Azərbaycanda elmin
inkişafına təsir edən beynəlxalq meyarlar
Müasir zamanın
informasiya əsri olduğu fikrini, yəqin ki, heç kim
şübhə altına almaz. Hər bir evə daxil olan
kompüter sistemləri, bütün dünyanı vahid
informasiya məkanında birləşdirən internet şəbəkəsi,
virtual kitabxanalar, jurnallar və bu qəbildən olan digər
vasitələr həyatımızın ayrılmaz hissəsinə
çevrilib. Bu informasiya axınından faydalanmaq
bacarığı isə "mədəni insan"
anlayışının əhəmiyyətli komponenti kimi qəbul
edilir.
İnformasiya məkanının çox mühüm hissəsini elmi-texniki informasiya, elmi jurnallarda çap olunmuş məqalələr, patent və ixtiralar haqqında məlumatlar təşkil edir. Ölkəmizin maraqları hər bir tədqiqatçının elmin son nailiyyətləri ilə vaxtında tanış olmasını, yeniliklərin istehsalatda, təhsildə dərhal və səmərəli şəkildə tətbiqini tələb edir. Eyni zamanda alimlərimizin əldə etdikləri mühüm elmi nəticələri də operativ surətdə beynəlxalq arenaya çixarmaq lazımdır.
Məlumdur ki, aparılmış tədqiqatlar ictimaiyyətə müxtəlif formalarda çatdırıla bilər. Mövcud üsullardan biri, bəlkə də birincisi elmi məqalədir. Müxtəlif sahələr üzrə ixtisaslaşmış jurnallarda çap edilmiş məqalələr müəlliflərlə yanaşı onların çalışdıqları universitet və institutların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu birbaşa müəyyən edən və son nəticədə, ölkənin inkişaf səviyyəsini göstərən amillərdəndir. Bura elmi dərəcə və adların verilməsində çap olunmuş məqalələrin vacibliyini də əlavə etsək, jurnalların əhəmiyyətinə görə qiymətləndirilməsinin müxtəlif qurumlar və ictimaiyyət qarşısında duran mühüm vəzifələrdən biri olduğu aydınlaşar.
Müasir
dünyada minlərlə elmi jurnal nəşr olunur. Hazırda elmi
nəşrlərin qiymətləndirilməsi jurnal məqalələrinə
istinadların statistik analizi əsasında ABŞ-dakı Elmi
İnformasiya İnstitutu (Eİİ) tərəfindən
aparılır. Bu institutu 1960-ci ildə
Araşdırılan ildən
asılı olaraq hər bir jurnalın əmsalı dəyişir:
aydındır ki, hər il eyni dərəcədə
yüksək səviyyəli nəticələrin
alınmasını və nəşrini gözləmək
düzgün olmazdı. Belə dəyişmələr
mötəbər, müəyyən sahədə onilliklərlə
tanınan nəşrlərdə kifayət qədər məhdud
sərhədlərdə baş verir. Nəticədə
dünya elmində yüksək səviyyəli, məqaləsi
bir neçə ekspert tərəfindən diqqətlə
yoxlanılan nəşrlər siyahısı formalaşır
ki, bu jurnallarda əsər çap etdirmək hər bir
mütəxəssis üçün peşəkarlıq,
özünütəsdiq baxımından müstəsna məsuliyyət
tələb edir.
Yeni, nisbətən gənc nəşrlərdə
təsir əmsalının dəyişmə sürəti kəskin
ola bilər. Bəzən belə
jurnallar Eİİ siyahısından, hətta
çıxarılır. Qeyd edək ki, nəşrinə
yenicə başlamış jurnalların Eİİ
siyahısına daxil edilməsi kifayət qədər çətin
və uzun sürən prosesdir. Jurnalın
redaksiya heyətində və çap olunacaq işlərə
rəy verən ekspertlər arasında dünya elmində kifayət
qədər tanınmış simaların olması, nəşrin
dövrülüyünün ciddi səkildə qorunması, məqalələrdəki
istinadların müasir standartlara cavab verməsi Eİİ-nin
tələbləri sırasındadır. Jurnalın
genişlənmiş Eİİ siyahısına qəbulu onun
heç də dərhal əmsal alması demək deyildir: yalnız
iki illik nəzarətdən sonra jurnala qazandığı təsir
əmsalı verilir və ya o, siyahıdan silinir.
