Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşlarından ibarət radikal dini təmayüllü silahlı birləşmə ifşa olunaraq zərərsizləşdirilmişdir

 

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən dünyada və regionda gedən proseslər, onların mümkün mənfi nəticələri, eyni zamanda, respublikada əməliyyat şəraitinə təsir edən amillər daim öyrənilir və təhlil edilir. Ölkəmizin milli maraqlarının, mənafelərinin və təhlükəsizliyinin qəsdlərdən, daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bu işlər və onların nəticələri barədə ictimaiyyətə mütəmadi məlumat verilir.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən verilən məlumatda bildirilir ki, bu günlərdə nazirlik tərəfindən beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarından ibarət radikal dini təmayüllü bir qrup şəxs ifşa olunmuş və zərərsizləşdirilmişdir.

Müəyyən edilmişdir ki, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirilməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırmışdır.

Qrupun rəhbəri "Abdulla" ləqəbli Azər Misirxanov vaxtilə müxtəlif münaqişə zonalarında qanunsuz silahlı birləşmələrin tərkibində xüsusi təlimlərdə və döyüş əməliyyatlarında iştirak etmişdir. O, 2001-ci ildə Azərbaycan Respublikasının dövlət sərhədini qeyri-qanuni keçərkən saxlanılmış, sərhədi qanunsuz keçməyə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində iştirak etməyə görə məhkum olunmuşdur. Lakin Azər Misirxanov cəza müddəti bitdikdən sonra da cinayətkar niyyətlərindən əl çəkməmiş, Azərbaycanda daha geniş miqyaslı və təhlükəli cinayətlər törətməyi planlaşdırmışdır. Son əməliyyat məlumatlarına görə, antiterror koalisiyası qüvvələrinə qarşı terrorçuluq əməllərində iştirak etmək məqsədi ilə Azər Misirxanov xarici ölkə ərazisinə keçmişdir.

Azər Misirxanovun rəhbərliyi ilə Rəşid Mustafayev, Faiq Cəfərov, Firdovsi Quliyev, Vasif Ömərov, Vüsal İsayev, Mahir Allahverdiyev, Elməddin Fərəcov, Asif Əmikişili, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Tural Həsənov, Ceyhun Əliyev və qeyriləri qabaqcadan əlbir olub qrup halında cinayətkar fəaliyyət göstərmişlər. Onlar odlu silah və partlayıcı maddələrin əldə edilməsi və gizli surətdə respublika ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlərin törədilməsində iştirak etmişlər. Silahlı birləşmənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həmin şəxslər üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyyətləri barədə ətraflı ifadələr vermişlər.

Müəyyən edilmişdir ki, bu silahlı birləşmənin üzvləri Bakı şəhərinin Nərimanov rayonundakı "Əbu Bəkr" məscidində 2008-ci il avqustun 17-də terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri "Süleyman" ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil etmişlər.

Bundan başqa, məlum olmuşdur ki, Azər Misirxanov 2008-ci ilin sentyabr ayında qrupun fəal üzvlərindən biri Rəşid Mustafayevi gizləndiyi xarici ölkəyə çağıraraq kirayədə qaldığı evdə onunla görüşmüşdür. Azər Misirxanov rəhbərlik etdiyi silahlı birləşmənin Azərbaycan Respublikasının ərazisində cinayətkar fəaliyyətini təmin etmək məqsədi ilə, kirayə qaldığı evdə topladığı və qaçaq yolla Azərbaycana aparılacaq çoxlu sayda odlu silah, döyüş sursatı və digər hərbi ləvazimatları Rəşid Mustafayevə göstərərək, onların və bundan sonra da göndəriləcək digər silah-sursatın Azərbaycanda qəbul edilməsini tapşırmışdır.

Həmçinin müəyyən edilmişdir ki, Azər Misirxanov Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən "Bakı-Novorossiysk" neft boru kəmərini partlatmağı planlaşdırmışdır. Azər Misirxanov bununla əlaqədar Rəşid Mustafayevi təlimatlandırmış və ona müvafiq göstərişlər vermişdir.

