Bakının "Şimal
qapısı" ötən ili uğurlarla başa vurub
Hakimiyyətin sosial məsuliyyət prinsipinə söykənərək fəaliyyəti ilə bağlı xalqa müntəzəm hesabat verməsi demokratik idarəetmənin mahiyyətindən irəli gələn vacib şərtlərdəndir. Bu, bir tərəfdən ictimaiyyətin hakimiyyətə olan etimadını artırırsa, başqa tərəfdən məmur təbəqəsini ümumi məqsədlər uğrunda monolit komanda kimi işləməyə, qarşıya qoyulan vəzifələri çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirməyə sövq edir. Bütün məsələlərdə şəffaflığın tərəfdarı kimi çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin təkmil idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir və özünü praktik fəaliyyətdə göstərir.
Hələ hökumətin ilk iclasındakı çıxışında "Biz xalqın xidmətçisiyik" - deyən dövlət başçısı 5 ildən artıq müddətdə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclası bunun daha bir əyani təsdiqi olmaqla, respublikamızın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirildiyini və uğurla həyata keçirildiyini təcəssüm etdirir. İclasın yekunları respublikamızın bütün sahələrində dinamik inkişaf və tərəqqi prosesinin geniş vüsət aldığını, o cümlədən paytaxt rayonlarının sürətlə inkişaf etdiyini əyani surətdə nümayiş etdirmişdir.
Son bir ildə Azərbaycanın ən müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Bakının Binəqədi rayonunda da qabarıq görünür. Ötən müddətdə mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi Binəqədi rayonunun uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır. Fevralın 3-də Binəqədi Rayon İcra Hakimiyyətində 2008-ci ilin yekunları ilə əlaqədar təşkil olunmuş toplantı hesabat dövründə rayon üzrə həyata keçirilmiş çoxşaxəli tədbirlər sisteminin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olduğunu bir daha təsdiqləyir. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətini dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələrin vaxtında icrasına nail olmağa çalışır.
Prezidentin İcra Aparatının məsul əməkdaşının, Milli Məclisin deputatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi geniş toplantını giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 2008-ci ilin respublikamız üçün bir sıra mühüm siyasi hadisələrlə əlamətdar olduğunu - ümummilli lider Heydər Əliyevin 85 illik, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin təntənə ilə qeyd edildiyini xatırlatmış, habelə prezident seçkilərinin azad, demokratik və şəffaf keçdiyini, xalqın azad iradəsini əks etdirdiyini xüsusi vurğulamışdır. O demişdir ki, mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amil müstəqil Azərbaycanın son beş ildə əldə etdiyi inanılmaz sosial-iqtisadi nailiyyətlərdir. Alı Qocayev bildirmişdir ki, dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, ölkənin milli mənafelərini özündə əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. "Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla davam etdirilən məqsədyönlü və çevik sosial-iqtisadi islahatlar, zaman etibarilə qısa bir müddətdə həyata keçirilən qlobal layihələr ölkəmizdə köklü dəyişikliklərə səbəb olmuş, həyatımızın bütün sahələrini əhatə edən quruculuq və abadlıq işləri respublikamızın hər yerində güclü inkişafa şərait yaratmış, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmış, bölgədə lider dövlətə çevirmişdir. Bu gün ölkəmiz regionun və dünyanın böyük iqtisadi layihələrinin əsas tərəfdaşına çevrilmişdir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, sosial-iqtisadi inkişafın bütün sahələrini əhatə edən dövlət proqramlarının müvəffəqiyyətlə icrası sayəsində mümkün olmuşdur" - deyə Alı Qocayev çıxışında bildirmişdir.
Toplantıda verilən məlumatlardan bir daha məlum oldu ki, Binəqədi Rayon İcra Hakimiyyəti də məhz bu prinsipi rəhbər tutaraq dövlət başçısının imzaladığı proqram və sərəncamlardan irəli gələn vəzifələri vaxtında və yüksək səviyyədə yerinə yetirməyə, vətəndaşları qayğılandıran problemləri qısa zamanda həll etməyə çalışır. Son illər rayonun sosial-iqtisadi həyatında müşahidə olunan sürətli inkişaf 2008-ci ildə də saxlanılmaqla, sosial-iqtisadi sahədə yeni nailiyyətlər qazanılmışdır. 2008-ci ildə rayon üzrə 1 milyard 334 milyon manatlıq məhsul istehsal edilmişdir və bu da əvvəlki illə müqayisədə 35,8 faiz çoxdur. Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi 12 faiz təşkil etmiş, sənaye məhsulunun həcmi 2007-ci illə müqayisədə 1,6 faiz artaraq 162,1 milyon manata çatmışdır. Sənaye məhsulunun həcmində dövlət sektorunun payı 22,3 faiz olduğu halda, özəl sektorun payı isə 72,7 faiz təşkil etmişdir. Sənayedə çalışan işçilərin sayı 8,5 faiz artaraq 7251 nəfər olmuş, onların əməkhaqqı 33,6 faiz artaraq 285,3 manata çatmışdır. Ötən il rayonda işsizliyin aradan qaldırılması istiqamətində də kompleks tədbirlər həyata keçirilmiş, 3920 yeni daimi iş yeri açılmışdır.
