Azərbaycan Prezidenti
İlham Əliyevin Davosa səfəri dünya mətbuatının
və aparıcı televiziya kanallarının diqqət mərkəzində
olmuşdur
Azərbaycan Prezidenti
İlham Əliyevin İsveçrənin Davos şəhərində
növbəti illik Dünya İqtisadi Forumunda iştirakı,
bu mötəbər tədbir çərçivəsində
işgüzar görüşləri,
çıxışları və müsahibələri
dünyanın aparıcı kütləvi informasiya vasitələrinin
diqqət mərkəzində olmuşdur. Məşhur
"Uoll strit cornel" qəzeti, CNBC (Si-en-bi-si) televiziya
kanalı, Reuters agentliyi və SNN televiziya kanalı Azərbaycan
Prezidentindən müsahibələr götürmüş,
dövlətimizin başçısının Azərbaycanın
bölgədə və dünyada söz, nüfuz sahibi
olması, mövqeyini möhkəmləndirməsi, ölkəmizin
dinamik inkişafı, həyata keçirilən iqtisadi
islahatlar, Nabukko layihəsinə birmənalı dəstək
verməsi, Avropanın enerji təhlükəsizliyində artan
rolu, Qərbə inteqrasiya siyasəti, qlobal maliyyə
böhranı kimi mühüm məsələlərlə
bağlı fikirlərini ön plana çəkmişlər.
"Uoll
strit cornel" qəzeti
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı ölkəmizin
mövqeyini ifadə edən bu fikrini
xüsusi vurğulamışdır:
"On beş ildir ki, atəşkəs rejimi mövcuddur, lakin təəssüf ki, münaqişə hələ də həll olunmayıbdır.
Bizim mövqeyimiz tam aydındır: münaqişə
beynəlxalq hüquq normaları əsasında,
Ermənistan qoşunlarının
ərazilərimizdən dərhal
çıxarılması ilə
bağlı BMT-nin Təhlükəsizlik Şurasının
qətnamələri əsasında
həll olunmalıdır.
Amma əfsus ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir və bu, münaqişənin
həll olunmamasının
əsas səbəbidir.
Danışıqlarda irəliləyiş olmuşdur, amma bu, kifayət deyildir".
Prezident İlham Əliyev Nabukko layihəsinə münasibətini bildirərkən
vurğulamışdır ki,
"bu layihə avropalılar üçün
əhəmiyyətlidir. Layihənin
həyata keçirilməsinə
gəlincə, əlbəttə
ki, hər hansı bir mənbədən xeyli maliyyə yardımı edilməlidir... Əsas şərt ondan
ibarətdir ki, güclü maliyyə dəstəyi olmalıdır.
Bunun olmaması layihənin həyata keçirilməsinə maneə
yarada bilər... Biz çox məmnunuq
ki, qazımızı
başqa ölkələrin
bazarlarına nəql etmək üçün müasir infrastruktur qurmağa müvəffəq
olmuşuq. Bu gün qazımız Gürcüstana və Türkiyəyə nəql
olunur, sonra isə Türkiyə ərazisi ilə Avropa İttifaqının
bazarlarına çıxarılır.
Bizim bugünkü hasilat həcmimiz mövcud qaz kəmərləri ilə əhatə olunur. Bununla belə, hasilatı
daha yüksək səviyyəyə qaldırmaq
üçün böyük
planlarımız var. Sonra
isə bizə daha çox marşrutlar lazım olacaqdır. Nabukko onlardan
biridir".
Azərbaycan qazının Rusiya vasitəsilə Avropaya çatdırılması məsələsinə
toxunan Prezident İlham Əliyev bu barədə təklifin özlüyündə
cəlbedici göründüyünü
söyləmişdir. O demişdir
ki, əgər biz qazımızı öz sərhədimizdə tranzit
ölkə ilə heç bir problem olmadan sata bilsək,
nəql layihələrinə
çətinlik olmadan
və sərfəli bazar qiyməti təklif edilərsə, onda təklifə niyə də baxmayaq?! Biz təklifi
rədd etməmişik,
lakin eyni zamanda, onu daha
təfərrüatlı şəkildə
nəzərdən keçirməliyik.
Əvvəlki illərdə məqsədlərimizdən
biri şaxələndirmə
olub və bu baxımdan, Azərbaycan özünü
çox rahat hiss edir. Neft və qaz kəmərlərimiz karbohidrogen
ehtiyatlarımızı müxtəlif
istiqamətlərdə nəql
etməyə imkan verir. Beləliklə, biz bir marşrutdan
asılı deyilik.
Bir sözlə, "Qazprom"dan,
Türkiyə, Yunanıstan,
İtaliya, Bolqarıstan
və başqa ölkələrdən gələn
təkliflər nəzərdən
keçirilir və əlbəttə ki, biz ölkəmiz üçün
ən yaxşı variantı seçəcəyik.
