Mənzil Məcəlləsi
bütün vətəndaşların
maraqlarını ifadə
edəcək
Səkkiz bölmə
147 maddədən ibarət olan layihədə mənzil
hüquqlarının əsasları, bu hüquqların
qorunması, məhdudlaşdırılması, mənzil
münasibətləri, bu sahədə dövlətin, bələdiyyələrin
vəzifələri, mənzil hüquqlarının obyektləri,
habelə mənzil fondu, yaşayış sahəsinin təyinatı
və ondan istifadə etmək hüdudları,
yaşayış sahəsindən istifadə, dövlət
qeydiyyatı, yaşayış sahəsinin
qeyri-yaşayış sahəsinə və
qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə
keçirilməsi şərtləri və qaydaları, qəza
vəziyyətində olan mənzillərin yenidən
qurulması və planlaşdırılması,
yaşayış sahəsi mülkiyyətçilərinin
hüquq və vəzifələri, dövlət ehtiyacları
üçün torpaq alınarkən yaşayış sahəsi
mülkiyyətçisinin mənzil hüquqlarının təmin
edilməsi, kommunal mənzilin ümumi əmlakının
saxlanması, xüsusi təyinatlı mənzil fondunun
yaşayış sahələri və digər müddəalar
əksini tapmışdır.
Hadi Rəcəblinin
sözlərinə görə, son illər ölkəmizdə
mənzil fondu bir neçə dəfə artmış,
müxtəlif mülkiyyət formaları
yaranmışdır. Ona görə müzakirə olunan məsələ
bütün xalqın marağını ifadə edir. Mənzil
Məcəlləsinin qəbulu ölkədə vətəndaşların
mənzil problemlərinin həllini asanlaşdıracaq,
dövlətin, bələdiyyələrin və özəl
sektorun bu sahədə hüquq və vəzifələrini
müəyyənləşdirəcəkdir. Qeyd olundu ki, layihənin
parlamentdə birinci oxunuşda müzakirəsindən sonra
100-dən çox maddəsinə əlavələr və dəyişikliklər
edilmiş, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirdi ki, Mənzil Məcəlləsi öz əhəmiyyətinə və əhatə dairəsinə görə bütün vətəndaşları əhatə edəcəkdir. Komissiya sədri layihənin birinci oxunuş müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflərin böyük əksəriyyətinin işçi qrupu tərəfindən nəzərə alındığını, bu sahə ilə əlaqədar beynəlxalq təcrübənin öyrənildiyini vurğuladı. Əsas məqsəd vətəndaşların Konstitusiyada təsbit olunmuş mənzil və mülkiyyət hüquqlarının məcəllədə də əksini tapmasıdır ki, buna da nail olunub. Əli Hüseynov əlavə və dəyişikliklər barədə ətraflı məlumat verdi.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Mənzil Məcəlləsinin ölkəmizdə vətəndaşların mülkiyyət hüquqlarının daha da təkmilləşməsinə və mülkiyyət münasibətlərinin inkişafına xidmət edəcəyini bildirdilər.
İclasda iştirak edən deputatlar sənədlə bağlı rəy və təkliflərini bildirdilər. Mənzil Məcəlləsi layihəsinin ikinci oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılması qərara alındı.
Azərbaycan.-2009.-4 fevral.-S.2.