Hüquqi dövlət quruculuğu prosesində keyfiyyətcə yeni mərhələ

 

Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin siyasi-hüquqi strukturu, habelə ictimai münasibətlər sistemi ümumxalq iradəsi əsasında müəyyənləşən, beynəlxalq hüquq normaları ilə uzlaşan fundamental təməl prinsiplərinə söykənir. Hüquqi dövlətin mahiyyəti isə cəmiyyətin əsas qanunu, bazisi qismində çıxış edən konstitusiyanın ümumbəşəri demokratik dəyərlərə nə dərəcədə uyğun olub-olmaması ilə şərtlənir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da dövlətçiliyin mühüm atributu olan Konstitusiyasını 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirmişdir.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Konstitusiyanın yüksək məziyyətləri insan və vətəndaş hüquqlarının kifayət qədər aydın və sadə şəkildə təsbit olunması və bunun dövlətin ali məqsədi elan edilməsidir. İnsan hüquqlarına belə həssas münasibət inkişaf etmiş bir sıra dövlətlərin konstitusiyalarında bu dərəcədə aydın, dəqiq və genişliyi ilə göstərilməmişdir.

Konstitusiyada əksini tapmış mühüm müddəalarından biri də xalqın hüquq və mənafeləri ilə bağlı bütün məsələlərin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır. Konkret olaraq 3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq referendumu yolu ilə həll oluna bilər. Yəni, Konstitusiyanın ümumxalq referendumu ilə qəbul olunması və sabitliyi onun daimi dəyişməzliyi kimi tövsif olunmur.

Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, sosial, iqtisadi və siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Əsas Qanuna müvafiq dəyişiklik və əlavələri zərurətə çevirir. 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq referendumundan sonra Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosialyönümlü məsələlərin prioritetə çevrilməsi, habelə insan hüquq və azadlıqlarının maksimum müdafiəsinə xidmət edən təkmil qanunverici bazanın formalaşması Konstitusiyaya zamanın tələbi ilə səsləşən bir sıra əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirmişdir.

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin mart ayında ümumxalq səsverməsinə - referenduma çıxarılmasını da tamamilə təbii, qanunauyğun proses kimi qarşılamaq lazımdır. Əsas Qanunun qüvvəyə mindiyi 1995-ci ildən ötən 14 il müddətində cəmiyyət həyatında fundamental dəyişikliklərin baş verməsi - Azərbaycanın iqtisadi, siyasi, hüquqi cəhətdən inanılmaz dərəcədə inkişaf etməsi, cəmiyyət həyatının bütün sferalarında tərəqqi və intibahın aşkar duyulması, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu yönümündə əsaslı addımların atılması, respublikamızın insan hüquq və azadlıqlarının daha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi və digər prinsipial məsələlər Konstitusiyaya bir sıra mütərəqqi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirir.

Referendum aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına uyğun olduğu, insan və vətəndaş hüquq-azadlıqlarının təminatına yönəldiyi ilk baxışda qabarıq görünür. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosialyönümlü siyasət strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların bu sahədə hüquq və səlahiyyətlərinin genişləndirilməsinə, hökumətin sosial məsuliyyətinin artırılmasına xidmət edir. Məsələn, mövcud variantda Konstitusiyanın 12-ci maddəsində qeyd olunur ki, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir". Referendum aktı layihəsində bu maddəyə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" formasında mühüm dəyişikliyin edilməsi nəzərdə tutulur.

Konstitusiyanın 32-ci maddəsinə (Şəxsi toxunulmazlıq hüququ) təklif edilən əlavə və dəyişikliklər Azərbaycan vətəndaşlarının nəzərdə tutulan şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına, xüsusən də, kütləvi informasiya vasitələrinin fəaliyyətində özünü göstərən bəzi neqativ halların aradan qaldırılmasına xidmət edir. Məlumdur ki, ölkədə reketçilik yolu ilə gəlir əldə etməyi qarşısına məqsəd qoyan, ciddi jurnalistikaya da zərər gətirən bəzi üzdəniraq "qəzetlər" dövlət məmurlarına, ictimai-siyasi xadimlərə, tanınmış ziyalılara böhtan atır, bəzən də onların şəxsi həyatı ilə bağlı qeyri-qanuni yolla əldə edilmiş fotoları, gizli lent yazılarını dərc edirlər. Şübhəsiz, hər bir vətəndaşın mətbuat, söz azadlığı digərinin Konstitusiya ilə təsbit olunmuş şəxsi toxunulmazlıq hüququndan üstün ola bilməz. 32-ci maddəyə edilmiş mühüm dəyişikliyə görə qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və "ailə həyatına" müdaxilə etmək qadağandır. Digər mühüm əlavəyə görə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". 32-ci maddəyə təklif edilən başqa bir prinsipial əlavə bundan ibarətdir ki, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququ vardır".

