Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Davosda "Konqress" mehmanxanasında "Reuters" agentliyinin müxbiri Qay Folkonbriqə müsahibə vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik.

 

- Neftin qiymətləri ilə bağlı proqnozlarınız necədir? Siz Avropa bazarlarında əsas hasilatçı ölkələrdən birisiniz. Hamı, xüsusən də Rusiya, Birləşmiş Ştatlar və Çin də neftin qiymətinin hansı səviyyədə olacağı ilə maraqlanır. Neftin qiyməti ilə bağlı Sizin öz proqnozunuz varmı? Bu, çox çətin işdir.

- Bəli, bu, çətin məsələdir. Hesab etmirəm ki, kimsə neftin qiyməti ilə bağlı dəqiqliklə düzgün proqnoz verə bilər. Bu, müxtəlif amillərdən asılıdır. Hətta OPEK tərəfindən hasilatın azaldılması da qiymətə ciddi təsir göstərmədi. Bizə gəldikdə isə, düşünürəm ki, qiymət təxminən 80, 90 və ya 100 dollar səviyyəsində olarsa, sərfəli sayıla bilər. Bütün bunlar şirkətlərə lazımi dərəcədə sərmayə qoymağa, insan kapitalı kimi humanitar məsələlərə yatırımların ayrılmasını davam etdirməyə imkan yaradacaqdır. Təhsil, səhiyyə və infrastruktur sahələri xərclərimizin əsas istiqamətlərini təşkil edir. Lakin sizə deyə bilərəm ki, hətta bu gün mövcud olan qiymətlə - 1 barel 45 dollar qiyməti ilə də bizim iqtisadiyyat uğurla inkişaf edir.

- Sizin proqnozunuza əsaslansaq, bu il ÜDM-in artımı nə qədər olacaq?

- Fakt ondan ibarətdir ki, son beş il ərzində ölkəmizdə ÜDM 2,6 dəfə artıbdır. Fikrimcə, bu, tarixi rekorddur. Gələn aylar ərzində, proqnozumuza uyğun olaraq, bu göstərici təxminən 10 faiz ola bilər. Zənnimcə, qlobal böhran şəraitində bu rəqəm kifayətedici səviyyədən də artıqdır. Bu inkişaf səviyyəsini davam etdirməyə çalışacağıq. Biz artıq neft sektoruna böyük sərmayələr qoymuş, dövlət maliyyə vəsaitləri və kreditlər hesabına özəl sektora güclü şəkildə dəstək vermişik. Hazırda biz qeyri-neft sektorunun inkişafının bəhrəsini, iqtisadiyyatımızın şaxələndirilməsinin faydasını görürük. Gələcəkdə bu cür inkişaf bizə neftin qiymətindən asılı olmamaq imkanı yaradacaqdır.

- Demək, Sizin fikrinizcə, artım 10 faiz olacaqdır. Bu, əla rəqəmdir.

- Bəli.

- Yəni, iqtisadi böhran zamanı...

- Zənnimcə, biz bu işin öhdəsindən gələcəyik.

- 2010-cu il necə? Yoxsa bu haqda düşünmək tezdir?

- Bəli. Əlbəttə ki, əgər neftin qiymətləri qalxsa, onda avtomatik olaraq artım səviyyəsi də qalxacaqdır. Lakin hazırkı böhran vəziyyətində və neftin qiymətlərinin aşağı düşməsi şəraitində göstəricilərimizi nəzərə alsaq görərik ki, iqtisadi inkişafımızın əsas uğuru neft deyildir. İqtisadi islahatlar, qeyri-neft sektorunda artım, iqtisadiyyatın liberallaşdırılması, əlverişli sərmayə mühiti fikirlərimizi əsaslandıran əsas amillərdir. Təsadüfi deyil ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etdi. Bu, fəaliyyətimizə verilən çox yüksək qiymətdir. Nəzərə almaq lazımdır ki, bu qiymət dünyanın aparıcı maliyyə təsisatı olan Dünya Bankı tərəfindən verilibdir. Bir sözlə, biz az vəsait əldə edəcəyimizə baxmayaraq, iqtisadi islahatları və infrastruktur sərmayələrini davam etdirəcəyik. Hesab edirəm ki, bütün bunlar böhran zamanı da iqtisadiyyatın inkişafına xidmət edəcəkdir.

