Biz həqiqətin
aşkar edilməsini istəyirik
Bakının Sahil bağında yenidənqurma və abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq burada 1920-ci il sentyabrın 10-da dəfn olunmuş "26 Bakı komissarı" adlandırılan şəxslərin cəsədlərinin qalıqlarının şəhər qəbiristanlığına köçürülməsi, xüsusilə orada 26 deyil, 23 tabutun aşkar edilməsi kütləvi informasiya vasitələrində geniş müzakirəyə səbəb olmuşdur. Bununla əlaqədar Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir.
Qəbirlərin açılmasında iştirak etmiş institutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışında bildirmişdir ki, "26 Bakı komissarı" adlandırılan şəxslərin cəsədləri dəfn olunmuş qəbirlər sovet dövründə Sahil bağında qoyulmuş abidə ilə onun arxasındakı fəvvarənin arasındakı yerdə olmuşdur. Qəbirlər Azərbaycan Milli Elmlər Akademiyasının alimləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, tibb elmləri doktoru, professor Şakir Musayev başda olmaqla aparıcı ekspertlərin iştirakı ilə açılmışdır. Qəbirlərdəki skelet sümüklərinin məhkəmə-tibbi və tibbi-kriminalistik tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, bunlar kişi cinsindən olan 23 şəxsə məxsusdur. Skelet sümüklərinin məxsus olduğu şəxslərin yaş həddi 20-50 arasındadır. Onlardan 11-nin yaş həddi 20-29, 11-nin yaş həddi 30-39, 1-nin yaş həddi isə 40-49 yaş arasındadır. Skelet sümüklərinin hamısı avropoid irqindən olan şəxslərə məxsusdur. Tədqiqatlar nəticəsində ekspertlər müəyyən etmişlər ki, cəsədlərin qalıqları anatomiya-morfologiya göstəricilərinə, fiziki xüsusiyyətlərinə, yaşlarına və cinslərinə görə güman olunan şəxslərə, yəni 26 Bakı komissarlarına məxsusluğu inkar edilmir. Cəsədlərdə, əsasən, baş və döş qəfəsi nahiyələrində odlu silah zədələri aşkar olunmuşdur. Bu zədələr böyük zərbə gücünə malik olan iki növ odlu silahdan atılan atəşlər nəticəsində törədilmişdir.
Cəsədlərin qalıqları üzərində ekspertizanın nəticələri bu istiqamətdə Tarix İnstitutu, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Milli Arxiv İdarəsi tərəfindən geniş və hərtərəfli elmi tədqiqat işlərinin aparılması zərurətini meydana çıxarmışdır. Bununla əlaqədar həmin ərazidə dəfn olunmuş insanların şəxsiyyətləri, 26 Bakı komissarı fenomeni kimi sovet tarixində yaradılmış yanlışlıqlar və bütövlükdə, 1918-ci il sentyabrın 20-də baş verənlərin sonrakı dövrdə saxtalaşdırmaya məruz qalması ilə bağlı araşdırmalara başlanmışdır.
Cəsədlərin qalıqlarının məxsus olduğu şəxslərin 20-50 yaş arasında olması tarix ədəbiyyatında "26 Bakı komissarları" kimi təqdim edilən şəxslərin yaş hədləri ilə uyğun gəlir, daha doğrusu, üst-üstə düşür. Çatışmayan 3 qəbirə gəldikdə isə, "26-lar"ın siyahısı ilə tutuşdurduqda məlum olur ki, bunlardan 2-si 40-49 yaş həddinə, 1-i isə 30-39 yaş həddinə aid olan şəxslərdir. "26-lar"ın siyahısından məlumdur ki, onların içərisində yaşı 39-dan yuxarı olan 3 nəfər vardı: Şaumyan (40 yaş), Əzizbəyov (42 yaş), T.Amiryan (45 yaş). Ekspertlər fotomateriallar da nəzərə alınmaqla apardıqları araşdırmalardan sonra bildirmişlər ki, həmin yaş həddində olan 1 nəfərin cəsədinin Əzizbəyova aid olması inkar edilmir. Ekspertiza araşdırmaları başa çatdırıldıqdan sonra cəsədlərin qalıqları yüksək sivil-humanizm prinsipləri əsas tutularaq 2009-cu il yanvarın 26-da müsəlman, xristian və yəhudi din xadimlərinin iştirakı ilə və