Müjdəli sabahlara doğru

 

Nəsillər kimi, səslər də bir-birini əvəz edir. Elə səslər var ki, hələ də bənzəri tapılmayıb. Hər səsin öz taleyi, yozumu, təsir gücü, könüllərdə, yaddaşlarda yaşamaq, iz salmaq qüdrəti var. Mehdi Məmmədovun ahəngindəki titrəyiş, həyəcan, Səməndər Rzayevin səsindəki müdriklik, Məhluqə Sadıqovanın avazındakı həlimlik, lap son illərə kimi söylədiyi şeirlərə rəğbətlə qulaq asdığımız xalq artisti Mikayıl Mirzənin qiraətindəki çılğınlıq Ayrı-ayrılıqda bunların hamısı birlikdə səs gülüstanı yaradırdı. Hər birinin də bu çələngdə məhz öz yeri vardı. Bu səbəbdən də onları heç kəs əvəz edə bilməz.

Məşhur bədii qiraət ustalarından birinin sözüdür ki, səsləri də hisslər idarə edir. Bu sözlərdən gələn həqiqətdir ki, həmişə vətənpərvər, yurdsevər, təmkinli, ağayana, həssas duyumlu insanların səsləri çox vaxt özlərinə bənzəyir. Lap bizim qəhrəmanımız - Şəmistan Əlizamanlı kimi. Özü müasirimiz olsa da, səsi, elə bil ki, qalxanlı-qılınclı mərd igidlərin döyüş meydanlarından gəlir. Səsindəki bu qədimlik haradandır onun avazında? Cavabını tapmaq üçün həm onun oxuduğu mahnılara qulaq asmaq, söylədiyi şeirləri dinləmək, həm də özü ilə söhbət etmək gərəkdir.

Ötən əsrin sonlarından səsini, qiraətini müntəzəm dinlədiyimiz Şəmistan Əlizamanlı Borçalı mahalında dünyaya göz açıb. Atası Hüseyn kişi meşəbəyi olub. Təbiətə, zümrüd dünyaya maraq və məhəbbət lap kiçik yaşlarından onun qanına yerimişdi. Ormanların gül-çiçək ətri, yaşıl rəngi, quşların nəğməsi, bir sözlə, ruha sakitlik bəxş edən bütün gözəlliklər Şəmistanın səsində əks-sədalanırdı. Xüsusilə də kənd toylarının sazlı-sözlü gecələri bir möcüzə kimi onu öz qanadlarına alaraq ovsunlayırdı. Romantik duyğularla çırpınan yeniyetmə dənizçi olmaq istəyirdi. Ona elə gəlirdi ki, dalğaların, ləpələrin qoynunda qeyri-adi bir dünya var. Dəniz onu Bakıya çəkirdi. Orta məktəbi bitirəndə ömrünün 15-ci baharını təzə tamamlamışdı. Bu üzdən də yaşı çatmadığına görə sənədlərini dənizçilik məktəbinə götürmədilər. Texniki peşə məktəblərinin birində oxumaq məcburiyyətində qalıb. Həmin vaxtlarda tez-tez özfəaliyyət dərnəklərinə gedər, incəsənətlə bağlı tədbirlərdə iştirak edərdi. Özü də duyurdu ki, qəlbində nəsə başqa istəklər qaynayır. Arzuları qanadını açmamış hərbi xidmətə göndərilir. Ordudan tərxis olunduqdan sonra İrəvana getməli olur. Oradakı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında çalışıb. O zaman bu teatrın direktoru şair və dramaturq Hidayət Orucov idi. Teatrın rəhbərliyi hiss edib ki, onların kollektivinə yeni daxil olan bu gəncin böyük istedadı var. Həmin dövrdə teatr direktorlarının xüsusi məktubu ilə qabiliyyətli gənclər müsabiqədən kənar qəbul üçün Azərbaycan Dövlət İncəsənət İnstitutuna göndərilirdi. Şəmistanın isə oxumağa heç həvəsi yox idi. İstəyirdi ki, yayda məzuniyyətə çıxıb kəndə dönsün, iş-gücdə atasına kömək etsin. Amma onu Borçalıya yox, Bakıya göndərdilər. İnstitutun rektoru, professor Aslan Aslanov qəbul imtahanı zamanı onun səsinə qulaq asdıqdan sonra söyləyib: "Oğlum, Tanrı sənə gözəl qamət, boy-buxun verib. Bu, aktyor üçün vacib şərtdir. Səsin də ki çox gözəldir. Gəl sən qiyabi oxuma. Həm də mədəni-maarif fakültəsində yox, aktyorluqda təhsil al".

