Müasir elmin və peşəkar təcrübənin vəhdəti

 

"Respublikanın ilk peşəkar milis kadrlarını hazırlayan tədris mərkəzi kimi yaradılmış milis məktəbi zəngin, qaynar və faydalı bir ömür yaşayaraq akademiya səviyyəsinədək yüksəlmiş, öz yetirmələri və böyük elmi-təcrübi nailiyyətləri ilə şöhrət qazanmışdır. İnanıram ki, Polis Akademiyası müstəqil Azərbaycan Respublikası üçün bundan sonra da yüksək peşə hazırlığına malik sağlam və möhkəm əqidəli, milli dövlətçiliyimizə sadiq polis zabitləri yetişdirəcəkdir". 

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

"Mən bu gün çox şadam ki, Polis Akademiyasında gördüyüm işlər yüksək səviyyədədir. Burada oxumaq üçün, yaxşı təhsil almaq üçün bütün imkanlar var. Ən müasir avadanlıq, gözəl binalar, tədris korpusları, yeməkxana, yataqxanalar, yəni gözəl təhsil almaq üçün bütün şərait var. Polis Akademiyasının da rolu artır. Çünki Polis Akademiyasında oxuyan kursantlar müasir tələblərə cavab verməlidirlər, ona görə tədris prosesinə çox böyük diqqət yetirilməlidir. Akademiyanı bitirən kursantlar ən yüksək meyarlara, ən yüksək tələblərə cavab verməlidirlər".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Polis fəaliyyətinin şərəfli səhifəsi

 

Bu gün Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində, həmçinin əhalinin say nisbəti üzrə cinayətin azlığına görə nəinki MDB ölkələri arasında, ümumiyyətlə, Şərqi Avrora məkanında öncül dövlətlərdəndir. Bu müvəffəqiyyət ulu öndər Neydər Əliyevin fədakar fəaliyyətinin və onun missiyasının layiqli davamçısı Prezident İlham Əliyevin xalqa və dövlətə xidmət siyasətinin təzahürüdür. Bu nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının da mühüm əməyi vardır. Azərbaycan rolisi ulu öndər Neydər Əliyevin ölkəni xaosdan, tənəzzüldən xilas edib qurtuluşa araran siyasi xəttinin əsas istinadlarından olmuşdur və bu gün də Prezident İlham Əliyevin sivil, demokratik, qüdrətli dövlət quruculuğu rrosesində vacib dayaqlarından və fəal icraçılarındandır.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə dövlət idarəçiliyinə qayıtmasından sonra başlanan Qurtuluş missiyası bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarının fəaliyyətində də köklü dəyişikliklərə rəvac verdi, eyni zamanda, respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündəki prosesdə də əsaslı dönüş yaratdı. Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi, ən əsası isə ulu öndərin inamını doğrultdu.

1994-cü ildən daxili işlər orqanlarında başlamış dönüş mərhələsi yalnız cinayətkarlığa qarşı effektiv mübarizə və kriminogen durumun tam nəzarətə götürülməsi işi ilə məhdudlaşmadı, həm də ən vacib sahələrdən biri - şəxsi heyətin mənəvi cəhətdən sağlamlaşdırılması və təmizlənməsi prosesi də vüsət götürdü. Qeyd edilən müddətdə xidməti qəbahətlərə yol verən, polis adına ləkə gətirən, andına xəyanət edən, vəzifə səlahiyyətləri ilə bir araya sığmayan hərəkətlərə yol verən, müxtəlif cinayətlər törətmiş, yaxud da cinayətkarları himayə etmiş 6000-ə qədər əməkdaş daxili işlər orqanlarından uzaqlaşdırılmışdır. Ümumiyyətlə, bu gün polisin vəzifə səlahiyyətlərinə tam riayət etməsi, fəaliyyətində qanunun prinsiplərinin və ictimai normaların əsas götürülməsi, cəmiyyətdə nüfuzunu daim yüksəltməsi daxili işlər orqanlarında prioritet məsələ kimi qəbul edilib. Bu sahədə sistemli islahatlar, təkmil yeniliklər tətbiq olunur, əməkdaşların həm peşəkarlıq səviyyəsinin artırılması, həm də mənəvi cəhətdən daha da yetkinləşməsi üçün uğurlu addımlar atılır. Xüsusi önəm verilən məqam isə polis əməkdaşlarının, belə demək mümkünsə, yeni nəslinin, gənc əməkdaşlarının daha hazırlıqlı, qabiliyyətli və polis adını ucaltmağa layiq kadrlar kimi formalaşdırılmasıdır. Bu prosesin uğurla həyata keçməsində isə əsas istinadgah Daxili İşlər Nazirliyinin Polis Akademiyasıdır.

