Paytaxtın nəqliyyat-kommunikasiya infrastrukturu genişlənir

 

Bakının yenidən qurulmuş yollarını, təzə tikilmiş körpülərini, keçidlərini görəndə istər-istəməz ürəyin qürur hissi ilə döyünür. Üç-dörd il bundan əvvəl çala-çuxuru, yağışı-yağmuru dizə çıxan həmin küçələrdən indi keçəndə adam gördüklərinə inana bilmir. Müasir və rahat yolları, körpüləri keçib ünvana vaxtında çatdıqca, rahat hərəkət etdikcə bu küçələri təmir edənlərə, bu işləri görənlərə və gördürənlərə dönə-dönə - "əlləriniz var olsun!" - deyirsən... Beləliklə, Azərbaycan Prezidentinin Bakının yol-nəqliyyat sisteminin modernləşməsi istiqamətindəki qərarlarının vətəndaşlarımızın yaşayışına və təhlükəsizliyinə xidmətinin canlı şahidinə çevrilirik.

Azərbaycan Prezidentinin birbaşa nəzarəti altında həyata keçirilən tədbirlər nəticəsində şəhərimizin siması getdikcə dəyişir, paytaxt yenilikləri ilə göz oxşayır. Ötən ilin dekabr ayında açılışında cənab İlham Əliyevin də iştirak etdiyi bir sıra körpülər və yol ötürücüləri, o cümlədən yeraltı piyada keçidləri vətəndaşların rahatlığını təmin edir, onlara mənəvi zövq verir. Qısa zaman kəsiyində müasir standartlara uyğun tikilmiş körpülər, yeraltı keçidlər Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində radikal dəyişikliklərə, tıxac probleminin nəzərəçarpacaq dərəcədə aradan qaldırılmasına, ən nəhayət, sakinlərin və nəqliyyatın hərəkət rahatlığına səbəb olmuşdur.

Bu mənada 2008-ci ilin yaddaqalan hadisələrindən biri mayın 9-da - Qələbə günü-Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava limanı avtomobil yolunun, habelə Binə və Zirə qəsəbələrindəki yeni tikintilərin açılışı olmuşdur. Dövlət başçısının xüsusi tapşırığına əsasən 2007-ci il noyabr ayının 10-da tikintisinə başlanılmış bu yolun sifarişçisi Nəqliyyat Nazirliyi, icraçısı isə "Akkord" şirkətlər qrupudur. Xatırladaq ki, rahatlığı ilə xüsusi diqqət çəkən Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava limanı avtomobil yolu beton örtüklü ilk avtobandır. Ən son texnologiyaların tətbiqi ilə dünya standartlarına uyğun tikilmiş 17 kilometrlik bu yol 6 hərəkət zolaqlıdır. Yolun ümumi eni 29,5 metr, hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir. Yolun çəkilişi ilə eyni vaxtda 12 kilometrlik Azadlıq meydanı-Zığ dairəsi avtomobil yolunun C.Naxçıvanski adına Hərbi Liseydən Zığ dairəsinədək olan üç kilometrlik hissəsi də 8 zolaqlı hərəkət üçün beton örtüklə yenidən qurulmuşdur. Yol kəsişmələrində 4 keçid, 2 körpü inşa edilmişdir. Körpülər dəmir yolu xətlərinin üzərindən keçir. Keçidlər avtomobil yolunun kəsişməsində tikilmişdir.

