Mərhəmət
işığında
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulan uşaq evlərindən biri də Bakının Nizami rayonundakı 1 saylı uşaq evidir. Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu uşaq evinə baş çəkdikdən sonra onun yenidən qurulması proqrama daxil edilmişdir. Burada təmir işləri yüksək zövqlə aparılıb. Təmirdən sonra yeniləşmiş proqramla işləməyə başlayan uşaq evində uşaqların sosial şəraiti də əsaslı şəkildə dəyişmişdir.
Uşaq evinin sakinləri
arasında tələbələr,
hərbi xidmətçilər də var
Buradakı uşaqların təhsili ailələrdə böyüyən uşaqlardan heç nə ilə fərqlənmir. Onlar yaxınlıqda yerləşən 220 nömrəli məktəbdə oxuyurlar. 116 uşağın əksəriyyəti məktəblidir. 20 nəfər birinci sinif şagirdidir. Uşaq evinin rəhbərliyi fərdi şəkildə hər bir uşağın təhsili ilə xüsusi maraqlanır. Kiçik yaşlı uşaqlar heç vaxt məktəbə tək getmirlər. Onların yanında mütləq tərbiyəçiləri olur. Bununla yanaşı uşaq evində də təcrübəli müəllimlər uşaqlarla xüsusi proqram əsasında məşğul olurlar. Əmək təlimi dərslərinə daha çox üstünlük verilir. Dülgərlik, xalçaçılıq, tikiş, rəssamlıq, rəqs və digər dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnmələrinə imkan yaradır.
Uşaq evinin sakinləri arasında ali məktəb və texnikum tələbələri də var. Bir nəfər Mədəniyyət və İncəsənət Universitetində, iki nəfər isə texnikumda təhsil alır. Qış sessiyası zamanı olduğundan onlarla görüşmək istəyimiz baş tutmadı. Uşaq evinin rəhbərliyi nəinki onların təhsilini, o cümlədən maddi təminatlarını da diqqətdə saxlayır. Onların digər tələbələrdən seçilməmələri, sıxıntı keçirməmələri üçün imkan daxilində nə lazımdırsa edilir.
Uşaq evindən əsgərliyə gedənlər də az deyil. "Amma bu o demək deyil ki, o, əsgərliyə getdi və unuduldu. Hazırda uşaq evindən 2 nəfər hərbi xidmətdədir. Biz onların hər ikisini ordu sıralarında layiqincə xidmət etməyə yola salmış, hər ikisinin andiçmə mərasimində yaxından iştirak etmişik. Onların biri Füzulidə, digəri Tərtərdə xidmət edir. Fərəhli haldır ki, həmin əsgərlərdən birinə yaxşı xidmətinə görə çavuş rütbəsi verilib. Biz mütəmadi olaraq hərbi hissələrin komandirləri ilə əlaqə saxlayır, onların vəziyyəti ilə yaxından maraqlanırıq"-deyə uşaq evinin direktoru Nərminə Zöhrabova bildirir.
Uşaqlar 5 yaş qrupuna bölündükləri üçün burada vahid yemək rejimi yoxdur. Birinci növbədə oxuyan uşaqlar səhər durub məktəbə hazırlaşanda ikinci növbədə oxuyan, yaxud məktəbə getməyən uşaqlar hələ yatırlar. Tələbələr və yuxarı sinif şagirdləri dərsdən müxtəlif vaxtlarda qayıdırlar. Elə bu səbəbdən də yeməkxana səhər saat altıdan axşama qədər uşaqların xidmətində olur. Uşaqlar istədikləri zaman yeməkxanaya gedib yemək yeyə, çay və ya şirin içki içə bilər. Qidalanma ilə bağlı heç bir məhdudiyyət yoxdur. Yeməklərin, meyvələrin, şirin suların çeşidi isə müxtəlifdir. Yeməkxanada olarkən gördük ki, 10-12 yaşlı qızlar aşpaz qadına kömək edirlər. Bildirdilər ki, bu qızların hərəsi gələcəkdə bir evin xanımı olacaqdır. Ona görə indidən onlara praktik şəkildə evdarlığın sirləri öyrədilir. Yeməkxanada onu da bildirdilər ki, dövlətin və Heydər Əliyev Fondunun qayğısı ilə yanaşı ayrı-ayrı imkanlı şəxslər də uşaq evinə mütəmadi olaraq yardımlar edirlər.