Bu gün Azərbaycan təhsilində sanballı mövqeyə, böyük elmi nüfuza malik olan Polis Akademiyasının yaranış tarixi 1921-ci ildən başlanır. Həmin il sentyabr ayının 28-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə Polis Akademiyasının sələfi sayılan sıravi milis nəfərləri və komandir kadrları hazırlayan məktəb təsis edilib. 1936-cı ildə indi yerləşdiyi məkana - Mərdəkan qəsəbəsinə köçürülən milis məktəbində 50-ci illərdən etibarən bütün sahələr üzrə formalaşma aparılmış, maddi-texniki bazası möhkəmlənmişdir. SSRİ Daxili İşlər Nazirliyinin 23 fevral 1957-ci il tarixli əmri ilə məktəbin bazasında Bakı Xüsusi Orta Milis Məktəbi yaradılmışdır ki, həmin məktəbdə də ikiillik tədris prosesində, qiyabi və əyani şöbələrdə orta hüquq təhsilli zabit kadrları hazırlanırdı. Eyni zamanda, məktəbdə təkmilləşdirmə kursları da fəaliyyət göstərirdi. Həmin dövrdə milis məktəbinin şöhrəti ittifaq miqyasında geniş yayılmışdı. Hətta Bakı Xüsusi Orta Milis Məktəbində Gürcüstan, Dağıstan, Kadardin-Balkar respublikaları, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemereva, Saratov, eləcə də digər vilayət və şəhərlərdən müdavim və dinləyicilər təhsil alırdılar. Sonrakı illərdə isə Kampuçiyadan və Qvineya-Bisaudan olan müdavimlər də məktəbdə təhsil almışdı.

Azərbaycanın müstəqillik əldə etməsi digər sahələrdə olduğu kimi, daxili işlər orqanları əməkdaşlarının hazırlığı prosesinə də xüsusi yanaşmanı tələb edirdi. Bu sistemin ali hüquq təhsilli kadrlara olan ehtiyacını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli fərmanı ilə Xüsusi Orta Milis Məktəbinin zəminində Polis Akademiyası yaradıldı. Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli "Azərbaycan Polis Akademiyasını təşkil etmək tədbirləri barədə"ki qərarı əsasında Polis Akademiyasının yaradılması barədə fərmandan irəli gələn məsələlər həllini tapdı, akademiyanın ştatları, strukturu müəyyənləşdi və məhz həmin ildən akademiya ali hüquq təhsili vermək üçün müdavim qəbuluna başladı. 1995-ci ildə birinci dərəcəli ali təhsil müəssisəsi statusu alan Polis Akademiyasının ilk buraxılışı isə 1996-cı ildə olmuşdur. Ötən 12 il ərzində bu ali məktəbi bitirən minlərlə müdavim daxili işlər orqanlarında qabiliyyət və bacarıqları ilə böyük nüfuz qazanmış, akademiyanın adını ucaltmışlar.

 

Dövlətin böyük qayğısı

 

Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyevlə söhbətimizə də elə bu təhsil ocağının inkişaf dövrü ilə başlayırıq. 35 il daxili işlər orqanlarında çalışan, sahə müvəkkilliyindən nazirliyin baş idarə rəisliyinə qədər çətin və şərəfli yol keçən rəis dörd ilə yaxındır ki, akademiyaya rəhbərlik edir. Ramiz Nağıyev bugünkü nailiyyətlərin zəminini məhz ulu öndər Heydər Əliyevin Polis Akademiyasına daim böyük qayğı və diqqət göstərməsilə əsaslandırır: "Akademiyaya olan əlahiddə diqqət ümumilikdə Heydər Əliyevin Azərbaycanın Qurtuluşuna həsr olunan şərəfli missiyasının tərkib hissəsi olub. Ümummilli liderimiz ilk öncə daxili işlər orqanlarının fəaliyyətində böyük dönüş yaratdı, sonra isə kadr hazırlığı prosesinin effektiv və səmərəli təşkili üçün konkret addımlar atdı. Bu yönümdə Polis Akademiyasının əhəmiyyətini mühüm sayan Heydər Əliyev ali təhsil müəssisəsinin fəaliyyətinə xüsusi önəm verir, burada təhsil prosesinin yüksək keyfiyyətli təşkilini, yeni modern dəyərlərin, sivil elm və təhsil metodlarının tətbiqini vacib sayırdı. Ulu öndərin tövsiyələri əsasında Polis Akademiyasında təhsil prosesi, ümumiyyətlə isə, bütövlükdə ali məktəbin maddi-texniki təchizatı əsaslı şəkildə təkmilləşdirilmişdir. Təqdirəlayiq haldır ki, ulu öndərin təhsil ocağımıza bəslədiyi böyük qayğı bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu diqqət sayəsində akademiyamız indi sözün həqiqi mənasında özünün intibah dövrünü yaşayır".

Ramiz Nağıyevin fikirlərini əyani gördüklərimiz də tam təsdiqləyir. Akademiyanın giriş qapısından ən sonuncu korpusuna qədər hər bir məkanda təmizlik, səliqə-sahman, müasir zövqlə təmir və tərtibat göz oxşayır. Bir təhsil ocağı üçün gərəkli olan bütün infrastruktur vasitələri burada mövcuddur. Son illərdə yenidən qurulmuş Polis Akademiyasında inzibati binalar, auditoriyalar müasir tələblərə cavab verən səviyyədə yeniləşdirilmiş, hərəsi 7 mərtəbəli 2 tədris və inzibati korpuslar, 1000 nəfərlik yeməkxana, idman kompleksi, 5 mərtəbəli yataqxana binası, duşxana, çamaşırxana, qazanxana, tribuna tikilib istifadəyə verilmişdir.

Kitab fondu ümumi kitabxanada 100 mini, xüsusi kitabxanada isə 30 mini ötmüş, yeni oxu zalları açılmışdır. Auditoriyalar yeni, müasir mebellə, kompüter texnikası ilə tam təmin edilmiş və internetə qoşulmuşlar. Şəxsi heyətin sağlamlığının möhkəmləndirilməsi məqsədilə akademiyada tibb-sanitariya hissəsi fəaliyyət göstərir. Hissədə 3 həkim və 3 tibb bacısı mütəmadi olaraq daimi və dəyişkən heyətə xidmət edir. Şəxsi heyətə göstərilən tibbi xidmətlərin müasir tələblərə cavab verməsi üçün yeni tibbi avadanlıqlar və təcili tibbi yardım maşını alınmışdır.

Polis general-mayoru Ramiz Nağıyev bildirir ki, əldə edilən bütün bu nailiyyətlər yalnız bir məqsədə xidmət edir: savadlı, sivil dünyagörüşünə malik, cəmiyyətdə nüfuz qazanmağı bacaran, həmçinin qloballaşan dünyada meydana gələn yeni növ cinayətkarlıqlara qarşı müasir mübarizə üsullarını mənimsəyən polis əməkdaşlarını layiqincə hazırlamaq. Akademiya rəisi söyləyir ki, təhsil müəssisəsində yalnız peşə hazırlığı əsas götürülmür, müdavimlərin mənəvi-psixoloji yönümdə formalaşması da diqqət ayrılan ən mühüm sahələrdəndir: "Burada əyani təhsil üçün qəbul olunan müdavimlərin mütləq əksəriyyəti 17-18 yaşlı gənclərdir. Onların cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşması prosesinin bu yaş üçün hələ bitmədiyini nəzərə alaraq, onlara xüsusi yanaşma tətbiq edirik. Bizim təhsil ocağımızın spesifikliyi həm də ondadır ki, müdavimlər burada yaşayırlar və bütün günü biri-birləri ilə təmasdadırlar. Müdavimlər arasında səmimi münasibətlərin yaranması, onların təhsilə və fiziki hazırlığa daha mütəşəkkil cəlb olunması, asudə vaxtlarının daha səmərəli təşkili işimizin yalnız bir tərəfidir. Biz onların mənəvi-psixoloji durumlarını öyrənir, hər birinə fərdi qaydada yanaşırıq. Düzdür, akademiyamızın fəaliyyət yönümünə uyğun olaraq burada yüksək nizam-intizam, hətta müəyyən halda hərbi rejim də tətbiq olunur. Ancaq bu rejim ənənəvi qaydada deyil. Yəni, müdavim yataqxananın, ictimai istifadə məkanlarının, yeməkxananın və digər bu kimi yerlərin təmizlənməsində, bu xüsusda başqa işlərin görülməsində əsla iştirak etmir. Bunu ilk növbədə cənab nazir, general-polkovnik Ramil Usubov qarşımızda əsas vəzifə kimi müəyyənləşdirib. Nazir akademiyaya hər gəlişində müdavimlərdə indidən zabit qürurunu, polis mənəviyyatını formalaşdırmaq üçün psixoloji üsullardan istifadə etməyi bizə tövsiyə edir, məsləhətlərini verir".

