Milli Məclisdə görüşlər

 

Fevralın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Qabriel Kellrlə görüşmüşdür. Parlament Sədri diplomatı yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycan və Fransa əlaqələrinə öz töhfəsini verəcəyinə inamını bildirdi. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən spiker Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərlərinin əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. Sədr onu da nəzərə çatdırdı ki, hər iki dövlətin parlament əlaqələri də yüksək səviyyədədir. Bunu parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərləri sübut edir. 2007-ci ildə Azərbaycan parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Senatın sədri Ponselenin dəvəti ilə Fransaya səfərini xatırladan Oqtay Əsədov keçirilən görüşlərdən məmnun olduğunu nəzərə çatdırdı.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin Sədri Fransanın Minsk qrupunun həmsədri kimi danışıqlarda fəal iştirakını qeyd edib ümidvar olduğunu bildirdi ki, Fransa münaqişənin həllində öz səylərini əsirgəməyəcək.

Səfir Qabriel Kellr Azərbaycan-Fransa münasibətlərinin səviyyəsindən məmnun olduğunu, Azərbaycan Prezidentinin Fransaya gözlənilən səfərinin qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğuladı.

 

* * *

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Belçikanın Azərbaycan Respublikasındakı səfiri Filip Jotard ilə də görüşmüşdür.

Ölkəmizə yeni səfir təyin olunması münasibətilə belçikalı diplomatı təbrik edən Sədr ölkələrimiz arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirdi. Qeyd edildi ki, yüksələn xətlə davam edən bu əlaqələrin daha da möhkəmlənməsinə Milli Məclis öz töhfəsini verməkdədir. Azərbaycan Avropa Şurasının üzvüdür. Bu isə ölkəmizin Avropa dövlətləri ilə, o cümlədən Belçika ilə hərtərəfli əməkdaşlığına geniş imkanlar açır.

Söhbət zamanı Milli Məclisin Sədri Oqtay Əsədov Filip Jotardı maraqlandıran bir sıra suallara aydınlıq gətirdi. Qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan qanunların müzakirəsi və qəbulu qaydaları, parlamentə keçirilən seçkilər, parlamentin vəzifələri, ayrı-ayrı daimi komissiyaların fəaliyyəti, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, mədəni islahatlar və bu kimi digər məsələlər barədə diplomata ətraflı məlumat verildi.

 

* * *

Elə həmin gün Milli Məclisin Sədri Oqtay Əsədovun Qətər Dövlətinin Azərbaycan Respublikasındakı yeni səfiri Şeyx Mübarək bin Fahad əl Fani ilə görüşmüşdür.

Parlamentin Sədri səmimi keçən söhbət zamanı qeyd etdi ki, ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələr Prezident İlham Əliyevin Qətər Dövlətinə, Qətər Əmirinin isə Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində aparılan danışıqlar nəticəsində daha da möhkəmlənmiş, ikitərəfli münasibətlərin perspektivini müəyyən etmişdir. Parlamentlərarası əlaqələrin istənilən səviyyədə olmaması təəssüf doğurur. Milli Məclisdə parlament dostluq qrupu yaradılsa da, Qətər parlamentində belə bir qrup hələ yaradılmayıb. Spiker eyni dinə, çoxlu sayda birgə adət-ənənələrə malik olan xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Şeyx Mübarək bin Fahad Əl Fani səmimi görüşə görə təşəkkürünü bildirdi. Dedi ki, biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm veririk və istərdik ki, dövlət başçılarımızın möhkəm təməl üzərində qurduqları münasibətlər bütün sahələrdə ən yüksək səviyyədə davam etdirilsin. Səfir əminliklə bildirdi ki, Qətər parlamenti də dostluq qrupu yaradaraq parlamentlərarası əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Hər üç görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın bununla bağlı üzləşdiyi problemlər, onların həlli yolları barədə geniş fikir mübadiləsi aparıldı. Birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün bu ölkələr tərəfindən dəstəkləndiyi bildirildi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunacağına əminlik ifadə olundu.

 

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.-2009.-4 fevral.-S.2.