Ali Məhkəmənin
sədri Avropa İnsan Hüquqları Məhkəməsinin 50 illik
yubileyinə həsr olunmuş seminarda iştirak etmişdir
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri
Ramiz Rzayevin başçılıq etdiyi
nümayəndə heyəti
yanvarın 30-da Avropa İnsan Hüquqları Məhkəməsinin Strasburqda
keçirilən 50 illik
yubiley mərasiminə
həsr olunmuş seminarda iştirak etmişdir.
Seminarda Avropa İnsan Hüquqları Məhkəməsinin
keçdiyi 50 illik yola nəzər salınmışdır. Avropa İnsan
Hüquqları Məhkəməsinin
insan hüquqlarının
müdafiəsi sahəsində
gördüyü işlərlə
bağlı geniş diskussiyalar və müzakirələr aparılmışdır.
Seminarda beynəlxalq hüququn müxtəlif aspektləri
barədə məruzələr
dinlənilmişdir. Qeyd olunmuşdur ki, 1959-cu il yanvarın
21-də Avropa Şurasının
Məşvərətverici Assambleyasının keçirdiyi
iclasda ilk dəfə insan hüquqlarının
müdafiəsi üçün
yaradılan məhkəməyə
müstəqil şəkildə
hakimlərin seçkisi
aparılmışdır.
Seminarda Avropa İnsan Hüquqları Məhkəməsinin
sədri Jan-Pol Kostanın məruzəsi maraqla qarşılanmışdır. Sədr
məruzəsində 50 il ərzində beynəlxalq hüququn inkişafı, beynəlxalq
məhkəmələrin rolunun
və nüfuzunun artması, beynəlxalq hüququn fəaliyyətinin
səmərəli nəticələrindən
danışmışdır.
Seminarda beynəlxalq
hüququn müxtəlif sistemləri arasında
qarşılıqlı əlaqələrin böyük
imkanlara malik olmasından danışılmış və məhkəmələr
arasında dialoqa ehtiyac olması zərurəti
vurğulanmışdır.
Strasburqa səfəri
çərçivəsində Azərbaycan Respublikası Ali
Məhkəməsinin sədri Ramiz Rzayev Avropa İnsan
Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta ilə
görüşmüşdür.
Ali Məhkəmənin
sədri Azərbaycanda ardıcıl məhkəmə-hüquq
islahatlarının aparıldığını, məhkəmə
sistemində şəffaflığın və qanunun aliliyinin
təmin edildiyini, insan hüquq və azadlıqlarının
qorunması sahəsində görülən işləri diqqətə
çatdırmışdır.
Görüşdə Jan-Pol
Kosta ötən ilin may ayında Azərbaycan Respublikası Ali
Məhkəməsinin 85 illik yubiley mərasimində
iştirakını xatırlamış, Azərbaycanın
onda xoş təəssüratlar yaratdığını
söyləmişdir. Jan-Pol Kosta Avropa İnsan
Hüquqları Məhkəməsi ilə Azərbaycan Respublikasının
Ali Məhkəməsi arasında ikitərəfli əlaqələrin
daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin
vacib olduğunu bildirmişdir.
Ali Məhkəmənin
sədri digər görüşlərində və söhbətlərində
də Azərbaycanda məhkəmə-hüquq sahəsində
həyata keçirilən islahatlar barədə geniş məlumat
vermiş, beynəlxalq terrorçuluğa, narkotiklərin
qanunsuz dövriyyəsinə, insan alverinə, mütəşəkkil
cinayətkarlığın digər növlərinə
qarşı mübarizə sahəsində səylərin əlaqələndirilməsindən
söhbət açmışdır.
Azərbaycan.-2009. - 4 fevral.-S.5.