ARDNŞ beynəlxalq səviyyəli
quruma çevrilmək üçün əməli
addımlar atır
2008-ci ilin yekunlarına
görə, Azərbaycanda 45 milyon ton neft hasil olunmuşdur. Bu
da onu göstərir ki, "Mərkəzi Azəri"
platformasında baş vermış texniki problemlərə baxmayaraq,
son illərdə nail olunmuş artım tempi davam etməkdədir.
Neft hasilatında bu tərəqqi ilk növbədə "Azəri-Çıraq-Günəşli"
layihəsi üzrə fəaliyyətin genişləndirilməsi
hesabına əldə edilmişdir. Xüsusən "Günəşli"
yatağının dərin hissəsinin istismarına başlanması,
"Azəri" yatağındakı platformalarda intensiv qazma
və istismar işlərinin aparılması neft-qaz
hasilatının artırılmasına imkan
yaratmışdır.
ARDNŞ də bu prosesdən
geri qalmır. 2008-ci ildə şirkətin neft hasilatı 8,66
milyon ton olmuşdur. Ümumi neft hasilatının 85,6 faizi
"Azneft" İB-in, 14,4 faizi isə əməliyyat
şirkətləri və müştərək müəssisələrin
payına düşür. Bu göstəricilərə nail
olmaq üçün ARDNŞ mütəxəssisləri
keçən il bir sıra əhəmiyyətli tədbirlər
həyata keçirmişlər. 197 min metr qazma işi aparılmış,
178 quyu qazmadan istismara daxil edilmiş, həmin quyulardan 303 min
ton neft hasil olunmuşdur. O cümlədən, "Azneft"
İB üzrə istismara daxil edilmiş 110 quyudan 226 min ton
neft, 100 milyon kubmetr qaz hasil edilmişdir. Fəaliyyətsiz
fonddan 275 quyu istismara daxil edilmiş və 127 min ton neft
alınmışdır. "Azneft" İB üzrə 129
quyu istismara daxil edilərək 97 min ton neft hasil olunmuşdur.
Həyata keçirilmiş 5260 geoloji-texniki tədbir
hesabına 572 min ton əlavə neft əldə edilmişdir.
"Günəşli"
yatağında layihə üzrə nəzərdə
tutulmuş quyuların hamısı qazılıb
qurtarmış, 8 və 15 saylı özüllərdə əlavə
layihə və tikinti-quraşdırma işləri
aparılmaqla yeni quyuların qazılması üçün
texniki şərait yaradılmışdır. Böyük
kapital xərci hesabına yeni platformalar tikmədən,
ümumi gündəlik neft hasilatı 220 ton olan 2 yeni quyu
qazılıb istismara daxil edilmişdir. Neft Daşlarında
yeni tikilmiş 1887 nömrəli platformada intensiv qazma işləri
nəticəsində istismara daxil edilmiş 14 quyudan gündə
300 tondan çox neft hasil olunur.
