Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də Davosda ABŞ-ın məşhur "Uoll strit cornel" qəzetinə müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik.

- İlk növbədə, təşəkkür edirəm. Bilirəm ki, Siz Ermənistan Prezidenti ilə görüşmüsünüz. Münaqişəni həll edə bilirsinizmi?

- Hələlik xeyr.

- Hər hansı bir irəliləyişə nail oldunuzmu?

- Bildiyiniz kimi, danışıqlar prosesi uzun müddətdir davam edir. On beş ildir atəşkəs rejimi mövcuddur, lakin təəssüf ki, münaqişə hələ də həll olunmayıbdır. Bizim mövqeyimiz tam aydındır: münaqişə beynəlxalq hüquq normaları əsasında, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Amma əfsus ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir və bu, münaqişənin həll olunmamasının əsas səbəbidir. Danışıqlarda irəliləyiş olmuşdur, amma bu, kifayət deyildir.

- Gürcüstandakı münaqişə nəyi dəyişmişdir? Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, bunun məsələyə təsiri varmı? Yaxud geosiyasi baxımdan Rusiya və yaxud Türkiyə və ya Amerika Birləşmiş Ştatları hansı rolu oynaya bilər?

- Danışıqlar prosesinə birbaşa cəlb olunmuş ölkələr, Minsk qrupunun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Gürcüstandakı münaqişədən sonra açıq şəkildə elan etdilər ki, Dağlıq Qarabağın tanınması müzakirə mövzusu deyil, həmin hadisələr bu cür presedent yaratmayacaqdır. Lakin geosiyasi baxımdan, əlbəttə ki, əgər sizin qonşunuz və ya qonşularınız bir-biri ilə müharibədədirsə, demək, bu, sizin özünüz üçün yaxşı deyil. İndiki halda Gürcüstan və Rusiya Azərbaycanın qonşularıdır və bizim hər iki ölkə ilə yaxşı münasibətlərimiz var.

- Hazırda, Siz qazı, nefti və digər məhsullarınızı Qərbə Gürcüstan vasitəsilə nəql edirsiniz. Oradakı müharibə isə, belə görünür ki, həmin marşrutların təhlükəsizliyini sual altına aldı. Demək olarmı ki, Ermənistanla Dağlıq Qarabağ probleminin həllinə nail olmaq üçün göstərdiyiniz səylərin səbəbi yeni marşrutun əldə olunmasından ibarətdir?

- Ermənistan və Azərbaycanın apardığı danışıqlar prosesi ilə Gürcüstandakı müharibə zamanı üzləşdiyimiz çətinliklər arasında əlaqə yoxdur. Bəli, həmin vaxt bizim üçün asan olmadı, çünki bizim əsas enerji daşıyıcılarımız Gürcüstan ərazisindən nəql olunur, müharibə isə onun üçün böyük maneə idi. Biz nefti nəql etmək üçün başqa yollar axtarmalı olduq. Əlbəttə, beynəlxalq bazarlara nə qədər çox çıxışımız olsa, bizim üçün bir o qədər yaxşıdır. Lakin hazırda Gürcüstanda vəziyyət sabitləşmişdir, bu ölkənin ərazisindən nəqletmə ilə bağlı problem yoxdur. Bundan əlavə, qeyd etdiyim kimi, başqa marşrutlar da mövcuddur.

- Nabukko haqqında sual vermək istərdim. Siz layihənin tərəfdarısınız, lakin boru kəmərinin çəkilməsində ən mühüm rolu avropalılar oynamalıdırlar. Necə düşünürsünüz, boru kəmərini Avropa hökumətlərinin iştirakı olmadan inşa etmək olarmı? İkinci sualım: Siz nə qədər gözləyə bilərsiniz? Bəlkə qazınızı birbaşa Rusiyaya satasınız!?

- Mən buraya Budapeştdə keçirilən Nabukko sammitindən gəlirəm. Düşünürəm ki, daha böyük anlaşma baxımından həmin tədbir çox əhəmiyyətli oldu. Layihənin statusu və perspektivləri kimi suallar nəzərdən keçirildi. Bildiyiniz kimi, uzun illərdir ki, biz Nabukko haqqında çox eşidirdik, lakin səmimi desək, bu istiqamətdə əməli addımlar görmürük. İndi daha aydın olur ki, layihə avropalılar üçün əhəmiyyətlidir. Layihənin həyata keçirilməsinə gəlincə, əlbəttə ki, hər hansı bir mənbədən xeyli maliyyə yardımı edilməlidir. Bu, banklar, mərkəzləşmiş maliyyə paketi ola bilər. Nabukko konsorsiumuna daxil olan şirkətlər üçün böyük həcmdə vəsaiti toplamaq asan olmayacaqdır. Əsas şərt ondan ibarətdir ki, güclü maliyyə dəstəyi olmalıdır. Bunun olmaması layihənin həyata keçirilməsinə maneə yarada bilər. Sualınızda haqlı olaraq qeyd edirsiniz ki, biz nə qədər gözləyəcəyik. Biz çox məmnunuq ki, qazımızı başqa ölkələrin bazarlarına nəql etmək üçün müasir infrastruktur qurmağa müvəffəq olmuşuq. Bu gün qazımız Gürcüstana və Türkiyəyə nəql olunur, sonra isə Türkiyə ərazisi ilə Avropa İttifaqının bazarlarına çıxarılır. Bizim bugünkü hasilat həcmimiz mövcud qaz kəmərləri ilə əhatə olunur. Bununla belə, hasilatı daha yüksək səviyyəyə qaldırmaq üçün böyük planlarımız var. Sonra isə bizə daha çox marşrutlar lazım olacaqdır. Nabukko onlardan biridir.