Qəbul imtahanı zamanı professor Mehdi Məmmədov, əməkdar incəsənət xadimi Əşrəf Quliyev Şəmistan Əlizamanlını sorğu-suala çəkərkən onun səsindəki əzəmətə, qəlbəyatımlığa valeh olaraq sevinc və rəğbətlərini dərhal bildiriblər. Mehdi Məmmədovun sözləri ömrü boyu Şəmistanın fikrindən çəkilmədi: "Sən əsl aktyorsan, səsin də ki bir ayrı aləmdir". Şəmistan bu sınaqdan əla çıxdı.

Hələ tələbəlik illərində Azərbaycan radiosunda səslənən "Firuzə" radioteatrına gedər, dövrün tanınmış aktyorları ilə tərəf-müqabil olardı.

Onun ürəyini telləndirən bir səs də var idi. Bu, məşhur bədii qiraət ustası, radio diktoru Aydın Qaradağlı idi. Şəmistan danışır ki, mən ilk dəfə səs adlı möcüzəyə Aydın Qaradağlının ifasını eşidəndən sonra vuruldum. Onun şeirlərini dinləyəndə elə bilirdim ki, neçə pərdəli tamaşaya baxıram. Gözlərim önündə mənzərələr açılırdı. Aydın Qaradağlının səsi qəlbimdə adını bilmədiyim duyğular oyadırdı. Bəlkə də mən ilk dəfə səsin rəngini Aydın Qaradağlının nəfəsində duydum.

İnstitutu bitirdikdən sonra rejissor Tofiq İsmayılov məsləhət gördü ki, Şəmistan diktor olsun. Çünki artıq onun bu sahədə müəyyən təcrübəsi var idi. Səsi də bənzərsiz. Ona səhnə danışığından dərs deyən müəllimi Ənvər Əbluc da Şəmistanın diktor olmasının tərəfdarı idi.

Beləliklə, Şəmistan 1986-cı ilin may ayından müsabiqə yolu ilə Azərbaycan Radiosunun diktoru oldu. O gündən də məmləkətin dinləyiciləri ilə ünsiyyəti yarandı. İllər bir-bir qanadlanıb uçurdu. 1988-ci ilin aprelindən namərd qonşuların torpaq iddiası qara tufana dönüb dədə-baba torpaqlarımızda qan-qada, fəryadlar, dərdlər törətdi. Çıraqlar söndü, ocaqlar qaraldı. Soydaşlarımız doğma torpaqlarından didərgin düşdü. Ermənistan adlanan yerdən min vəhşiliklə qovulan azəri türklərinin faciəsi genişləndi. Bu qara tufanın caynaqları Bağanıs Ayrım faciəsini, Xocalı soyqırımını, Şuşa fəlakətini, Laçının, Kəlbəcərin, Cəbrayılın, Qubadlının, Füzulinin, Ağdamın işğalı ilə nəticələndi. Həmin vaxtlar təkcə silahlar vuruşmurdu. Şəmistan Əlizamanlı kimi sənətkarlar da səsləri ilə döyüşürdülər.