Son illər təbii qaz
bütün dünyada aparıcı enerji mənbələrindən
birinə çevrilmişdir. Artıq bir neçə ildir ki,
ölkəmiz təbii qazın idxalından imtina edərək
daxili ehtiyatlar hesabına ölkənin bu yanacaq növünə
olan tələbatını tam ödəyir, Gürcüstan və
Türkiyəyə də əhəmiyyətli həcmdə
qaz ixrac edir. Biz son dövrdə hətta vaxtilə qaz idxal
etdiyimiz Rusiyaya və başqa ölkələrə də təbii
qaz təklif edirik. Nəhəng "Şahdəniz"
yatağının istismara verilməsi Azərbaycan qazına
olan marağı daha da artırmışdır. Eyni zamanda,
Prezident İlham Əliyevin göstərişinə uyğun
olaraq ARDNŞ-də həyata keçirilən qaz proqramı
çərçivəsində böyük işlər
görülür. Ölkənin təbii qaza olan tələbatının
ödənilməsi məqsədilə yeni quyular
qazılır, kəmərlər inşa edilir. Ötən illərdə
olduğu kimi, 2008-ci ildə də ölkəmizdə qazın
yığılması, nəqli və paylanması sisteminin
texniki imkanlarının daha da genişləndirilməsi və
etibarlılığının artırılması məqsədilə
əlavə qaz kəmərlərinin çəkilməsi və
yeraltı qaz anbarlarının yenidən qurulması istiqamətində
kompleks tədbirlər həyata keçirilmişdir. Vacib əhəmiyyətli
qaz kəmərlərinin tikintisi başa
çatdırılmış, Qaradağ yeraltı qaz
anbarının yenidən qurulması üçün
müvafiq layihələr hazırlanmış, fəaliyyətsiz
quyularda təmir və zəruri tikinti-quraşdırma işləri
aparılmışdır. Eyni zamanda, ölkə
başçısı İlham Əliyevin
tapşırığı ilə Naxçıvandakı
Böyükdüz strukturunun yeraltı qaz anbarı kimi istifadəsi
imkanlarını müəyyənləşdirmək məqsədilə
kəşfiyyat quyusunun qazılmasına
başlanmışdır.
Ötən il ARDNŞ tərəfindən
işlənmədə olan yataqlardan qaz hasilatının
artırılması və "Azəri",
"Çıraq", "Şahdəniz"
yataqlarının işlənməsinin intensivləşdirilməsi
hesabına ölkədə 22,6 milyard kubmetr qaz hasil
edilmişdir ki, bu da 2007-ci illə müqayisədə 5,7
milyard kubmetr (və ya 33 faiz) çoxdur. Dövlətə beynəlxalq
konsorsiumlar üzrə 2008-ci ildə 4,4 milyard, ARDNŞ üzrə
isə 6,78 milyard kubmetr qaz təhvil verilmişdir (ARDNŞ
üzrə hasilat 7,76 milyard kubmetr olmuşdur). Yola
saldığımız ildə Cənubi Qafqaz Boru Kəməri
vasitəsilə Türkiyəyə 4400 milyon kubmetr,
Gürcüstana isə 260 milyon kubmetr "Şahdəniz"
qazı nəql edilmişdir. Bundan əlavə, "Azəriqaz"
QSC-nin texniki kommunikasiyaları vasitəsilə ARDNŞ tərəfindən
Gürcüstana 420 milyon kubmetr, İrana 30 milyon kubmetr qaz nəql
olunmuşdur.
ARDNŞ üzrə neft
hasilatının qismən sabitləşdirilməsi, qaz
hasilatının isə artırılması üçün
mütəmadi olaraq yataqların işlənmə layihələri
optimallaşdırılır, quyu fondu üzərində səmərəli
geoloji-texniki tədbirlər həyata keçirilir,
infrastrukturlar yenidən qurulur, texniki kommunikasiyalar təkmilləşdirilir.
Azərbaycan qazının
Avropa İttifaqı ölkələrinə ixrac edilməsi
istiqamətində aparılan işlər sürətlənmişdir.
Yaxın illərdə Azərbaycan tək neft, qaz və neft məhsulları
təchizatçısı deyil, həm də tranzit ölkə
kimi öz əhəmiyyətini qat-qat artıracaq. Avropada Azərbaycana
Nabukko, Türkiyə - Yunanıstan - İtaliya, Transadriatik boru
kəmərləri layihələrinin əsas təchizatçılarından
biri kimi böyük ümidlər bəslənilir. 2008-ci ildə
Qazaxıstan və Gürcüstan hökumətləri ilə
imzalanmış saziş və memorandumlar beynəlxalq miqyasda
Azərbaycanın mövqelərini daha da gücləndirmişdir.
Neft və qaz məhsullarının
istehsalı da şirkətin daim diqqət mərkəzində
olan məsələlərdəndir. ARDNŞ 2008-ci ildə
mövcud emal gücündən maksimum istifadə etmişdir.