Bu göstərişlərin icrası məqsədi ilə Rəşid Mustafayev Bakıya qayıtdıqdan sonra 2008-ci ilin oktyabr ayında Azərbaycandan Rusiya istiqamətində nəql olunan neft kəmərlərinin yerinin müəyyənləşdirilməsi və onların partladılması üçün partlayıcı qurğuların hazırlanmasını silahlı birləşmənin digər üzvü Asif Əmikişiliyə həvalə etmişdir. Asif Əmikişili 2008-ci ilin oktyabr ayında Xaçmaz rayonuna gəlmiş, ərazidən keçən böyük həcmli boru kəmərlərini yanlış olaraq "Bakı-Novorossiysk" neft kəməri hesab edərək, həmin borularda partlayışın törədilməsi üçün əlverişli yeri müəyyənləşdirmiş və bu barədə Rəşid Mustafayevi məlumatlandırmışdır.

Asif Əmikişili Sumqayıt şəhərində elektrodetonator, partlayıcı maddə olan 2 kiloqram 500 qram plastiddən istifadə edərək saat mexanizmi ilə işləyən iki partlayıcı qurğu hazırlamış və 2008-ci il oktyabr ayının ortalarında ictimai nəqliyyat vasitəsində Xaçmaz rayonuna gəlmişdir. O, Bakı-Xaçmaz yolunun 149-cu kilometrliyində, Vəlvələçayın üzərindəki körpüdən təxminən 500 metr aralı, əvvəlcədən müəyyən etdiyi yerdə, hər iki borunun yan tərəfində partlayıcı qurğuları yerləşdirmişdir. Asif Əmikişili partlayışların vaxtını həmin gün üçün saat 24:00 təyin edərək qurğuları işə salmışdır. Bundan sonra Asif Əmikişili Sumqayıt şəhərinə qayıdaraq partlayıcıların yerləşdirilməsi barədə Rəşid Mustafayevə məlumat vermiş və onlar partlayış barədə kütləvi informasiya vasitələrində məlumatların yayımlanacağını izləmişlər. Lakin kütləvi informasiya vasitələrində hər hansı partlayış barədə məlumatın verilmədiyini gördükdə onlar həmin qurğuların işə düşmədiyi qənaətinə gəlmişlər. Bunu yoxlamaq məqsədilə Asif Əmikişili yenidən həmin əraziyə getmiş, burada hər iki borunun partlayaraq sıradan çıxdığını görmüş və partlayışların baş tutması xəbərini Rəşid Mustafayevə çatdırmışdır.

Bu epizod üzrə Asif Əmikişilinin istintaqa verdiyi ifadəsinin yerində yoxlanılması zamanı həmin partladılmış boruların həqiqətən, Xaçmaz rayonu ərazisində yaşayış məntəqələrinin yaxınlığında yerləşdiyi müəyyən edilmiş, lakin bu borularla neftin deyil, Bakıya içməli suyun nəql edilməsi üçün böyük həcmli ehtiyat boru kəmərlərinin olduğu aydınlaşdırılmışdır. Həmçinin hadisə yerindən cinayətin izlərini özündə əks etdirən çoxlu sayda maddi sübutlar aşkar edilərək götürülmüşdür. Neft kəmərlərinin deyil, səhvən ehtiyat su borularının partladılması bu qrupun üzvlərinin məqsədlərinə çatmaq üçün öz xalqına qarşı dəhşətli fəlakət törətməkdən belə çəkinmədiklərini, böyük ictimai təhlükəli cinayətkar niyyətlərinin olduğunu təsdiqləyir.

Həmçinin məlum olmuşdur ki, Rəşid Mustafayev 2008-ci ilin sentyabr-noyabr aylarında Azər Misirxanovun göstərişinə əsasən, iki dəfə Balakən rayonunun Katex kəndinə gedərək, hazırda şəxsiyyətləri istintaqla araşdırılan bir neçə nəfərlə görüşmüşdür. Rəşid Mustafayev həmin şəxslərin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirdikləri çoxlu sayda silah-sursatı və hərbi ləvazimatları Sumqayıt şəhərinə gətirmiş və silahlı birləşmənin digər üzvü Faiq Cəfərovla birlikdə kirayə etdikləri qarajda gizlətmişlər.

