Mərkəzi Seçki Komissiyası referenduma hazırlıq işlərini davam etdirir

 

Referendum (ümumxalq səsverməsi) xalqın iradəsini bilavasitə təzahür etdirən hüquqi institutdur. Dünya təcrübəsinə əsasən referendum demokratiyanın düzünə prinsipi kimi tanınır.

Ölkəmizin demokratikliyi həm də onunla müəyyən edilir ki, Konstitusiyaya görə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Öz müqəddəratını sərbəst və müstəqil həll etmək, idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Azərbaycan xalqının iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına azad, demokratik seçkilərin keçirilməsi, habelə dövlətimizin həyatının ən mühüm məsələlərinə dair öz rəyini ümumxalq səsverməsi yolu ilə bildirməsidir.

Bu müddəalar müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk Konstitusiyasında öz əksini tapmışdır. 2002-ci ildə ölkəmizdə daha bir referendum keçirildi və Konstitusiyaya zəruri dəyişikliklər və əlavələr edildi. Ölkəmizdə həyata keçirilən bir sıra siyasi və iqtisadi islahatlar, sürətli iqtisadi inkişaf, demokratik və hüquqi dövlət quruculuğu yolunda əldə edilmiş bir çox nailiyyətlər Konstitusiyaya yenidən dəyişikliklərin edilməsini zərurətə çevirdi.

Referendumun keçirilməsinin hüquqi mexanizmi Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi bu qanunun 152-ci və 153-cü maddələri ilə tənzimlənir.

Milli Məclisin 2008-ci il dekabrın 19-da keçirilən iclasında Referendum layihəsini rəy alınması üçün Konstitusiya Məhkəməsinə göndərmək barədə qərar qəbul etdi. 2008-ci il dekabrın 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclis tərəfindən təqdim olunmuş əlavə və dəyişikliklərə baxaraq Referendum Aktı layihəsində göstərilən təkliflərin xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığından və 155-ci maddəsinin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə - referenduma çıxarılması haqqında qərar verdi.

Ötən il dekabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) 2009-cu il martın 18-də keçirilməsi haqqında qərar qəbul etdi və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına referendumun həmin tarixdə keçirilməsini təmin etməyi tapşırdı.

Mərkəzi Seçki Komissiyası da dekabrın 30-da keçirilmiş iclasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq etdi.

Təqvim planı referendumun keçirilməsi zamanı müvafiq subyektlər tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hərəkətlərin qanunauyğun həyata keçirilməsinə və onların referendum prosesindəki fəaliyyətinin tənzimlənməsinə metodiki yardım göstərmək məqsədi daşıyır. Təqvim planından əlavə, MSK referendumun hazırlanması və keçirilməsi prosesinin ayrı-ayrı mərhələlərini nizamlayan bir sıra təlimat, izah və qaydalar qəbul etmiş, metodiki vəsait kimi yaddaş kitabçası və digər sənədlər toplusu çap etdirərək aşağı seçki komissiyalarına göndərmişdir.

MSK Referendum Aktı layihəsini çap etdirmiş və səsvermə gününə azı 30 gün qalanadək yayılmasının təmin edilməsinə dair aşağı seçki komissiyalarına göstəriş vermişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən referendum üzrə təşviqat qrupunun yaradılmasının 2 min nəfərdən az olmayan təşəbbüsçüləri Mərkəzi Seçki Komissiyasına, təşəbbüsçülərinın sayı 500-dən çox və 2000-dən azdırsa, dairə seçki komissiyalarına bildiriş verirlər.

Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqat aparmaq niyyətində olan 14 təşəbbüs qrupu MSK-ya bildirişlə müraciət etmişdir. 13 təşəbbüs qrupu imza vərəqələrini MSK-ya qaytarıb. "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya" adlandırılmış təşəbbüs qrupları 60-dan yuxarı seçki dairəsinin ərazisində təşviqat qrupunda üzvlüyə razılığa dair 40 mindən yuxarı seçici imzası toplamış və müvafiq sənədlərlə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etmişlər. Mərkəzi Seçki Komissiyasının qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün yaradılmış ekspertlərdən ibarət işçi qrupu imza vərəqələrindəki məlumatların düzgün olub-olmamasını yoxlamış, buna dair rəy və protokol tərtib edərək Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

MSK bu təşəbbüs qruplarını eyni adlı referendumqabağı təşviqat qrupu kimi qeydə almışdır. Bu qrupların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər Mərkəzi Seçki Komissiyasında qeydə alınırlar.

