Adı bəlli
Azərbaycan elində
Azərbaycan aşıq
sənətinin və
şifahi xalq ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan Aşıq
Hüseyn Bozalqanlı
ustad sözünün
çəkisi ilə
seçilən, hələ
sağlığında şöhrəti
nəinki öz məmləkətinə, qonşu
ölkələrə yayılan
mütəfəkkir olub.
Aşıq Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər
kimi saz, söz sərkərdələrinin
sırasında öz
layiqli yerini tutan Aşıq Hüseyn Bozalqanlı
"Koroğlu" dastanının
ən mahir bilicisi kimi tanınıb.
Bəllidir ki, bu dastanın bir neçə qolu onun dilindən
yazıya alınıb.
Aşıq Hüseyn
Bozalqanlı nəinki
xalq dastanlarının
mahir bilicisi və təbliğatçısı
idi, o, həm də bir sənətkar
olaraq özü dastan yaradırdı. İndi də aşıqların dilinin əzbəri olan "Qara Tanrıverdi",
"Nəriman", "Hacı
Tağı", "Aşıq
Hüseynin Tiflis səfəri"
və başqaları
şifahi xalq ədəbiyyatımızın ən parlaq nümunələridir. Təsadüfi
deyil ki, böyük şair Səməd Vurğun dərin rəğbət bəslədiyi Aşıq
Hüseyn Bozalqanlını
"əli qılınclı
şair" adlandırırdı.
Ozanlarımız həmişə
millətin görən
gözü, danışan
dili olublar. Aşıq Hüseyn Bozalqanlı da bütün yaradıcılığı
boyu bu missiyanı
ləyaqətlə yerinə
yetirib. Öz kimliyini qoşmalarının
birində çox ustalıqla dilə gətirib...
Aşıq Hüseyn
telli sazdır əlində,
Hər suala cavabı var dilində.
Adı bəlli
Azərbaycan elində,
Dolanmışam hər obanı qırmızı.
Tovuz rayonunun
Bozalqanlı kəndində
dünyaya göz açan Aşıq Hüseyn ilk təhsilini mədrəsədə alıb.
Hələ uşaqlıq
illərindən ərəb
və fars dillərini mükəmməl
öyrənib. Klassik ədəbiyyata bağlılığı
onu Füzuli, Sədi, Firdovsi kimi dahi söz
ustalarının yaradıcılığına
dərindən bələd
olmasını təmin
edib. Şərq poeziyasının bu möhtəşəm dahilərinin
Aşıq Hüseyn Bozalqanlı yaradıcılığında
təsiri duyulur. Tədqiqatçılar yazırlar
ki, aşığın
dərin məhəbbətlə
sevdiyi şair isə Molla Pənah Vaqif olub. Bəlkə də elə bu istəyin nəticəsidir ki, aşığın şeirləri
sadə, canlı, xalq danışıq dilindədir. Vətən məhəbbəti, yurd sevgisi, el-oba təəssübkeşliyi, dostluğa
sədaqət, mənəvi
dəyərlərə diqqət
Aşıq Hüseyn Bozalqanlı şeirinin başlıca xüsusiyyətləridir:
Əzəl bir adamla dostluq eyləsən,
Onu çəksən
imtahana yaxşıdı.
Baxdın, gördün
ilqarına kəs oldu,
Ona tapsan bir bəhanə yaxşıdı.
Aşıq Hüseyn
Bozalqanlı Azərbaycan
şifahi xalq ədəbiyyatına aşıq
şeirinin bütün
formalarında gözəl
nümunələr yadigar
qoyub: ustadnamələr,
divanilər, gözəlləmələr,
təcnislər, gəraylılar,
müxəmməslər, qoşmalar
və müxtəlif aşıqlarla deyişmələr.
Aşıq şeirinin
ən görkəmli yaradıcılarından sayılan
Aşıq Ələsgərlə
Aşıq Hüseyn Bozalqanlının dəfələrlə
deyişməsi bəllidir.
O fakt da məlumdur ki, Aşıq Ələsgərin
Aşıq Hüseynə
böyük məhəbbəti
olub. Deyişmələrin
birində Aşıq
Ələsgər üzünü
həmkarına tutaraq
deyib:
Dedim, könül,
içmə eşqin
camını,
Gen dünya
başına dar olacaqdı.
Ya dost olma,
ya zəhmətdən
incimə,
Dost yolunda
boran, qar olacaqdı.
Aşıq Hüseyn Bozalqanlı torpağına, millətinə bağlı bir ustad olub. Repressiyaların quzğun kimi gəzdiyi illərdə Aşıq Hüseyn Bozalqanlı duyğularını dilə gətirməkdən çəkinməyib. Həmin vaxtlar yazdığı müxəmməslərdə aşığın sarsıntıları açıq-aşkar duyulur. 1938-ci ildə onu da get-gələ salaraq sorğu-suala tutmuşdular. Dövrün amansızlığı, gedənlərin qayıtmaması, ailələrin sonradan sürgünlərə göndərilməsi, ev-eşiklərinin dağıdılması Aşıq Hüseyn Bozalqanlının doğmalarını qorxuya salmışdı. Böyük sənətkar oğlu ilə birlikdə "NKVD" deyilən qurumda sorğu-suala tutularkən aşığın gəlini qayınatasının əski əlifba ilə yazdığı bütün əlyazmalarını oda atıb yandırmışdı. Bu səbəbdən də sonralar aşığın şeirlərini bir yerə toplamaq çox çətin oldu. Çoxu itib batdı, bəziləri də təhrif olunmuş formada bu günə gəlib çatdı.
Aşıq Hüseyn Bozalqanlının indiyə kimi 4 kitabı işıq üzü görüb. Bu günlərdə isə nəticələri Fəxrəddin və Ələddin Quliyev qardaşlarının toplayaraq tərtib etdikləri Aşıq Hüseyn Bozalqanlı əsərlərinin I cildi Musiqili Komediya Teatrında oxuculara təqdim edildi. Təqdimat mərasimini Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub aparırdı. Gecədə çıxış edənlər bildirdilər ki, bu kitabın işıq üzü görməsi Aşıq Hüseyn Bozalqanlı yaradıcılığını sevənlərə ən dəyərli ərməğandır. Tədbirdə kitabın elmi redaktorları - professorlar Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, folklorşünas-alim Elxan Məmmədli, kitaba ön söz yazmış, Milli Məclisin deputatı Qənirə Paşayeva, araşdırmaçı Bəhlul Abdulla və başqaları çıxış edərək Aşıq Hüseyn Bozalqanlı haqqında öz fikirlərini bildirdilər. Bədii qiraət ustaları, aşıqlar və müğənnilər Aşıq Hüseyn Bozalqanlı yaradıcılığından nümunələr ifa etdilər. O gecə salonu haqq aşığını haqqa qovuşduran xeyirxah insanların xoş duyğuları bürümüşdü. Hamı birnəfəsə söyləyirdi ki, həyatın çox ağrı-acısını görmüş Aşıq Hüseyn Bozalqanlının ruhu mütləq bu məclisdədir. Onun yaratdığı gözəl şeirlər səsləndikcə, mahnılar oxunduqca ruhun duyduğu xoşbəxtlik qəlblərə bir rahatlıq bəxş edirdi. Onun misralarının təsiri uzun müddət qəlbimizdən çəkilmədi:
Hüseynin sözləri aşikar olar,
Qanana nəsiyyət yadigar olar.
F.Xəlilzadə
Azərbaycan.-2009.-1 fevral.-S.6.