Bura daha çox yüksək
komfortu olan mənzili xatırladır
Uşaq evindəki akt, oxu, idman, rəqs zalları, hər yaş qrupunun öz yataq otağı, rəsm, tikiş, məşğələ, istirahət və kompüter otaqları, uşaqların əl işləri muzey-sərgisi, bərbərxana, müasir səviyyədə təchiz olunmuş tibb kabineti, hamam, üzgüçülük hovuzu, həyətdəki yay konsert meydançası, yaşıllıqlar, stadion burada uşaqların fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün hər cür şərait yaradılmasının, Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin bəhrəsinin əyani sübutudur. Biz orada olarkən uşaqların bir qrupu birinci növbədə dərsdə idi. Ona görə ikinci növbədə oxuyan uşaqların nə ilə məşğul olmaları ilə maraqlandıq. İlk baş çəkdiyimiz yer oxu zalı oldu. Burada uşaqlar dövri mətbuatla tanış olur, onları maraqlandıran kitabları oxuyurlar. Oxu zalındakı rəflərdə uşaqların müxtəlif fənn olimpiadalarında, idman və əyləncəli yarışlarda qazandıqları mükafatlar da nümayiş etdirilir. İkinci yaş qrupundan olan uşaqlar "Məşəl" adlı divar qəzetində 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr etdikləri yazı vermişdilər. Məşğələ otağında uşaqların bir qrupu dərs hazırlayır. Dərsini oxuyub qurtaranlar isə ya kompüter otağında internetlə məşğul olur, ya da istirahət otağında tennis, şahmat, və dama oynayırlar. İncəsənətə həvəsi olanlar isə rəsm otağına üz tuturlar. Uşaqlar arasında hətta xalçaçılıq sənətini mənimsəyənlər də var. Binada uşaqların asudə vaxtlarında DVD vasitəsilə film seyr etmələri üçün bütün texniki imkanlar yaradılıb.
Tibb məntəqəsində həkim Dilbər Sultanova uşaqların sağlamlığının keşiyindədir. Tibb məntəqəsi ilkin yardım üçün bütün zəruri avadanlıqlarla təchiz olunub. Uşaqlar burada əsasən ambulator müayinədən keçirlər. D.Sultanovanın sözlərinə görə, uşaqlar kiçik yaşlarından peyvənd olunur. Təzə gələn bütün uşaqların peyvənd təqvimi nəzərdən keçirilir. Hər bir uşaq ildə bir dəfə vərəmə qarşı müayinədən keçir. 19 saylı uşaq poliklinikasının həkimləri də mütəmadi olaraq gəlib uşaqların sağlamlıqlarını yoxlayırlar. Xatırladaq ki, 2006-cı il fevralın 27-dən martın 12-dək keçirilmiş qızılca və məxmərəyə qarşı milli immunlaşdırma kampaniyasına 1 saylı uşaq evindən başlanılmışdı. Həmin vaxt burada Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasim zamanı 88 uşaq və 5 müəllim peyvənd edilmişdi.
Tibb məntəqəsinin yaxınlığında bərbərxana yerləşir. Amma əsasən oğlanlara xidmət göstərir. Qızlar üçün isə rəhbərlik gözəllik salonlarından xüsusi saç ustaları dəvət edir.
Uşaq evinin
reqbi komandası da var. Ölkəmizdə hələ reqbi
federasiyası olmasa da, komanda "Neftçi" idman cəmiyyətində
qeydiyyatdan keçib. İndiyə qədər yerli və
Gürcüstan komandaları ilə keçirdiyi
yoldaşlıq görüşlərindən qalib
çıxan komanda fevralda Dubaya səfər edəcəkdir.
