Davos forumunda Azərbaycan reallığı

 

XXI əsrin ilk onilliyinin başa çatmasına az müddət qalmasına baxmayaraq, dünya hələ də enerji, ətraf mühit, iqlim dəyişikliyi, iqtisadi, siyasi və bu qəbildən olan digər problemlərin məngənəsində sıxılmaqdadır. Bunu İsveçrənin kurort şəhəri olan Davosda keçirilmiş 39-cu Dünya İqtisadi Forumu və burada müzakirəyə çıxarılan məsələlər bir daha əyani təsdiq etdi. Forumun nəticələrindən o da aydın oldu ki, göstərilən problemlər fonunda qlobal maliyyə böhranı dünyanı daha ciddi çətinliklərlə üz-üzə qoyacaq. İndi ən optimal varianta görə, maliyyə böhranı 2010-cu ilin sonu - 2011-ci ilin əvvəlində başa çatacaq ki, bu da onun 2009-cu ildə dünya ölkələrinin iqtisadiyyatına təsirinin hələ güclü olacağını göstərir.

 

Avropa üçün Azərbaycanın əhəmiyyəti daha da artır

 

Lakin dünyada az sayda olan dövlətlər də var ki, nəinki qlobal böhranın təsirini ən minimal həddə hiss edir, eyni zamanda, dövlətlərin üzləşdiyi problemlərin həllində, xüsusən də, enerji ehtiyatlarına kəskin ehtiyac duyulduğu bir zamanda onların təminatında vacib rol oynayır. Təsadüfi deyil ki, belə dövlətlər sırasında yer aldığı üçün Azərbaycana istər Macarıstanda keçirilən Nabukko sammitində, istərsə də Davosda ənənəvi Dünya İqtisadi Forumunda xüsusi diqqət göstərilmişdir. Onu da bildirək ki, sonuncu Davos forumu bütün tarixi ərzində ən çox nümayəndənin iştirak etdiyi görüş sayılır. Budəfəki forumda 100-dək ölkədən 2500-dən çox nümayəndə, o cümlədən 41 dövlət və hökumət başçısı, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların, KİV-in rəhbərləri iştirak edib.

Forum çərçivəsində keçirilən iclaslar və digər görüşlər isə Azərbaycanın Qərb ölkələrinin enerji, xüsusən də, təbii qazla bağlı təminatında əsas ümid yerinə çevrilməkdə olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün qaz ətrafında yaranan mübahisələr Azərbaycana diqqəti xeyli artırıb. Özü də Azərbaycan Avropa üçün təkcə tranzit ölkə deyil, həm də bir təchizat mənbəyi sayılır. Ölkənin nəhəng qaz ehtiyatları isə növbəti illər ərzində Azərbaycanın daha çox diqqət hədəfində olacağını göstərir. Hesablamalara görə, Azərbaycanın qaz ehtiyatı minimum 2 trilyon kubmetrə bərabərdir. Daha optimal şəraitdə bu rəqəm 5-6 trilyon kubmetrə bərabər ola bilər.

Hazırda Azərbaycanın qaz hasilatı mövcud infrastruktur və bazarlarla əhatə olunur. Lakin daha böyük miqdarda qaz hasil etmək ərəfəsində olan Azərbaycan indiki satış bazarları ilə kifayətlənmək niyyətində deyil və Qərb dövlətlərinin də istədiyi kimi, Avropa bazarlarında öz xüsusi çəkisini artırmağa hazırlaşır. Davos Dünya İqtisadi Forumunun "Enerji Outlook-2009" mövzusunda iclasında iştirak edən Prezident İlham Əliyev bununla bağlı bildirir: "Yeni bazarlar hazırdır. Onlar Qərbdə, Mərkəzi Avropada yerləşir və yeni bazarlar Nabukko kəməri, Türkiyə, Yunanıstan, İtaliya, Transadriatik kəməri və digərləri ola bilər".

Avropanı maraqlandıran əsas məsələlərdən biri də Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək üçün Nabukko layihəsinin mümkün qədər tez reallaşmasına nail olmaqdır. Elə Azərbaycan da bu layihəyə lazımi dəstək verməyə hazır olduğunu bildirir. Prezident İlham Əliyev bu məqamla bağlı bildirir: "Azərbaycan hər zaman bu layihəni dəstəkləyibdir. Bu gün bir daha bəyan etmək istəyirik ki, biz öz dəstəyimizi davam etdirəcəyik".

