Dünya Bankı ilə Ədliyyə Nazirliyi arasında səmərəli əməkdaşlıq
davam etdirilir
Dünya Bankının Azərbaycan
nümayəndəliyinin rəhbəri
Qreqori Yedjeyçak və "Ədliyyə sisteminin müasirləşdirilməsi"
birgə layihəsi üzrə nəzarət missiyasının rəhbərliyi
fevralın 4-də ədliyyə
naziri Məhkəmə-Hüquq
Şurasının sədri
Fikrət Məmmədovla
görüşmüşlər.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən bildirmişlər
ki, sürətlə inkişaf edən ölkəmizdə son dövrlər
aparılan məhkəmə-hüquq
islahatlarının nailiyyətləri
barədə danışan
nazir ədliyyə sisteminin müxtəlif istiqamətləri üzrə
mühüm layihələrin
həyata keçirilməsini,
o cümlədən Dünya
Bankı ilə səmərəli əməkdaşlığı
qeyd etmişdir.
Azərbaycanın iqtisadi inkişaf ilə yanaşı, hüquqi sahədə də yüksək nəticələr əldə
etdiyi barədə məlumatı olduğunu bildirən Q.Yedjeyçak hakimlərin obyektiv və tam şəffaf seçimini xüsusilə
təqdir etmişdir. Ölkəmizdə
ədliyyə orqanlarının
idarəetmə potensialının
gücləndirilməsini, məhkəmə
infrastrukturunun təkmilləşdirilməsini,
hakimlərin və ədliyyə işçilərinin
peşəkarlığının artırılmasını, vətəndaşların
məlumatlılığının yüksəldilməsini nəzərdə
tutan layihənin icrası üzrə böyük tərəqqiyə
nail olunduğunu bildirən
qonaqlar Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar əməkdaşlığa
görə təşəkkür
etmişlər.
Görüşdə, həmçinin
dövlətimizin başçısı
tərəfindən Ədliyyə
Akademiyasının Nizamnaməsinin
təsdiqi və yüksək statusunun müəyyən olunması
vurğulanmış, bu
təsisatın işinin
təşkili, müəllim
heyətinin treninqi və mükəmməl tədris proqramlarının
hazırlanması, habelə
vətəndaşların müraciət
etmək imkanlarının
asanlaşdırılması məqsədilə məhkəmələrin
müasir şəraitlə
təmin olunması və qabaqcıl informasiya texnologiyaları ilə təchizatı barədə məsələlər
geniş müzakirə
olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-5 fevral.-S.2.