Hesabat ilində rayonda 103,6 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilmiş, bu sektorda çalışan işçilərin sayı 297 nəfər artaraq 2831 nəfərə çatmış, orta aylıq əməkhaqqı 298,7 manat təşkil etmişdir. İqtisadiyyatın başqa sahələrində olduğu kimi istehlak bazarında da müsbət irəliləyişlər hiss olunmuş, bir ildə rayon əhalisinə 832,9 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
Binəqədi sakinlərinin rahat, firavan yaşayışının təmin edilməsi baxımından müxtəlif sahələr üzrə infrastrukrutun yeniləşdirilməsinə, kommunal xarakterli problemlərin həllinə xüsusi diqqətlə yanaşılmışdır. Rayon ərazisində əsas magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmirinə, eləcə də ətraf mühitin yaşıllaşdırılmasına qayğı göstərilir. Hesabat dövründə rayon əhalisinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı, habelə kənd, şəhər, şəhərlərarası magistral yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası sahəsində görülmüş işləri xüsusi vurğulamaq olar.
Rayon sakinlərinin qaz təchizatının yaxşılaşdırılması üçün məqsədyönlü işlər aparılmış, rayonun Biləcəri qəsəbəsində müxtəlif diametrli 12795, Xocəsən və Sulutəpə yaşayış sahələrində 6249, Binəqədi qəsəbəsində 4483, M.Ə.Rəsulzadə qəsəbəsində 8000, ümumilikdə 34 887 paqon metr yeni qaz xətti çəkilmiş, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, rayonun bütün ərazilərinə təbii qazın bərabər miqdarda və təzyiqdə paylanması üçün tədbirlər görülmüşdür.
Rayonun və əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Binəqədi və Biləcəri enerji təchizatı və enerji satış idarələri tərəfindən məqsədyönlü işlər görülmüş, Biləcəri, Binəqədi, Xocəsən, Rəsulzadə qəsəbələrinin, Sulutəpə yaşayış sahəsinin enerji təchizatının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilmişdir. İl ərzində rayon ərazisində 2840 metr uzunluğunda 0,4 kilovoltluq hava xətti, 2430 metr yüksək gərginlikli hava xətti, 20 min metrə yaxın açıq naqil, 14 min metrdən çox kabel çəkilmiş, 20 yeni transformator məntəqəsi quraşdırılmış, binalarda 2326 metr uzunluğunda mərtəbələrarası kabellər dəyişdirilmiş, 3586 abonentə müasir elektron tipli sayğac quraşdırılmış, 1000-ə yaxın dayaq basdırılmış, 4169 köhnə tipli sayğac yenisi ilə əvəz edilmişdir.
Əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülmüş, müxtəlif ölçüdə 9255 paqon metr boru dəyişdirilmiş və yeni su xətləri çəkilmiş, 3 ədəd yeni nasos və 2 ədəd elektrik mühərriki, 34 ədəd müxtəlif ölçülü siyirtmələr quraşdırılmışdır.
2008-ci ildə rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən bir sıra ünvanlarda əsaslı təmir, abadlıq-quruculuq işləri aparılmış, Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlara, imzaladığı sərəncama müvafiq olaraq rayon ərazisində çoxmərtəbəli yaşayış binalarında liftlərin əsaslı təmiri və bərpası işləri aparılmış, ümumilikdə 29 lift əsaslı təmir edilmiş, 20 lift yenisi ilə əvəz edilmişdir. Birlik tərəfindən rayonun yaşayış məhəllələrində, binaların həyətlərində abadlıq və təmir işləri aparılmış, ümumilikdə 126 min kvadratmetr sahəyə asfalt döşənmişdir. Rayonun müxtəlif məhəllələrində 45 ədəd yeni oturacaqlar qoyulmuş, 197 oturacaq təmir edilmiş, 18 ədəd günlük və 54 ədəd uşaq əyləncə elementləri quraşdırılmışdır. Ərazidə 10 ədəd kütləvi istirahət yeri yenidən tikilmiş, 6-sı əsaslı təmir edilmişdir. Eləcə də mənzil fondunun saxlanması və normal istismarı sahəsində işlər davam etdirilmiş, müxtəlif ünvanlarda 26,6 min kvadratmetr dam örtüyü, yaşayış binalarında 425 giriş qapısı təmir edilmiş, 176 ədəd yeni giriş qapısı qoyulmuşdur.
