Xocavəndə gedən yol
Tarixin sərt sınaqlarından üzüağ çıxaraq ötən əsrin sonlarına doğru müstəqil dövlətçiliyinin bərpasına nail olan, onu möhkəmləndirərək yeni inkişaf magistralına çıxaran Azərbaycan xalqı taleyini daim qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. Yeni minilliyin başlanğıcında respublikamız ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə mətinliklə sinə gərir. Ötən müddət Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini bir daha sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, dərin elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının həlledici uğurlarını təmin etmişdir.
Prezident İlham Əliyevin lider və şəxsiyyət kimi ən mühüm keyfiyyətlərindən biri də onun son beş ildə xalq qarşısında verdiyi bütün vədlərə əməl etməsi, ictimai inamı doğrultmaq üçün böyük səylə çalışmasıdır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Azərbaycanda bir dənə də olsun, çadır şəhərciyi qalmayacaq" - deyən dövlət başçısı ötən beş ildə bu vədini gerçəkləşdirmək üçün bütün zəruri tədbirləri həyata keçirmiş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli, faydalı məşğulluğunun təmin edilməsi Azərbaycan iqtidarının xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Qaçqın və məcburi köçkünlərlə aparılan işi təkmilləşdirmək, bu sahə üzrə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırmaq, mövcud prosesin idarəolunma mexanizmini hüquqi çərçivəyə salmaq və bir sıra təşkilati tədbirləri gerçəkləşdirmək məqsədilə xüsusi dövlət proqramı təsdiqlənərək icra edilmişdir. 2008-ci ildə dövlətin sosialyönümlü tədbirlər sisteminin davamı kimi büdcədən ayrılmış 145 milyon manat vəsait hesabına qaçqın və məcburi köçkünlərin müasir infrastruktura malik yeni qəsəbələrə köçürülməsi prosesi uğurla davam etdirilmiş, sonuncu çadır düşərgəsi də ləğv olunmuş, beləliklə, dövlət başçısının xalq qarşısında verdiyi daha bir vəd uğurlu həllini tapmışdır.
Nazirlər Kabinetinin iclasında çıxış edən dövlət başçısı İlham Əliyev qlobal maliyyə böhranına baxmayaraq 2009-cu ildə Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət ayrılacağını, xüsusən də, məcburi köçkünlərin yaşayış səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin davam etdiriləcəyini xüsusi vurğulamışdır: "İndi Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur və növbəti proqramda soydaşlarımızın yataqxanalardan, hərbi hissələrdən, məktəblərdən, digər yararsız binalardan köçürülməsi məsələləri dayanır".
Bu sahədə yeridilən məqsədyönlü və çevik siyasətin nəticəsi olaraq respublikanın işğal altında olan bütün rayon və qəsəbələrinin sakinləri müasir sosial-infrastruktura malik yeni qəsəbələrdə məskunlaşdırılmış, onların faydalı məşğulluğunun təmini istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ötən beş ildə dövlətin bu qayğıkeş siyasətini Xocavənd rayonundan olan məcburi köçkünlər də yaxından hiss edərək böyük razılıq, minnətdarlıq duyğuları ilə qarşılamışlar. 1991-ci ildə Martuni və Hadrut rayonlarının bazasında yaradılan, ümumi sahəsi 1458 kvadratkilometr, əhalisi 41300 nəfər təşkil edən Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuşdur. Rayonun sakinləri respublikanın 37 şəhər və rayonunda müvəqqəti məskunlaşmağa məcbur olmuşlar. Rayon əhalisinin əsas hissəsi Beyləqan, Ağcabədi rayonlarında və Bakı şəhərində yaşayır. Xocavənd Rayonunun İcra Hakimiyyəti, habelə rayonun icra nümayəndəlikləri, idarə və müəssisələr isə Beyləqan şəhərində müxtəlif inzibati binalarda fəaliyyət göstərirlər.
