İnformasiya Texnologiyaları
cəmiyyətin inkişafında
həlledici rol oynayır
AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun (İTİ) Elmi
Şurasının iclası keçirildi. İnstitutun
direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul
edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin
icrası, İTİ-nin struktur bölmələrinin 2009-cu il
üçün elmi fəaliyyət planları haqqında
danışdı.
İnformasiya cəmiyyətinin
formalaşdığı, insan resurslarının, elm və
texnologiyaların iqtisadi inkişafda həlledici rol
oynadığı müasir qloballaşma dövründə
informasiya texnologiyalarının sürətlə inkişaf edərək
həyatın bütün fəaliyyət sahələrində
geniş vüsət aldığını söyləyən
Rasim Əliquliyev Azərbaycanda bu sahənin inkişafına
dair dövlət proqramlarının qəbul olunduğunu və
bu istiqamətdə mühüm addımların
atıldığını bildirdi. O, institutun 8 dövlət
proqramının icrasında iştirak etdiyini qeyd edərək
xüsusən "Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün (Elektron Azərbaycan)"
Dövlət Proqramının icrası ilə əlaqədar
mühüm işlərin görüldüyünü,
Elektron hökumətin yaradılması prosesində
yaxından iştirak edən İTİ-nin
qarşısında duran mühüm vəzifələri nəzərə
çatdırdı, eyni zamanda E-Azərbaycan Dövlət
Proqramının növbəti mərhələsi üzərində
işlərin aparıldığını diqqətə
çəkdi.
"Biometrik informasiya
haqqında" Azərbaycan Respublikası Qanununun mahiyyətindən,
İTİ-də biometrik texnologiyaların yaradılması və
tətbiqinə dair təklif və tövsiyələr
hazırlandığını, təhsil sisteminin
informasiyalaşdırılması istiqamətində
müvafiq işlərin aparıldığını bildirdi.
Əhalinin ərzaq təhlükəsizliyinin
təmini məsələlərinə də toxunan alim
respublikada bu sahədə görülən tədbirlərdən
danışaraq bu məqsədlə qəbul edilmiş
dövlət proqramının 2008-2013-cü illərdə bu
sahədə əsaslı dönüş
yaradacağını, bu istiqamətdə müvafiq qurumlarla
işlər aparıldığını bildirdi.
Alim Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
imzalanmış "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf" Dövlət Proqramı çərçivəsində
AMEA-nın üzərinə müəyyən vəzifələrin
düşdüyünü söylədi. İnformasiya təhlükəsizliyi
sahəsində vacib addımlardan birinin də efir məkanında
informasiya təhlükəsizliyinin təmini məsələsinin
olduğunu nəzərə çatdıran R.Əliquliyev
institut tərəfindən bu məkanın etibarlı
müdafiəsinin qurulması üçün müəyyən
kompüter modellərinin təklif edildiyini, o cümlədən
e-mühitdə dövlət sirrinin qorunması istiqamətində
müvafiq işlərin aparıldığını bildirdi.
Ölkə vətəndaşları
və xaricdə yaşayan soydaşlarımızın istifadəsinə
veriləcək "Azərbaycan terminləri"
portalının müasir, dünya standartlarına cavab verən
səviyyədə təşkilinin mahiyyəti və
perspektivlərindən də söhbət açan R.Əliquliyev
müvafiq qurumların qarşısında müəyyən vəzifələrin
durduğunu qeyd etdi. Hazırda AMEA-nın Terminologiya
Komissiyası ilə birgə institutun əməkdaşları
tərəfindən veb-portalın yaradılması üzərində
işlərin aparıldığını bildirərək,
virtual məkanda azərbaycandilli kontentlərdə
(veb-saytlarda, e-dərsliklərdə, e-qəzetlərdə) yad
sözlərin operativ olaraq aşkar edilməsi, kontent sahibləri
və ictimaiyyətin bu haqda məlumatlandırılması,
statistikanın aparılması, dilin terminoloji tələblərinə
əməl edilməsi göstəricilərinə görə
reytinqlərin təşkili, terminoloji bazaya daxil ediləcək
yeni terminlərin müəyyənləşdirilməsi və
digər məqsədlərlə on-layn terminoloji nəzarət
sisteminin işlənilməsi, dilimizin ekologiyasının təmin
olunması istiqamətində elmi araşdırmaların
aparıldığını qeyd etdi.