Lakin geosiyasi maraq toqquşması hesab olunan Nabukko layihəsi ətrafında öz siyasi iradəsini ortaya qoyan Azərbaycan Avropa ölkələrinin də analoji cəsarət nümayiş etdirməsini istəyir. Ən azı ona görə ki, Nabukkoya Azərbaycandan daha çox Avropanın ehtiyacı var. Digər tərəfdən, o da faktdır ki, Azərbaycanın bu gün karbohidrogen ehtiyatlarını nəql edən və gələcəkdə böyük həcmdə nəql edə biləcək 7 neft və qaz kəməri var. Bu baxımdan, Azərbaycan enerji ixracı məsələsində də özünü tam təhlükəsiz hiss edir. Avropanın və digər maraqlı ölkələrin də enerji təhlükəsizliyini gücləndirməsi üçün Azərbaycan onlardan cəsarət tələb edən addımların atılmasını vacib sayır. Bu məqamla bağlı Prezident İlham Əliyev qeyd edir: "Nabukko ölkələri və bu layihəni dəstəkləyən təşkilatlar daha cəsarətli olmalı, onlar bu layihəyə təkcə gəlir mənbəyi kimi baxmalı deyillər. Bu, enerji təhlükəsizliyidir. Enerji təhlükəsizliyi ümumi təhlükəsizliyə və uzunmüddətli müstəqilliyə aparır. Bu səbəbdən hesab edirəm ki, daha güclü siyasi iradə, daha aydın maliyyə dəstəyi olmalıdır. Azərbaycan kimi ölkələr həm tranzit, həm də təchizatçı ölkə rolunu oynayaraq bu layihəyə dəstək vermək üçün əlindən gələni etməyə hazırdır".

Ümumiyyətlə, Azərbaycanın enerji siyasətinin fəlsəfəsi ondan ibarətdir ki, enerji məsələləri dövlətləri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, enerji məsələləri siyasi təzyiq və böhtan aləti kimi istifadə edilməli deyildir. Bu mənada, Azərbaycan enerji sahəsində Qərblə və digər dünya ölkələrilə sıx əməkdaşlığa hazır olduğunu daim bəyan edir. Görünür, elə bu səbəbdəndir ki, Avropanın enerji nəhənglərindən sayılan bp şirkətinin prezidenti Toni Heyvord Azərbaycanın artıq nümunə obyektinə çevrilən bir ölkə olduğunu vurğulayır. Onun sözlərinə görə, bu məsələlərdə iki mühüm məqama diqqət yetirilməlidir. Bunlardan birincisi açıq, azad, şəffaf və yaxşı idarə olunan enerji bazarı, ikincisi isə sabit fiskal və tənzimləyici rejimlər. "Azərbaycan bu mənada nümunə ölkə kimi göstərilə bilər" - deyən Toni Heyvordun fikrincə, bütün bunlar bp və onun tərəfdaşlarını son on ildə ölkəmizə 25 milyard dollar sərmayə qoymağa sövq etmişdir: "Biz Azərbaycanla çox uğurlu tərəfdaşlıqdan məmnunuq. Çünki Azərbaycan açıq, azad, şəffaf və yaxşı idarə olunan enerji bazarı qaydalarına riayət etmişdir, sabit fiskal və tənzimləyici rejimlər isə bizə Azərbaycanda müxtəlif istiqamətlərə infrastruktur qurmağa imkan yaratmışdır".

Nabukko layihəsi ilə bağlı olaraq isə qeyd olunmalıdır ki, onun reallaşması üçün Azərbaycan həm də ciddi öhdəliklər müəyyən olunmasını istəyir. Buraya həm siyasi, həm də maliyyə öhdəliyi aid edilir.