1993-cü ildə o, Azərbaycan Radiosunun hərbi diktoru idi. O illərdə onun nə çəkdiyini bir özü bilirdi. Ona görə ki, heç də könülaçan, ruha sakitlik gətirən xəbərlər oxumurdu. Yurdumuzda qan əkənlər torpağımızı parça-parça edirdilər. Şəhidlərimizin sayı-hesabı yox idi. O zaman Şəmistan Azərbaycanın Levitanı idi. Hərbi diktor olmaq şərəfli olsa da, ağrılı bir iş idi. Şəmistanın səsi insanlara ümid paylayırdı. Amma özü içdən əriyirdi. O, cəbhə xəbərlərini oxuduqca səsinə inam qatırdı. İstəyirdi ki, insanlar onu dinlədikcə vətən, torpaq uğrunda yaşamaq, vuruşmaq həvəslərini öldürməsinlər. Uğursuzluqlar onu sarsıdırdı. Cəbhə bölgələrindən gələn bəd xəbərlər ona ağır zərbə kimi dəyirdi. Bəzən də məlumatı oxuyub qurtardıqdan sonra tənha bir yerə çəkilər, özünü saxlaya bilməyərək hönkürərdi. "Bircə bu müharibə tez qurtarsaydı".

Sonralar səsi səngərlərdən gələrdi. Hazırda Türkiyə Dövlət Televiziyası olan TRT-nin Azərbaycan Bürosunda çalışır. Hazırladığı disk və DVD-lərə baxanda qəti əmin olduq ki, Şəmistan Əlizamanlının istər oxuduğu mahnılarda, istərsə də söylədiyi şeirlərdə, hazırladığı kompozisiyalarda bir qəhrəman var - Vətən! Oxuduğu mahnıların adına fikir verin: "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab leytenant", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və sairə. Ruhu və səsi ilə vətən üstə köklənən Şəmistan Əlizamanlının hansı mahnısına qulaq assan, səsindəki yürüş və marş ritmləri adama çox qeyri-adi bir təsir bağışlayır. Yaşından və peşəndən asılı olmayaraq o səsdən gələn çağırışa qoşulub düşmənin üstünə qalib kimi şığımaq istəyirsən.

 

Çağırır Vətən, çağırır Ana,

Mənfur düşməndən qisas almağa.

Səcdəgahdı, qibləgahdı

Üçrəngli türk bayrağı!

 

"Şəhid qanı axan torpaq yad ayaqda olmaz tapdaq" söyləyən Şəmistan Əlizamanlı əmindir ki, düşmənin məğlub gününü görəcək. Bunun üçün isə möhkəm dayanmaq, mətin olmaq gərəkdir. Onun nəğmələrindəki ruh yüksəkliyi çox gözəldir. Şəmistanın ifasını dinlədikcə əsgər kimi sıralanıb addımlamaq istəyirsən.

 

Çox sınadı bizi zaman,

Neçə şəhid getdi qurban.

Sinəsilə sipər olan

İgid əsgər,

Möhkəm dayan!

Ya azad ol,

Ya candan keç.

İki yoldan birini seç,

Azadlığın şərbətin iç.

İgid əsgər,

Möhkəm dayan!

 

Bu düşüncə və mətanətlə düşmən üstə yeriyən ordumuzun qalib gələcəyinə inanırıq. Ən böyük arzusu müjdəli sabahların - qələbə gününün tez gəlməsidir. Söyləyir ki, o zaman özümü xoşbəxt və bəxtəvər hiss edərəm ki, həsrətlə gözlədiyimiz bu xoş xəbəri beş-on adama çatdıran səs sahiblərindən biri də mən olum.

"Milli əsgər geyimi də dövlət atributları kimi şərafətlidir", - söyləyən və bütün varlığı ilə vətənə, torpağa bağlı olan Şəmistan Əlizamanlının indi 50 yaşı tamam olur. İki övlad atasıdır. Harada çalışmağından, yaşamağından asılı olmayaraq sinəsində Azərbaycan adlı bir məmləkətin məhəbbəti çırpınır. Arzu edirik ki, devizi müjdəli sabahlar olan Şəmistan Əlizamanlı illərlə həsrətini çəkdiyi o şad günə tezliklə qovuşsun! Qoy səsindəki nisgil, kədər notları qürur və fərəh hisslərinə çevrilsin! Əzəmətlə, vüqarla qalibiyyət nəğməsi oxusun!

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-4 fevral.-S.7.