Azərbaycan Respublikasının bir hissəsində referendumqabağı təşviqat aparmaq niyyətində olan 125 təşəbbüs qrupu müvafiq dairə seçki komissiyalarına bildirişlə müraciət etmiş, qanunla müəyyən olunmuş qaydada referendum üzrə təşviqat qrupunda üzvlüyə dair seçki dairəsinin ərazisində 100-dən az olmamaqla seçici imzaları toplayaraq, imza vərəqələrini dairə seçki komissiyalarına təqdim etmişlər. İndiyədək bu təşəbbüs qruplarından 120 referendumqabağı təşviqat qrupu qeydə alınmışdır.

Referendumqabağı təşəbbüs qruplarının müvafiq komissiyalarda qeydə alınması prosesi fevral ayının 10-dək davam edəcək.

Referendumqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. MSK öz qərarı ilə "Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında təlimat"ı təsdiq etməklə, ödənişli və ödənişsiz əsaslarla teleradio verilişləri təşkilatlarında efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün yerin ayrılması qaydalarını və şərtlərini müəyyən etmişdir.

Referendumqabağı təşviqat haqqında müəyyən edilmiş bu tələblərə riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

Dairə seçki komissiyaları yerli icra hakimiyyəti və bələdiyyə qurumları vasitəsilə seçki məntəqələrinin ərazisində referendumqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin edir və referendumqabağı təşviqat kütləvi tədbirlər yolu ilə aparılarkən, müvafiq yerlərin ayrılması məsələlərini də həll edirlər.

Ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Bankı ilə razılaşdırılmaqla maliyyə məsələləri ilə bağlı 4 təlimat qəbul etmişdir.

Seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxilolma məsələlərinə nəzarəti təmin etmək məqsədilə MSK-da nəzarət-təftiş xidməti yaradılmışdır.

Mərkəzi Seçki Komissiyasının üzvləri teleradio verilişləri təşkilatarında və dövri nəşrlərdə seçki qanunvericiliyinin izahına və seçicilərin hüquqi biliklərinin artırılmasının təmin olunmasına dair müntəzəm iş aparır.

Referendumla bağlı 13 adda çap edilmiş təşviqat plakatları, referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə buklet şəklində hazırlanmış bildirişlər, habelə səsvermə günü seçki komissiyaları üzvlərinin və seçicilərin hüquq və vəzifələrini özündə əks etdirən videokliplərin də hazırlanması seçicilərin maarifləndirilməsi işinin daha da genişləndirilməsinə xidmət edir.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkil olunmasını və onların peşə hazırlığı üzrə digər proqramların mütəmadi olaraq həyata keçirilməsini təmin edir. İnsan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il dekabrın 28-də verdiyi sərəncama əsasən Mərkəzi Seçki Komissiyası referenduma hazırlıq mərhələsində də bu kursların təşkil edilməsini planlaşdırır.

Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi davam edir. Fevral ayının 5-dək məntəqə seçki komissiyaları bu siyahıları dairə seçki komissiyalarına, dairə seçki komissiyaları isə mart ayının 5-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edəcəklər. Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilir və bu siyahılar "Seçkilər" İnformasiya Mərkəzinin internet səhifəsində yerləşdirilir.

Eyni zamanda, "adınızı seçici siyahısında yoxlamağı unutmayın" və "seçici siyahıları MSK-nın internet səhifəsində" mövzusunda plakatlar çap edilmiş və yayılmışdır.

Mərkəzi Seçki Komissiyası referendumun hazırlanması prosesində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir.

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılmışdır.

Referendumqabağı təşviqat qrupunun yaradılması üçün, "Respublikaçılar", "Qarabağ və respublika uğrunda hərəkat" təşəbbüs qruplarından imzatoplama prosesində baş verməsi güman edilən qanun pozuntuları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətlər ekspert qrupunun üzvləri tərəfindən qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırılmış, müvafiq rəy tərtib edilməklə Mərkəzi Seçki Komissiyasının iclasına çıxarılmışdır. Tərtib olunmuş rəylər MSK-nın internet səhifəsində yerləşdirilir və Mərkəzi Seçki Komissiyasının qərarları dərc edilməklə ictimailəşdirilir.

 

 

İradə Haciyeva,

Mərkəzi Seçki

Komissiyası Katibliyi

hüquq şöbəsinin müdiri

 

Azərbaycan.-2009.-5 fevral.-S.5.