Akademiya rəisinin bu sözlərini təhsil ocağının tədris korpuslarını, auditoriyaları gəzərkən də özlüyümüzdə təsdiqlədik. Burada xidmətçi personal təmizliklə, aşbazlar qida məsələləri ilə, təsərrüfat işçiləri isə cari məsələlərin həlli ilə məşğul idi. Bir sözlə, tələbə-müdavimlər ancaq təhsillə və fiziki hazırlığı yüksəltməklə məşğuldurlar. Bu isə son illərdə burada aparılan islahatların mühüm məqamlarındandır. Söhbət etdiyimiz müdavimlər yaradılan bu şəraiti yüksək qiymətləndirdilər. Qeyd edirlər ki, Polis Akademiyasına qəbul olarkən hesab edirlərmiş ki, əvvəllər olduğu kimi, yenə də bütün korpusların, yataqxananın, yeməkxananın və digər yerlərin əsas ağırlığı onların üzərində olacaq. Ancaq gördükləri fərqli situasiya onların bilik hazırlığının artırılmasına münbit şərait yaradıb. Çünki indi dərsdən əlavə boş vaxtlar yalnız təhsilə və idmana ayrılır. Müdavimlərin mənəvi-psixoloji ruh yüksəkliyini təmin edən əsas amillərdən biri də, akademiya rəhbərliyi və müəllimlərdən əlavə, həm də Daxili İşlər Nazirliyi rəhbərliyinin onlara xüsusi qayğı, diqqətlə yanaşması, yaranan hər bir problemin elə yerindəcə həll olunmasıdır.

Polis Akademiyası müdavimlərinin ən böyük qürur yeri isə Prezident İlham Əliyevin 2007-ci ilin iyul ayının 2-də onları ziyarət etməsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanının qarşısından hərbi qaydada keçən müdavimlər bu anı ömürləri boyu unutmayacaqlarını deyirlər. Həm Polis gününü, həm də akademiyanın növbəti buraxılış mərasimini qeyd etmək üçün məhz bu ali təhsil ocağını seçməklə cənab Prezident bir daha nümayiş etdirdi ki, o, daxili işlər orqanlarında şəxsi heyətin peşəkar hazırlığı məsələsinə və Polis Akademiyasının bu sahədəki potensialına böyük önəm verir. Həmin gün Prezident ümummilli lider Heydər Əliyevin heykəlinin, 7 mərtəbəli inzibati korpusun və "Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz"in açılışında olmuş və müdavimlər qarşısında geniş nitq söyləmişdi. Xatırladaq ki, Polis Akademiyasının əlamətdar günlərinin dövlət səviyyəsində qeyd olunması artıq ənənə halını almışdır. Belə ki, 1996-cı ildə 75 illik yubileyini qeyd edən akademiyaya ulu öndər Heydər Əliyev də təbrik məktubu göndərmişdi.

