilimizin hamisi, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakı Dövlət Universitetinə gəldilər. Yeni tədris korpusunu açan dövlət başçısı müəllim və tələbələr qarşısında çıxış etdi, universitetin perspektivi, inkişafı ilə bağlı tövsiyələrini verdi. Unudulmaz bir gün idi. Universitetin, eləcə də biz gənclərin həyatında əlamətdar hadisə idi. Bu, biz gənclər üçün həm də dövlət başçısı ilə ilk görüş idi. Prezidentimizin bir fikrini heç vaxt unutmayacağam: "...Gənclər, tələbələr, yaxud da məktəblərdə oxuyan uşaqlar, çalışan müəllimlər yaxşı şəraitdə yaşamalıdırlar, oxumalıdırlar, işləməlidirlər." Daha sonra Prezident İlham Əliyev belə dedi: "Azərbaycan çox zəngin ölkədir. Bizim böyük təbii resurslarımız var. Ancaq bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik. ....Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı üçün mütləq bütün sahələrdə çox güclü peşəkar mütəxəssislər olmalıdır". Prezidentin universitetdəki çıxışı elm və təhsilin dövlət üçün prioritet olmasını bir daha ortaya qoydu. Bu diqqət, əslində Azərbaycanın sabahına qoyulan sərmayədir...

Yeri gəlmişkən... Az sonra tale məni ikinci dəfə möhtərəm Prezidentlə qarşılaşdırdı. Oktyabrın 9-da universitetdən çıxıb eskalatorla metronun "Elmlər Akademiyası" stansiyasına enirdim. Həmin gün paytaxtımızda yeni metro stansiyasının - "Nəsimi" stansiyasının açılışı olmuşdu. Qəflətən digər eskalatorda ölkəmizin rəhbəri Prezident İlham Əliyevi gördüm. İlk anda çaşsam da, özümü ələ alıb dövlət başçısına qürurla salam verdim. Adəti üzrə gülümsər çöhrəsi ilə mənim və ətrafdakıların salamını aldı. Bunu da xatırlatmaqda məqsədim var. Dövlət başçısı təkcə təhsil yox, ölkə həyatının bütün sahələrinin qayğısını çəkir, sadə insanların arasında olmağa da vaxt tapır. Bu, Onun böyüklüyüdür. Ulu öndər Heydər Əliyev də belə idi... Çox arzu edirəm ki, Prezidentlə üçüncü görüşüm Qarabağda olsun - ulu babalarımın, ata-anamın doğma yurdu olan Qarabağda!...

Bu gün universitetimizdə 16 fakültədə 18 min tələbə təhsil alır. Bu böyük ailənin bir övladı da mənəm. Sözümün bu yerində bir məqamı xatırladım. Dekabrın soyuq bir günü idi. Qış imtahan sessiyasına lap az qalırdı. Tələbə yoldaşlarımla universitet yeməkxanasında çay süfrəsi arxasında imtahana hazırlaşır, sualları müzakirə edirdik. Bu vaxt dəhlizdən keçən rektor, akademik Abel Məhərrəmov bizə yaxınlaşdı. Bizim müzakirəmizə biganə qalmamışdı. Nə etməyimizlə maraqlandı. Dedik ki, imtahana hazırlaşırıq. Üzünə xoş təbəssüm qondu, sevindi, "Çox gözəl!" dedi....