Ötən il emal müəssisələrində 7 milyon 390
min tondan artıq neft, 4 milyard 686 milyon 700 min kubmetr qaz emal
edilmişdir. Emal dərinliyi 75 faiz olmuşdur ki, bu da Azərbaycan
neft emalı tarixində rekord göstəricidir. İstehsal
olunan təxminən 6 milyon 664 min ton neft məhsulunun 55,2 faizi
xarici ölkələrə ixrac edilmiş, 44,8 faizi isə
daxili bazarın ehtiyacına sərf olunmuşdur.
Dövlət Neft Şirkətini
beynəlxalq səviyyəli, modern, çevik bir quruma
çevirmək haqda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığı uğurla həyata
keçirilməkdədir. Ötən il bu istiqamətdə
böyük işlər görülüb. Şirkət xarici
ölkələrdə reallaşdırdığı layihələrə
təşkilati kömək göstərmək məqsədilə
2008-ci ildə daha bir neçə ölkədə -
İsveçrə, Avstriya, Qazaxıstan, İran və Ukraynada
öz nümayəndəliklərini təsis etmişdir. Həmçinin
İsveçrədə ilk treydinq şirkətini
yaratmışdır ki, bu da ARDNŞ-in müasir tarixində əlamətdar
hadisədir.
Şirkətin beynəlxalq
layihələri sırasında qonşu Gürcüstan və
Türkiyədə həyata keçirdiyi işlər
böyük önəm kəsb edir. ARDNŞ-in törəmə
müəssisəsi olan "SOCAR Energy Georgia" MMC
2006-cı ilin avqust ayından fəaliyyətə
başlamışdır. Müəssisə tərəfindən
neft məhsullarının ümumi idxalı 2008-ci ildə 362
min ton təşkil etmişdir. Bunun 357 min tona yaxını Azərbaycan
mənşəli məhsullar olmuşdur. Bu müəssisə
Gürcüstanın dövlət büdcəsinə 159 milyon
lari vergi ödəmiş və Gürcüstan büdcəsinin
ən iri tədiyyəçisi olduğunu 2008-ci ildə də
bir daha təsdiq etmişdir.
Ötən il ARDNŞ-in
Gürcüstanda başqa bir törəmə müəssisəsi
- "SOCAR Georgia Gaz" şirkəti də fəaliyyətə
başlamışdır. Keçən ilin may ayından etibarən
həmin şirkət Azərbaycandan 110 milyon kubmetr təbii
qaz idxal edərək bunun Gürcüstan bazarında
satışını təşkil etmişdir. "SOCAR
Georgia Gaz" ötən ilin sonlarında
Gürcüstanın təbii qaz distribüter şəbəkəsinin
özəlləşdirilməsi ilə bağlı
keçirilən tenderin qalibi olmuşdur. Bu isə o deməkdir
ki, şirkət yaxın vaxtlarda Gürcüstanın 30
böyük regionunun qazlaşdırılmasını həyata
keçirməyə başlayacaq.
ARDNŞ 2008-ci ildə
Gürcüstanda Kulevi Qara dəniz Terminalını təntənəli
şəkildə istismara vermiş, terminalda böyük yenidənqurma
və modernləşdirmə işləri
aparmışdır. Xam neftin və neft məhsullarının
saxlanması və gəmilərə yüklənməsi
üçün nəzərdə tutulmuş bu terminala 340
milyon ABŞ dolları həcmində sərmayə
qoymuşdur. 2009-cu ildə terminala daxil olan neftin və neft məhsullarının
həcminin 8-10 milyon tona çatdırılması nəzərdə
tutulmuşdur. Burada böyük həcmli tankerləri
açıq dənizdə qəbul etməyə imkan yaradan
yeni liman layihəsi üzərində də işlər həyata
keçirilir. Gürcüstanda bir sıra başqa layihələr
də qrafikə uyğun şəkildə icra olunur.