Avtomobillərin rahat hərəkət etdiyi bu yolda 625 ədəd işıq dirəyi quraşdırılıb, yol kənarında 8640 metr uzunluğunda istinad divarı, yolboyu isə iki tərəfdə ümumi uzunluğu 40 kilometr olan təhlükəsizlik səddi çəkilmişdir. Yaşıllaşdırma işləri aparılmış 200 hektar ərazinin ətrafı çəpərlənmişdir. Almaniyadan dəvət olunmuş 100 nəfərə yaxın mütəxəssis işlərin dünya standartlarına uyğun yerinə yetirilməsində iştirak edib. İstismar müddəti 30 ildən yuxarı hesablanan, yüksək keyfiyyətlə hasilə gətirilən bu yolun tikintisində üçnövbəli iş rejimi yaradılmaqla beş mindən çox işçi çalışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il yolun açılışında iştirak edərkən məlum olmuşdur ki, ölkə başçısının tapşırığına əsasən Qala kəndi istiqamətindən sahilə qədər yol çəkmək üçün əlavə zəruri mühəndis işləri də aparılmışdır. Yeni bir tunel-keçid inşa edilib ki, bu xətdən birbaşa Qala xəttinə çıxmaq, eyni zamanda oradan bu xəttə girmək mümkündür. Ekoloji məsələlər də yüksək səviyyədə öz həlini tapıb, xeyli yaşıllaşdırma işi aparılıb.

Yeri gəlmişkən bildirək ki, bütövlükdə regionda indiyədək belə beton yollar inşa olunmayıb. Bu, ilk dəfə Azərbaycanda tikilib, özü də strateji əhəmiyyət kəsb edən yollardır. Bizim həmişə hava limanına gedən bir yolumuz olub, indi ikisi var. Bakıətrafı qəsəbələrin nəqliyyat sistemini yaxşılaşdırmaq üçün bu yol və onun davamı çox böyük əhəmiyyət kəsb edir.

Son illər bir-birinin ardınca istifadəyə verilən bu tikililər təkcə yol deyil, böyük bir nəqliyyat infrastrukturunun həlqələridir. Müasir yollar, körpülər, yeraltı və yerüstü keçidlər, qovşaqlar - bunların hər biri özlüyündə nəsillərə yadigar memarlıq nümunələridir.

Bakıda bu vaxta qədər görülən işlər nəqliyyat infrastrukturunun təkmilləşməsinə çox böyük dəstək vermişdir. Sevindirici haldır ki, bu işlər 2008-ci ildə paytaxtətrafı kənd və qəsəbələrdə də uğurla aparılmış, bərbad yollar təmir olunmuş, xeyli asfalt örtük təzələnmişdir. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında" 2 fevral 2006-cı il tarixli sərəncamına uyğun olaraq ötən ilin iyul ayında Bakıda müasir tipli daha bir yolötürücü və tunel istifadəyə verilmişdir. Ölkə Prezidentinin sərəncamına əsasən paytaxtda inşa edilən 9 yol qovşağından biri - "Exselsior" mehmanxanası dairəsində müxtəlif səviyyəli yol qovşağının ilkin mərhələsinin açılışı iyulun 10-da olmuşdur. Bu yolun təməlini ölkə Prezidenti 2006-cı il avqust ayının 4-də qoyub. Kompleksə dörd yolötürücü ilə bərabər, iki tunel də daxildir. Eyni zamanda həmin ərazidən keçən dəmir yolu körpüsü yenisi ilə əvəz edilmişdir.

İstifadəyə verilən yolötürücünün uzunluğu 34 metr, eni 11,7 metr, yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 540 metrdir. Tunelin uzunluğu isə 220 metr, eni 11 metr, iki istiqamətdə yan yolların ümumi uzunluğu 2600 metrdir. Paytaxtımızda ilk dəfə olaraq bu yolötürücüdə avtomatik istilik sistemi quraşdırılıb. Havaların qarlı-şaxtalı günlərində temperatur mənfi 1 dərəcəyə enən kimi istilik sistemi avtomatik işə düşür, müsbət 6 dərəcəyə çatanda sistem dayanır. Bütün bunlarla yanaşı 20 min kvadratmetr ərazidə yaşıllaşdırma-abadlıq işləri aparılıb, ağac və bəzək kolları əkilib, 15 min kvadratmetr sahəyə asfalt örtük döşənib.