Cinayətkar hərəkətlərini davam etdirən Rəşid Mustafayev Azər Misirxanovun tapşırığı ilə təxminən 2008-ci il noyabr ayının axırlarında qaçaqmalçılıq yolu ilə respublikaya gətirilmiş silah-sursatın növbəti hissəsini qəbul etmək üçün Faiq Cəfərovu Balakən rayonunun Katex kəndinə göndərmişdir. Faiq Cəfərov kəndin ərazisində hazırda şəxsiyyətləri istintaqla araşdırılan şəxslərlə görüşüb onlardan yenidən xeyli silah, döyüş sursatı və hərbi ləvazimatları almış, onları da Sumqayıta gətirib gizlətmişdir.

2009-cu il yanvarın 14-də xüsusi plan əsasında keçirilmiş antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri yaxalanmışlar. Yuxarıda qeyd olunan odlu silahlar, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatların bir hissəsi Faiq Cəfərovun Abşeron rayonunun Saray qəsəbəsindəki evinin yaxınlığında olan qamışlıqdakı gizli saxlanc yerindən aşkar edilərək götürülmüşdür.

İstintaq-əməliyyat tədbirləri ilə silahlı birləşmənin üzvlərinin gizlətdikləri silah-sursat və hərbi ləvazimatların digər hissəsi də aşkar olunaraq götürülmüşdür. Belə ki, silahlı birləşmənin üzvü Alkərəm Məmmədovun Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan yaxın qohumunun bağ evinin həyətində keçirilmiş baxış zamanı 1,5 metr dərinlikdə qazılmış quyuda basdırılan plastik kütlədən hazırlanmış çəlləyin içərisindəki silah-sursat və hərbi ləvazimatlar müəyyən edilərək çıxarılmışdır.

Bütövlükdə silahlı birləşməyə məxsus 3 ədəd terrorçular arasında "şəhid kəməri" adlandırılan və içərisində ümumilikdə 5 kiloqramdan artıq partlayıcı maddə olan plastid, 200 qramlıq 1 trotil şaşkası, "RPQ-7" tipli 2 əl qumbaraatanı və ona aid 5 mərmi, döyüş vəziyyətində olan "Muxa" tipli 2 əl qumbaraatanı, "AKS" tipli 7 avtomat, "AKSU" tipli 2 avtomat, "UZİ" tipli 1 avtomat, "EAQLE" tipli 1 avtomat, "Makarov" tipli 3 tapança, "Maqnum" tipli 1 tapança, "Umareks" tipli 1 tapança, "Siq Sauer" tipli 1 tapança, "Fort-14" tipli 1 tapança və ona aid səsboğucu, "Vinçester" tipli 1 tüfəng, 57 ədəd müxtəlif avtomat silah və tapança üçün dolu daraq, 60 ədəd elektrodetonator, 22 ədəd partlayıcını kənardan elektron idarəetmə qurğusu, "F-1" tipli 12 əl qumbarası, "RQD-5" tipli 11 əl qumbarası, xaricdə istehsal olunmuş 5 əl qumbarası, 25 qumbara alışdırıcısı, detonator üçün 12 kapsula, "KENWOOD" tipli 20 radiostansiya, 10 ədəd siqnal fişəngi, partlayıcı qurğu üçün nəzərdə tutulmuş 1 saat mexanizmi, 1 ədəd kompas, habelə çoxlu sayda müxtəlif çaplı patron və digər hərbi ləvazimatlar aşkar olunaraq götürülmüşdür.