Türkiyədəki layihələrin
icrası da uğurla davam etdirilir. Ötən il şirkət
"SOCAR-Turcas-İnjaz" alyansı tərkibində
Türkiyənin ən iri neft-kimya müəssisəsi olan
"Petkim" şirkətinin nəzarət-səhm paketinə
sahib olmuş və şirkəti öz idarəçiliyinə
götürmüşdür. Qeyd etmək lazımdır ki,
"Petkim"in məhsulları Türkiyə bazarının
təqribən 25-27 faizini təmin edir. Həyata keçiriləcək
tədbirlər nəticəsində bu göstəricinin 40 faizə
çatdırılması nəzərdə tutulub. "Shell
Global Solitions" və dünyanın digər
tanınmış konsaltinq şirkətləri ilə birlikdə
"Petkim"də istehsalın
optimallaşdırılması və onun tezliklə
regiondakı aparıcı neft-kimya sektoruna transformasiya edilməsi
üçün müvafiq işlər aparılır. Həmçinin
"Petkim"in marketinq kompleksinin inkişafı və müəssisənin
fasiləsiz olaraq zəruri miqdarda xammalla təchizatı məsələləri
də diqqət mərkəzindədir. "Petkim"in nəzdində
yeni neft emalı zavodunun layihələndirilməsi və
inşa olunması üçün "SOCAR and Turcas Refinery
A.S." adlı yeni törəmə müəssisə təsis
edilmişdir. Bu layihə çərçivəsində
artıq yeni emal zavodunun texniki-iqtisadi əsaslandırılmasının
hazırlanması üçün müsabiqə elan
olunmuşdur.
Prezident İlham Əliyev tərəfindən
təsdiq edilmiş dövlət proqramında yeni yataqların
kəşfiyyatının başa çatdırılması
və istismarı nəzərdə tutulur. Xəzər dənizinin
Azərbaycan sektorunda kəşf edilmiş, lakin hələ
işlənməyə daxil edilməmiş yataqlar
mövcuddur. ARDNŞ-nin əldə etdiyi nailiyyətlər
imkan verir ki, şirkət öz resurslarından istifadə etməklə
yeni strukturları müstəqil işləsin. Hazırda
şirkət dənizdə "Günəşli"
yatağının dayazsulu hissəsində, "Neft
Daşları", "Hövsan", "Qum adası",
"Pirallahı" yataqlarında, quruda isə
"Balaxanı", "Bibiheybət" və "Buzovna"
yataqlarında müstəqil işləyir. Bundan əlavə,
uzun fasilədən sonra ARDNŞ daxili vəsaitləri
hesabına "Ümid", "Babək", "Əşrəfi",
"Qarabağ" kimi yataq və strukturlarda kəşfiyyat
işləri aparmağı planlaşdırır. Bu
baxımdan ARDNŞ-nin öz texniki-iqtisadi imkanları
hesabına "Ümid" yatağı üzrə həyata
keçirdiyi layihə ən mühüm və perspektivli
işlərdən biridir. 2008-ci ilin son günlərində
platforma blokları dənizdə nəzərdə tutulmuş
yerinə çatdırılıb və
quraşdırılma işlərinə başlanılıb.
ARDNŞ 2008-ci ildə
dövlət büdcəsi qarşısındakı
bütün öhdəliklərini tam həcmdə ödəmişdir.
Bu, hazırda dünyada müşahidə olunan dərin
iqtisadi böhran şəraitində ciddi nailiyyət hesab
olunmalıdır. Şirkətdə mütəxəssislərdən
ibarət antiböhran işçi qrupu yaradılmış və
bu qrupa böhran şəraitində ARDNŞ-in fəaliyyəti
ilə bağlı xüsusi proqram hazırlanması
tapşırılmışdır. Artıq şirkətin
strukturuna daxil olan müəssisələrdə
alqı-satqı əməliyyatlarının məhdudlaşdırılması,
material və avadanlıqların istifadəsində qənaət
rejimi tətbiq edilməsi, sosial xərclərin
azaldılması ilə bağlı göstərişlər
verilmişdir. Dövlət Neft Şirkətinin maliyyə
dayanıqlığının qorunmasını təmin etmək
məqsədi ilə şirkətin nizamnamə kapitalı
mülkiyyətçi olan dövlətin vəsaiti hesabına
600 milyon manat artırılmışdır. Bir sıra dövlət
orqanlarının, iri sənaye müəssisələrinin
neft şirkətinə xeyli borcu yığılıb
qalmışdır. Hazırkı şəraitdə həmin
borcların ödənilməsinə nail olmaq şirkətin
qarşısındakı başlıca vəzifələrdəndir.
