Muğamın ömrün qatarı

 

Muğamın könülləri oxşayan avazı bizi duruluğa, saflığa, ulu hisslərə, nura, işığa qovuşdurur. Sözün "sevdalı" başında, muğamın "aşiqanə" çağında mahnının şəlalə uçuşunda ifası da sənət eşqiylə onlara qaynayıb qarışır. Sənətin sehrini bu möcüzələrə qatıb ecaz yaradır.

Bu hissləri hazırda respublikamızda ən istedadlı qadın muğam təsnif ifaçılarından biri kimi tanınan, xanəndə, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində xalqımızın mənəvi dəyər meyarından birini - muğamı tədris edən Ruzə İbişova oxuyanda keçirmişik. Ruzə oxuya-oxuya qəlbinin hayı-harayını, ürəyində çağlayan təranələri dinləyicilərinin ruhuna, mənəviyyatına hopdurur. Həzin səsi ilə milli-mənəvi dəyərlərimizə körpü salır, Ruzə! Bu, unutqanlıqdan yaddaşa gedən yoldur.

Özünü imtahan, sınaq qarşısında hesab edənlər istedad, zəhmət məsuliyyət adlı körpüdən keçib belə konsertdəcə tamaşaçı, dinləyici ilə öz aralarında canlı körpü salırlar. Dinləyici alqışları bundan sonra başlanır. Şimşəkdən sonra döşü açılan buludlar kimi alqış sədaları mahnıya, muğama, təsnifə nəqarət olur. Bu alqış sədaları səni özünə, səhnəyə qaytarar. Belə bilirsən ki, ətrafındakıların qəlbini fəth etmisən, könüllərdə şam işığı yandırmısan. Növbəti sənət imtahanından uğurla çıxmısan. Bu isə hər bir sənətçinin ən ümdə arzusudur.

Ruzə İbişova ilə söhbət zamanı ötən günlər gözlərimiz qarşısında muğam şöbələri kimi açılır. Həyatın ilk notları, uğura gedən yollar, həyəcanlı dəqiqələrin bir-birini əvəz etdiyi vaxtlar. Təranələrlə, mahnılarla, muğamlarla başlanan günlər. Belə günlərin bir işığı günəş, digər nuru sənət eşqi olurdu.

Ruzə İbişova Ağdaşın Ləki kəndində anadan olub. Uşaq yaşlarından oxumağı sevərmiş. Sonra məktəb səhnəsini rayon konsert salonu əvəz edib. Ağdaşda xalq mahnı ifaçılarının müsabiqəsində qalib gəldiyi üçün onu Bakıya - yekun konsertinə göndəriblər. İndiki Heydər Əliyev Sarayında yüzlərlə tamaşaçının alqışlarını eşidəndə, münsiflər heyətinin razılıq ifadə edən baxışlarını görəndə ürəyi dağa dönüb. Deyiblər ki, "Ay bülbüllər" mahnısını Ruzə elə bülbül kimi oxudu.

Sonra mərhum dirijorumuz, maestro Niyazi zildə bir muğam parçası oxumasını xahiş edib. Ruzə Qatar təsnifini oxuyub. Elə həmin Qatar da onu sənət yollarına aparan qatar olub. Maestro gənc qızın ifasını yüksək qiymətləndirib. "Sənin gözəl xanəndəlik istedadın var" - deyib. Onu müsabiqənin bir sıra qaliblərini Bülbül adına Musiqi Məktəbinə oxumağa dəvət edib.

İlk uğur ilk imtahan kimi ona görə tez-tez xatırlanır ki, könül verdiyi sənətə həvəsinin ötəri olmadığını təsdiq edib. Valideynlərinin fikrini dəyişə bilib...

İlk musiqi təhsilini Asəf Zeynallı adına Musiqi Məktəbində alıb. Muğam ustası Nəriman Əliyevin zəhməti, Ruzənin istedadının bəhrəsi o olub ki, məktəbi fərqlənmə diplomu ilə bitirib. Sonra Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına qəbul olunub...

1996- ildən Azərbaycan Radio Televiziyasının Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində solist kimi fəaliyyətə başlayıb. Orkestrdə Ü.Hacıbəyovun, S.Rüstəmovun, Q.Hüseynlinin, T.Quliyevin, H.Xanməmmədovun, C.Cahangirovun, R.Mirişlinin, N.Əzimovun 80-dən çox əsərini, həmçinin Çahargah, Bayatı-Kürd muğam dəstgahlarını, zərb muğamlardan Kəsmə Şikəstəni, Heyratını lentə yazdırıb. Eləcə xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi "Araz" Xalq Çalğı Alətləri Ansamblı ilə lentə aldırdığı 20- yaxın mahnı təsnif Bayatı-Şiraz, Xaric Segah, Mirzə Hüseyn segahı, Mahur-Hindi başqa muğam dəstgahları radio televiziyanın qızıl fonduna daxil edilib.