Ümumiyyətlə,
Eİİ tərəfindən indekslənən nəşrlərin
siyahısı hər il yeniləşir. Elmi İnformasiya İnstitutu vaxtaşırı
istinad edilməyən, keyfiyyəti aşağı
düşmüş və ya nəşri
dayandırılmış jurnalları öz
siyahısından çıxarır və əksinə, yeni
nüfuz qazanmış nəşrləri ora daxil edir. Bu prosesləri izləməklə nəinki elmin
konkret sahəsinin inkişaf dinamikası, həm də istənilən
ölkədə elmin çağdaş durumu haqqında məlumat
əldə etmək, mülahizə yürütmək
mümkündür. Məsələn, son
illərdə nanotexnologiyalar istiqamətində tədqiqatların
geniş vüsət alması bu sahəyə həsr
olunmuş jurnalların sayının durmadan artması və
onların əksəriyyətinin qısa bir zaman kəsiyində
yüksək əmsallı nəşrlər siyahısına
daxil edilməsi ilə müşayiət olunmuşdur. Ölkələrdə baş verən siyasi, iqtisadi
proseslərin jurnal nəşrinə və onların keyfiyyətinə,
dolayısı yolla bütövlükdə elmin səviyyəsinə
necə təsir etdiyini görmək üçün
keçmiş sovet, indi isə Rusiya jurnallarının
Eİİ siyahısında yerdəyişmələrini izləmək
kifayətdir. Belə araşdırma həm
də onun üçün vacibdir ki, bizim yaşlı və
orta nəsil alimlərinin böyük bir qismi hələ də
rusdilli nəşrlərlə əməkdaşlığı
davam etdirir, onları digər beynəlxalq jurnallardan
üstün hesab etməkdə israrlı görünürlər.
Rusiyada çap olunan ən yüksək əmsallı
"Uspexi Fiziçeskix Nauk" jurnalının göstəricisi
2006-cı ildə 2.675, 2007-ci ildə isə 2.032 olmuşdur.
Vaxtı ilə məşhur sovet
jurnallarının əksəriyyətinin təsir əmsalı
indi 0.1-0.5 arasındadır. Şübhəsiz,
keyfiyyətini ildən-ilə yüksəldən bir neçə
nəşr də tapmaq olar. Amma onlar
ümumi mənzərəni dəyişmirlər.
Eİİ-nin
açıqladığı məlumat bazasından hər
ölkənin elmi müəssisələri nailiyyətlərini
dəyərləndirmək, perspektivlərini
aydınlaşdırmaq üçün istifadə edirlər. Bu cəhətdən
Turkiyədə qəbul və istifadə olunan sistem bizim
üçün müəyyən maraq kəsb edir. Belə ki, Türkiyənin elmi qurumları
jurnalları A, B və C siniflərinə bölür və dəyərlənmədə
məhz bu bölgüdən istifadə edirlər. A sinfinə müxtəlif elm sahələrində
böyük nüfuza malik aparıcı elmi jurnallar, B sinfinə
kifayət qədər mötəbər nəşrlər, C
sinfinə isə məhdud təsir dairəsinə malik
jurnallar daxil edilir. Mövcud siyahılar bəzi
qüsurlardan da azad deyil. Belə ki, 2008-ci
ildə Türkiyənin elmi mərkəzləri tərəfindən
hazırlanmış siyahıda təsir əmsalı çox
yüksək olan bəzi tibb jurnalları yer almaylb. Həmçinin Rusiya və başqa MDB ölkələrinin
Eİİ siyahısındakı 60-a yaxin elmi jurnalı da B və
C siniflərinə daxil edilməyib. Lakin nəzərə
almaq lazımdır ki, mövcud siyahılar Türkiyənin
daxili tələbatını ödəmək
üçün tərtib edilib və oradakı
reallıqları əks etdirir. Respublikamızda
elmi tədqiqatların mövcud durumu Eİİ
siyahısına düşmüş rusdilli jurnalların
müvafiq siniflərə əlavə edilməsini tələb
edir. Yaxşı olardı ki, bu
bölgü yerli elm və ya dövlət qurumları tərəfindən,
məsələn, Ali Attestasiya Komissiyasında müstəqil
şəkildə aparılsın. Bu iş görülənədək
jurnalların A, B, C siyahılarından Eİİ-nin ilkin məlumatları
ilə birlikdə istifadə edilməlidir.
