Dövlət Sosial Müdafiə Fondunun növbəti interaktiv sorğusu yekunlaşıb
Dövlət Sosial
Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az)
keçirilən növbəti interaktiv sorğu
yekunlaşıb. Sorğu zamanı respondentlərə
"hansı məsələlər barədə daha ətraflı
məlumatlandırılmağa ehtiyac
görürsünüz?" sualı ünvanlanıb.
Suala verilən cavablar nəticəsində
məlum olub ki, əhali daha çox pensiya artımları və
sosial sığorta yenilikləri ilə bağlı məsələlər
barədə məlumatlandırılmağa ehtiyac duyur. Belə
ki, sorğuda iştirak edənlərin 52,3 faizi pensiya
artımları, 20,5 faizi isə sosial sığorta yenilikləri
ilə bağlı ətraflı məlumatların verilməsinə
ehtiyac hiss edildiyini bildiriblər. Respondentlərin 17,9 faizi isə
fərdi uçot sistemi haqqında geniş məlumatların
verilməsinin zəruriliyini ifadə edib. Sorğuda iştirak
edənlərin 9,3 faizi sığorta-pensiya sisteminin digər
istiqamətləri barədə məlumatlandırılmağı
vacib sayıb.
Qeyd edək ki, DSMF
özünün internet saytında ictimaiyyətlə əlaqələri
daha da inkişaf etdirmək üçün interaktiv
sorğular keçirilməsini davam etdirir. Mütəmadi
olaraq keçirilməsi planlaşdırılan sorğular
zamanı əhaliyə sığorta-pensiya sistemi ilə
bağlı müxtəlif suallar ünvanlanır. Sorğuların
aparılmasında başlıca məqsəd əhalinin
ölkədə keçirilən sığorta-pensiya islahatları
barədə nə dərəcədə məlumatlı
olmasını öyrənmək və vətəndaşların
daha az informasiyaya malik olduğu sahələr istiqamətində
təbliğat işlərini gücləndirməkdir.
Onu da bildirək ki, DSMF
ictimaiyyətlə əlaqələrin mühüm həlqəsi
kimi özünün internet saytı vasitəsilə həm də
əhalini maraqlandıran sualları cavablandırır. 2008-ci
il ərzində saytın info@sspf.gov.az elektron ünvanına
iki mindən artıq elektron məktub daxil olub. Elektron
poçt vasitəsilə göndərilən suallar
arasında əmək pensiyaları, məcburi dövlət
sosial sığorta ilə bağlı qaldırılan məsələlər
üstünlük təşkil edib. Ümumilikdə suallarda
toxunulan məsələlər maarifləndirici xarakter
daşıyıb. Göndərilən hər bir sual fondun
müvafiq şöbələri tərəfindən
cavablandırılıb və həmin cavablar saytın
"sual-cavab" bölümünə yerləşdirilib.
Azərbaycan.-2009.-4 fevral.-S.5.