Dövlət tərəfindən Beyləqan rayonunun "Haramı" adlanan inzibati ərazisində "Yeni Tuğ" (172 ailə, 858 nəfər), "Yeni Xocavənd" (230 ailə, 870 nəfər) və "Yeni Qaradağlı" (42 ailə, 215 nəfər) qəsəbələri salınmış, əhalinin bir qismi həmin qəsəbələrdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının (2004-2008-ci illər) icrası ilə əlaqədar Xocavənd rayonundan olan məcburi köçkünlər üçün nəzərdə tutulan 500 ailəlik qəsəbənin tikintisi başa çatmışdır. Həmin dövlət proqramına 2007-ci il 31 oktyabr tarixli sərəncamla edilmiş əlavələrlə rayonun məcburi köçkünləri üçün 2009-2011-ci illər ərzində "Yeni Tuğ" qəsəbəsində daha 120 evin tikilməsi və eyni zamanda, 200 ailəlik yeni qəsəbənin salınması, "Qarasu" və "Nərgiztəpə" adlanan ərazilərini birləşdirəcək çınqıllı yolun çəkilməsi, "Tuğ" kənd orta məktəbinin 125 illik yubileyinin qeyd olunması, habelə rayon ərazisində 9 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Əlavə tədbirlər sırasında işsizliyin aradan qaldırılması və məşğulluğun təmin olunması məqsədilə məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə heyvandarlığın, taxılçılığın, toxumçuluğun, tərəvəzçiliyin, üzümçülüyün inkişaf etdirilməsi, kiçik emal müəssisələrinin, tikiş və digər sexlərin yaradılması, məcburi köçkün sahibkarlara, fermer təsərrüfatlarına güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
2008-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin "Haramı" düzündə məcburi köçkünlər üçün yeni salınmış 500 ailəlik qəsəbənin açılış mərasimində iştirakı isə xocavəndlilərdə böyük ruh yüksəkliyi, sevinc və minnətdarlıq hissləri doğurmuşdur. Dövlət başçısı və xanımı Mehriban Əliyeva məcburi köçkünlərin həyat şəraiti, qayğı və problemləri ilə maraqlanmış, yeni tikilmiş bir sıra obyektlərlə yaxından tanış olmuş, daha sonra Xocavənd rayonunun Qaradağlı kəndindən olan iki şəhid anası Sevil Əzizovanın mənzilinə baş çəkmişlər.
Qəsəbənin bugünkü durumu ilə tanış olmaq, insanların həyat səviyyəsini öyrənmək üçün bura baş çəkməyə ehtiyac duyduq. Qəsəbəyə gedən yolda qələbəlik idi. İri yük maşınlarının çoxluğu insanların qəsəbədə intensiv məskunlaşmasını göstərirdi. Hələ kənardan qəsəbənin ümumi mənzərəsi ilə buranın müasir görkəmini, abadlığını, səliqə-sahmanını müşahidə etmək mümkündür. Beyləqan rayonundan təxminən 8-10 kilometr məsafədə yerləşən qəsəbədə insanların rahatlığı, firavan yaşayışı, zəruri tələb və ehtiyaclarını ödəməsi üçün hər cür imkan yaradılıb. Xətt boyunca səliqə ilə inşa edilmiş evlərin interyeri müasir tələblər səviyyəsindədir. Hər ailəyə 6 sot torpaq ayrılıb, su xətti çəkilib. Məcburi köçkün ailələrinin böyük qismi yaradılmış şəraitdən istifadə edərək özləri üçün kiçik təsərrüfatlar yaradıblar.
Ümumi sahəsi 25885,5 kvadratmetr olan 60 birotaqlı, 245 ikiotaqlı, 180 üçotaqlı, 15 dördotaqlı mənzillərdən ibarət qəsəbədə 360 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, 25 çarpayılıq xəstəxana, poçt şöbəsi, mədəniyyət evi, icma mərkəzi, baytarlıq məntəqəsi, yanğınsöndürmə deposu, inzibati və anbar binaları tikilərək istifadəyə verilib. Hər cür infrastruktura malik qəsəbənin asfalt döşənmiş yolları da insanların rahatlığını təmin edir. Burada 25 kilometr yol, habelə 30 kilometr su xətti, 30 kilometr hava elektrik xətti çəkilib, "Yeni Beyləqan" yarımstansiyası genişləndirilib, "Xocavənd" yarımstansiyası inşa olunub. Qəsəbənin enerji ilə təminatı üçün 18 müxtəlif gücə malik elektrik transformatorları quraşdırılıb.