İnsan hüquq və azadlıqlarının beynəlxalq müqavilələrə uyğun tətbiqi özündə bu hüquqların maneəsiz və hər hansı qanunsuz müdaxilələrdən kənar həyata keçirilməsini nəzərdə tutmaqla yanaşı, həm də demokratik cəmiyyətdə onlara qoyulan zəruri və qanunla nəzərdə tutulmuş məhdudiyyətləri də ehtiva edir. Başqa sözlə, müasir beynəlxalq hüquq insan hüquqlarının ölkənin milli maraqları naminə, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, əxlaq və mənəviyyatın mühafizəsi üçün qanuni və əsaslı məhdudlaşdırılmasını hüquqi dövlətin sabitliyinin ayrılmaz elementi kimi nəzərdən keçirir. Bu baxımdan, 71-ci maddəyə təklif olunan əlavə və dəyişiklik hər bir insanın cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifələrini, hüquq və azadlıqlarının qanuni çərçivəsini də müəyyən edir. Həmin əlavəyə görə, "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Şübhəsiz, yalnız tam, aydın və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlərin qanunla müəyyənləşdirilməsindən sonra insan hüquqlarının səmərəli reallaşdırılması mümkündür. Bu baxımdan, təklif olunan əlavə də demokratik cəmiyyət quruculuğunun meyarlarına tamamilə uyğundur.

Konstitusiyaya əlavə və dəyişikliklər sırasında məhkəmələrin fəaliyyəti ilə bağlı müddəaların yer alması da yeni dövrün tələblərindən irəli gəlir. Konkret olaraq 67-ci və 129-cu maddələrə təklif edilən əlavələr məhkəmə praktikası ilə bağlı bəzi hüquqi normalara konstitusion statusun verilməsi baxımından təqdirəlayiqdir. 67-ci maddəyə (Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları) təklif edilən dəyişikliyə görə "cinayət törədilməsində ittiham edilənlər" ifadəsinin "təqsirləndirilənlər" sözü ilə əvəz edilməsi təqsirsizlik prezumpsiyasının (Konstitusiyanın 63-cü maddəsi) mahiyyətindən irəli gəlir. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 67-ci maddəyə nəzərdə tutulan dəyişiklik məhkəmə qərarından əvvəl şəxsin cinayətdə ittiham edilməsinə imkan vermir. 67-ci maddəyə təklif edilən digər əlavədə göstərilir ki, "Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dindirilməlidir". Cinayət Prosessual qanunvericiliyində əksini tapmış bu hüququn Konstitusiyada əksini tapması təqsirləndirilən şəxsin mənafeyinə hesablanmış mütərəqqi yenilikdir.

129-cu maddəyə təklif olunan əlavələr isə məhkəmə qərarlarının icrasının məcburiliyi ilə bağlı müddəaya əlavə konstitusion təminat yaradır. Həmin əlavəyə əsasən, "Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Bu müddəa məhkəmə qərarlarının səmərəliliyinin daha da artırılmasına, hər bir vətəndaşın bununla bağlı hüquqi məsuliyyətinin yüksəldilməsinə xidmət edir.

Konstitusiyanın 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişikliyə görə, seçki hüququ olan 40 min Azərbaycan vətəndaşına Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququnun verilməsi əhali qruplarının, ümumilikdə xalqın hüquqi mənafeyinin daha dolğun, etibarlı qorunması baxımından təqdirəlayiqdir. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Eyni zamanda, yalnız bu instansiyaların qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik hüququnun verilməsi isə Konstitusiyanın daha da demokratikləşməsi, insan hüquqlarına əlavə təminat mexanizmlərinin formalaşdırılması istiqamətində atılmış mühüm addımdır. Referendum Aktı layihəsində 96-cı maddəyə nəzərdə tutulan digər mühüm əlavəyə görə isə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. Eyni zamanda, Milli Məclisin müzakirəsinə təqdim edilən qanun və qərar layihələri əsaslandırılmalı, onların qəbul edilməsi məqsədləri göstərilməlidir.

Referendum Aktı layihəsində Konstitusiyanın 101-ci maddəsinin tamamilə yeni redaksiyada verilməsi də hər bir vətəndaşın passiv seçki hüququnun daha dolğun, səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir. 101-ci maddədə nəzərdə tutulan dəyişikliyə əsasən, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılır. Referendum Aktı layihəsində yeni redaksiyada verilmiş 101-ci maddəyə görə "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir". Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hərbi əməliyyatların sonunadək uzadılması təklifi xalqın ümumi təhlükəsizliyi və milli maraqları baxımından obyektiv reallığa əsaslanır.

 

 

Məhəmməd İmanlı,

İnsan Hüquqları və Vətəndaş

Cəmiyyəti naminə İctimai

Birliyinin sədri, hüquq elmləri

doktoru, professor

 

Azərbaycan.-2009.- 5 fevral.-S.5.