Bütün bu
qüsurlara baxmayaraq, ümumi dəyərlənmədə
jurnalların A, B və C siniflərinə
bölünmüş siyahılarından səmərəli
şəkildə yararlanmaq mümkündür. Bu sahədə
Türkiyə və İranda toplanmış təcrübənin
bizim üçün də faydalı olacağına ümid
edirik. Belə ki, bu ölkələrdə elmi tədqiqatların
effektivliyinin artırılmasında, alimlərin əməyinin
qiymətləndirilməsində A, B, C siyahılarından
(Türkiyə) və Eİİ-nin ilkin siyahısından
(İran) çox sadə, lakin səmərəli şəkildə
istifadə edilir: yüksək sinfə aid edilmiş, yüksək
təsir əmsallı jurnallarda çap olunmuş elmi məqalələrin
müəllifləri kifayət qədər böyük pul
mükafatları alırlar. Türkiyədə
mükafatlandırma mərkəzləşdirilmiş qaydada
TUBİTAK tərəfindən, İranda isə bilavasitə
universitetlərdə aparılır. Başqa
sözlə, mükafatlandırma sistemi alimin tutduğu vəzifə,
əvvəllər aldığı elmi dərəcə və
adlarla deyil, onun bugünkü əməyinin real nəticəsi
ilə bağlanır. Bura universitet və
elmi mərkəzlərdə çalışan alimlərin
maaşlarının artırıldığını,
müasir avadanlıqla, lazımı materiallarla təchizatın
qənaətbəxş olduğunu da əlavə etsək,
ümumi mənzərə haqqında müəyyən təsəvvür
yaranar. Tətbiq olunan mükafatlandırma
sistemi Türkiyə və İranın dünya ölkələri
arasında daim yüksələn reytinqində
özünü göstərməkdədir. Doğrudan
da, əgər 1996-cı ildə elmi işlərin sayına
görə Türkiyə 5525 məqalə ilə 26-cı,
İran 801 məqalə ilə 53-cü olmuşdularsa, 2007-ci
ilin nəticələri belədir: 21418 məqalə və
19-cu yer (Türkiyə), 12192 məqalə və 25-ci mövqe
(İran). Hər iki halda mütləq artım və
irəliləyiş göz qabağındadır. Ümumiyyətlə, son illərdə bu ölkələrdə
elmin problemlərinə diqqət artırılmış, elmi
işçilərin maddi və sosial durumu xeyli
yaxşılaşmışdır. Bu isə
istedadlı gənclərdə, cəmiyyətin müxtəlif
təbəqələrində elmə olan marağı
stimullaşdırır. AMEA-nın
institutlarına, universitetlərimizə türkiyəli,
iranlı gənclərin axını da qeyd etdiyimiz faktorlarla
izah olunmalıdır.
Hesab edirik ki,
AMEA-nın əməkdaşlarının, universitetlərin
professor-müəllim heyətinin və elmi işçilərinin
attestasiyasında və mükafatlandırılmasında, elmi
və dissertasiya şuralarının işində, institut və
universitetlərin elmi strukturlarının fəaliyyətinin
qiymətləndirilməsində A, B, C siniflərinə aid
edilən, yüksək təsir əmsallı jurnal
siyahılarından müvəffəqiyyətlə istifadə
etmək olar.
Beynəlxalq praktikada geniş istifadə edilən bu kimi
meyarların Azərbaycan Respublikası Prezidentinin 10 aprel
tarixli "Azərbaycan elmində islahatların
aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında" sərəncamı
əsasında hazırlanan 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın və onun həyata
keçirilməsi üzrə Dövlət Proqramı layihəsində
yer alması böyük əhəmiyyət kəsb edərdi.
Apardığımız
analizdən aydın görünür ki, dünya əhəmiyyətli
nəşrlərin qiymətləndirilməsi çoxdan və
yüksək səviyyədə təşkil edilib. Bu sözləri
respublika daxilində Milli Elmlər Akademiyası və onun
institutları, universitetlər, ictimai qurumlar tərəfindən
nəşr edilən elmi jurnallar haqqında demək olmaz.
Onların bəziləri çoxillik tarixə
malik, digərləri isə müstəqillik dövründə
işıq üzü görmüş jurnallardır. Bu nəşrlərin bir qismi AAK tərəfindən
tanınsa da, onların çap etdikləri materialların
aktuallığı və doğruluğu baxımından təsnifata
ehtiyacı var.
Respublikadakı
ciddi jurnallar Eİİ-nin siyahısına daxil edilməni, təsir
əmsalı əldə edərək beynəlxalq status
qazanmanı özlərinin əsas məqsədi kimi qədul
etməlidirlər. Bunun həm elmi nailiyyətlərimizin, həm
də dövlətçiliyimizin təbliği
baxımından çox böyük əhəmiyyəti var.
Təəssüflə qeyd edək ki, Azərbaycanda nəşr
olunan jurnallardan heç birinin təsir əmsalı yoxdur.