Məcburi köçkünlər səliqə-sahmanla yanaşı, təmizliyə, abadlığa da ciddi fikir verir, qəsəbənin müasir görkəmini qoruyub saxlamağa çalışırlar. Qəsəbə mərkəzi sayılan orta məktəbin qarşısındakı izdihamın səbəbi ilə maraqlananda məlum olur ki, Xocavənd rayonunun icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov sakinlərlə açıq görüş keçirir. İcra başçısı sakinləri təmkinlə dinləyərək onların problemlərinin yerindəcə həlli üçün əlaqədar təşkilatlara tapşırıq və tövsiyələrini verir. "Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğının göstərilməsini hökumət üzvləri və hər bir məmur qarşısında mühüm vəzifə kimi müəyyənləşdirib. Hər bir Xocavənd sakininin problem və qayğılarını dinləyib onların həlli üçün lazımi tədbirlər görmək bizim də vəzifə borcumuzdur" - deyə Eyvaz Hüseynov bildirir.
Sonra icra başçısı ilə birgə şəhid anası Sevil Əzizovanın mənzilinə yollanır, onun güzəranı, yaşayışı ilə maraqlanırıq. Sevil xanım iki övladını vətən uğrunda qurban verib. Təsəllisi odur ki, şəhid oğullarının xatirəsi unudulmur, həm dövlət, həm də rayon icra hakimiyyəti tərəfindən onu daim yad edirlər. Fəqət Eyvaz Hüseynov bildirir ki, Sevil Əzizova hər hansı bir çətinliklə, problemlə qarşılaşanda belə, heç bir qapıya üz tutmur, iki şəhid anası adından sui-istifadə etmir. Hər kəs necə, o da o tərzdə qayğılarını həll edir. Əslində, elə igid oğulları dünyaya gətirib, vətənpərvər kimi böyüdən ana belə qürurlu, vüqarlı olmalıdır.
Rahat, səliqəli
və isti evdə balaca nəvələrin sevinci yerə-göyə
sığmır. Qarabağ elinin qonaqpərvərliyini belə
erkən yaşlarından yaşadan bu körpələr
biri-birinə aman vermədən onların evinin ilk
qonağı olmuş iki şəxsdən məhəbbətlə
danışırlar. 7 yaşlı Sevilin "Mehriban nənə
mənə hədiyyələr verdi, İlham baba isə
soyuducu bağışladı..." sözlərinə 4
yaşlı Aqşin əlavə etdi: "Amma Mehriban nənə
məni qucağına aldı, öpdü, İlham baba isə
bax, bu böyüklükdə televizoru Bakıdan bura mənə
gətirmişdi". Nəvələrinin bu sözlərini
kövrəkliklə dinləyən Sevil xanım minnətdarlıqla
danışır: "Prezident və Mehriban xanımın
bizim evi ziyarət etməsini hələ də unuda bilmirəm.
Qəlbim çox fərəhləndi, elə bil Xocavəndi
gördüm. Bu insanların öz vətəndaşlarına
qarşı necə mehriban, diqqətli olmasını
televizordan həmişə izləmişəm. Ancaq deyim ki,
üz-üzə danışanda İlham müəllim də,
Mehriban xanım da daha sevimli, əziz idilər. Nəvələrimi
o qədər sevindirdilər ki... Aqşin də, balaca Sevil də
hər saat "İlham baba, Mehriban nənə gör bizə
nələr bağışlayıblar" deyə hədiyyələrin
başına dolanırlar. Deyirəm ki, ay balalar, onlar cavandırlar, onlara
"Prezident" və "Mehriban xanım" deyin.
