Azərbaycan əsgəri
torpaqlarımızı erməni
işğalından azad
etməyə hazırdır
Milli Məclisin
deputatları Həvva Məmmədova, Aydın Həsənov,
Baba Tağıyev, Rövşən Rzayev, Fuad Məmmədov,
eləcə də Parlament Jurnalistlər Birliyinin bir qrup
üzvü yanvarın 31-də Xocavənd rayonunda Azərbaycan
Ordusunun N saylı hərbi hissəsində olmuş, əsgər
və zabitlərlə görüşmüşlər.
Deputatlar H.Məmmədova,
A.Həsənov, B.Tağıyev, Xocavənd Rayon İcra
Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və
başqaları hərbi hissənin şəxsi heyəti
qarşısında çıxış etmiş, ordu
quruculuğu sahəsində görülən işlərdən,
həyata keçirilən islahatlardan
danışmışlar. Bildirilmişdir ki, Azərbaycanın
sürətli iqtisadi inkişafı ordumuzun maddi-texniki
bazasının möhkəmləndirilməsinə geniş
imkanlar yaradır. Dövlət büdcəsindən müdafiə
sahəsinə ayrılan vəsaitin məbləği ilbəil
artırılır. Ölkəmizin iqtisadi inkişafı hərbi
qulluqçuların sosial problemlərinin həllini də
sürətləndirir.
Hərbi hissənin
zabitləri, eləcə də əsgərlər onlara
göstərilən diqqət və qayğıya görə
minnətdarlıq etmiş, Prezident, Ali Baş Komandan İlham Əliyevin
əmri ilə torpaqlarımızı erməni
işğalından azad etməyə hər zaman hazır
olduqlarını bildirmişlər. Sonra əsgərlərə
hədiyyələr təqdim olunmuşdur.
Deputatlar və jurnalistlər
Xocavənd rayonu ərazisində yeni inşa olunmuş şəhərciyə
gəlmiş, məcburi köçkünlərin vəziyyəti
ilə maraqlanmışlar. Xocavəndlilər Azərbaycan
Prezidentinin tapşırığı ilə burada tez bir
zamanda tikilərək istifadəyə verilmiş evlərdə
özlərini rahat hiss etdiklərini bildirmiş, göstərilən
diqqət və qayğıya görə dövlətimizin
başçısına minnətdarlıq etmişlər.
AzərTAc
Azərbaycan.-2009.-3 fevral.-S.3.