Azərbaycan-Estoniya münasibətləri genişlənir
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov Estoniyanın Azərbaycanda yeni təyin edilmiş səfiri Aivo Orav ilə görüşmüşdür.
Etimadnamələrinin surətini nazirə təqdim edən səfir A.Orav Azərbaycana təyinatından məmnunluğunu bildirmiş və fəaliyyəti dövründə Azərbaycan-Estoniya münasibətlərinin daha da genişlənməsinə xidmət edəcəyini söyləmişdir.
Görüşdə bu ilin əvvəlində Estoniya Prezidenti Toomas Hendrik İlvesin Azərbaycana üçgünlük səfərinin və Estoniyanın Baş naziri Andrus Ansipin 2008-ci ildə Bakıda keçirilmiş Enerji Sammitində iştirakının ölkələrimiz arasındakı münasibətlərin inkişafında yeni mərhələ açdığı bildirilmiş, bu xüsusda səfərlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan ilə Estoniya arasında iqtisadi sahədə əməkdaşlığın vacibliyi qeyd edilmiş, qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğu bildirilmişdir.
Görüşdə ikitərəfli münasibətlərə aid bir sıra digər məsələlər müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.-2009.- 5 fevral.-S.2.