Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Davosda "Konqress" mehmanxanasında CNN televiziya kanalına müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik.

- Sizin qatıldığınız tədbirdə iştirak etməkdən məmnun olduq. Davos forumunun gündəliyindəki məsələlərdən biri enerji bazarının mövcud vəziyyəti ilə bağlı olacaqdır. Beynəlxalq Valyuta Fondu bildirmişdir ki, ümumən dünyada 2009-cu ildə artım yalnız 0,5 faiz təşkil edəcəkdir. Eyni zamanda, neftin qiyməti 40 dollardan aşağı düşmüşdür. Qlobal artımın bu qədər zəifliyi şəraitində, hər hansı sabitlikdən danışmaq olarmı?

- Bildiyiniz kimi, bir neçə ay bundan öncə qiymətlərin birdən-birə bu dərəcədə aşağı düşməsini proqnozlaşdırmaq çox çətin idi. Ona görə biz tam əmin ola bilmərik ki, qiymət indiki səviyyədən aşağı düşməyəcəkdir. Eyni zamanda, biz hasilatçılar hamımız ümid edirik ki, qiymət yenidən qalxacaqdır. Bunu əvvəlcədən demək çox çətindir. Bu, tələbatdan, dünya iqtisadiyyatından dünyada qlobal böhranın hansı yolla aradan qaldırılmasından asılıdır.

- OPEK-in baş katibi bildirmişdir ki, əgər gündə dörd milyon barel nefti bazardan çıxarsaq əgər zəruri hesab edilərsə, təchizatı bundan da çox azaltsaq, vəziyyət sabitləşər. Siz eyni addımları atarsınızmı: məsələn, hasilat gündə 300 min barel həcmində azalsın?

- Hesab edirəm ki, proqnozlaşdırdığımız gündəlik 1 milyon barel hasilat kifayət qədər töhfəmiz hesab edilə bilər. Bundan artıq həcmi hasil etməyəcəyik.

- Siz hesab edirsinizmi ki, bazarda satışdan daha çox həcmdə enerji daşıyıcıları çıxarılmalıdır?

- Bir daha qeyd edirəm ki, bu günə qədər OPEK-in gördüyü tədbirlər, əlbəttə ki, həvəsləndiricidir. Lakin hamımız gördük ki, bu, fayda vermir. Onlar tərəfindən hasilatın qədər azaldılmasına baxmayaraq, qiymət yenə aşağı düşür. Bu onu göstərir ki, həcmlərlə qiymət arasında birbaşa əlaqə yoxdur. Eyni vəziyyət qiymətlər sürətlə artanda da baş verirdi. OPEK o vaxt da məsələni nizamlamağa çalışırdı. Beləliklə, bu mexanizmlər işləmir.

- OPEK və qeyri-OPEK ölkələri, eyni zamanda istehlakçı ölkələr və 20-lər qrupu arasında dialoqun əsas mahiyyəti haqqında nə deyə bilərsiniz?

- Zənnimcə, OPEK və qeyri-OPEK ölkələri arasında əməkdaşlıq bu işə əhəmiyyətli töhfə verə bilər. Lakin bu, daha geniş formatda aparılmalıdır. Bildiyiniz kimi, OPEK-ə üzv olmayan ölkələrdən yalnız ikisi hasilatın azaldılması barədə bəyanat vermişdir. Onlardan biri Azərbaycandır. Hesab edirəm ki, OPEK və qeyri-OPEK ölkələri arasında hasilat həcmi ilə bağlı daha geniş formatlı əməkdaşlıq sazişi olmalıdır. Bu sazişə əməl edilməlidir, heç kəs kiminsə hesabına daha yaxşı şərait əldə etməyə çalışmamalıdır.

- Yaxud, daha çox bazar payı?

- Əlbəttə.

- Neft qiymətinin 147 dollardan 40 dollara düşməsi digər bir məsələni üzə çıxardı. Gələcək üçün planlaşdırma məsələsini. Gələcək üçün münasib qiymət hansı ola bilər? Yəni, böhran aradan qalxandan sonra qiymətin 60 ya 80 dollar səviyyəsində olması münasibdirmi?

- Bu, qəbul edilə biləcək qiymət ola bilər. Lakin hesab edirəm ki, sərfəli qiymət təxminən 100 dollar civarında ola bilər. Bu qiymət şirkətlərə daha asan şəkildə sərmayə qoymaq imkanını yaradacaqdır. 60 ya 70 dollar isə iqtisadi baxımdan minimum sərfəli qiymətdir. Belə qiymətlə şirkətlər həm sərmayə qoya bilər, həm bu qərardan yayına bilər. Bu, şirkətlərin imkanlarından asılı olacaqdır. Neft şirkətlərinin heç hamısı bərabər potensiala maliyyə ehtiyatlarına malik deyildir. Fikrimcə, qiymət təxminən 100 dollar həcmində olarsa, bu, neft hasil edən ölkələr üçün ədalətli hesab edilə bilər. Neft şirkətlərindən fərqli olaraq, ölkələr nəinki neft hasilatına, başqa sahələrə sərmayə qoymalıdır.

