Konstitusiya islahatı ictimai münasibətlərin inkişafından irəli gələn obyektiv zərurətdir

 

Müasir dövrdə hər bir dövlətin demokratikliyi onun insan hüquq və azadlıqlarına münasibəti əsasında müəyyənləşir. Demokratik inkişafın, birgəyaşayış normalarının ayrılmaz hissəsinə çevrilmiş bu dəyər hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycanın ictimai-siyasi həyatında özünə möhkəm yer tapmışdır. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim nəzarətdə saxlamışdır.

Son 14 ildə Azərbaycanda ardıcıl və sistemli surətdə həyata keçirilən, beynəlxalq təcrübəyə əsaslanan məhkəmə-hüquq islahatlarının əsasında da məhz insan hüquq və azadlıqlarının müdafiəsi dayanır. Bu müddətdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan kompleks tədbirlər qanunun aliliyinə, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə real hüquqi təminatlar yaratmışdır. 1995-ci ilin 12 noyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, ümumilikdə cəmiyyətin demokratikləşməsinə yeni imkanlar yaratmışdır.

Konstitusiyada məhkəmə hakimiyyətinin müstəqilliyi birmənalı əksini tapmış, onun hərtərəfli fəaliyyəti üçün real hüquqi istinad bazası yaradılmışdır. Ölkədə aparılan məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycan Respublikasında qanunun aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər vacib məsələlərin konseptual həlli olmuşdur.

Hər bir normativ hüquqi akt kimi, Konstitusiyanın da zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, yeniliklərə adekvat reaksiya verməsi son dərəcə vacibdir. Demokratiyanın sonu görünmədiyi kimi, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatı ilə bağlı islahatları da konktet çərçivə ilə məhdudlaşdırmaq mümkün deyildir. Odur ki, qanunvericiliyin cəmiyyətin inkişaf ahənginə uyğunlaşdırılması, ictimai münasibətlərin tənzimlənməsində daha çevik, işlək hüquqi mexanizmlərin formalaşdırılması demokratik və hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən sayılır.

Azərbaycanın iqtisadi, siyasi, hüquqi cəhətdən inanılmaz dərəcədə inkişaf etməsi, cəmiyyət həyatının bütün sferalarında tərəqqi və intibahın aşkar duyulması, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əsaslı addımların atılması, respublikamızın insan hüquq və azadlıqlarının daha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi Konstitusiyaya bir sıra mütərəqqi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirir. Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin martın 18-də ümumxalq səsverməsinə - referenduma çıxarılmasını da tamamilə təbii, qanunauyğun və məntiqi proses kimi qarşılamaq lazımdır.

Referendum Aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyi ilk baxışda qabarıq görünür. Konstitusiyanın 18-ci və 48-ci maddələrinə təklif olunan əlavələr vətəndaşların Konstitusiya ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatına xidmət edir.

Referendum Aktı layihəsinə müvafiq olaraq Konstitusiyanın 18-ci maddəsində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, "dini cərəyanlar"ın da yayılması və təbliğinin qadağan edilməsi təklif olunur. Bu əlavələr Azərbaycan Respublikasında qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır. 48-ci maddəyə təklif edilən əlavəyə görə isə "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". Bu da çağdaş dövrlə səsləşən vacib dəyişiklik olmaqla, respublikada dini tolerantlığın daha da gücləndirilməsinə xidmət edir.

39-cu maddəyə təklif olunan əlavələrə görə isə "Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz". Belə bir müddəanın Konstitusiyada nəzərdə tutulması şübhəsiz ölkədə ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, bu sahədə mövcud hüquqi çatışmazlıqların tənzimlənməsi baxımından çox vacibdir. 39-cu maddəyə təklif olunan digər mühüm əlavədə göstərilir ki, "Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir". Bu müddəa Azərbaycanın özünəməxsus flora və faunasının qorunmasına konstitusion təminatı gücləndirir, nadir bitki və heyvan növlərinin mühafizəsinə ciddi hüquqi zəmin yaradır.

Konstitusiyanın 32-ci maddəsinə təklif edilən əlavələr isə mahiyyətcə hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına xidmət edir. Bu əlavələr daha çox kütləvi informasiya vasitələri ilə ziyalılar və dövlət məmurları arasında münasibətlərin sivil məcrada tənzimlənməsi, ciddi jurnalistikanın nüfuzuna xələl gətirən qəzetlərə qarşı qanun çərçivəsində mübarizənin gücləndirilməsi baxımından son dərəcə aktualdır. Ayrı-ayrı ziyalılar, ictimai-siyasi xadimlər, xüsusən də dövlət məmurları barəsində həqiqətə uyğun olmayan və ya qeyri-qanuni şəkildə toplanan məlumatlar, gizli video və fotoçəkilişlər, səs yazıları da müntəzəm olaraq şantajla məşğul olan həmin qəzetlərdə özünə yer tapır. 32-ci maddəyə təklif edilən əlavəyə görə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və fotoçəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz".