Yalnız Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu (BDU) və
AMEA tərəfindən birgə nəşr edilən beynəlxalq
"Applied and Computational Mathematics" jurnalı 2008-ci ildə
genişlənmiş Eİİ siyahısına qəbul edilib
və müvafiq təsir əmsalı almaq üçün
iki illik monitorinq keçir.
Məqalənin
əvvəlində Eİİ siyahasına düşməyin
çətin olduğunu və bunun üçün redaksiya
heyətinin, rəyçilərin üzərinə
düşən tələblər haqqında
yazmışdıq. İddialı və məsuliyyətli nəşrlərin
redaksiya heyətlərinin nəzərinə əlavə
mülahizələrimizi də çatdırmaq istərdik.
Yüksək səviyyəli nəşrlərin
yerinə yetirməli olduqları əlavə tələblər
sırasında birincisi, məqalələrin ciddi, müstəqil,
imkan daxilində beynəlxalq ekspertlər tərəfindən
rəydən keçirilməsidir. Əksər jurnallar
seriyalarla nəşr edildiyi üçün onlar müvafiq hərflərlə
fərqləndirilməlidir: belə praktikaya beynəlxalq
miqyasda tez-tez rast gəlinir. Əks halda məqalələrə
başqa jurnallarda istinad verilməsində və bu istinadın
kompüter sistemi tərəfindən oxunmasında səhvlərə
yol verilir. Bundan əlavə, jurnalın bir
illik buraxılışlarının eyni cildin nömrələri
kimi nəşr olunması vacibdir. Hər
bir cild daxilində nömrələr ardıcıl və kəsilməz
şəkildə səhifələnməlidir. Məqalələrin yığılmasında
müasir proqram-redaktorlardan (Latex) istifadə edilməlidir.
Jurnalı xarici oxucuya çatdırmaq məqsədilə onun
ilkin variantının beynəlxalq nəşriyyatlar tərəfindən
tam şəkildə tərcüməsinə və
yayımlanmasına nail olmaq məqsədəuyğundur. Bu çətin olduğu üçün jurnalda məqalələrin
ingilis dilində çapına üstünlük verilməli
və müəyyən hazırlıqdan sonra, jurnalın tam
şəkildə ingilis dilində nəşrinə
keçilməlidir. Diqqəti cəlb etmək,
maraq oyatmaq məqsədilə sahə üzrə
tanınmış xarici ölkə mütəxəssislərinin
tədqiqat və şərh xarakterli işlərinin
çapını məqsədəuyğun sayırıq.
Hələlik
isə respublikamızda nəşr olunan jurnalların təsnifatı
yerli elmi qurumlar tərəfindən, müəyyən prinsiplər
əsasında aparılmalıdır. Təsnifatın
Eİİ-dəki kimi, ölkədaxili təsir əmsalı əsasında
aparılması inandırıcı olmadığından,
daha sadə tələblərin işlənib
hazırlanmasına ehtiyac var. Təxminən bizim vəziyyətimizdə
olan MDB ölkələrinin təcrübəsindən də
faydalanmaq mümkündür. Bu baxımdan
ukraynalı həmkarlarımızın təklif etdikləri
sxemi maraqlı hesab edirik. Ukraynada nəşr
olunan 125 fizika və riyaziyyat jurnalının yalniz 5-i dünya
standartlarına tam cavab verən və təsir əmsalı
olan nəşrlərdir. Daha 3 jurnal
Eİİ-nun genişlənmiş siyahısına daxil edilib,
10 jurnal isə xarici nəşriyyatlar tərəfindən tərcümə
olunaraq çap edilmələrinə baxmayaraq Eİİ
siyahısında yer almayıb. Sonuncu məlumat
həmin jurnallarla əməkdaşlıq edən alimlərimiz
üçün də əhəmiyyətlidir, çünki
bir çoxları bütün ingilisdilli nəşrlərin
yüksək səviyyəli olduğunu güman edir. Göründüyü kimi, bu heç də həmişə
doğru deyil.
Ukraynada təklif
olunmuş üsulu bəzi düzəlişlərlə yerli
elmi jurnalların təsnifatı üçün tətbiq etmək
olar. İlkin variantın təfərrüatlarına
varmadan təsnifatın özünü təqdim edirik. Fikrimizcə, Eİİ-nin analizi nəticəsində
təsir əmsalı almış jurnal 100 balla 1-ci sinfə
daxil edilməlidir. Jurnalın təsir əmsalı əldə
etməsi onun beynəlxalq tələblərə tam cavab verməsi
deməkdir və belə jurnallara aşağıdakı digər
parametrlərə görə əlavə bal
verilmir.