- Zənnimcə, xüsusi vurğulamağa ehtiyac yoxdur ki, 100 dollarlıq qiymət Qərbin heç ürəyincə deyildir. Bu, həqiqətən belədir.

- Lakin hesab edirəm ki, bu qiymət hamının tələbatına cavab verir istehlakçılar ilə bazar bu qiymətlə ayaqlaşa bilər. Hasilatçı ölkələr "qara qızıl"ı asanlıqla insan kapitalına çevirə bilər. Şirkətlər isə daha çox sərmayə qoyar.

- Hazırda Orta Şərqdə resessiya ilə bağlı narahatlıq yaranıbdır. Lakin orada izafi hasilatla bağlı mənfəət əldə edirlər. Bu sözləri Azərbaycana da aid etmək olar. Belə şəraitdə, Siz insan kapitalının, informasiya texnologiyalarının daha da inkişafını davam etdirirsinizmi? İzafi hasilatla yanaşı, son illərdə ölkəniz fenomenal şəkildə inkişaf etmişdir.

- Tamamilə haqlısınız. Biz iqtisadiyyatı şaxələndiririk onun neftdən asılılığını azaldırıq. İnformasiya texnologiyaları, infrastruktur, kənd təsərrüfatı, təhsil, səhiyyə digər sahələrə sərmayə yatırırıq. Hesab edirəm ki, biz artıq bu sahədə mühüm nailiyyətlər əldə etmişik. Neft qiymətindən daha az, əvvəllər heç zaman olmadığı qədər asılıyıq. Hətta neftin bugünkü 40 dollarlıq qiyməti ilə belə, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Belə düşünürəm ki, 2009-cu il ÜDM-in artımı baxımından ölkəmiz üçün uğurlu olacaqdır.

- Sizdən sualıma açıq cavab almaq istərdim. Enerji daşıyıcılarının Avropaya nəql edilməsi ilə bağlı Rusiya Ukrayna arasında iki ildən artıqdır ki, mübahisə davam edir. Sizcə, bu çətin vəziyyətdən necə çıxmaq olar? Azərbaycan alternativ boru kəmərləri şəbəkəsi çəkmək fikrindədirmi?

- Rusiya ilə Ukrayna arasında gərginlik, belə demək mümkünsə, alternativ marşrutlara daha çox diqqəti cəlb etmişdir. Bizə gəldikdə isə, heç vaxt özümüzü bir növ alternativ marşrut hesab etməmişik. Biz sadəcə, hasilata sərmayə yatırılması, boru kəmərlərinin çəkilməsi enerji daşıyıcılarımızın Qərb bazarlarına çatdırılması işi ilə məşğuluq. Bir neçə il bundan öncə enerji məsələlərinin həlli təxirəsalınmaz məsələ kimi üzə çıxdı. Təkcə bir hasilatçıdan asılılıq müəyyən narahatlıqlar doğurur. Buna görə tamamilə təbiidir ki, Avropada xəritəyə daha diqqətlə baxmağa başladılar. Gördülər ki, Azərbaycanda, Xəzərdə böyük enerji ehtiyatları var, Azərbaycan qazını Qərb bazarlarına nəql edən müasir boru kəməri fəaliyyət göstərir. Onlar belə fikrə gəldilər ki, niyə bu prosesi sürətləndirməyək?! Ona görə bu gün yeni mənbələrə diqqət artmaqdadır. Onu deyə bilərəm ki, Xəzərin ehtiyatları, xüsusən Azərbaycan Avropa bazarları üçün yeganə yeni qaz mənbəyidir. Bütün digər mənbələr artıq istifadədədir. Bir yerdə hasilat artırılmalıdır ki, digər mənbədən asılılıq azalsın. Lakin yeni mənbəyə gəldikdə, söhbət yalnız bizdən gedə bilər.

- İran, Pakistan Hindistan arasında sülh boru kəməri adlanan ideya mövcuddur buna Amerika Birləşmiş Ştatları müqavimət göstərir.

- Bilirsiniz, əgər bu, kommersiya baxımından faydalıdırsa, onda layihədə iştirak edən ölkələr bunu edə bilər. Bəzən neft biznesində müqavimət əks mövqelər özünü büruzə verir. Neft şirkətlərinin bir çox rəsmiləri bacarıqlı diplomatlara çevrilirlər, çünki onlar bu mühitdə yaşamalıdırlar. Ona görə əgər siyasi iradə olarsa, istənilən layihə baş tutar. Azərbaycanın təcrübəsi çox nümunəvidir. Biz Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə başlayanda bir çox müqavimətlərlə üzləşdik. Lakin güclü iradəmiz, aparıcı maliyyə təsisatlarının dəstəyi bunu mümkün etdi.

- Sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 fevral.-S.1.