32-ci maddəyə təklif edilən digər bir prinsipial əlavə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır".

Konstitusiyanın 50-ci maddəsinə təklif edilən əlavə də mahiyyət etibarilə kütləvi informasiya vasitələri sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmişdir. Həmin maddənin III hissəsində yer alan əlavəyə görə "Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir". Məlumdur ki, insanların şərəf və ləyaqətinə toxunan, həqiqətə uyğun olmayan məlumatlar dərc edən bəzi qəzetlər zərərçəkmiş şəxsin təkzib vermək, yaxud barəsində səslənən ittihamı cavablandırmaq hüququnu kobud şəkildə pozurlar. Bu baxımdan hər bir vətəndaşın barəsində kütləvi informasiya vasitələrində yayılmış həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatı təkzib etmək hüququnun konstitusion əsaslarının yaradılması son dərəcə mühüm yenilik kimi qeyd olunmalıdır.

Konstitusiyanın 67-ci maddəsinə təklif edilən dəyişikliyə görə "Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir". Bu, insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından son dərəcə əhəmiyyətli əlavə olub təqsirləndirilən hər bir şəxsə son söz verilməsinin konstitusion əsaslarını yaradır. Son söz institutu cinayət prosessual qanunvericiliyinin mühüm bir institutudur. Hakim təcrübəsinə əsasən deyə bilərəm ki, son söz zamanı bəzən istintaqın gedişatında əldə olunan nəticələri dəyişə biləcək yeni məqamlar, faktlar üzə çıxa bilir. Belə bir hüququn konstitusion əsaslarının yaradılması insan hüquq və azadlıqlarının təminatı baxımından son dərəcə zəruridir.

Hər bir xalq özünün dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmətlə yanaşır, onları özünün şərəfi kimi qoruyur. Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsinə təklif olunan əlavədə göstərilir ki, "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Azərbaycan xarici sərmayədarlar, əcnəbi iş adamları üçün açıq ölkə olduğundan belə bir əlavənin Konstitusiyada əksini tapması son dərəcə aktual məsələdir. Ölkə vətəndaşları ilə yanaşı respublikamızda fəaliyyət göstərən və yaşayan hər bir əcnəbinin Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətlə yanaşması vacibdir. Təklif olunan müddəa da bu sahədə nəzarətin güclənməsini təmin edəcəkdir.

Konstitusiyanın 96-cı maddəsinə təklif edilən dəyişikliyə görə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın hüquqi mənafeyinin daha dolğun, etibarlı qorunması baxımından təqdirəlayiqdir.

Qüvvədə olan mətndə Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Eyni zamanda yalnız bu orqanların qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Fikrimizcə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi Konstitusiyanın demokratikləşməsi istiqamətində atılmış mühüm addımdır.

Referendum Aktı layihəsində Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsinin yeni redaksiyada verilməsi ilə bağlı təklif də son dərəcə mütərəqqi səciyyə daşımaqla, hər bir vətəndaşın passiv seçki hüququnun daha dolğun, səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir. Bu dəyişiklik aktiv seçki hüququ olan hər bir vətəndaşın iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidentinin seçkilərində iştirakını nəzərdə tutur. 101-ci maddədə nəzərdə tutulmuş dəyişikliyin siyasi motivlərlə izahının heç bir əsası yoxdur. Seçki hüququ olan hər bir şəxs prezidentliyə namizədliyini dəfələrlə irəli sürə bilər, xalqın tamamilə azad, şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə ona etimad göstərib-göstərməyəcəyi isə tamamilə başqa məsələdir. Yəni burada söhbət passiv seçki hüququ olan vətəndaşın prezidentliyə namizədliyini irəli sürüb dərhal bu vəzifəyə seçilməsindən getmir. Prezident seçkilərində son sozü xalq deməlidir - xalqın azad seçim hüququnu isə heç kim məhdudlaşdıra bilməz.

101-ci maddəyə təklif olunan əlavəyə görə "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir". Konstitusiyaya belə mühüm bir əlavənin edilməsi müharibə şəraitində yaşayan, təcavüzə məruz qalan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Son illər Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına, ədalət mühakiməsinin daha səmərəli, şəffaf mexanizmlər əsasında həyata keçirilməsinə yönəlmişdir. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin bir qisminin məhkəmələrin fəaliyyəti ilə bağlı olması da məhz bu məqsədə xidmət edir. Məsələn, 125-ci maddəyə nəzərdə tutulan əlavəyə görə "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". 129-cu maddəyə təklif olunan əlavələrə görə isə "Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur; Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır". Nəzərdə tutulan dəyişiklik məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edir.

 

 

Qürbət Əsgərov

Hüquqşünas

 

Azərbaycan.-2009.- 4 fevral.-S.4.