CNBC və
SNN televiziya kanalları
Prezident İlham Əliyevlə müsahibələrində
əsas diqqəti dövlətimizin başçısının
Davos Forumunun "Enerji Outlook-2009" mövzusundakı
iclasında söylədiyi
"neft istehlakçıları
bu məhsulun qiymətinin aşağı
olmasını arzulayırlar.
Hasilatçılar isə qiymətin
tarazlaşdırılmasında və hasilatçılar üçün səmərəli
olmasında maraqlıdırlar"
fikrinə yönəltmişdir.
Dövlətimizin başçısı forumun
əsas müzakirə
mövzusu olan beynəlxalq maliyyə böhranının Azərbaycan
iqtisadiyyatına təsirindən
də danışmışdır. Prezident demişdir
ki, beynəlxalq böhran iqtisadiyyatımıza
elə də güclü təsir göstərməyibdir. Azərbaycan
getdikcə dünya iqtisadiyyatına daha çox inteqrasiya olunduğundan, xüsusən
ixrac potensialı ilə bağlı müəyyən narahatlıqlarımız
var. Qeyri-neft sektorundakı
ixrac potensialı son aylarda az
da olsa azalmışdır.
Lakin ümumilikdə, maliyyə
məsələləri və
iqtisadiyyatın inkişafı
ilə bağlı bizdə vəziyyət yaxşıdır.
Reuters agentliyi
isə Azərbaycan Prezidentinə istinadla yazır ki, ötən illər respublika iqtisadi artım sürətinə
görə dünyada
lider dövlət elan edilmişdir. Azərbaycanın iqtisadi artımı bu il 10 faiz
həddində gözlənilir.
Prezident demişdir:
"Əlbəttə, ÜDM-in 25-30 faiz artım təşkil etdiyi vaxtlar artıq geridə qalmışdır
və bunun təkrar olunması mümkün deyildir. Bu, bir faktdır ki, ötən beş ildə ölkədə ÜDM 2,6
dəfə artmışdır,
bu, tarixi rekorddur. Bizim bu ilə olan gözləntilərimiz
10 faizdir və hesab edirəm ki, qlobal böhran
şəraitində bu,
kifayət qədər
çoxdur. Biz bu inkişaf səviyyəsini davam etdirəcəyik. Düşünürəm
ki, biz 10 faizə nail ola biləcəyik".
Neft hasilatının
azaldılması ilə
bağlı Prezident İlham Əliyev bildirmişdir: "Bu, neftin
qiymətindən asılı
olacaq, lakin hədəf maksimum gündə 300 min bareldir.
Əgər qiymətlər belə
qalsa, yəqin ki, bu, hədəf
olacaq, yox, əgər qalxsa, yəqin ki, rəqəmə düzəliş
edəcəyik. Biz planlaşdırmışdıq ki, ildə təxminən
55 və ya 60 milyon ton neft hasil edək, indi isə illik
50 milyon ton nəzərdə
tutulur".
Dövlət başçısı
demişdir ki, neftin bir bareli üçün
80, 90, 100 dollar ədalətli qiymətdir: "Hesab edirəm ki, bu qiymət hər kəs üçün yaxşıdır.
Bu, istehlakçılar üçün də, sərmayə qoyan şirkətlər üçün
də, neftdən gəlir götürən
ölkələr üçün
də münasib olardı. Ancaq sizə deyə bilərəm ki, bugünkü qiymətlərlə
belə, yəni neftin bir barelinin
qiymətinin 40-45 dollar olduğu
vaxtda da, bizim iqtisadiyyatımız uğurla inkişaf edir və qiymətlərin
bu səviyyəsinə
davam gətirməyə
qadirdir".
Ölkədə martda keçiriləcək
referendumla bağlı
dövlətimizin başçısı
bildirmişdir ki, prezidentin iki dəfədən artıq
seçilməsi təklifi
daha çox demokratiyanın inkişafına
töhfə verən amildir.
Prezident İlham Əliyev müsahibələrində Qərb
dövlətlərinin Azərbaycana
münasibətdə ikili
standartlardan yanaşdığını
da xatırlatmışdır. O demişdir
ki, insan hüquqlarının kobud
şəkildə pozulduğu
qonşu ölkələr,
məsələn, Ermənistan
müəyyən səbəblərdən
tənqid hədəfinə
çevrilmir. Lakin özünü
Qərbin dostu hesab edən və müstəqil siyasətini yürüdən
Azərbaycanda digər
ölkələrdə baş
verənlərin bir faizi olduqda biz dərhal tənqid hədəfinə çevrilirik.
Xatırladaq ki, dünyanın aparıcı mətbuat orqanları və televiziya kanallarının
saytlarında dövlətimizin
başçısının müsahibələri ilə
bağlı analitik yazılar yerləşdirilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-3 fevral.-S.2.