M.Maqomayev adına Dövlət Filarmoniyasında Kamera Orkestrinin müşayiəti ilə isveçrəli məşhur musiqiçi Simon Comartinin dirijorluğu ilə Aqşin Əlizadənin "Muğamvari" simfonik əsərini uğurla ifa edib.

Tələbəlik illərində xalq artisti Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" Xalq Çalğı Alətləri Ansamblı ilə Azərbaycanın bölgələrindəki konsertləri əsl el şənliklərinə döndərib. Xalqın yaddaşında əbədi yer tutan mahnı muğamları onlara qaytarmaq çox məsuliyyətli olsa da bu işdə bələdçisi ustad Əlibaba Məmmədov olub. Mərhum bəstəkarımız Rəşid Nəsiboğlunun rəhbərlik etdiyi "İrs" folklor ansamblı ilə Pribaltika Orta Asiya respublikalarında, Rusiyanın ayrı-ayrı şəhərlərində verdiyi konsertlər yaddaşlarda daim qalacaq.

Heydər Əliyev adına Hərbi Akademiyada hərbi vətənpərvərlik mövzusunda konsert proqramına görə akademiya rəisinin fəxri fərmanını mükafatını alıb Ruzə xanım...

Onunla söhbətimiz muğama bugünkü münasibətdən düşəndə dedi: "Muğamlarımıza, onların ifaçılarına böyük dövlət qayğısı var. Heydər Əliyev Fondunun prezidenti, İSESKO YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qədim muğam sənətinin dirçəlməsinə göstərdiyi qayğı, muğamın dünyada tanınması üçün həyata keçirdiyi tədbirlər hamımızın ürəyincədir. Beynəlxalq Muğam Mərkəzinin açılması müğamlarımıza, mədəniyyətimizə qayğının təzahürüdür. Bir bənzətmə işlətsəm bilmirəm necə yerinə düşər: əvvəllər xalqı ayrı-ayrı qalalar, bürclər üstündə qalanan tonqallarla birliyə çağırırdılar. İndi muğamın ecazkar möcüzələri görür bu işi. Vətəndir, vətənpərvərlikdir muğam sənəti".

Ruzə İbişova barədə yazılanlar, deyilənlər sənətə, sənətkara bələdçilərin dilindən, qələmindən çıxıb. Bir var adi tamaşaçı ovqatı, marağı ola, bir var sənətkar qiyməti...

Xalq artisti, maestro Nəriman Əzimov:

- Təsəvvür edin ki, böyük Nizaminin sözlərinə Üzeyir bəyin yazdığı "Sevgili canan" romansını ilk dəfə qadın vokalçı olaraq məhz Ruzə İbişova bizim orketrdə oxuyub. Bu, böyük cəsarət, səs tələb edən romansdır. Bunu bacaran Ruzə xanım çox istedadlı zəhmətsevərdir. O, təkcə mənim əlli mahnımı ifa edib...

Xalq artisti Habil Əliyev:

- EBilirsiniz, xalq gərək öz musiqisi üzərində ciddi nəzarətçi olsun. Xanəndə məsuliyyət hiss etsin ki, bu xalqın, millətin sərvətidir, korlamaq olmaz. Hər yerindən duran gəlib çıxır ortalığa. Amma Ruzə kimi təvazökarlar kənarda qalır. Halbuki onun böyük sənəti var. Xahişə, minnətə ehtiyacı yoxdur. Onun oxuduğu "Sevgili canan" romansına çox sevindim. Əvəzolunmaz bir əsərin gözəl ifası fərəh doğurur.

Dünyanın dərkidir muğamat. Duyursan, nəticə çıxarırsan. Fikirlərin haçalanır, birləşir, yenidən ayrılır. Bir andaca özünü göylərin neçənci qatında hiss edirsən. Muğam oxunanda ağlayan da görmüşəm, kövrəlib köks ötürən . Ruzə oxuyur. Qatardan başlanan sənət yolu muğam zirvəsini fəth edir.

 

 

Seyran Cavadov

 

Azərbaycan.-2009.-1 fevral.-S.6.