Eyni zamanda, istintaqa məlum olmuşdur ki, cinayətkar niyyətlərini həyata keçirmək üçün əlavə pul vəsaitlərinin əldə olunması və bunun hesabına öz maddi-texniki imkanlarını gücləndirmək məqsədi ilə silahlı birləşmənin üzvləri quldurluq və soyğunçuluq əməllərinin də törədilməsinə cəhd göstərmişlər. Belə ki, silahlı birləşmənin üzvləri Firdovsi Quliyev, Mahir Allahverdiyev, Asif Əmikişili, Vasif Ömərov və Elməddin Fərəcov 2007-ci il martın 28-də Azər Misirxanovun verdiyi avtomat və tapança ilə silahlanaraq, həmçinin aralarında rabitə üçün radiostansiyadan istifadə edərək saat 22:00 radələrində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin işçilərinin hərəkət etdikləri avtomaşına silahlı basqın etmişlər. Valyutadəyişmə məntəqəsinin işçiləri - İlham Əmirli, Seyhun Tarverdipur və onun qardaşı polis nəfəri Qalib Tarverdipurun olduqları "Tofaş" markalı avtomaşını saxlamaq və oradakı pulu ələ keçirmək məqsədi ilə qrupun üzvləri avtomaşın istiqamətində avtomat silahdan atəşlər açmış, onların hər üçünə güllə yarası yetirmişlər. Lakin nəqliyyat vasitəsi dayanmayaraq hadisə yerindən uzaqlaşdığından, basqınçılar öz məqsədlərinə çata bilməmişlər.

Bundan başqa, araşdırmalar zamanı məlum olmuşdur ki, silahlı birləşmənin üzvləri Rəşid Mustafayev, Ceyhun Əliyev, Tural Həsənov və qeyriləri Bakı şəhərinin Nizami rayonunda yerləşən "Veysəloğlu" adlı şirkətə məxsus pul vəsaitlərini daşıyan avtomaşını qarət etmək barədə razılığa gəlmişlər. Bu məqsədlə Rəşid Mustafayev, Ceyhun Əliyev, Tural Həsənov və qeyriləri "Makarov" tipli tapançalarla silahlanaraq, 2008-ci il oktyabrın 30-da Tural Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla "Veysəloğlu" adlı şirkətin yaxınlığına gəlmiş və müşahidə aparmağa başlamışlar. Qrupun üzvləri adıçəkilən şirkətə məxsus avtomobili Tural Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşında Heydər Əliyev prospekti, 56 ünvanında yerləşən "Parabank" bankınadək izləmişlər. Lakin ətrafda adamların çoxluğundan və əyləşdikləri "VAZ-2107" markalı avtomaşının yadda qala biləcəyindən ehtiyatlanaraq, onlar hücum etməmiş və basqını ertəsi günə planlaşdırmışlar. 2008-ci il oktyabrın 31-də qrupun üzvləri yenidən silahlanıb Bakı Metropoliteninin 28 May stansiyasının yanında görüşərək "Veysəloğlu" şirkətinin yaxınlığına gəlmişlər. Rəşid Mustafayev və Ceyhun avtomaşından düşərək pusquda durmuş, Tural Həsənov və qeyriləri isə basqında istifadə etmək məqsədi ilə hər hansı bir atvomaşın əldə etmək üçün Nizami rayonunun Babək prospektindəki "maşın bazarı" adlanan əraziyə gəlmişlər.

Tural Həsənov və qeyriləri həmin ərazidə vətəndaş Elçin Hüseynovun idarə etdiyi "Mercedes" markalı taksi maşınını saxlayaraq, onları "Neolit" restoranının yanına aparmağı istəmişlər. Tural Həsənov və qrupun digər üzvü tapança silahla Elçin Hüseynova hədə-qorxu gələrək onun avtomaşınını əlindən almış və həmin yerdən uzaqlaşmışlar. Lakin zərərçəkmişin şikayəti ilə rayon ərazisində dövlət yol polisi əməkdaşlarının onları təqib etdiklərini görüb Tural Həsənov və qeyriləri avtomaşını Keşlə qəsəbəsindəki məscidin yanında ataraq qaçıb gizlənmişlər. Onlar özlərinin təqib olunduqları barədə Rəşid Mustafayevi xəbərdar etmiş və qrupun üzvlərinin basqın cəhdləri iradələrindən asılı olmayan səbəbdən baş tutmamışdır.

Göstərilən bütün faktlar üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29-cu, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29-cu, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə), 229.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama), 181.2.1-ci, 181.2.5-ci (quldurluq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi istintaq olunur.

Cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması, işin bütün hallarının araşdırılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 fevral.-S.6.