Şirkətdə belə
hesab edirlər ki, antiböhran tədbirləri çərçivəsində
elmi-təqdiqat işləri sürətləndirilməli,
nanotexnologiyalar sahəsində işlər daha da gücləndirilməlidir.
Bundan əlavə, investisiya fəaliyyəti təkmilləşdirilməli,
beynəlxalq layihələrdə yalnız ödəmə
qabiliyyəti yüksək olan tərəfdaşlarla əməkdaşlığa
nail olunmalıdır. Eyni zamanda, xarici ölkələrdə
keçirilən tenderlərdə ARDNŞ
strukturlarının iştirakı təmin edilməlidir. Bu və
digər məsələlərin həlli ARDNŞ-ə
dünyada baş verən iqtisadi böhranın fəsadlarından
az itki ilə çıxmaga zəmin yaradacaq.
2009-cu il üçün nəzərdə
tutulmuş proqrama əsasən, ARDNŞ üzrə 8 milyon 550
min ton neft, 8,0 milyard kubmetr qaz hasilatı
proqnozlaşdırılır. Bunun üçün 200 min metr
həcmində istismar qazması aparmaqla 83 yeni quyunun istismara
daxil edilməsi və həmin quyulardan 133 min ton neft, 3,4 milyard
kubmetr qaz hasil edilməsi planlaşdırılır. Həmçinin
13 min metrlik kəşfiyyat qazması aparılacaq, 6 quyunun
qazılmasına başlanacaq və 2 quyuda qazma başa
çatdırılacaq. Eyni zamanda, həyata keçirilməsi
nəzərdə tutulan 630 geoloji tədbir nəticəsində
263 min ton əlavə neft hasil ediləcək. Quyularda 1260 əsaslı,
34 min cari təmir işi aparılması nəticəsində
108 quyunun fəaliyyətsiz fonddan istismara qaytarılması
planlaşdırılır.
"Günəşli" yatağında qazlift kompressor stansiyası inşa olunmalı, oradakı 6, 8, 10, 15, 19 saylı özüllərdə əlavə quyuların qazılması üçün yenidənqurma işləri aparılmalı, bu və başqa özüllərdə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi yaradılmalıdır. "Neft Daşları", "Günəşli", "Bahar", "Qum dəniz", "Bibiheybət", "Balaxanı", "Qalmaz" yataqlarında neft və qaz yığım-nəql sistemləri təkmilləşdirilməli, faktiki olaraq yenidən qurulmalıdır.
2009-cu ildə əfsanəvi Neft Daşlarının yaranmasının 60 illik yubileyi qeyd ediləcək. Neft Daşlarının tarixi dəyəri, iqtisadi əhəmiyyəti nəzərə alınaraq 2008-ci ildən etibarən dəmir dirəklər üzərində qurulmuş bu məşhur şəhərciyin sosial infrastrukturunun müasirləşdirilməsi işlərinə başlanmışdır.
2009-cu ildə Neft Daşlarının yenidənqurma prosesləri başa çatdırılmalıdır. "Neft Daşları"nda 2521 saylı yeni özülün inşa edilməsi, habelə 4 saylı kompressor stansiyasında təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulur.
Əlavə quyuların qazılması məqsədilə "Qum-dəniz" yatağında 6, "Darvin bankası" yatağında 4, "Bulla-dəniz" və "8 Mart" yataqlarının hərəsində 1 özül və meydançada genişlənmə işləri aparılacaq. "Ümid" yatağında qazılacaq ilk kəşfiyyat quyularına böyük ümidlər bəslənir.
Rüstəm Kamal
Azərbaycan.-2009.-4
fevral.-S.6.