"Dövlət
idarəçiliyində varislik,
novatorluq və dinamizm"
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında hazırlanmış "Dövlət idarəçiliyində
varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin
xronikası: rəsmi qəbul və səfərlərinin
icmalı (2007-2008)" adlı ikinci kitab çapdan
çıxmışdır.
"Azərbaycan"
nəşriyyatının buraxdığı
və Təhsil Nazirliyi tərəfindən
dərs vəsaiti kimi tövsiyə olunmuş kitabın elmi redaktoru akademik Ramiz Mehdiyev, rəyçisi professor
Əli Həsənov,
tərtibçiləri professor Seyfəddin Qəndilov, dosentlər Elçin Əhmədov və Elman Nəsirovdur.
Belə bir kitabın məhz Prezident yanında fəaliyyət göstərən və idarəçilik üzrə mütəxəssis kadrlar yetişdirilməsi ilə bilavasitə məşğul olan bu akademiyada hazırlanması təbiidir. Çünki dövlət başçısı İlham Əliyevin çoxcəhətli və məqsədyönlü fəaliyyətinin dərindən təhlil edilib öyrənilməsi, ilk növbədə, akademiyada hazırlanan gənc ehtiyat kadrlar, habelə öz peşə vərdişlərini və ixtisaslarını təkmilləşdirən mütəxəssislər üçün son dərəcə zəruri və əhəmiyyətlidir. Yeni kitabın birinci bölməsində İlham Əliyevin Prezidentlik fəaliyyətinin iki illik dövrünün xronikası verilmişdir. Bu bölmədə dövlət başçısının çoxşaxəli fəaliyyətinin hər hansı bir məqamı ilə tanış olub, sonrakı bölmələrdə onu geniş və ətraflı şəkildə öyrənmək mümkündür.
Sonrakı bölmədə Prezident İlham Əliyevin Azərbaycanda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçıları, çoxsaylı təmsilçiləri, habelə müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə görüşləri ətraflı şəkildə əks olunmuş və təhlil edilmişdir.
Sonuncu bölmədə Prezidentin Azərbaycanın bölgələrinə və xarici ölkələrə səfərlərinin şərhi verilmişdir.
2007-ci il yanvarın 24-də Davos şəhərində illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün ilk işgüzar səfərinə İsveçrə Konfederasiyasından başlayan Prezident İlham Əliyev iki il ərzində 19 dövlətdə 37 rəsmi və işgüzar səfərdə olmuşdur. Kitabda həmin səfərlər çərçivəsində dövlətimizin başçısının apardığı ikitərəfli və çoxtərəfli danışıqları, çıxışları, müsahibələri, keçirdiyi mətbuat konfransları və sair ilə tanış olmaq mümkündür.
Kitab dövlət qulluqçuları, tələbə və müdavimlər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-3 fevral.-S.3.