"Aşıq musiqisi antologiyası" diskinin təqdimat mərasimi keçirilmişdir

 

Fevralın 2-də Muzey Mərkəzində "Azərbaycan aşıq musiqisi antologiyası" diskinin təqdimat mərasimi keçirilmişdir.

Disk Fransanın "Maison des Cultures du Monde" (Dünya Mədəniyyət Evi) Assosiasiyasının "İNEDİT" səsyazma şirkətində istehsal olunmuşdur. 2 hissədən ibarət olan diskdə Azərbaycan aşıq məktəbinin 18 ən görkəmli nümayəndəsinin ifasında 31 saz havası toplanmışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, yaxından qayğısı nəticəsində muğamlarımız YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Mehriban xanım Əliyevanın köməyi ilə aşıq sənəti də qeyri-maddi mədəni irs siyahısına daxil ediləcəkdir.

Fransanın Bakıdakı səfiri Qabriel Keller və "Maison des Cultures du Monde" Assosiasiyası "İNEDİT" şirkətinin direktoru Pyer Bua Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin yüksək səviyyədə olmasından söhbət açmışlar.

P.Bua Azərbaycan muğamlarının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısının şedevr nümunəsi adlandırıldığını bildirmiş, təqdimat üzrə aşıq sənətimizin də qeyri-maddi mədəni irs siyahısına daxil ediləcəyini söyləmişdir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, diskin tərtibatçısı, YUNESKO-nun Azərbaycanda qeyri-maddi irs üzrə eksperti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq namizədi Sənubər Bağırova diskdə Azərbaycan aşıqlarının az bir qisminin təmsil olunduğunu və bu xeyirxah işin davam etdiriləcəyini bildirmişlər.

Sonda aşıqların ifaları dinlənilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 fevral.-S.7.