Cavabları da bu olur ki, nə olsun cavandırlar, amma bizim
babamız və nənəmizdirlər. Allah, onların yeni
dünyaya gəlmiş nəvələrini saxlasın. Həm
Prezident, həm də Mehriban xanım bütün Azərbaycan
balalarını necə öz övladları, nəvələri
kimi himayə edir, qayğılarına qalırsa, qoy ulu
Tanrı da bu körpələrin alqışını
eşidib onların nəvələrinə kömək
olsun". Bu səmimi sözlər uzandıqca uzanır... Evin
gəlini Əfruz xanım isə deyir ki, gün o gün olsun,
öz doğma Xocavəndimizə qayıdaq və onda öz dədə-baba
ocağımızda Prezidentimizi bütün ailəliklə
qonaq cağıraq. Hamımızın arzusu bir oldu: "Allah
diləyinizə, diləyimizə çatdırsın!".
Şəhid anası Sevil Əzizovanın
ailəsi ilə vidalaşıb Prezident İlham Əliyevin qəsəbəyə
səfəri zamanı istifadəyə verilmiş müasir
orta məktəblə yaxından
Pedaqoji təcrübəsi
yüksək olan müəllimlər taleyində məcburi
köçkünlük acısı yaşayan şagirdlərin
təlim-tərbiyəsi, yaxşı tədris alması,
ayrı-ayrı fənn tapşırıqlarını
düzgün mənimsəməsi üçün əllərindən
gələni edirlər. Taleyinə çadır düşərgələrində
doğulmaq qisməti yazılmış bu şagirdlər -
uşaq və yeniyetmələr gələcəyə
böyük inam hissi ilə baxır, yalnız yaxşı təhsil
almaqla məqsədlərinə çata biləcəklərini
başa düşürlər.
Məktəbin fənn
otaqlarından birinə daxil olub müəllim və şagirdlərlə
söhbət edir, onların istək və arzuları,
düşüncələri ilə maraqlanırıq. Ədəbiyyat
fənnini tədris edən əməkdar müəllim
Gültəkin Ağayeva bizi böyük sevinc hissi ilə
qarşılayır. Az sonra məlum olur ki, Gültəkin
xanım həm də Xocavənd Rayon İcra Hakimiyyətinin təsisçiliyi
ilə işıq üzü görən "Xocavənd"
qəzetinin baş redaktorudur. Bizimlə həm müəllim,
həm də həmkar kimi söhbətləşən
Gültəkin Ağayeva məcburi köçkünlərin
məskunlaşdığı qəsəbədə
şagirdlərin təhsilə marağının
böyük olduğunu bildirir. "Məcburi
köçkünlərə diqqətlə yanaşan kütləvi
informasiya vasitələrinə böyük hörmətim var.
Müəllimliklə yanaşı, jurnalist fəaliyyəti ilə
məşğul olduğum üçün burada insanların
sosial vəziyyəti, psixoloji-mənəvi durumu barədə
kifayət qədər məlumatım var. Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən məcburi
köçkünlərə göstərilən diqqət və
qayğı hamını razı salır. İnanırıq
ki, Azərbaycan Prezidentinin yeritdiyi uğurlu siyasət nəticəsində
yaxın vaxtlarda doğma Qarabağımıza, Xocavəndə
qayıda biləcəyik" - deyə o bildirir.