- Bəlkə, qazı Rusiya və Mərkəzi Asiya vasitəsilə nəql edəsiniz? Rusiyaya satasınız və Rusiya isə qazı Avropaya çatdırsın? Nəyə görə buna müqavimət göstərirsiniz?

- Biz müqavimət göstərmirik. Bu təklifi bu yaxınlarda almışıq. 2008-ci ilin ortalarına qədər bu, ümumiyyətlə müzakirə məsələsi deyildi. Biz həmin istiqaməti heç zaman qazın nəqli üçün potensial marşrut kimi nəzərdən keçirmirdik və Rusiya onunla bağlı heç vaxt maraq da ifadə etməmişdi. Həmin təklifi məhz yarım il bundan öncə almışıq və biz onu hələ qiymətləndirməliyik. Təklif özlüyündə cəlbedici görünür. Əgər biz qazımızı öz sərhədimizdə tranzit ölkə ilə heç bir problem olmadan sata bilsək, nəql layihələrinə çətinlik olmadan və sərfəli bazar qiyməti təklif edilərsə, onda təklifə niyə də baxmayaq!? Biz təklifi rədd etməmişik, lakin eyni zamanda, onu daha təfərrüatlı şəkildə nəzərdən keçirməliyik. Əvvəlki illərdə məqsədlərimizdən biri şaxələndirmə olub və bu baxımdan, Azərbaycan özünü çox rahat hiss edir. Neft və qaz kəmərlərimiz karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan verir. Beləliklə, biz bir marşrutdan asılı deyilik. Bir sözlə, "Qazprom"dan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və başqa ölkələrdən gələn təkliflər nəzərdən keçirilir və əlbəttə ki, biz ölkəmiz üçün ən yaxşı variantı seçəcəyik.

- Bu il Azərbaycanda iqtisadi artım nə səviyyədə gözlənilir?

- Biz təxminən 10 faiz səviyyəsində artımın olacağını gözləyirik.

- Bu, qeyri-adi görünür.

- Son beş il ərzində, 2003-cü ildən 2008-ci ilə kimi ÜDM 2,6 dəfə artmışdır. Keçən il ÜDM-in artımı 11 faiz olmuşdur. Beləliklə, ümid edirik ki, bu göstərici eyni səviyyədə qalacaqdır.

- Sizin fikrinizcə, böhran iqtisadiyyatın bütün sahələrini əhatə edəcəkmi?

- Maliyyə təsisatları, banklar baxımından xeyr. İqtisadiyyatın real sektoruna gəldikdə, böhran qismən ola bilər. İxrac məhsulları istehsal edən müəssisələr və zavodlar isə müəyyən çətinliklərlə üzləşə bilər. Lakin biz onlara yardım məqsədi ilə kifayət qədər valyuta ehtiyatlarına malikik. Son beş ildə biz özəl biznesə maliyyə yardımı göstərmək məqsədi ilə güzəştli kreditlər nəzərdə tutan bir çox proqramlar həyata keçirmişik və bu işi davam etdiririk. Mən Azərbaycan üçün hər hansı ciddi çətinliklər görmürəm.

- Ortamüddətli beynəlxalq layihələrin maliyyələşdirilməsi çətin olacaqmı?

- Bəli, söhbət enerji layihələrindən gedirsə, hesab edirəm ki, hazırda nəzərdən keçirdiyimiz layihə tez və ya gec həyata keçiriləcəkdir. Hətta onlar baş verməsə, bu günə qədər görülmüş işlər bizim üçün kifayət edəcəkdir. Hazırda biz gündə 1 milyon barel neft nəqletmə qabiliyyəti olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə malikik. Bundan əlavə, bizim Gürcüstana və Rusiyaya gedən iki əlavə boru kəmərimiz var. Onların nəqletmə imkanı gündə 300-400 min bareldir. Müəyyən texniki işlər nəticəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin buraxıcılıq gücü 1,5 milyon barelə çatdırıla bilər. Bir sözlə, biz hər şeyi vaxtında yerinə yetirdik. Hazırda isə biz praktik olaraq, hər hansı əlavə böyük infrastruktur layihəsinə ehtiyac duymuruq.

- İcazə verin, Sizdən başqa məsələni soruşum. Bir neçə həftə bundan öncə, dekabr ayında parlament xarici radiostansiyaların, yəni "Amerikanın səsi", "Azadlıq" radiolarının və BBC-nin yayımını qadağan edən qərara səs verdi. Siz bununla razısınızmı? Buna razılıq verirsinizmi?

