Zaqatalada silsilə tədbirlər keçirilmişdir
Azərbaycan dövlət
müstəqilliyini bərpa
etdikdən sonra gənclərlə iş sahəsində yaranmış
boşluq 1993-cü ilin
iyununda ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan
sonra aradan qaldırıldı. 10 il əvvəl
ulu öndərin imzaladığı sərəncamla 2 fevral
Azərbaycanda "Gənclər Günü" kimi təqvimə
salındı. Müstəqil Azərbycan gəncləri ilk dəfə
1996-cı il fevralın 2-də ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
keçirilən forumda bir araya gəldi.
O vaxtdan Gənclər Günü münasibətilə ölkəmizdə maraqlı, rəngarəng tədbirlər keçirilməsi ənənəyə çevrilmişdir. Builki Gənclər Günü münasibətilə Zaqatala rayonunda silsilə tədbirlər keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyev adına parka gələrək ulu öndərin abidəsi önünə əklil və tər çiçəklər düzmüşlər.
Sonra qonaqlar, rayon rəhbərləri, gənclər və ictimaiyyətin nümayəndələri Dombabinə kəndində daxili imkanlar hesabına inşa olunmuş güləş zalının açılışında iştirak etmiş, burada yaradılan şəraitlə tanış olmuşlar. Qısa müddət ərzində müasir standartlara uyğun tikilib istifadəyə verilən bu güləş zalında 150 oturacaq və yeni avadanlıqlar quraşdırılmışdır.
Sonra rayon Olimpiya idman kompleksində ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları rayon gənclərinin əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Azərbaycan Respublikasının Dövlət Bayrağı təntənəli şəkildə salona gətirildikdən sonra rəqs kollektivlərinin təqdim etdikləri maraqlı kompozisiyalar, habelə gənc əsgər və idmançıların əlbəyaxa döyüş, güləş, karate və digər növlər üzrə nümunəvi çıxışları iştirakçılarda xoş ovqat yaratmışdır. Zaqatala idmançılarının 2008-ci ildə qazandıqları uğurlardan, rayonda bu sahənin inkişafına yönələn tədbirlərdən bəhs edən sənədli film də nümayiş etdirilmişdir.
Zaqatala Rayon İcra Hakimiyyətinin baçşısı Asif Əsgərov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan danışmış, daha sonra demişdir ki, bu gün də gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət mahiyyətcə və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə təsdiq etdiyi 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" buna bariz nümunədir.
Tədbirlərdə çıxış edən rayon gəncləri respublikamızda, o cümlədən Zaqatala rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafı üçün görülmüş bütün işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmiş və respublikamızın parlaq gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda 2008-ci ildə təhsil, səhiyyə, dövlət qulluğu, idman, mədəniyyət və digər sahələrdə, bütünlükdə 30 nominasiya üzrə yüksək nailiyyətlər qazanmış rayon gənclərinə qiymətli hədiyyələr, gənclər arasında dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Sərxan Əhmədova və gənclər arasında dünya çempionatının bürünc mükafatçısı Ramin Qurbanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından hədiyyələr təqdim edilmişdir. Hər iki idmançıya "VAZ-2107" markalı avtomobil, onların məşqçilərinə isə "Samsunq" televizoru bağışlanmışdır.
Tədbirlərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, cüdo üzrə Pekin Yay Olimpiadasının çempionu, "Şöhrət" ordenli Elnur Məmmədli, Pekin Yay Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev, cüdo üzrə yığma komandanın baş məşqçisi, "Şöhrət" ordenli Ağayar Axundzadə və yığma komandanın digər məşqçiləri iştirak etmişlər.
Gənclər Gününə həsr olunmuş tədbirlər respublikanın incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatmışdır.
Telman Nəzərli
Azərbaycan.-2009.-1 fevral.-S.5.