Mərkəzi Seçki Komissiyasının iclası
keçirilmişdir
Mərkəzi Seçki
Komissiyasının mətbuat xidmətindən bildirmişlər
ki, əvvəlcə MSK katibi Natiq Məmmədov referendum
üzrə "Hüquq və demokratiya" təşviqat
qrupunun qeydə alınması məsələsi barədə
məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri
və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət
göstərən işçi qrupu tərəfindən
yoxlanılmış və həmin təşviqat qrupunun qeydə
alınması üçün əsaslar müəyyən
edilmişdir. Komissiya həmin təşviqat qrupunun qeydə
alınması barədə qərar qəbul etmişdir. Bununla
da Mərkəzi Seçki Komissiyasında təşviqat qrupu
kimi qeydə alınmış təşəbbüs
qruplarının sayı 4-ə çatmışdır. Ümumilikdə
Mərkəzi Seçki Komissiyasına referendum üzrə 14
təşəbbüs qrupu müraciət edərək imza vərəqələri
götürmüşdür. Həmin qruplardan 13-ü imza vərəqələrini
qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim
etmişdir. Təşəbbüs qruplarından biri -
"Demokratik Azərbaycan Dünyası" təşəbbüs
qrupu referendumda "Yeni Azərbaycan" referendum üzrə təşviqat
qrupunu dəstəkləyəcəyini bildirmiş və imza vərəqələrini
Komissiyaya qaytarmamışdır. Dairə seçki
komissiyalarına isə referendum üzrə 125 təşəbbüs
qrupu müraciət edərək imza vərəqələri
götürmüş və həmin qrupların hamısı
fevralın 1-dək imza vərəqələrini və təşviqat
qrupu kimi qeydə alınmaq üçün lazım olan digər
sənədləri təqdim etmişdır. Bu günədək
120 təşəbbüs qrupu DSK-lar tərəfindən
referendum üzrə təşviqat qrupu kimi qeydə
alınmışdır.
Mərkəzi Seçki
Komissiyası 18 saylı Nərimanov-Nizami, 83 saylı Ağcabədi-Ağdam,
93 saylı Bərdə şəhər və 124 saylı
Laçın seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişiklik
etmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının
iclasında ATƏT-in
Bakı ofisinin, Böyük Britaniyanın
Azərbaycandakı səfirliyinin,
ABŞ Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ)
təmsilçiləri və
kütləvi informasiya
vasitələrinin nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2009.- 4 fevral.-S.4.