Ertəsi gün Dünya Azərbaycanlılarının həmrəyliyi günü və "İlin tələbəsi" müsabiqəsi qaliblərinin təltif olunması münasibətilə keçirilən tədbirdə çıxış edən rektor Abel Məhərrəmov həmin hadisəni xatırlayaraq bizi auditoriyaya nümunə göstərdi. "Çox sevindim, Moskvada təhsil alarkən biz də imtahanlara o cür qaynarlıqla hazırlaşardıq. Deməli, bu gün də tələbələrimizdə öyrənməyə maraq güclüdür", - dedi. Rektorumuzun bu diqqətindən çox fərəhləndik. Qeyd edim ki, neçə ildir, universitetdə "İlin tələbəsi" müsabiqəsi keçirilir, Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində müsabiqəyə yekun vurulur. Budəfəki müsabiqədə 16 fakültədən 64 tələbə qalib siyahısında idi. Ən maraqlısı isə odur ki, "İlin tələbəsi"ni elə tələbə yoldaşları seçir, burada tədris göstəriciləri ilə yanaşı, elmi uğurlar, ictimai işlərdəki fəaliyyət də nəzərə alınır. Bu, kompleks yanaşmadır. Həmin tədbirdə rektorumuz onu da tövsiyə etdi ki, gələn ildən hər fakültə və kurs üzrə bir nəfər yox, iki nəfər qalib seçilsin....

Babamın 90 yaşı var, çox dünyagörmüş insandır. Erməni işğalı babamı yurdundan didərgin salıb. Bizə elə hey Laçından, Ağdamdan, Şuşadan danışır. Babamla tez-tez, elə onun özü demiş, "dünyanın gərdişi" barədə söhbət edirik. O deyir ki, xalqına güvənən, xalqını sevən dövlət rəhbərləri heç vaxt uduzmur, xalqın gözü də, sözü də onu ucaldır. Xalq sınaqdan çıxardığı liderə arxalanır, çünki ötən 5 ildə dövlət başçısının gördüyü işlərin şahididir. O deyir ki, cənab İlham Əliyevin 5 illik prezidentliyi dövründə ən böyük xidmətlərindən biri də çadır şəhərciklərini Azərbaycan tarixindən silməsi idi. Onun məcburi köçkünlərə diqqəti əvəzolunmazdır. Bu qayğı kövrək, həssas insan olan məcburi köçkünlərə təsəllidir. Babam çadır düşərgələrində insanların ağır vəziyyətini gözləri ilə görüb. Deyir, hərdən elə sarsılmışam ki, xəlvətə çəkilib xısın-xısın ağlamışam. Xatırlayırsınızmı, ulu öndərimiz Heydər Əliyev Biləsuvarda çadır düşərgələrində bir məcburi köçkünün ailəsində gördüyü mənzərədən necə sarsılmışdı! Böyük şəxsiyyət, dəyanətli insan qarşılaşdığı mənzərə önündə keçirdiyi sarsıntını gizlədə bilməmişdi... Ümummilli liderimiz məcburi köçkünlərin həyatının yaxşılaşdırılması üçün çox tədbirlər gördü. Dövlət başçısı İlham Əliyev bu işi də yarımçıq qoymadı. Acınacaqlı görkəmi ilə insanı sarsıdan çadır düşərgələrini indi gözoxşayan müasir, abad, yaraşıqlı, bütün şəraiti olan yeni qəsəbələr əvəz edib. Bu qəsəbələrdə məcburi köçkünlər firavan, rahat yaşayır. İnanırıq ki, məcburi köçkünləri müasir qəsəbələrdə isti ocaq başına yığan Prezident onların öz torpaqlarına qayıtmalarına da nail oacaq. Azərbaycan xalqının İlham Əliyevə, İlham Əliyevin isə xalqa olan inamı ölkəmizin gələcəyini daha firavan və təhlükəsiz edəcək. Babam belə deyir...

Xoşbəxtəm ki, artıq mənim də səs vermək, seçmək hüququm var. 18 yaşım ötən ilin oktyabrında, ölkəmizdə keçirilən prezident seçkilərinə 11 gün qalmış tamam oldu. Seçki gününü unutmuram, həmin günün sevinci və həyəcanı həmişə mənimlə olacaq. İlk dəfə seçkilərdə iştirak edirdim. Seçimimi isə çoxdan etmişdim: CƏNAB İLHAM ƏLİYEV. Bu, əksəriyyətin seçimi idi - düz 3 232 259 nəfərin. Bu, hər kəsin - istər müəllim, istər tələbə, istərsə də sadə Azərbaycan vətəndaşının cənab İlham Əliyevin 2003-2008-ci illərdəki ilk Prezidentliyi dövrünə verdiyi qiymət idi. Bu səs Azərbaycanın sabit inkişafına, tərəqqisinə bəslənən ümid və inamın səsi idi. İndi də fəxr edirəm ki, bu səsin biri mənimdir. Bu qələbə, əslində, xalqımızın qələbəsi idi. Hər kəs özünün etibarlı sabahına səs verdiyinin fərqində idi....