Azərbaycan Prezidentinin iş prinsipində ölkəmiz inkişafı, xalqının firavanlığı naminə verilən vədə əməl, deyilən sözün, tapşırığın icrasına nəzarət əsas amillərdəndir. Şahidi olmuşuq ki, cənab Prezident verdiyi sərəncamların və tapşırıqların icrası ilə əlaqədar dəfələrlə yerlərdə olub, görülən işlər, qarşıya çıxan problemlərlə yerindəcə tanış olub. Belə yaddaqalan günlərdən biri də ötən il avqustun 26-na təsadüf edir. Cənab İlham Əliyev Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planının icrasına uyğun olaraq Əzizbəyov dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunda həyata keçirilən yenidənqurma və tikinti işlərinin gedişi ilə maraqlanıb. Dövlətimizin başçısı əvvəlcə avtomobil yolunun metronun "Əzizbəyov" stansiyasından Sabunçu dairəsinədək olan hissəsində işlərin gedişi ilə tanış olub. İnşaatçı yolçəkənlərlə söhbətdən sonra Sabunçu dairəsində uzunluğu 127 metr olan yeni körpünün tikintisinə baxıb. Prezident İlham Əliyev tikinti və yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə görülməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

O vaxtdan heç bir ay ötməmiş - sentyabr ayının 24-də Azərbaycan Prezidenti ictimaiyyətin nümayəndələri ilə birlikdə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan yol qovşağının birinci hissəsinin açılışında iştirak edib. Bu yol qovşağı Bakının mərkəzi, eləcə də ətraf yaşayış məntəqələri və hava limanı ilə əlaqə yaratmağa imkan verir. Regionda ilk dəfə olaraq tikintidə körpü aşırımlarını birləşdirmək üçün deformasiya tikişi və daraqlı toxumalar quraşdırılıb ki, bu da nəqliyyatın rahat və təhlükəsiz hərəkətinə təminat verir.

Ölkə Prezidenti inşa olunan yol qovşağının birinci hissəsinin açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra qovşağın inşa olunacaq digər qolları ilə də maraqlanıb.

Yeni ilqabağı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Bakının nəqliyyat strukturunun yaxşılaşdırılması istiqamətində daha bir tarixi gün də yaşanıb. Dekabrın 25-də təntənəli şəkildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Əzizbəyov dairəsi avtomobil yolunun açılışı olmuş və Azərbaycan Prezidenti İlham Əliyev bu təntənəli mərasimdə iştirak etmişdir. Burada üç yolötürücü tikilmişdir. Ramana və Suraxanı qəsəbələri istiqamətində hərəkəti tənzimləyən körpü avtomobillərin magistral yoldan ayrılaraq həmin qəsəbələrə rahat getməsinə imkan verir. Yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Yol Əzizbəyov dairəsindən Sabunçu dairəsinədək 12 zolaqlı, Sabunçu dairəsindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər isə 8 zolaqlıdır. Piyadalar üçün 6 yerüstü keçid tikilib. Yol boyu avtomobillərin sürət həddini tənzimləmək üçün 8 yerdə elektron tablolar qoyulub. Yağış və qrunt sularının axıdılması üçün drenaj sistemi yaradılıb.

Regionda ilk dəfə qırmadaş - polimer asfalt-betondan məhz bu yolda istifadə edilib. Yeniliklərdən biri də armaturlanmış torpaq istinad divarının tikintisi və yolun idarə olunmasının intellektual sistemidir. Son günlərin müşahidəsindən hiss olunur ki, bu yolun istifadəyə verilməsi ilə əlaqədar hava limanı istiqamətində avtomobillərin hərəkətindəki sıxlıq tamamilə aradan qaldırılıb.

Həmin gün - dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın əsas magistrallarından birinin - Heydər Əliyev prospektinin yenidənqurmadan sonra açılışında da iştirak etmişdir.

Əvvəllər yan yollarla birlikdə eni 32 metr olan magistralın eni 45 metrə çatdırılıb, bəzi yerlərdə isə 55 metrdir. 1500 metr uzunluğunda istinad divarları çəkilib. Hazırda yol 10 hərəkət zolaqlıdır. Prospekt boyu yerləşən binaların hamısında milli memarlıq üslubunda əsaslı yenidənqurma işləri aparılıb. Müasir üslubda qurulmuş işıqlandırma sistemi həm prospektin görünüşünə, həm də hərəkətin tənzimlənməsinə kömək edir.