Alim institutun Tədris-İnnovasiya
Mərkəzində qış semestrində
"İnformatika" fənni üzrə namizədlik
imtahanlarının vəziyyəti məsələlərinə
də toxundu, aspirant və dissertantlara elmi-metodoloji kömək,
dissertasiya işlərinin monitorinqinin aparılması məqsədilə
görüşlərin keçirilməsinin zəruriliyini
qeyd etdi.
Sonra institutun şöbə
müdiri, texnika elmləri doktoru Məsumə Məmmədova
"Azərbaycan Respublikasının əmək bazarında
informasiya texnologiyaları mütəxəssisləri seqmentində
tələb və təklif arasında münasibətlərin
monitorinqi" mövzusunda məruzə ilə
çıxış edərək Azərbaycanın
İnformasiya Texnologiyaları mütəxəssisləri
bazarında tələb və təklif münasibətləri,
strukturu və dinamikası, kəmiyyət və keyfiyyət
göstəriciləri, təhsil sistemində İT mütəxəssisləri
hazırlığının əmək bazarının real
strukturuna və işəgötürənlərin tələblərinə
cavab səviyyəsi və bu kimi digər məsələlər
haqqında lazım olan informasiyanın əldə olunması
üçün İT sahəsində əmək
bazarının monitorinqinin keçirilməsinin kifayət qədər
aktual məsələ olduğunu bildirdi. O, Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin sifarişinə
əsasən "Əmək bazarının informasiya
texnologiyaları mütəxəssisləri seqmentində tələb
və təklifin tədqiqi və müvafiq təkliflərin
hazırlanması" layihəsinin həyata keçirilməsi
istiqamətində AMEA İnformasiya Texnologiyaları
İnstitutunda tədqiqatların aparıldığını
bildirdi. İKT sektorunun dinamik inkişafını təmin edə
biləcək kadrların hazırlanması məsələsinin
önəmliyini bildirən M.Məmmədova son illər
ölkədə İT üzrə sahələrdə
müvafiq ixtisaslı mütəxəssislərə tələbatın
artdığını və yaxın illərdə bu tələbin
daha da artacağını vurğuladı. Onun sözlərinə
görə, hazırda Azərbaycanda İT üzrə təqribən
15975 mütəxəssis çalışır ki, onların
4128 nəfəri, yəni 25,8 faizi respublikanın kiçik
müəssisələrinin, 6137 nəfəri, yəni 38,4
faizi orta müəssisələrin, 3800 nəfəri, yəni
23,8 faizi iri müəssisələrin payına
düşür. İT mütəxəssislərin 12,0 faizini,
yəni 1910 nəfərini müstəqil İT mütəxəssislər
təşkil edir. İT-mütəxəssislər, işəgötürənlər
və İT-ekspertlər arasında aparılan sosioloji
sorğunun nəticələrinə görə, respondentlərin
63,4 faizi ali təhsilli, 21,9 faizi natamam ali təhsilli, 9,7 faizi
orta ixtisas təhsilli, 5 faizi isə
sertifikatlaşdırılmış kurslar keçməklə
İT-mütəxəssis kimi fəaliyyət göstərənlərdir.