Ümumiyyətlə,
bu uşaq evinin yetirmələri dəfələrlə
müxtəlif idman, rəsm, musiqi müsabiqələrində
qalib gəlib, diplom və fəxri fərmanlar alıblar. Bunu oxu
zalında gördüyümüz diplomlar və fəxri fərmanlar
da təsdiq edirdi. Uşaq evinin 2003-cü
ildən fəaliyyətə başlamış "Azəri"
mahnı və rəqs ansamblı dəfələrlə
respublika müsabiqələrinin qalibi olub, xarici ölkələrə
səfərlər edib. Kollektiv Heydər Əliyev
Fondunun maliyyə dəstəyi ilə hər ilin aprelində
İstanbulda keçirilən ənənəvi uşaq
bayramında fəal iştirak edir. Ötən il uşaqlar bu ənənəvi bayramda birinci
yeri tutublar. Uşaq evinin balaca sakinləri
İzmirdə keçirilmiş beynəlxalq festivalda uğurla
iştirak ediblər. Onlar burada
Amerikanın "Space Kamp" Mərkəzinin təşkil
etdiyi proqramlarda fəal iştirak edərək fəxri fərmanlar
alıblar. Uşaq evinin sakinləri Mehriban
xanım Əliyevanın təşəbbüsü və dəstəyi
ilə respublika uşaq evləri arasında keçirilən
festival-müsabiqədə də birinci yeri tutub, Qran-Pri
mükafatı ilə təltif olunublar.
"Uşaq
evləri və internat məktəblərinin
inkişafı" proqramı çərçivəsində
uşaqqların istirahətinin səmərəli təşkili
məqsədilə yay istirahəti düşərgələrinin
yaradılması istiqamətində də işlər
görülüb. 1 saylı uşaq evinin Şüvəlan
qəsəbəsində yerləşən yay düşərgəsi
uzun illər idi ki, istifadəsiz qalaraq, yararsız vəziyyətə
düşmüşdü. Amma Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə uşaq evi üçün
Şüvəlan qəsəbəsində dünya
standartlarına cavab verən yay düşərgəsinin
yaradılması layihəsi başa çatıb. Qısa müddət ərzində burada əsl
uşaq şəhərciyi yaradılıb. Yaşıllıqlarla əhatələnmiş hovuz,
rahat istirahət guşələri, tennis kortları, rəngbərəng
gül-çiçək kolları göz oxşayır.
2006-cı il mayın 10-da, ulu öndər Heydər Əliyevin
doğum günündə bura gələn Mehriban xanım Əliyeva
ən müasir avadanlıqlarla, inventarlarla komplektləşdirilmiş
binalardakı səliqə-sahmandan, tikinti işlərinin
keyfiyyətindən razılığını ifadə edib,
burada arzusunda olduğu mənzərəni görməsindən
sevindiyini gizlətməyib. Mehriban xanım Əliyeva
bildirib ki, ən böyük arzusu bütün uşaq evlərində
gözəl şərait görməkdir və yəqin ki,
yaxın illərdə belə də olacaqdır. Orta məktəbdə dərslər bitən kimi
uşaq evinin bütün kollektivi Şüvəlana
köçür. Şəhərdə
olan şərait eynilə orada yaradılıb. Uşaqlar bütün yayı dəniz sahilində
dincəlirlər.
Uşaqlar
mütəmadi olaraq konsertə, teatra, müzeyə, sərgiyə
və parka gedirlər. Respublika əhəmiyyətli əksər
tədbirlərdə, xüsusən bayram şənliklərində
iştirak etmək üçün uşaq evinə dəvətnamələr
gəlir. Uşaqlar həmin tədbirlərdə
və bayram şənliklərdə təkcə
tamaşaçı kimi iştirak etmirlər. Məsələn, "Azəri" rəqs qrupu əksər
bayram şənliyində çıxış edir. Bayram günlərində təşkil olunan sərgilərdə
isə uşaqların rəsm əsərləri və digər
yaradıcılıq nümunələri nümayiş
etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə uşaqlar üçün Novruz və Yeni il bayramı münasibətilə keçirilən
şənliklərdə 1 saylı uşaq evinin bütün
sakinləri iştirak edirlər.