 

Azərbaycan ikili standartlara qarşıdır

 

Əlbəttə ki, Azərbaycanla Avropanı bağlayan təkcə enerji əlaqələri deyil. Ümumiyyətlə, Avropaya inteqrasiya etmək yolu tutan Azərbaycan digər sahələrdə də əməkdaşlığa xüsusi önəm verir və bununla bağlı, Avropa dövlətləri və təşkilatları ilə müxtəlif razılaşmalar imzalanıb, ayrı-ayrı proqramlar həyata keçirilir. Məsələn, Azərbaycan Avropa İttifaqının "Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı"nın iştirakçısıdır. İki ildən artıqdır ki, Azərbaycan Avropa İttifaqı ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamışdır. Bu gün Azərbaycanın da daxil olduğu Şərq tərəfdaşlığı proqramı müzakirə olunur. Prezident İlham Əliyev Davos forumu çərçivəsində "Böyük oyun təkrarlanır" devizi altında xüsusi iclasda çıxışı zamanı qeyd etdi ki, bütün bu mühüm addımlar və tədbirlər Azərbaycanla Avropa arasında əlaqələrin necə inkişaf etdiyini göstərir: "Enerji əməkdaşlığını və mövcud müasir enerji nəqli infrastrukturu da əlavə etsək, görərik ki, birgə görüləcək işlər çoxdur. Avropa ölkələri ilə bizim əlaqələrimiz qarşılıqlı maraq və hörmətə əsaslanır. Ümid edirik ki, bu müsbət dinamika davam edəcəkdir".

Bununla yanaşı, Azərbaycan tərəfini bu məsələlər fonunda narahat edən əsas məqamlardan biri, bəzi hallarda ikili standartlarla üzləşməsidir. "Reuters" agentliyinə müsahibəsində Azərbaycanın dövlət başçısı bu məqama regionda qonşu olduğumuz digər dövlətlərin timsalında xüsusi olaraq toxunub. Azərbaycanın ünvanına haqsız olaraq səsləndirilən tənqidlərlə bağlı Prezident İlham Əliyev bildirib: "Bilirsiniz, əgər tənqid əsaslıdırsa, biz bunu müzakirə etməyə həmişə hazırıq. Azərbaycan Avropa Şurası kimi bir neçə beynəlxalq təşkilatın üzvüdür. Avropa Şurasına qəbul olunduğumuz zaman biz üzərimizə müəyyən öhdəliklər götürmüşük və onları yerinə yetiririk. Bəzən müxtəlif QHT tərəfindən səsləndirilən müəyyən tənqidi fikirlər bizi narahat etmir, çünki bu tənqid bir çox hallarda əsassızdır. Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət normaldır".

Prezident İlham Əliyev Ermənistanı misal göstərərək tez-tez insan hüquqlarının qiymətləndirilməsi məsələsində ayrı-seçkiliyə yol verildiyini də diqqətə çatdırıb: "Əgər siz regiona nəzər yetirsəniz görərsiniz ki, Ermənistanda hətta ən adi insan hüquqlarının kobud şəkildə pozulmasına görə heç kim tənqidə məruz qalmır. Həmin ölkədə prezident seçkiləri keçiriləndə baş vermiş hadisələri, ordu tərəfindən qətlə yetirilmiş insanların sayını, fövqəladə vəziyyətin elan edilməsini və internet saytlarının bağlanaraq senzuranın qoyulmasını hamı bilir. Yüzlərlə müxalifətçi həbs edildi, xeyli sayda insan yaralandı, lakin biz Ermənistanla bağlı hər hansı tənqidi eşitdikmi? Xeyr! Niyə? Buna səbəb ikili standartlardır, çünki erməni lobbisi Ermənistanı tənqidlərdən qoruyur. Azərbaycanda isə insan hüquqlarının müəyyən dərəcədə pozulması kimi hesab edilə biləcək hər hansı, kiçik də olsa, epizod baş verdiyi zaman, ölkəmiz dərhal insan hüquqlarını pozan ölkə kimi təqdim edilir. Bunu edən strukturlara etimadımız itir. Beləliklə, bu cür fikirlər eyni standartlara əsaslanmalıdır".