- Siz infrastruktur deyəndə boru kəmərlərini nəzərdə tutursunuz?

- Biz özümüzə lazım olan bütün infrastrukturu yaratmışıq. Hazırda müxtəlif istiqamətlərə gedən yeddi boru kəmərimiz var. Bundan əlavə, biz elektrik stansiyalarının, qazlaşdırma qurğularının yaradılmasına, avtomobil yollarının çəkilməsinə və digər infrastruktur sahələrinin inkişafına nail olmuşuq. Biz planlaşdırdığımız məqsədlərə çatmışıq və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.

- Cənab Prezident, atanız çox böyük strateji düşüncəyə malik insan kimi tanınırdı. Dünyada gedən proseslərə Siz də eyni müdrikliklə yanaşırsınız. Hazırda dünya böyük iqtisadi böhran içərisindədir. Fikrinizcə, böhrandan çıxmaq üçün nə edilməlidir?

- Böhranla bağlı, düşünürəm ki, əgər kimsə bunu öncədən proqnozlaşdırsaydı, onda tədbirlər vaxtında görülərdi. Bu böhran hamı üçün problemə çevrilibdir. Digər ölkələr kimi, biz də bu böhranı ümumiyyətlə gözləmirdik. Məsələn, hazırda biz məhsullarımızın ixracında müəyyən çətinliklərlə rastlaşırıq. Buna səbəb istehlakçılarımızın bazarlarında yaranan problemlərdir. Fikrimcə, maliyyə bazarlarında daha geniş əməkdaşlıq, daha çox proqnozlaşdırma olmalı, daha çox məsləhətləşmələr aparılmalıdır.

- Mən Sizə boru kəmərləri və enerji təhlükəsizliyi haqqında sual vermək istərdim. Son vaxtlar üzə çıxmış məsələlərdən biri də Türkiyə ilə tranzit qaz kəməri və qazın tranziti haqqında razılaşma ilə bağlıdır. Bu, Azərbaycan üçün önəmli məsələdir. Bu sahədə hər hansı irəliləyiş varmı? Razılaşmanın imzalanmasını bu yaxınlarda gözləmək olarmı?

- Biz danışıqlar prosesindəyik və ümidvaram ki, həmin danışıqları mümkün qədər tez başa çatdıracağıq. Həmin saziş Azərbaycan qazının Avropa İttifaqı bazarına çıxışını daha da genişləndirəcəkdir. Buna görə də bu cür razılaşma hamımız - hasilatçılar, istehlakçılar və tranzit ölkələr üçün faydalı olacaqdır. Beləliklə, ümid edirik ki, razılaşma yaxın vaxtlarda yekunlaşacaqdır.

- Belə çıxır ki, qazın ixracı həmin saziş imzalandığı vaxtdan etibarən başlayacaq?

- Tamamilə doğrudur. Biz, ola bilsin, cari ilin sonunda və ya gələn ildə təchizatı başlamağa hazırıq.

- İndi isə, mən siyasi məsələlərə - Dağlıq Qarabağ probleminə keçmək istərdim. Bilirəm ki, Siz Ermənistan prezidenti ilə görüş keçirmisiniz. Dağlıq Qarabağ problemi çox mürəkkəb məsələdir. Hər hansı irəliləyiş varmı? Baza prinsiplərini nə vaxt gözləyə bilərik?

- Əfsuslar olsun, indiyə qədər nəticəyə nail olmamışıq. Danışıqlar prosesi gedir, müəyyən irəliləyiş var, lakin nəticə yoxdur. Bu, əsas problemdir. Problem yalnız beynəlxalq hüquq prinsipləri əsasında həll oluna bilər. Bundan başqa prinsiplər yoxdur. Beynəlxalq hüququn həmin prinsipləri Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxmasını, məcburi köçkünlərin bu torpaqlara qayıtmasını nəzərdə tutur. Bu, münaqişənin həllinə aparan yoldur. Əfsuslar olsun ki, Ermənistanın mövqeyi son vaxtlara qədər konstruktiv olmamışdır. Lakin ümid edirik ki, əgər onlar konstruktiv yanaşma nümayiş etdirsələr və beynəlxalq hüquq normalarına əməl etməyə hazır olduqlarını göstərsələr, münaqişə həllini tapa bilər, regionda sülh bərqərar ola bilər. Torpaqların işğal altında saxlanılması Ermənistana nə fayda verir? Onlar özlərini regionda təcrid vəziyyətinə salıblar. Enerji layihələri, boru kəmərləri və dəmir yol xətlərindən kənarda qalıblar. Azərbaycan və digər qonşularla münasibətləri normallaşdırmadan, təcrid olunmuş vəziyyətdə yaşamaq gələcəkdə Ermənistan üçün daha da çətin olacaqdır.