2006-cı il iyunun 9-da Litva
Prezidentinin xanımı Alma Adamkiene, 2007-ci il noyabrın 7-də
isə Türkiyə Respublikası Prezidentinin xanımı
Hayrünnisa Gül 1 saylı uşaq evində olublar. Qonaqlar
uşaq evinin qrup, yataq, kompüter otaqlarına, idman salonuna,
üzgüçülük hovuzuna, tibb kabinetinə baxıb,
rəsm, tikiş dərnəklərində məşğul
olan uşaqların əl işləri ilə
Uşaq evi "Uşaq ili"nə hazırdır
2009-cu il "Uşaq
ili"dir. Prezident İlham Əliyev dekabr 22-də
imzaladığı sərəncamla ölkəmizdə
uşaqlara dövlət qayğısının gücləndirilməsi,
uşaq problemlərinə vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin artırılması və
ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin
müəyyənləşdirilməsi məqsədilə
2009-cu ili "Uşaq ili" elan edib. Bu onu
göstərir ki, Azərbaycanda uşaqların layiqli vətəndaş
kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin
həlli, uşaq hüquqlarının etibarlı təminatı
baxımından dövlət səviyyəsində
bütün addımlar atılır.
2009-cu ilin
"Uşaq ili" elan edilməsi ilə əlaqədar 1
saylı uşaq evinin rəhbərliyi Tədbirlər Planı
hazırlayıb. "Uşaq ili"ndə uşaq evinin qarşıya
qoyulmuş əsas vəzifələr valideyn himayəsindən
məhrum olunmuş uşaqların hüquq və mənafelərinin
qorunmasını ən başlıca və təxirəsalınmaz
iş kimi müəyyənləşdirmək,
azyaşlıların qəbulu zamanı müvafiq
qanunvericiliyin tələblərini gözləmək,
atılmış uşaqlar istisna olunmaqla digər qəbildən
olan uşaqların lazımi sənədlərini tələb
etmək, hər bir uşağa şəxsi iş açmaq və
orada uşağın əmlak və mənzil
hüquqlarını əks etdirəcək sənədlərin
toplanmasına nail olmaq, övladlığa veriləsi
uşaqların siyahısını dəqiqləşdirib rayon
icra hakimiyyətinə yazılı məlumat vermək
olacaqdır.
Novruz bayramı münasibətilə
şahmat və dama yarışları, kiçik yaşlı
uşaqlar arasında sərbəst mövzuda asfalt üzərində
rəsm müsabiqəsi, "Şən startlar" idman
yarışı, "İstedadlar sorağında" bədii
yaradıcılıq müsabiqəsi, bayram günlərində
şeir müsabiqəsi və digər ədəbi-bədii tədbirlər
keçiriləcəkdir.
Uşaq evinin rəhbərliyi
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramının (2006-2015-ci illər) təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamından
irəli gələn müddəaların həyata
keçirilməsinə çalışacaq, uşaq evindən
uşaqların bioloji və alternativ ailələrə verilməsi
işinə kömək məqsədilə burada yaşayan
uşaqların valideynləri, qohumları, qəyyum və
himayəçiləri ilə əlaqə saxlayacaq, Dövlət
Proqramının məqsəd və vəzifələrini
onlara izah edəcək, həmçinin uşaqların mənzil,
əmlak hüquqlarının qorunması vəziyyətini
öyrənəcək.
Hər bir kimsəsiz
uşaq valideyn qayğısının, ata-ana nəvazişinin
həsrəti ilə yaşayır. Amma 1 saylı uşaq
evində onun şahidi olduq ki, valideyn himayəsindən məhrum
uşaqların mənəvi sıxıntı keçirməmələri
üçün dövlətimizin və Heydər Əliyev
Fondunun xətti ilə bütün lazımi addımlar
atılır. Çünki yalnız belə
rahat şərait və cəmiyyətin bütün təbəqələrinin
xoş, qayğıkeş münasibəti uşaqların
ata-anasızlıq dərdini azalda bilər.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-3
fevral.-S.4.