Prospektin açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Heydər Əliyev prospektinin genişlənməsi, burada abadlıq işlərinin aparılması, yerüstü, yeraltı keçidlərin, tunellərin, körpülərin salınması - bu, böyük, nəhəng layihələrdir. Mən çox şadam ki, nəzərdə tutduğumuz planlar istədiyimiz kimi həyatda öz əksini tapıbdır. Həm insanlara rahatlıq, həm də şəhərə gözəllik verəcəkdir. Estetik zövq çox yüksək səviyyədədir və istənilən böyük şəhərə yaraşıq verə biləcək yollardır".

Şəhərimizə, qədim Bakının müasir həyatına yeniliklər gətirən digər ünvanlardan birinin - paytaxtın Heydər Əliyev prospektində tunel yolun və yeraltı piyada keçidin açılışı da elə həmin gün olmuşdur. Paytaxda ilk dəfə bu keçidin çıxışı üzərinə şüşə örtük çəkilmişdir. Bu, keçidin memarlıq görünüşünə xüsusi yaraşıq verir.

Dekabrın 25-də iş gününün yarıdan çoxunu yeni yollarda iş icraçıları, inşaatçılar və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşlərdə keçirən ölkə Prezidenti Bakının bayramsayağı bəzədilmiş Heydər Əliyev, Xətai və Babək prospektlərinin kəsişməsindəki körpü-tunel kompleksinin növbəti hissələrinin istifadəyə verilməsi mərasimində də iştirak etmişdir. Buraya yanaşma yollarla birlikdə hərəsinin uzunluğu 439, 512 və 390 metr olan üç yolötürücü daxildir. Kompleksə daxil olan 9 metr enində tunel də istifadəyə verilib. Layihədə nəzərdə tutulduğundan əlavə Yusif Səfərov küçəsinin Xocalı küçəsinə qədər olan hissəsi də yenidən qurulub. 26,7 min kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılıb. Yol boyu 11 min metr uzunluğunda paslanmayan materiallardan məhəccər və işıqlandırma dirəkləri qoyulub. Yollarda isitmə sistemi quraşdırılıb. Yanaşma yolları ilə birlikdə uzunluğu 81 metr olan dəmir yolu körpüsü yenidən qurulub. Açılış zamanı körpü kompleksinin sınaqdan çıxarılması uğurla keçmişdir.

Paytaxtda yeni yolların salınması, körpü və yol ötürücülərinin tikilməsi cari ildə də davam etdiriləcək. Bakı şəhərində nəqliyyat qovşaqları, magistral avtomobil yolları və piyada keçidləri üzrə layihə idarəetmə qrupunun rəhbəri Ömər Qoçulu bildirib ki, yaxın illərdə "Bakı dairəvi-2" adlandırılan və 58-60 kilometr uzunluğunda, bütün Abşeron yarımadasını əhatə edə biləcək ikitərəfli, 4 zolaqlı möhtəşəm nəqliyyat magistralları inşa olunacaq: Layihəyə əsasən yol Lökbatan-Xocahəsən-Biləcəri-Binəqədi-Hovxanı-Məhəmmədi-Pirşağı-Hövsan marşrutu üzrə dəniz sahili ilə uzanacaq. Gələcəkdə bu yol Abşeron yarımadasının son nöqtəsindən dənizin üstü ilə 18-20 kilometr uzunluğunda dənizüstü estakadalar üzərində qurulacaq körpüyə birləşdiriləcək. Bununla da möhtəşəm Bakı dairəvi yolu çəkiləcək. Bu dairəvi yolun üzərində onlarla körpü, yol qovşağı tikiləcək.

Bütün bunlar bir daha göstərir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiya ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır.

 

 

Rəhman Salmanlı

 

Azərbaycan.-2009.-3 fevral.-S.5.