 

Robert Koçaryandan sonra Serj Sarkisyan da Azərbaycan Prezidentinin qabağından qaçdı

 

Davos forumu çərçivəsində diqqət yetirilən məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı olmuşdur. Prezident İlham Əliyev bu məsələyə həm Davosda keçirilən müxtəlif iclaslarda, həm də dünyanın müxtəlif nüfuzlu media orqanlarına verdiyi müsahibələrdə geniş şəkildə toxunmuşdur. Münaqişənin müzakirəsilə bağlı maraqlı məqamlardan biri isə "Böyük oyun təkrarlanır" devizi altında keçirilən xüsusi iclasda yaşanıb. Belə ki, həmin iclasa Ermənistan prezidenti Serj Sarkisyan qatılmağa razılıq versə də, Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın tədbirdə iştirakı sonda onun qərarını dəyişməsinə və yerinə gec də olsa, xarici işlər naziri Edvard Nalbandyanı göndərməsinə səbəb olmuşdur.

Ümumiyyətlə isə münaqişə ilə bağlı aparılan danışıqlarda mövqeyi daha da zəifləyən və təcrid vəziyyətinə düşən Ermənistan prezidentləri vəziyyətdən ən yaxşı çıxış yolu kimi qaçmağa üstünlük verirlər. Bu təcrübənin əsası isə 2006-cı ilin yanvarında Fransada, Rambuye qəsrində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdə qoyulub. Həmin vaxt kifayət qədər zəif mövqedə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryanın danışıqları sonadək davam etdirməyə iradəsi çatmadığı üçün təbii ehtiyacını ödəmək adı ilə otaqdan çıxmış, sonradan isə o vaxt müdafiə naziri olan Serj Sarkisyanın yaxın adamının öldüyünü bəhanə gətirərək Fransanı tərk etmişdi. Bu dəfə isə Serj Sarkisyan Azərbaycan və Türkiyə rəhbərlərilə üz-üzə gəlməkdən ehtiyatlanaraq qabağa Edvard Nalbandyanı vermişdir. Bununla belə, "Böyük oyun təkrarlanır" devizi altında keçirilən xüsusi iclasda Prezident İlham Əliyev bir daha aydın şəkildə bildirmişdir ki, Ermənistanın işğal siyasətini davam etdirdiyi müddət ərzində bu ölkə ilə hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Halbuki belə bir əməkdaşlıq Ermənistanın iqtisadi inkişafında vacib rol oynamaq iqtidarındadır. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Əgər xəritəyə baxsanız görərsiniz ki, karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasının ən qısa yolu Ermənistan ərazisindən keçir. Lakin bu, yalnız xəritədə belədir. Amma, torpağın üzərində dayananda görürsünüz ki, əslində, bu, uzun yolla gedir. Nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, bu əməkdaşlıq mümkün deyildir. Biz yalnız Ermənistanın beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməsini və öz qoşunlarını torpaqlarımızdan çıxarmasını tələb edirik. Məhz bundan sonra sülh bərqərar ola, kommunikasiyalar açıla bilər və bütün ölkələr bir-birinin imkanlarından yararlana bilər".

Hələlik isə bu reallığı dərk etməkdə acizlik çəkən Ermənistan işğalçılıq siyasətini davam etdirməklə daha çox özünə ziyan vurmuş olur. Eyni zamanda, Ermənistan prezidentlərinin Qarabağ münaqişəsilə bağlı debatlarda Azərbaycanın qabağından qaçmaları dünyaya onların ədalətsiz mövqedə olduğunu bir daha əyani şəkildə göstərmiş olur. Onu da bildirək ki, Davos forumu çərçivəsində Türkiyə münaqişənin həllilə bağlı hər zaman Azərbaycanın yanında olacağını bir daha yüksək səviyyədə bəyan etmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bununla bağlı bildirmişdir: "Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı yalnız qoymayacağıq. Bizim bütün danışıqlarımız Azərbaycanla bağlıdır. Bunu da Ermənistanın başa düşməsi, lazımi mövqe nümayiş etdirməsi lazımdır".

Bütün bunlar Davos forumunun nəticələrinin Ermənistandan fərqli olaraq Azərbaycan üçün kifayət qədər qənaətbəxş olduğunu göstərir. Eyni zamanda, bu forum Azərbaycanın Qərb dövlətləri üçün nə dərəcədə vacib bir ölkəyə çevrildiyini də bir daha əyani nümayiş etdirdi. Belə vəziyyət isə ölkəmizin mövqelərinin daha da güclənməkdə olduğunu, onun təkcə Cənubi Qafqazda yox, böyük bir coğrafi məkanda həlledici söz sahiblərindən birinə çevrildiyini göstərir.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-5 fevral.-S.1-2.