müvafiq dini ayinlər icra olunmaqla şəhər qəbiristanlığında dəfn edilmişdir. İnstitut direktoru daha sonra demişdir ki, vaxtilə 26 Bakı komissarları adlandırılan şəxslərin tarixdə rolu nə qədər saxtalaşdırılmışdısa, indi kütləvi informasiya vasitələrində, xüsusilə elektron mətbuatda verilən materiallar gələcək üçün bu məsələləri bir o qədər dolaşdırır. Hətta "Böyük Sovet Ensiklopediyası"nda verilmiş bəzi materiallar götürülüb dövriyyəyə buraxılmışdır. Ötən əsrin əvvəllərində Bakıda azərbaycanlıların sayının cüzi olduğunu iddia edənlər də vardır. Qəribədir, bəlkə müəlliflər Azərbaycan xalqının cəlladlarına bəraət qazandırmaq istəyirlər?! Arzu edərdik ki, KİV bu məsələlərə münasibət bildirdikdə müstəqillik dövrümüzün tələblərindən yanaşsınlar. Sovet dövründə saxtalaşdırılmış tarixi problemləri indi, müstəqillik qazandıqdan sonra yenidən tədqiq etməyə başlamışıq və bir sıra ciddi əsərlər yazılmışdır. Biz həqiqətin aşkar edilməsini istəyirik. İnstitutun direktoru Elmi Şura üzvlərinin diqqətini tarixi həqiqətin üzə çıxarılması üçün S.Şaumyanın göstərişi ilə daşnak-bolşevik dəstələrinin 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda, Salyanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xalqımıza qarşı törətdiyi kütləvi soyqırımların daha dərindən araşdırılmasının zəruriliyinə cəlb etmişdir. Vurğulanmışdır ki, Hamazasp, Lalayan, Avetisov, Tatevos Amiryan, Avakyan kimi cəlladların quldurluq əməlləri, onların sonrakı taleyi, üzdə bolşevik, əslində isə daşnak olan S.Şaumyanın Androniklə əlaqələri yeni tədqiqatlarda ciddi araşdırılmalıdır. Yeni elmi axtarışlar aparılarkən soyqırımları zamanı Azərbaycan xalqından qarət olunmuş sərvətin ölkədən necə və kimlər tərəfindən çıxarılıb aparılması, "26-lar"la bağlı saxtalaşdırmaların kimlər tərəfindən uydurulması, sonralar SSRİ-nin rəhbərlərindən biri olmuş A.Mikoyanın bu işdəki rolunun açılmasına xüsusi diqqət yetirilməlidir.
Şurada Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev də çıxış etmişdir.
Elmi Şura üzvləri çıxışlarında bildirmişlər ki, Sahil bağında 23 qəbirin aşkar olunması bir daha sübut edir ki, sovet dövründə "26 Bakı komissarları" haqqında xalqa təqdim olunmuş əsərlər tarixi gerçəkliyi əks etdirmir. "26-lar"la bağlı olan real tarix düşünülmüş şəkildə və qəsdən saxtalaşdırılmışdır. Ona görə də həmin dövrün hadisələri, habelə sovet dövrü tariximizin bir çox problemləri yenidən araşdırılmalıdır.
Elmi Şura yuxarıda göstərilən məsələlərlə bağlı institutun müvafiq şöbələrinə Milli Arxiv İdarəsi ilə sıx əməkdaşlıq şəraitində konkret elmi tədqiqat planının tərtib olunması və onun yerinə yetirilməsini tapşırmışdır.Yeni axtarışlarla bağlı tarixçi alimlərin bir sıra xarici ölkələrə göndərilməsi və bunun üçün maliyyə vəsaitinin ayrılması barədə məsələ qaldırılması zəruri sayılmışdır.
S.Şaumyanın 1919-cu ilin martında hərbi əsir olması barədə məlumat verilən, Bakı Sovetinin arxivində saxlanılan və 1934-cü ildə Ermənistan hökumətinin Krasnovodskda "26-lar"a abidə qoyulması üçün 150 min manat ayırması barədə sənədlər Elmi Şura üzvlərinin marağına səbəb olmuşdur.
İclasda Sahil bağındakı qəbirlərin açılması, aparılan ekspertiza və 23 nəfərə məxsus cəsədlərin qalıqlarının şəhər qəbiristanlığında dəfn olunması barədə videomaterialda nümayiş etdirilmişdir.
Adilə Qocayeva
Azərbaycan.-2009.-5 fevral.-S.4.