Nabukko bizim üçün enerji təhlükəsizliyi məsələsidir

 

Macarıstanın paytaxtı Budapeştdə Nabukko layihəsinin müzakirəsi ilə bağlı keçirilən sammit bitsə də, onun yekunları hələ də müzakirə olunmaqdadır. Əsas suallar layihənin hansı variantda gerçəkləşməsi, maliyyə maqnatlarının bu risqə atılmaq həvəsi, geosiyasi maraqlar ən əsası gerçəkləşəcəyi halda boru kəmərinin qazla doldurulması məsələsidir.

Macarıstanın Nabukko layihəsində səlahiyyətli səfiri Mihali Bayer Bİ-Bİ-Sİ radiosuna verdiyi müsahibədə bu məsələlərə aydınlıq gətirmişdir: "Ən vacibi konsensusun əldə olunmasıdır ki, ona da nail olduq. Növbəti ən vacib addım hökumətlərarası konsensusun imzalanmasıdır. Bu, Nabukko İnterneşnl, banklar və maliyyə partnyorları arasında aparılacaq danışıqlar üçün əsasdır. Sazişin şərtlərinə görə, dövlətlər maliyyə üçün zəmanətlər verməklə öhdəlik götürürlər. Ümid edirik ki, sazişin imzalanması istiqamətində işlər tez bir zamanda tamamlanacaq. Daha bir vəzifə isə maliyyə paketini tərtib etməkdir. Aydındır ki, bu, sadəcə, bir iqtisadi layihə deyil. Müasir geosiyasi şərait onun Mərkəzi və Şərqi Avropanın, ümumilikdə Avropa İttifaqının enerji təhlükəsizliyi üçün çox böyük əhəmiyyətə malik olduğunu göstərir. Ona görə də İttifaq öz maliyyə imkanlarını bu işə cəlb etməli, onun irəliyə getməsinə nail olmalıdır.

- Nabukko Avropanın qaza olan ehtiyacını nə dərəcədə ödəmək imkanındadır? - sualını cavablandıran səlahiyyətli səfir bildirib ki, Nabukko bizə qazdan başqa daha bir mühüm imkan yaradır: "Qıtlıq və ya fövqəladə vəziyyətlərdə, məsələn Rusiya ilə Ukrayna arasındakı son mübahisəyə oxşar bir hadisə baş verərsə, həmin kəmər bizim üçün əlavə təchizat mənbəyi olacaqdır. Yəni ola bilər ki, nəql etmək imkanları baxımından Nabukkonun vacibliyi Şərqi Avropa ölkələri üçün strateji əhəmiyyətdən az sayılsın".

Nabukko kəməri reallaşacağı təqdirdə borunun doldurulması da əsas şərt kimi gündəmdədir. Məsələyə aydınlıq gətirən macarıstanlı diplomata görə, bunun üçün təchizatçı ölkələrin razılıq verməsi hələ işin tamamlanması demək deyil: "Biz özümüz də çox iş görməliyik. İşə birinci kim girişsin. Hələ ki, sərmayədarlar belə nəhəng məbləğə dair öhdəlik götürməyə həvəsli deyillər. Onlar borunun o biri başından qazın axdığını gözləri ilə görmək istəyirlər. İstehsalçılar isə hələ mövcud olmayan kəmərə qaz ötürməkdən boyun qaçırırlar. Ona görə də maraqlı dövlətlərin başçıları kəmərin maliyyələşdirilməsinin vacibliyindən, tərəqqinin əldə olunmasından və investorların riskinin azaldılmasından danışırlar".

Gündəmdə olan əsas məsələdən biri Türkmənistanın bu layihədə iştirakıdır. Mihali Bayer bu barədə nikbindir: "Rəsmi Türkmənistan bizə bildirir ki, onlar Avropa investorlarının şirkətlərinin qaz mədənlərini inkişaf etdirməyin tərəfdarıdırlar. Onlardan Budapeşt sammitinə gələn Energetika Agentliyinin rəhbəri ölkə prezidentinin ən çox etimad göstərdiyi şəxslərdən biridir. O, çıxışında türkmən qazının diversifikasiya edilməsində maraqlı olduğunu bildirdi. Həm dedi ki, ölkəsi Rusiya İranda qaz bazarlarına malikdir. Çin istiqamətində tezliklə qazın gedəcəyi gözlənilir. Türkmənistan Avropaya da qaz satmaq imkanındadır. Fikrimcə, hazırkı mərhələdə türkmən rəsmisinin belə bir bəyanatı kifayət qədər güclü bir mesajdır".