Orta məktəbdə ingilis
dili fənni də yüksək səviyyədə tədris
edilir. Açığı, məcburi köçkünlərin
məskunlaşdığı bir düşərgədə təhsilin
keyfiyyətinin yüksək olması bir qədər də təəccüblü
görünür. Fənn müəllimi Şəbnəm
İbrahimova deyir ki, çadır düşərgələrində
məcburi köçkünlərin övladları bir
müddət məktəbdən yayınmağa məcbur
olsalar da, son illər bu sahədə vəziyyət
kökündən dəyişib. Bütün valideynlər
uşaqlarının yüksək təhsil alması
üçün çalışır, onların
qayğısına qalırlar. Yeni istifadəyə verilmiş
məktəbimizin müasir tələblərə cavab verən
binası isə onların keyfiyyətli təhsil almasına
daha yaxşı imkanlar açır. Tənəffüs
zamanı isə məktəbin müəllimlər
otağına daxil olub əməkdar müəllim Famlet
Quliyevlə söhbətləşirik. Famlet müəllim
deyir ki, məcburi köçkünlər üçün
yeni inşa olunmuş qəsəbələr həm də Azərbaycan
təhsilinin inkişafına xidmət edir. Onun sözlərinə
görə, uzun illər çadır düşərgələrində
yaşamış məcburi köçkün uşaqları
obyektiv səbəblərdən keyfiyyətli təhsil almaq
imkanından məhrum olmuşlar. Azərbaycan Prezidenti
İlham Əliyev çadır düşərgələrini
ləğv etməklə, təhsilə yüksək diqqət,
qayğı göstərməklə həm də Azərbaycanın
gələcəyini düşünür. Məktəbin
kompüter otağından internet şəbəkəsinə
çıxışın olması da artıq təəccüblü
görünmür. İdman zalı özünün
müasirliyi, idman qurğularının yeniliyi ilə diqqəti
çəkir.
Məktəbdən xoş təəssüratlarla
ayrılıb müasirliyi ilə diqqəti cəlb edən qəsəbə
xəstəxanasına yollanırıq. Burada bizi gülərüz
və qonaqpərvərliyi ilə seçilən tibb
personalı qarşılayır. İlk baxışdan
aydın görünür ki, 25 çarpayılıq xəstəxana
müasir tələblər səviyyəsində inşa edilməklə
yanaşı, lazımi tibbi avadanlıqlarla da təmin olunub. Xəstəxanada
stomatoloji, rentgen, ultrasəs müayinəsi, cərrahiyyə,
doğum, laboratoriya, dəri-zöhrəvi, pediatriya, kardiologiya
və təcili yardım şöbələri fəaliyyət
göstərir. Bu şöbələrin hər birində
quraşdırılmış tibbi avadanlıqlar müasirliyi
ilə heç də paytaxtdan geri qalmır. Xəstəxanada
çalışan tibb əməkdaşlarının
hazırlıq səviyyəsi, təcrübəsi, peşəkarlığı
da səhhətində problemi olan sakinləri tam razı
salır.
Təcrübəli cərrah
Nəcəf Qaraşlı 30 illik iş stajına malikdir.
Müharibə illərində hərbi hospitalda cərrah kimi
çalışıb, onlarla hərbçimizin
sağalıb ailəsinə qovuşması naminə əlindən
gələni əsirgəməyib. "Qəsəbədə
evlərlə yanaşı, belə müasir tipli xəstəxananın
tikilməsi göstərir ki, Azərbaycan dövləti məcburi
köçkünlərin fiziki sağlamlığı
üçün bütün lazımi tədbirləri həyata
keçirir. Həkim kimi bizim üzərimizə düşən
əsas vəzifə isə hər bir müraciət edən xəstənin
düzgün, keyfiyyətli müayinə və müalicə
olunmasına, tez bir zamanda sağalmasına kömək
göstərməkdir" - deyən cərrah xəstəxanada
mədə, onikibarmaq bağırsaq, öd kisəsi və digər
daxili orqanlarda cərrahiyyə əməliyyatlarının
aparılması üçün hər cür imkanlara malik
olduğunu bildirir. Xəstəxanada müalicə alan pasiyentlər
də onlara göstərilən xidmətin səviyyəsindən
razılıqla danışdılar.
Xocavənd Rayon İcra
Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun
müşayiəti ilə qəsəbə ilə
tanışlığımızı davam etdiririk.
Rastlaşdığımız uşaqlar, yeniyetmələrlə
həmsöhbət oluruq. Onların heç biri öz doğma
yurdlarını - Xocavəndi görməyiblər. Yalnız
böyüklərinin xatirələrindən, söhbətlərindən
eşitdikləri məlumatlarla Xocavəndi qəlblərində
canlandırırlar. Hamısı da öz el-obalarına tezliklə
qayıtmağı arzulayır, döyüşməyə
hazır olduqlarını söyləyirlər. Bu kövrək
və qürurverici ünsiyyətdən hamımız təsirlənirik.
