Ekoloji terrorla hər gün mübarizə aparılmalıdır
Fevralın 4-də Ekologiya
və Təbii Sərvətlər, Mədəniyyət
və Turizm, Kənd Təsərrüfatı
və Təhsil nazirliklərinin, bp,
ARDNŞ şirkətlərinin, Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına
Dəstək Şurasının
və Təhsil Şurasının nümayəndələrinin
iştirakı ilə
"Ekoloji patrul" layihəsi çərçivəsində
2008-ci il iyul-avqust aylarında başlanan
"Ən yaxşı
ekoloji foto əsəri" müsabiqəsinin
yekunlarına həsr olunmuş toplantı keçirildi.
Tədbiri Azərbaycan
Ekologiya Standartlarının
Monitorinqi Fondunun prezidenti, professor Rauf Sultanov açaraq
cəmiyyətimizdə hər
zaman aktual olan ekoloji problemin
bir an belə səngimədiyindən narahatlıqla
danışdı: "Nə
qədər mübarizə
aparılsa da, bəzi vətəndaşlarımız
maariflənmək istəmirlər.
Bilmək istəmirlər ki,
təbiət bizim nəfəs yolumuzdur, Xəzər bizim ən zəngin varidatımızdır. Ancaq biz də
maarifləndirmə mübarizəmizdən
əl çəkmirik.
Fondumuz
"Ekoloji patrul" layihəsi çərçivəsində
2008-ci ilin iyul-avqust aylarında "Ən yaxşı ekoloji rəsm əsəri" müsabiqəsi elan etmişdi. Müsabiqədə ən çox
uşaqlar və gənclər iştirak ediblər. Bu olduqca sevindirici haldır. Deməli, gənclik təbiətə
laqeyd deyil. Müsabiqəyə 50-dən çox fotolar təqdim olunmuşdur. Bunların çoxu
yaxşı idi.
Ən əsası ona görə ki, uşaqların duyumu var. Onlardan bir neçəsi
mükafata layiq görülüb. Rəsmlərin birində 10-12 yaşlı
bir məktəbli ağacın yanında dayanaraq etiraz əlaməti kimi qollarını qaldırıb
ki, ağacı kəsməkdənsə məni
kəsin.
Tədbirdə Xəzər dənizinin vəziyyəti ilə bağlı çıxış
edənlər bu nadir qapalı su hövzəsinin çirklənməsinə
diqqəti yönəltdilər. Çıxış edənlər bildirdilər
ki, dənizin flora və faunası azalmışdır. Xəzərə
axıdılan çirkab
suların miqdarı Kür və Araz çaylarının illik su balansından
1,6 dəfə çoxdur. Bakı-Abşeron Arxipelaqı akvatoriyasının
neftlə çirklənməsi
bu gün də davam edir.
Bu gün Xəzərin
mühafizəsi məsələlərinin
həll edilməsi gələcəkdə yarana
bilən ekoloji böhranın qarşısını
ala bilər və sonrakı nəsillər üçün rahat ekoloji mühit yaradar. Xəzərdə ekoloji vəziyyəti
yaxşılaşdırmaq üçün mütəxəssislərimiz
dünya alimləri,
BMT-nin "Ekologiya"
təşkilatları ilə
daim sıx əlaqələr yaradır.
R.Rzalı
Azərbaycan.-2009.-5 fevral.-S.2.