- Cənab Prezident, qarşıdan referendum gəlir. Bəzi şəxslər bildirir ki, bu, Sizə uzun müddət ərzində hakimiyyətdə olmağınıza yönəlibdir. Həmin referendumla bağlı və onun məqsədləri barədə hər hansı şərh verə bilərsinizmi?

- Referenduma bir çox məsələlər çıxarılacaq və yekun olaraq xalq öz münasibətini bildirəcəkdir. Referendum, bir çox digər ölkələrdə olduğu kimi, xalqa qərar qəbul etmək imkanını yaradan demokratik prosedurdur. Seçilməklə bağlı məhdudiyyətə gəldikdə, dünya təcrübəsinə nəzər salsaq, eyni vəziyyəti görəcəksiniz. Əgər xalq bu və ya digər lideri dəstəkləyirsə, xalqın onu seçmək hüququ var.

- Bəziləri Azərbaycanın gözəl iqtisadi artımına baxmayaraq, insan hüquqları ilə bağlı məsələləri qaldırırlar. Bu tənqidlə bağlı nə deyə bilərsiniz? Bəzən onların tənqidini başa düşmək Azərbaycan üçün çətin olur.

- Bilirsiniz, əgər tənqid əsaslıdırsa, biz bunu müzakirə etməyə həmişə hazırıq. Azərbaycan Avropa Şurası kimi bir neçə beynəlxalq təşkilatın üzvüdür. Avropa Şurasına qəbul olunduğumuz zaman biz üzərimizə müəyyən öhdəliklər götürmüşük və onları yerinə yetiririk. Bəzən müxtəlif QHT tərəfindən səsləndirilən müəyyən tənqidi fikirlər bizi narahat etmir, çünki bu tənqid bir çox hallarda əsassızdır. Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət normaldır. Əgər siz regiona nəzər yetirsəniz görərsiniz ki, Ermənistanda hətta ən adi insan hüquqlarının kobud şəkildə pozulmasına görə heç kim tənqidə məruz qalmır. Həmin ölkədə prezident seçkiləri keçiriləndə baş vermiş hadisələri, ordu tərəfindən qətlə yetirilmiş insanların sayını, fövqəladə vəziyyətin elan edilməsini və internet saytlarının bağlanaraq senzuranın qoyulmasını hamı bilir. Yüzlərlə müxalifətçi həbs edildi, xeyli sayda insan yaralandı, lakin biz Ermənistanla bağlı hər hansı tənqidi eşitdikmi? Xeyr! Niyə? Buna səbəb ikili standartlardır, çünki erməni lobbisi Ermənistanı tənqidlərdən qoruyur. Azərbaycanda isə insan hüquqlarının müəyyən dərəcədə pozulması kimi hesab edilə biləcək hər hansı, kiçik də olsa, epizod baş verdiyi zaman, ölkəmiz dərhal insan hüquqlarını pozan ölkə kimi təqdim edilir. Bunu edən strukturlara etimadımız itir. Beləliklə, bu cür fikirlər eyni standartlara əsaslanmalıdır. Azərbaycanın demokratik inkişafında hər şeyin mükəmməl olduğunu demək olarmı? Xeyr. Amma deyin görək, harada insan hüquqları mükəmməl qorunur? Tənqidi fikirlər real vəziyyətə əsaslanmalıdır. Cənubi Qafqaz və digər keçmiş Sovet İttifaqı ölkələrinə gəldikdə, eyni standart tətbiq edilməlidir. Hesab edirəm ki, Azərbaycanda real vəziyyət haqqında nə qədər çox məlumat olarsa, ölkəmizə bir o qədər obyektiv qiymət verilə bilər. Buna görə də çox istəyirik ki, bizi tənqid edənlər Azərbaycana gəlsinlər və ölkədə gedən prosesləri öz gözləri ilə görsünlər.

Çox sağ olun.

 

 

 AzərTAc

 

Azərbaycan.-2009.-4 fevral.-S.1.