İstedadlı fırça
ustası
Kamil Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Ali təhsilini başa vurub Bakıya qayıtdığı vaxtdan "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. Verdiyi tərtibatlara görə tezliklə çəkiliş qruplarının hörmətini, etimadını qazanıb. Onun kinoda ilk işi "Uzaq sahillərdə" olub. Həmin lent əsərinin quruluşçu rejissoru Həsən Seyidbəyli deyərdi ki, filmin baxımlı, yaddaqalımlı olmasına, gözəl tərtibatına görə rəssam Kamil Nəcəfzadənin əməyi, xidməti tərifəlayiqdir.
Kamil sonralar ayrı-ayrı rejissorlar, operatorlarla da əməkdaşlıq etmişdi. "Ulduz", "Ad günü", "Mən ki gözəl deyildim", "Bir cənub şəhərində", "Bir məhəlləli iki oğlan", "Qardaşlar", ümumiyyətlə, 40-a yaxın bədii, tammetrajlı filmlərə tərtibat verib. O, çəkiliş obyektlərini təbii təsvir etməyə, obrazların talelərinin, aktyor ifalarının açılmasına, anlaşmasına gərgin əməyi, axtarışları ilə nail olmuş, sənətsevərlərin rəğbətini qazanmışdı.
Kamil həm də tanınan, sevilən teatr rəssamlarından biridir. Onun Azərbaycan
Dövlət Rus Dram Teatrında unudulmaz şair Səməd Vurğunun "Fərhad və Şirin", Akademik Milli Dram Teatrında "Kor",
"Knyaz", "Oqtay
Eloğlu" və başqa əsərlərə
hazırlanmış tamaşalara
verdiyi tərtibatlar bu gün də
sənət nümunələri
kimi xatırlanır. Geniş yaradıcılıq diapazonuna
malik həmkarımın
fəaliyyəti kino, teatr rəssamlığı
ilə məhdudlaşmır.
Natürmort, portret, süjetli
kompozisiya, mənzərə
janrlarında da uğurlar qazanıb.
Onun yaradıcılığında "Yaylaqda səhər",
"Günorta çağı",
"Tutqun səma",
"Kəpəz". "Payız", "Bizim dağlar", "Göl",
"İlan dağ",
"Kənddə səhər",
"Günün şüası",
"Şəki" və
başqa əsərlərinə
tamaşaçılar maraqla
baxırlar.
K.Nəcəfzadə dünyanın əksər
ölkələrində - İtaliyada,
Türkiyədə, Yunanıstanda,
Kanadada, Rumıniyada, Vyetnamda yaradıcılıq
ezamiyyətlərində olub. Onun Fransa
silsiləsində yaratdığı
"Kavaredə", "Kor
musiqiçi" tabloları,
demək olar, dünyanın əksər
sərgi salonunda göstərilib. Bu əsərlərdə iki
fərqli insanın portreti təsvir edilib. Tənha ömür sürən,
zahirən yaraşıqlı,
amma dünyanın nuruna həsrət qalmış musiqiçinin
sarsıntısını rəssam
boyaların gücü,
seçimi ilə olduqca inandırıcı
işləyib. Müxtəlif sərgi salonlarında dəfələrlə görmüşəm
ki, "Kor musiqiçi" əsəri
seyirçiləri necə
sarsıdıb, kövrəldir.
Mən bu əsərə ilk gündən ömürlərin,
talelərin dərdi, fəryadı kimi baxmışam və s.
Kamil portret janrında da xeyli əsər
yaradıb. Dünya şöhrətli klassik söz ustalarımızın, eləcə
də müasirimiz olan yaradıcı ziyalıların, mədəniyyət,
incəsənət xadimlərinin
portretlərini kətan
üzərində əbədiləşdirib.
"Füzuli", "Şah
İsmayıl Xətai",
"Şəhriyar", "S.Vurğun", "N.Nərimanov",
"C.Cabbarlı", "Əli Zeynalov", "Həsənağa Turabov"
və başqa portret əsərləri respublikamızın və
dünya muzeylərinin
daimi eksponatlarıdır.
O, rəngkarlıqda olduğu
kimi, qrafika sahəsində də həvəslə, səmərəli
çalışır. Nəriman
Nərimanovun həyat
və yaradıcılığına
həsr etdiyi qrafik təsvirlər,
"Azərbaycan" adlı
akvarel silsiləsi, Cəfər Cabbarlının
"Sevil" pyesinə,
Mehdi Hüseynin "Komissar" povestinə, M.S.Ordubadinin "Döyüşən
şəhər" romanına
çəkdiyi illüstrasiyalar
fırça ustasının
uğurlu yaradıcılığının
sübutudur.
Onun 1990-cı il
20 Yanvar faciəsinə
həsr etdiyi "Azərbaycan harayı"
və "Tarix bağışlamır" əsərləri
dinindən, dilindən
asılı olmayaraq görənləri sarsıdır,
həmin müdhiş
gecədə törədilən
qanlı hadisələri
göz önündə,
xəyallarda canlandırır.
Bu əsərlər zorakılığa, ədalətsizliyə,
vəhşiliyə qarşı
etiraz səsi kimi baxılır və qarşılanır.
O, can yanğısını, ürək ağrısını,
qəddarlara sonsuz nifrətini fırçasının
gücü ilə təsvir etməyə nail
olmuşdur. "Azərbaycan harayı"
tablosunda dəhşətli
mənzərə tamaşaçının
canını üşüdür.
Qana boyanmış insan cəsədləri, səmada
görünən qara
quzğunlar əsərin
emosional təsir qüvvəsini daha da artırır. Rəssam mənzərənin bir küncündə şeyxin,
digərində isə
Mixail Qorbaçovun simvolik təsvirlərini verib. İlk diqqətçəkən isə meyitlərin arasında əlini göyə açmış
uşaq fiqurudur.
Sanki o deyir: "Sən
Azərbaycanı məhv
edə bilməyəcəksən.
Zülmə, haqsızlığa baxmayaraq, biz qalib gələcəyik". "Tarix bağışlamır"
tablosunda fırça
ustası heç kimin, heç nəyin unudulmadığını,
gec-tez günahsız qan tökənlərin, ölümə bais olanların cəzalarına
çatacaqlarına inamını
təsvir edib.
Respublikamızda və xarici ölkələrdə bir
çox sərginin iştirakçısı olmuş
Kamil Nəcəfzadənin
əsərləri hörmətlə,
məhəbbətlə qarşılanır. 15 fərdi yaradıcılıq
sərgisinin müəllifi
olan sənətkar bu gün də
saatlarla molbert önündə dayanır,
gənclik həvəsi
ilə çalışır,
yeni-yeni əsərlər
yaradır. Bunu da qeyd edim ki,
Kamil Amerika Birləşmiş Ştatlarında
- Vaşinqton şəhərində
fərdi sərgisi açılan ilk azərbaycanlı
rəssamdır. Həmin tədbirdə
ulu öndər Heydər Əliyev də iştirak etmiş, fırça ustasına uğurlar arzulamış, ona ürək sözlərini
bildirmişdi.
Dostum, həddən artıq səmimi insan, orijinal dəst-xətti, yaradıcılığı olan
Kamil Nəcəfzadə
sevib-seçdiyi sənətdə
nailiyyətlər qazandığı
kimi, həm də dəyərli bir işlə - pedaqoji fəaliyyətlə
məşğuldur. İstedadlı gənc fırça ustaları yetişdirməyə
vaxt, əmək sərf edir.
Rafiq Mehdiyev
xalq rəssamı, professor
Azərbaycan.-2009.-1 fevral.-S.7.