Bu gün Azərbaycanda
İT üzrə 5000-ə qədər vakant yerin mövcud
olduğunu bildirən M.Məmmədova İT-ixtisası
üzrə əsasən proqramçı-mühəndis,
kompüter operatoru, informasiya təhlükəsizliyi üzrə
mütəxəssis, kompüter sistemlərinin istismarı
üzrə mühəndis, sistem-proqramçısı, şəbəkə
administratoru və başqa mütəxəssislərin tələb
olunduğunu söylədi. Bunun səbəbləri kimi
lazımi bilik və bacarığa malik mütəxəssislərin
olmaması, əmək haqqının azlığı və
digər məsələlər göstərilir. İT üzrə
kadr hazırlığının keyfiyyətinin
artırılması üçün dövlət, elm, təhsil
və İT-biznes sektoru arasında konstruktiv əməkdaşlığın
vacib amillərdən olduğunu deyən M.Məmmədova
İT kadrlara olan tələb və təklifin qiymətləndirilməsinə
və proqnozlaşdırılmasına dair effektiv metodların
işlənməsinin mühümlüyünü bildirdi.
"Azərbaycan
Respublikasında böyük hesablama və yaddaş
resurslarına olan tələbatın
araşdırılması və təkliflərin işlənməsi
haqqında" məruzə ilə çıxış edən
institutun şöbə müdiri, texnika elmləri namizədi
Rəşid Ələkbərov "Elektron Azərbaycan"
Dövlət Proqramı çərçivəsində Milli
Superkompüter Mərkəzinin (MSM) yaradılmasının nəzərdə
tutulduğunu bildirdi. O, ölkəmizdə Superkompüter Mərkəzinin
yaradılması sahəsində məqsədyönlü
işlərin aparıldığını, həmçinin
bu mərkəzdə həlli nəzərdə tutulan strateji əhəmiyyətli
məsələlərin müəyyən olunması və
onların reallaşdırılması üçün
müvafiq elmi araşdırmaların aparılması istiqamətində
intensiv işlərin görüldüyünü bildirdi.
İnstitutun şöbə müdiri texnika elmləri namizədi Firudin Ağayev "Azərbaycan Respublikasında İKT kadrlarının hazırlanması vəziyyətinin monitorinqi və beynəlxalq standartların tələbləri ilə müqayisəli təhlili" mövzusunda məruzəsində Azərbaycanda İKT kadrların səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasının mühüm amillərdən olduğunu bildirərək, dünyanın aparıcı dövlətlərində bu sahədə görülən işlərdən danışdı. F.Ağayev dünyanın İT üzrə 100 ən qabaqcıl universiteti içərisində Kaliforniyanın Berkley Universiteti, Massaçusets Texnoloji Universiteti və Stanford Universitetinin ilk üçlüyü bölüşdürdüyünü bildirdi. O, Çində yaxın 5 ildə 1 milyon proqramçının hazırlanmasının planlaşdırıldığını bildirərək, analoji işlərin Sinqapur, Tayland, İndoneziya və digər dövlətlərdə də həyata keçirildiyini dedi.
AMEA İTİ-nin nəzdində fəaliyyət göstərən İnternet Şurasının fəaliyyəti haqqında çıxış edən institutun şöbə müdiri, texnika elmləri namizədi Əmiraslan Əliyev AMEA korporativ şəbəkəsinin idarəedilməsinin təkmilləşdirilməsi, şəbəkə təhlükəsizliyinin təmini, korporativ şəbəkənin imkanları və ondan istifadə qaydaları haqqında danışdı.
İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyova www.science.az portalı və www.ikt.az saytının vəziyyəti, mövcud problemləri haqqında danışaraq, hər iki saytın veb-səhifələrinin yenilənməsi, informasiya təminatı haqqında məlumat verdi.
İnstitutun elmi katibi Mədinə Səidova tapşırılmış işlərin icra vəziyyəti haqqında məlumat verdi.
Sonra İTİ-nin yeni dissertantlarının mövzuları və elmi rəhbərlərinin təsdiqi məsələlərinə baxıldı. Dissertantlar - Vüqar Əvəzov, Elçin Məmmədov və Zaur Şirəlizadənin dissertasiya mövzuları müzakirə olunaraq təsdiq edildi, təklif və tövsiyələr səsləndirildi.
Akif Əliyev
Azərbaycan.-2009.-4 fevral.-S.5.