Eyvaz Hüseynovun "Prezidentin sayəsində qısa zamanda hər
biriniz öz kəndinizə qayıdacaqsınız və orta
təhsili də, inşallah, öz kəndinizdəki məktəbdə
bitirəcəksiniz" - diləyi ilə kənd
ağsaqqallarına tərəf üz tuturuq.
Köçkünlüyün
məşəqqətləri, ağrıları, itkiləri
bu insanların üzlərinin qırışlarında, əllərinin
qabarında aydın hiss olunur. Ancaq gözlərdən
yağan ümid işığı, daxili vüqarları və
əyilməzlikləri onların mənəvi
ucalığını nümayiş etdirirdi. Eyvaz müəllim
bildirir ki: "Ötən 16-17 ildə bu insanlar
saysız-hesabsız faciələr, problemlər, itkilərlə
üzləşiblər. Ancaq heç bir qayğı
onların dəyanətini azaltmayıb, hər zaman doğma
torpaqlarına qayıdacaqlarına inanıblar. Bu qəsəbəyə
köçməklə isə Xocavəndə yalnız fiziki
məsafəcə yox, həm də mənəvi məsafəcə
yaxınlaşıblar. İndi xocavəndlilər böyük
qələbəyə daha çox əmindirlər".
Ağsaqqallar onlara yaradılan şəraitə görə,
Prezidentə təşəkkürlərini bildirirlər. Fəxr
edirlər ki, onların qəsəbəsinin
açılışını məhz cənab İlham Əliyev
edib. Prezidentin və onun xanımının xocavəndlilərə
böyük qayğısını, diqqətini qəsəbənin
hər bir sakini qürurla qeyd edir.
Ümumilikdə, Xocavənd
qəsəbəsində məcburi köçkünlər
üçün inşa olunmuş qəsəbədəki
ürəkaçan vəziyyət həm də göstərir
ki, dövlət başçısı İlham Əliyevin bu
sahədə müəyyənləşdirdiyi siyasi xətt
yerlərdə uğurla icra olunur. Xüsusən, Xocavənd
Rayon İcra Hakimiyyəti üzərinə düşən məsuliyyəti
düzgün qiymətləndirməklə, öz fəaliyyətini
dövlət başçısının yeritdiyi çevik və
səmərəli inkişaf strategiyasının mahiyyətinə
uyğun qurmağa, qarşıda duran vəzifələri dəqiq
müəyyənləşdirərək vaxtında və
düzgün icrasına nail olmağa çalışır.
Haramı düzündə
inşa olunmuş qəsəbəni nikbin əhval-ruhiyyədə
tərk edərkən Mədəniyyət evinin
qarşısında qulaqdan qəlbə süzülən həzin
bir musiqi səsi bizi bir anlığa ayaq saxlamağa məcbur
edir. Musiqi dərnəyinin üzvü olan yeniyetmə həzin,
fəqət üsyankar bir səslə oxuyur: "Aləm cənnətə
dönsə, yaddan çıxmaz Qarabağ...". Xocavənd
barədə təsəvvürü belə, olmayan bu yeniyetmə
oxuduğu kövrək musiqi ilə bütün xocavəndlilərin
müqəddəs arzusunu ifadə edir. Bəli, Xocavəndin fədakar
insanları bu gün normal şəraitlə təmin olunsalar
da, hər zaman doğma vətənə qovuşmaq, onun
havasını, suyunu udmaq arzusu ilə yaşayırlar. Xocavəndlilər
ürəkdən əmindirlər ki, Prezident İlham Əliyevin
yeritdiyi müdrik və uzaqgörən siyasət xocavəndlilərin
bu arzusunu əvvəl-axır gerçəkliyə çevirəcək.
İxtiyar Hüseynli
Samir Elmanoğlu
Azərbaycan.-2009.-5 fevral.-S.3.