 

Qabaqcıl təhsil mərkəzi

 

Polis Akademiyası yalnız daxili işlər orqanları üçün deyil, bütün hüquq-mühafizə orqanlarına yüksək səviyyəli mütəxəssis kadrlar hazırlayır. Akademiyada əyani, qiyabi, ixtisasartırma və idarəetmənin təşkili fakültələri, həmçinin 13 kafedra fəaliyyət göstərir. Ali təhsilli hüquqşünas kadrların hazırlanması işi həm əyani, həm də qiyabi formada həyata keçirilir. Əyani fakültəyə hər il 100 nəfər mülki şəxs Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul edilir. Akademiyada "DİO-da əməliyyat-axtarış fəaliyyəti", "DİO-nun inzibati fəaliyyəti", "DİO-da istintaq və təhqiqat aparatlarının fəaliyyəti" istiqamətləri üzrə ixtisaslaşma aparılır. İdarəetmənin təşkili fakültəsində birillik əyani təhsil formasında daxili işlər orqanları üçün ehtiyat rəhbər kadrları hazırlanır. DİN-in hər növbəti il üçün təsdiq etdiyi plana əsasən, ixtisasartırma fakültələrində kadrların ixtisasartırması təşkil olunur. İctimai münasibətlər sistemi dəyişdikcə, cəmiyyət müasirləşdikcə polis orqanlarının da fəaliyyətinin və iş üslubunun təkmilləşdirilməsi zərurəti meydana çıxır. Bütün bu yeniliklərin, qanunvericilikdəki dəyişikliklərin öyrənilərək yerlərdə tətbiqi üçün polis əməkdaşları hökmən ixtisasartırma kurslarına cəlb olunurlar. Bu kurslara digər dövlət qurumlarının - Ədliyyə Nazirliyi, Gömrük Komitəsi və s. təmsilçiləri də qatılırlar.

Polis Akademiyasında təhsil Avropa məkanında olduğu kimi, Bolonya prosesinin tələblərinə uyğun şəkildə qurulmuşdur. Yeni tədris planı üzrə əsas fənlərin sayı 50, seçmə fənlərin sayı isə 12-dir. Əlamətdar məqamlardan biri də odur ki, tədris olunan 50 əsas fənnin dərsliklərinin hamısının müəllifi məhz akademiyanın öz müəllimləridir. Ümumiyyətlə isə, fənlərin tədrisi ilə 1 hüquq elmləri doktoru, 12 elmlər namizədi və 51 müəllim məşğul olur. Son illərdə ölkə başçısının sərəncamı ilə təhsil müəssisəsinin dörd əməkdaşına "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilib. Hər il akademiyanı təqribən 400-450 müdavim və dinləyici bitirir.

Polis Akademiyasının rəisi Ramiz Nağıyev bildirir ki, onlar yalnız təhsil prosesi ilə kifayətlənmirlər, həm də ölkənin dövlət, elm və ictimai qurumlarının iştirakı ilə müxtəlif tədbirlər keçirirlər. Bir faktı qeyd edək ki, tək son il yarım ərzində təhsil müəssisəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, DİN-in rəhbərliyinin, Ombudsman Aparatının, Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Bakı Dövlət Universitetinin, MTN-in Heydər Əliyev adına Akademiyasının, Milli Aviasiya Akademiyasının, o cümlədən DİN-in baş idarə rəislərinin, eləcə də Polis Akademiyasının professor-müəllim heyətinin iştirakı ilə 6 elmi-praktiki konfrans təşkil olunmuşdur. "Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında və Daxili İşlər Nazirliyi sistemində aparılan islahatlarda əvəzsiz xidmətləri", "İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri", "İnsan və vətəndaşın azadlıq hüququnun müdafiəsi problemləri", "İnzibati hüquqi islahatlar: reallıq və perspektivlər", "Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri", "Hüquq-mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı" mövzusundakı konfransların səmərəsi və tədris prosesinə təsiri çox olmuşdur.

Bu tədbirlərdə fəal iştirak edən müdavimlərin elmi-nəzəri biliklərinin artırılması, onlara gələcəkdə müstəqil elmi araşdırmalarla məşğul olmaq qabiliyyətinin aşılanması məqsədilə təhsil müəssisəsində "Müdavim elmi cəmiyyəti" fəaliyyət göstərir. Akademiyada yaradılan "Hüquq klinikası" isə müdavimlərin peşə vərdişlərinə yiyələnməsini təmin etmək baxımından xüsusilə mühüm rol oynayır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın 21-ci bəndinin icrası ilə əlaqədar aztəminatlı əhalinin hüquqi yardım almaq hüququndan daha səmərəli istifadə etməsinə kömək məqsədilə yaradılmış "Hüquq klinikası" normal fəaliyyət göstərməsi üçün lazımi texniki və məişət avadanlıqları ilə təmin edilmişdir.