Səfir Azərbaycanı enerji sahəsində Avropanın etibarlı partnyoru sayır: "Bu ölkə masa üzərində olan layihələrin dəyərini yaxşı bilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sammitdəki çıxışında ölkəsinin Nabukkoda iştirak etmək əzmində olduğunu vurğuladı".

Əsas müzakirə mövzularından biri Türkmənistanın Nabukkoya qaz ötürməyə razı olacağı təqdirdə Xəzərin dibi ilə kəmər çəkilməsidir. Rusiya bu məsələdə bütün sahil dövlətlərinin razılığını şərt kimi irəli sürdü. Bəs məsələyə beynəlxalq münasibət necədir? M.Bayer bu sualı belə cavablandırıb: "Düzdür, belə bir fikir səslənir. Lakin türkmən qazını Avropaya nəql etmək üçün transxəzər boru xəttinin salınmasına ehtiyac yoxdur. Çünki Şahdəniz qaz yatağının yaxınlığında Türkmənistanın da qaz yataqları yerləşir. Bu yataqları birləşdirmək qazı Avropa İttifaqına ixrac etmək üçün kiçik bir kəmərin salınması bəs edir. Ona görə təkrar edirəm, türkmən qazını nəql etmək üçün transxəzər qaz kəmərinin inşasına ehtiyac yoxdur. Digər bir məsələ var ki, xatırlayırsınızsa, Tehran sammitində Türkmənistan Prezidenti Berdimuhammedov Rusiyanın məhz həmin təklifinə şərik çıxmadığını bəyan etdi. O da hesab edir ki, iki sahil dövləti suyun altı ilə kəmər çəkmək hüququna malikdir".

Nabukkonun inşasına tələb olunan təxminən 8 milyard avronu verəcək bankların, maliyyə təsisatlarının mövqeyi ilə bağlı da səlahiyyətli səfir fikirlərini bölüşdü: "Biz əvvəldən maliyyə məsələsini layihə qarşısında maneə hesab etmirdik. Gözləntilərimiz özünü doğrultdu. Sammit zamanı Avropa İnvestisiya Bankının sədri dedi ki, əgər lazımi şərait yaradılarsa, biz tələb olunan vəsaitin 25 faizini verməyə hazırıq. Avropa Bankı da layihəyə konstruktiv dəstək verəcəyini söylədi. Əgər Avropa İttifaqı da öz pulunu ayırsa, bu, əminliyi artırıb, riski azaldardı".

Nabukko Qərb üçün prioritet layihədir. "Şimal axını" qazı Avropanın digər yerlərinə daşımaq üçündür. Avropa kimdənsə asılı olmaq istəmir. Xəzəryanı Yaxın Şərq birlikdə Rusiyadan iki dəfə artıq qaz ehtiyatlarına malikdir. Nabukko kommersiya layihəsi kimi digər layihələrdən xeyli irəlidədir. Artıq onun əməliyyat şirkəti yaradılıb, texniki hesabatı aparılıb. axın hələ ki, kağız üzərində olan ideyadır. 20-30 ildən sonra isə bizə Xəzərdən yeni kəmərlər lazım olacaq. Ona görə indidən müxtəlif variantları götür-qoy etmək pis olmazdı. Çünki elə hazırlıq mərhələsinə 8-10 il tələb olunur.

Enerji layihələrinin son illər siyasiləşdirilməsinə toxunan Mihali Bayer təəssüflə bildirib ki, bu belədir, son illər bütün enerji məsələləri siyasiləşdirilib. İqtisadi maliyyə böhranının arxasında da geosiyasi məsələlərin durduğuna şübhə yoxdur: "Mən çox istərdim ki, bunlar yalnız kommersiya layihəsi olsun. Lakin maraqlar çox mürəkkəbdir. Bunların da ən çoxu enerji məsələsi ilə bağlıdır. Nabukko isə bizim üçün enerji təhlükəsizliyi məsələsidir".

 

 

R.Rzalı

 

Azərbaycan.-2009.- 4 fevral.-S.5.