2008-ci ildə Binəqədi rayonu üçün həm də bir sıra obyektlərin tikilib istifadəyə verilməsi ilə səciyyəvidir. Bu sırada görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adını daşıyan parkın yenidən qurulmasını və metronun "Nəsimi" stansiyasının tikintisini göstərmək olar. Azərbaycan Prezidenti İlham Əliyev metro stansiyasının tikintisinin gedişi ilə daim maraqlanmış, ötən ilin avqust ayında inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Ümumiyyətlə, dövlət başçısı ötən il üç dəfə Binəqədi rayonunda olmuş, Zərifə Əliyeva parkının və metronun "Nəsimi" stansiyasının açılışında iştirak etmişdir.
Böyük tikinti meydanını xatırladan Binəqədi rayonunda 2009-cu ildə də bir sıra yeni obyektlərin tikilib istifadəyə verilməsi planlaşdırılır. Orijinal eksteryeri, müasirliyi ilə fərqlənən Beynəlxalq Avtovağzal kompleksinin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Metronun "Azadlıq" stansiyasında isə inşaat işləri sürətlə davam etdirilir. Mərkəzi Seçki Komissiyasının, Miqrasiya Xidmətinin inzibati binalarının, akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri Mərkəzinin binasının bu il istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda rayonda 20-dən çox çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları, rayon sahibkarlarının gücü ilə onlarla ticarət və xidmət obyektləri tikilir.
Respublikanın bütün bölgələrində olduğu kimi, paytaxtın Binəqədi rayonunda da təhsilin mövcud problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Binəqədi Rayon İcra Hakimiyyəti ötən il ümumtəhsil, məktəbəqədər, orta ixtisas və özəl ali təhsil ocaqlarında gənc nəslin təlim-tərbiyəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsində yaxından kömək göstərmişdir. Bunun nəticəsi olaraq 2007-2008-ci tədris ilində rayon üzrə 93 nəfər test imtahanlarında 600-dən yuxarı, 22 nəfər isə 650-dən yuxarı bal toplamışdır. 600-dən yuxarı bal toplamış tələbələrə rayon rəhbərliyinin qiymətli hədiyyələri verilmişdir. Həmin tələbələrdən 4-ü Azərbaycan Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür. Azərbaycan Prezidentinin 19 avqust 2008-ci il tarixli sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş 83 nömrəli məktəb-lisey 10000 (on min) manat məbləğində pul mükafatına, eləcə də "ən yaxşı müəllim" müsabiqəsində rayonun 6 nəfər müəllimi qalib gələrək 5000 manat məbləğində pul mükafatına layiq görülmüşlər.
Dövlət başçısı cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" sərəncamına müvafiq olaraq Binəqədi Rayon İcra Hakimiyyəti vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görmüşdür. Həftədə bir dəfə olmaqla rayon icra hakimiyyətinin başçısı və müavinləri vətəndaşları qəbul edir, onların problemlərinin yerindəcə həlli üçün lazımi qərarlar qəbul edirlər.
Demokratik ab-havada keçən toplantıda hesabat dövründə həllini tapmamış bir sıra problemlərə də toxunulmuş, işinin öhdəsindən gələ bilməyən məmurların fəaliyyəti tənqid olunmuşdur. Toplantıda Binəqədi rayon sakinlərinin problem və qayğıları da dinlənilmiş, vətəndaşları qayğılandıran problemlərin həlli üçün aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Ümumilikdə, 2008-ci ilin yekunlarına həsr olunmuş bu toplantı bir daha təsdiqlədi ki, ərazisinə və əhalisinin sayına görə fərqlənən Binəqədi rayonu özünün dinamik inkişaf və yüksəliş mərhələsini yaşayır. Dövlət başçısının imzaladığı fərman və sərəncamların, dövlət proqramlarının, verdiyi tövsiyə və tapşırıqların düzgün, həm də vaxtında icra edilməsi rayon rəhbərliyi üçün daimi aktuallıq kəsb edən məsələlərdəndir. Binəqədi sakinləri bu nailiyyətləri indi gündəlik həyatlarında daha qabarıq hiss edir və Azərbaycanı böyük uğurlara aparan sosial-iqtisadi inkişaf strategiyasını ürəkdən dəstəkləyirlər.
Samir Elmanoğlu
Azərbaycan.-2009.-5 fevral.-S.4.