Rəsmi internet saytı olan httr:www.ra.edu.az ünvanı vasitəsilə akademiya ictimaiyyətlə əlaqələrini də daha təkmil şəraitdə qura bilir, eyni zamanda bu təhsil müəssisəsində baş verən yenilikləri operativ olaraq yayımlayır.

 

Daha böyük zirvələrə doğru

 

Akademiyanın müdavimləri respublika və beynəlxalq səviyyəli bilik yarışmalarında da fəal iştirak edirlər. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Universitetinin və "Odlar Yurdu" Universitetinin komandalarının iştirakı ilə Daxili İşlər Nazirliyinin mükafatı uğrunda 2007-ci ildə keçirilmiş "Ən yüksək hüquqi bilik" müsabiqəsində Polis Akademiyasının komandası qalib olmuşdur. Həmin ilin sonlarında Ukrayna DİN-in Milli Universitetində MDB ölkələri DİN ali təhsil müəssisələri arasında beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları üzrə "Gələcəyin peşəkarı-2007" adı altında keçirilən intellektual müsabiqədə isə 3 müdavim ikinci fəxri yerə layiq görülmüşdür. 2008-ci il ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasında iki müdavim "Azərbaycan dili" və "Azərbaycan tarixi" fənləri üzrə qalib olmuşdur. 2008-ci il 16 dekabr tarixdə ali məktəb tələbələrinin XXI respublika elmi konfransında 11 müdavim tezislə çıxış etmişdir.

Müdavimlərin bu fəallığını stimullaşdırmaq, onları daha da həvəsləndirmək üçün akademiya rəhbərliyi müxtəlif tədbirlər həyata keçirir. Ancaq bu sahədə ən mühüm addım DİN tərəfindən atılıb. Belə ki, nazir, general-polkovnik Ramil Usubovun müdavimlərin təhsilə, elmə, tədris müəssisəsinin ictimai həyatında fəal iştirakına marağının, tapşırılan işə yaradıcı münasibətin artırılması məqsədilə ötən il imzaladığı əmri ilə "Heydər Əliyev təqaüdü" təsis edilmişdir. 2007-2008-ci tədris ilində 3, cari ildə isə 2 müdavim bu təqaüdə layiq görülmüşlər. Eləcə də bu il akademiyaya qəbul olunan bir müdavim Prezident təqaüdçüsüdür.

Polis Akademiyasının rəisi Ramiz Nağıyev bildirir ki, təhsil ocağı beynəlxalq əməkdaşlıq sahəsində də mühüm nailiyyətlər əldə edib: "Son dövrlərdə müasir beynəlxalq təcrübənin öyrənilməsi və tədris-təlim prosesinə tətbiqi məqsədilə təhsil müəssisəsinin 27 əməkdaşı 40 dəfə müxtəlif dövlətlərdə (ABŞ, Almaniya, Türkiyə, Rusiya, Macarıstan, İngiltərə, Hollandiya, Avstriya, İspaniya, Ukrayna, BƏƏ, Misir, Polşa və başqa ölkələrdə) xidməti ezamiyyətdə olmuşlar. Təcrübə mübadiləsi, müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirak, eyni zamanda imkanların bilavasitə nümayişi sayəsində akademiya kifayət qədər nüfuz əldə etmişdir və bunun nəticəsi olaraq isə bir qrup əməkdaş artıq beynəlxalq tədbirlərə ekspert qismində cəlb olunurlar. Akademiyaya olan beynəlxalq marağın nəticəsidir ki, son illərdə Türkiyə, Almaniya, Rusiya, Fransa və Ukraynanın, həmçinin ATƏT, Avropa Şurası, BQXK, "Hans Zaydel" fondunun nümayəndələri təhsil müəssisəsində olub, mühazirələr oxumuşlar. Beynəlxalq müstəvidə keçirilən toplantılarda dövlətimizi layiqincə təmsil edən Polis Akademiyası həmin təcrübələrdən bəhrələnib, artıq müstəqil şəkildə bu səpkili konfrans və seminarlar təşkil edir. 2005-ci ildə "Qloballaşma və cinayətkarlıq: kadr hazırlığında ali təhsil müəssisələrinin yeni vəzifələri" mövzusunda Polis Akademiyasında keçirilən "Mərkəzi və Cənub Şərqi Avropa ölkələrinin ali polis (milis) təhsil müəssisələrinin XIII beynəlxalq konfransı" buna əyani sübutdur. Tədbirdə Avropanın 14 ölkəsindən 30-a yaxın ali polis təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər".