Prezident seçkiləri öncəsi və seçkilərdən sonra cənab İlham Əliyevə məktub göndərdim. Özü də birbaşa dövlət başçısının elektron poçtuna. Bu, həm də bizim demokratik bir ölkədə yaşamağımıza dəlalət edir. Belə olmasaydı, dövlət başçısının elektron poçtuna məktub yaza bilməzdim ki...

Ölkəmizdəki sabitlik, tərəqqi, yeniləşmə, müasirləşmə, insanların həyatının yaxşılaşması bir vətəndaş kimi məni çox qürurlandırır. İndi Azərbaycan iqtisadi göstəriciləri, siyasi nüfuzu, mədəni potensialına görə dünyanın ən nüfuzlu ölkələrindən biridir.

....Azərbaycan hamımızın Vətənidir. İndi ölkəmiz Qafqazın lider dövlətinə çevrilib. Hər baxımdan sürətlə inkişaf edir. Gəncliyin nümayəndəsi kimi öz ölkəmlə fəxr edirəm.

Ümummilli liderimizin yaratdığı gənclər siyasəti bu gün etibarla qorunur. Heydər Əliyevin yaradıcısı olduğu YAP üzvlərinin 190 mini gəncdir. Biz gənclər dövlətimizin hərtərəfli dəstəyini öz üzərimizdə hiss edirik. Bu dəstək təmsil olunduğum Gənclər Parlamenti üzvlərinin fəallığını daha da artırır. Ölkəmizdə minlərlə gənc lider yetişib. Üzvü olduğum Gənclər Parlamentində belələri onlarladır. Azərbaycanı sevən, ona bağlı olan, milli-mənəvi dəyərləri və müasirliyi özündə birləşdirən bu gənclər Azərbaycan naminə hər bir fədakarlığa hazırdırlar. Biz özümüzü Vətənimizin və Prezidentin sədaqətli əsgərləri hesab edirik. Bilikləri mənimsəmək və Azərbaycanın inkişafına öz töhfəmizi vermək - amalımız budur. Təhsilimizə və ictimai fəallığımıza yaradılan şərait sabahımıza daha inamla baxmağa əsas verir. "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" - ulu öndər Heydər Əliyevin bu fikri biz gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir....

2 fevral Gənclər Günüdür. Bu il Azərbaycan gəncləri 12-ci dəfədir ki, Gənclər Gününü qeyd edir. Bu bayram da biz gənclərə ulu öndər Heydər Əliyevin yadigarıdır. Həm də müdrik dövlət xadiminin gənclərə verdiyi qiymətdir. Onların sabahına olan ümidi, inamıdır. "XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrüdür" deyən ümummilli liderin gəncliyə və gənclərə olan bu etimadı bu gün öz təsdiqini tapmaqdadır. Biz Heydər Əliyevin ideyalarına sadiqliyimizi, Azərbaycan və onun sabahı naminə həmrəy olduğumuzu gəncliyə böyük dəyər verən və hərtərəfli fəaliyyətimiz üçün geniş meydan açan Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, əla təhsilimiz və əməli işimizlə sübut etməliyik....

 

 

Sitarə Cabbarlı

BDU-nun biologiya

fakültəsinin birinci kurs tələbəsi, Gənclər

Parlamentinin üzvü

 

Azərbaycan.-2009.-1 fevral.-S.5.