Məsləhət
bildiyimiz başqa göstəricilər üzərində ətraflı
dayanaq. Elmi jurnal bütün tələblərə cavab
verdikdə o, əvvəlcə Eİİ-nin genişlənmiş
siyahısına daxil edilir. Belə jurnalların əmsal
qazanması prosesi 2 il vaxt aparır. Bu
dövr ərzində jurnala 50 bal verilməsi
düzgün olardı. Respublikamızdakı elmi
jurnalların mühüm problemlərindən biri də
onların qeyri-müntəzəm şəkildə nəşr
olunmasıdır. Biz burada hər hansı
bir texniki səbəbdən baş vermiş 10-15 günlük
gecikmələri nəzərdə tutmuruq. Jurnal redaksiya heyətinin rəsmi şəkildə
elan etdiyi dövriliklə və vaxtında nəşr edilməlidir.
Bu mühüm tələbi ödəyən jurnal 15 bal almalıdır. Elmi nəşrlərin əsas
vəzifəsinin əldə olunmuş nəticələri
mütəxəssislərə vaxtında çatdırmaq
olduğundan, məqalələrin yazıldığı dildə
internet saytında müntəzəm yerləşdirilməsi
jurnala 10, çap etdiyi əsərlərin tam mətnlərinin
ingilis dilində internet saytında yerləşdirilməsi isə
əlavə 10 bal gətirməlidir.
Elmi nəşrlərin
qeydiyyatı və monitorinqi təkcə Elmi İnformasiya
İnstitutunda deyil, həm də digər beynəlxalq qurumlarda
aparılır. Sonuncular nəşrlərə təsir əmsalı
verməsələr də elmin müəyyən sahələri
üzrə informasiyanın dünya miqyasında
yayımında mühüm rol oynayırlar. Belə məlumat
bazaları arasında Cambridge Scientific Abstracts, Current
Contents/Engeneering, Computing and Technology, Mathematical Reviews Database,
Materials Science Citation Index, ZentralBlatt MATH və SCOPUS-u göstərmək
olar. Adı çəkilən məlumat
bazaları arasında SCOPUS əhatə dairəsinin
genişliyi ilə seçilir.
Təklif etdiyimiz sxemin son 5 balı jurnalda xarici ölkə müəlliflərinin
nəşrinə görə verilə bilər. Bu göstərici beynəlxalq kooperasiyanı təşviq
baxımından əhəmiyyətlidir. Topladığı
balların miqdarından asılı olaraq jurnallar müvafiq
siniflərə daxil edilməlidir. Biz sinif təsnifatını
belə təklif edərdik: 70 və daha çox bal toplamış jurnallar 2-ci sinfə, balı
40 və daha çox olan nəşrlər 3-cü, 25-dən
yüksək bal alan jurnallar isə 4-cü sinfə daxil edilməlidir.
Sonuncu, 5-ci sinfə 25-dən az bal
toplamış nəşrlər aid edilir.
Təsnifatdan
görünür ki, Eİİ siyahısına daxil edilməyən
jurnalın 2-ci sinfə düşməsi
qeyri-mümkündür. 1-ci və 2-ci dərəcəli siniflərin
Eİİ ilə birbaşa bağlanması, təklif olunan
meyarlardan 4-nün jurnalın beynəlxalq aləmdə bu və
ya digər dərəcədə tanınmasını tələb
etməsi respublikamızda nəşr olunan elmi jurnalların
beynəlxalq arenaya yönəldilməsi deməkdir. Bəlkə də çoxları bu tələbləri
Azərbaycan reallıqları üçün sərt hesab etsinlər.
Lakin məqsədimizin qabaqcıl dünya elminə,
informasiya məkanına inteqrasiya olduğunu nəzərə
alsaq, kriteriyaların bu istiqamətdə
stimullaşdırıcı xarakter
daşıdığını görərik.
Məqaləmizdə
elmi nəşrlərin dəyərləndirilməsində
mövcud beynəlxalq meyarları bir daha gündəmə gətirərək
yerli elmi jurnalların təsnifatının mümkün
sxemini təklif etdik. Azərbaycanda elmin inkişaf perspektivləri
qaldırılmış problemin həllindən əhəmiyyətli
dərəcədə asılıdır.
Fikrət Əliyev
Akademik
Şahin Ağayev
fizika-riyaziyyat elmləri
namizədi
Azərbaycan.-2009.-1 fevral.-S.7.