Dövlət başçısının respublikada idman sahəsinə göstərdiyi diqqət, qayğı və tövsiyələrindən irəli gələrək akademiyada idmanın səviyyəsini qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Akademiyada fəaliyyət göstərən 3 idman zalının müasir avadanlıqlarla təmin olunması diqqət mərkəzindədir. SSRİ idman ustası və Azərbaycanın əməkdar idman məşqçisi, polis polkovniki Hafiz Hacıyevin rəhbərlik etdiyi Fiziki hazırlıq kafedrasının nəzdində beynəlxalq dərəcəli idman ustası tituluna malik 5 əməkdaş çalışır. Onlardan ikisi dünya çempionu, biri Avropanın gümüş mükafatçısı, ikisi beynəlxalq dərəcəli hakimdir, iki nəfər isə idman ustalığına namizəddir. Son beş ildə akademiyanın 85 müdavimi DİN və respublika səviyyəli yarışlarda fərqlənmişlər. Polis Akademiyasının XXIX Pekin Yay Olimpiya Oyunlarında iştirak etmiş əməkdaşları - cüdo üzrə bürünc mükafatçı Mövlud Mirəliyev və güləş üzrə beynəlxalq dərəcəli hakim Hicran Şərifov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Tərəqqi" medalına layiq görülmüşlər və onlara Prezidentin adından hədiyyə olaraq mənzil verilmişdir.

Polis Akademiyasının bir özəlliyi də var ki, təhsil alan müdavimlər burada yaşayırlar və onlar hər cür şəraiti olan yataqxana ilə təmin olunmuşlar. Akademiyada eyni zamanda 1000 nəfərə xidmət göstərmək imkanında olan, yüksək tələblərə cavab verən yeməkxana mövcuddur. Müdavimlər gündə üç dəfə yüksək səviyyəli yemək və qida ilə təmin olunurlar. Pedaqoji heyətin 90 faizini yalnız akademiyanın özünün yetişdirdiyi yüksək ixtisaslı kadrlar təşkil edir. Akademiyanı ildə 3-4, bəzən 5 nəfər fərqlənmə diplomu ilə bitirir. Akademiyanı fərqlənmə diplomu ilə bitirənlər daxili işlər nazirinin göstərişi ilə birbaşa baş leytenant rütbəsinə təqdim edilirlər və onlara sərbəst vəzifə seçimi hüququ verilir.

Polis Akademiyasının rəisi, general-mayor Ramiz Nağıyev bu nailiyyətləri yetərli saymır. Qeyd edir ki, Prezident İlham Əliyev akademiyanın daha mühüm irəliləyişlər əldə etməsini onlar qarşısında vacib məsələ kimi müəyyənləşdirib və bu prosesə daim qayğı, dəstək göstərir. Həmçinin Daxili İşlər Nazirliyi rəhbərliyinin davamlı yardımı, himayəsi bu təhsil ocağında müsbət dəyişikliklərin miqyasını genişləndirməyə imkan verir.

Polis Akademiyası indi böyük tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Burada yüksək elmi hazırlıq keçən, mükəmməl hüquqi təhsil alan müdavimlər həm də gələcək fəaliyyətdə polis andına layiqli xidmət göstərmək amalını ən mühüm xüsusiyyət kimi əxz edirlər. Onların hər biri öz fərdi fəaliyyəti ilə polis nüfuzunun daha da artmasına çalışacaq və cəmiyyətdə insanların "mənim polisim mənim təhlükəsizliyimi, hüququmu etibarlı qoruyur, öz biliyi və peşəkarlığı ilə geniş etimad qazanır, mən ona inanıram və güvənirəm" mülahizəsinin qətiləşməsinə töhfə verəcəklər. Polis Akademiyasının indi malik olduğu yüksək elmi potensial və peşəkar fəaliyyət bu arzunun tam əminliyə çevrilməsinin əsas zəminidir...

 

 

İxtiyar Hüseynli

 

Azərbaycan.-2009.-4 fevral.-S.3.