- Əslində, bu, parlamentin qadağa qərarı deyildir. Bu, düzgün məlumat deyil, bu qərar Milli Televiziya və Radio Şurası tərəfindən verilmişdir. Həmin qərar 2002-ci ildə qəbul olunmuş və xarici radiolara milli tezliklərdə yayımlamaya icazə verməyən qanun əsasında qəbul edilmişdir. Beləliklə, bu, qadağa deyildir. "Azadlıq" radiostansiyası, BBC və "Amerikanın səsi" qısa dalğalarda öz verilişlərini yaya bilər. Onlar internet, kabel və peyk vasitəsilə verilişlərinin yayımını davam etdirə bilərlər. Ola bilsin ki, bizim tərəfdən guya onlara qadağa qoyulması ilə bağlı beynəlxalq mətbuatda anlaşılmazlıq yaranıbdır. Lakin biz qadağa qoymamışıq, sadəcə, öz qanunvericiliyimizə uyğun formaya gətirmişik. Biz Avropadakı vəziyyəti öyrənmişik. Orada da vəziyyət eynidir. Biz Azərbaycanda medianı məhdudlaşdırmırıq, sadəcə, onlar milli qanunvericiliyə və Avropadakı mövcud normalara uyğun olmalıdır.

- Prezidentlik müddətinə aid məhdudiyyətin aradan qaldırılması məqsədi ilə referendumun keçirilməsi barədə dekabr ayında parlamentin səs verdiyi qərar haqqında nə deyə bilərsiniz? Demək istəyirəm ki, Siz bu yaxınlarda yenidən seçilmisiniz. Sizin fikrinizcə, bu, yaxşı ideyadırmı?

- Bu təşəbbüs parlamentdə çoxluq təşkil edən partiyamız tərəfindən irəli sürülmüşdür. Eyni zamanda, demək istəyirəm ki, xalqın bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə səs vermək hüququna malik olması demokratik prinsipdir. Referendum demokratik prosedurdur və xalqın iradəsinə əsaslanır. Eyni zamanda, bu, Avropa təcrübəsinə uyğundur.

- Sonuncu sualım iqtisadiyyatla bağlıdır. Siz qeyd etdiniz ki, bu il artım təqribən 11 faiz olacaqdır. Təkcə Sizin ölkəniz üçün buna nail olmaq çətin deyilmi?

- Əsas ixracımızı təbii ki, neft və qaz təşkil edir. Neftin qiymətlərinin aşağı düşməsi, əlbəttə ki, ÜDM-in artımını da azaldacaqdır. Çünki ixrac edilən həcm eyni qalacaq, lakin qiymət aşağı olacaqdır. Lakin iqtisadiyyatın digər sektorlarının çox böyük potensialı vardır. Son bir neçə il ərzində həyata keçirdiyimiz islahatlar artıq yaxşı nəticələr verir. Kənd təsərrüfatı sahəsində çox yaxşı potensialımız var. Kiçik və orta sahibkarlıqda möhkəm potensial mövcuddur. İnfrastruktur layihələri çox uğurla həyata keçirilir. Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in artımı 15,7 faiz olmuşdur. Beləliklə, bütün bunlar əsas amillər və həyata keçirdiyimiz islahatlardır. Həmin amillər bu cür artımın əsas səbəblərindən biridir. Neft və qaz digər ölkələrdə də hasil edilir.

Yeri gəlmişkən deyim ki, Xəzəryanı beş dövlət arasında Azərbaycan enerji resursları, hasilat və ixrac baxımından ən böyük ölkə sayılmır. Əsas nailiyyətlərimiz islahatlar sayəsində mümkün olmuşdur. Eyni zamanda, əlavə edə bilərəm ki, ötən il Dünya Bankı özünün "Doing Business" icmalında Azərbaycanı dünyanın bir nömrəli islahatçı ölkəsi elan etmişdir. Bundan əlavə, bizim gəlirlərin toplanmasında çox şəffaf maliyyə sistemimiz mövcuddur. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın Neft Fondunu şəffaflıq mükafatı ilə təltif etmişdir. Həmin amillər öz rolunu oynayır və biz nəticələri görürük. Mənim üçün son beş il ərzində əldə olunmuş mühüm nailiyyətlərdən biri işsizlik probleminin, demək olar ki, tamamilə aradan qaldırılması və yoxsulluğun xeyli azalması olmuşdur.

2003-cü ildə Azərbaycan xalqının 49 faizi yoxsulluq səviyyəsindən aşağı yaşayırdı. 2008-ci ilin hesablamalarına görə, hazırda bu rəqəm 13,2 faiz təşkil edir. Bu onu göstərir ki, enerji siyasəti sərvətlərin düzgün bölüşdürülməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Əlbəttə ki, görüləcək işlər də çoxdur. Ölkəmizdə hələ də bir çox problemlər var, lakin meyil müsbətdir. Ölkə regionda artıq öz mövqeyini qazanıb və siyasi, iqtisadi və enerji inkişafı sahəsində sabitlik amili rolunu oynayır. Ümid edirəm ki, bu müsbət meyil gələcəkdə də davam edəcəkdir.

- Çox sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 fevral.-S.1.