Qaz Proqramı 2009-cu ildə uğurla davam edir

 

Son 3 ildə ARDNŞ tərəfindən qaz hasilatı 2 dəfə artırılaraq 3,9 milyard kubmetrdən 7,75 milyard kubmetrə çatdırılıb. Bu nailiyyətlər ilk növbədə mavi yanacağın hasilatı, təmizlənməsi, nəqli və saxlanması üçün müvafiq infrastrukturu yaradan inşaatçıların fəaliyyəti sayəsində əldə edilib. Qaz Proqramının həyata keçirilməsi ARDNŞ-nin fəaliyyətinin əsas istiqamətini təşkil edir.

Dövlət Neft Şirkətinin kapital qoyuluşları idarəsinin rəisi Ağasəf Əliyev bu istiqamətdə görülən işlərlə bağlı deyir:

- ARDNŞ əsaslı tikinti sahəsində 2008-ci ili uğurla başa vurub. Ötən il bu sahədə 836,5 milyon manat vəsait mənimsənilib. 2009-cu ildə kapital qoyuluşlarının həcmi 1 milyard 159,3 milyon manatadək artırılacaq. Hazırda biz 2007-ci ildə əsası qoyulmuş bir sıra layihələrin icrasını davam etdiririk. Həmin il 127 kilometr sualtı, 135 kilometr quruda olmaqla ümumilikdə 262 kilometr magistral qaz kəmərləri istismara verilib ki, bu da təbii qazın ölkənin bütün bölgələrinə nəqlini, eləcə də "Şahdəniz" yatağından artan qaz həcmlərinin yeraltı qaz anbarlarına yığılmasını təmin edib. Bir il ərzində bizdə heç vaxt belə böyük nailiyyətlər əldə edilməmişdi.

2008-ci ildə ARDNŞ bu işlərin davamı olaraq Bahar-Hövsan-Suraxanı qaz kəmərinin inşasını başa çatdırıb. Sualtı hissəsinin uzunluğu 32 kilometr, quru hissəsinin uzunluğu 9,5 kilometr olan kəmərin ötürmə qabiliyyəti sutkada 5 milyon kubmetrdir. Kəmər "Günəşli" yatağından hasil edilən qazın "Şimal" elektrik stansiyasına, eləcə də Bakının ətraf rayonlarının əhalisinə və sənaye müəssisələrinə nəqli üçün nəzərdə tutulub.

Bu günlərdə kəmərdə sınaq işləri başa çatdırılıb. Perspektivdə hasilat artımına hesablanmış bu vacib qaz arteriyası yaxın vaxtlarda istifadəyə veriləcək. 2009-cu ildə həmçinin "Günəşli" yatağında ümumi uzunluğu 15-20 kilometr olan 8-9 platformalararası qaz kəmərinin inşası planlaşdırılır. Eləcə də sıxıcı-kompressor stansiyalarının inşasına böyük diqqət yetiriləcək.

ARDNŞ rəhbərliyinin "Neft Daşları"ndakı 2 saylı Sıxıcı-Kompressor Stansiyasını (SKS-2) 4 aqreqat gücünədək (sutkada 3,6 milyon kubmetr) genişləndirmək haqda göstərişi var. Stansiyanın vəzifəsi "Günəşli" və "Çıraq" yataqlarından gələn aşağı təzyiqli səmt qazının sıxılaraq 5 atmosferdən 55 atmosferə çatdırılmasıdır. Hazırda stansiya ümumi gücü sutkada 7,4 milyon kubmetr olan 12 aqreqatdan ibarətdir. Əlavə 4 aqreqatın quraşdırılması stansiyanın gücünü sutkada 11 milyon kubmetrədək artırmağa imkan verəcək. Artıq lazımi avadanlıqlar alınaraq Bakıya gətirilib. Yaxın vaxtlarda quraşdırma işlərinə başlanacaq. Aprel ayında stansiyanın istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda "Günəşli" yatağındakı 4 nömrəli platformada kompressor stansiyasının inşası başa çatdırılmalıdır. Bu stansiya indiyədək infrastrukturun olmaması səbəbindən yığılması mümkün olmayan aşağı təzyiqli qazın toplanılmasına imkan verəcək.

Stansiyanın gücü sutkada 2 milyon kubmetrdir. Bu, bahalı qazma işləri aparılmadan əlavə qaz həcmlərinin əldə edilməsi deməkdir. Bundan başqa, "Neft Daşları" NQÇİ- 4 nömrəli qaz-lift kompressor stansiyasının rekonstruksiyası sıxım gücünün 100 atmosferə çatdırılması nəzərdə tutulub. Köhnə yataqlardakı laylardan neftin çıxarılması üçün oraya yüksək təzyiqli qazın vurulması tələb olunur. Qaradağ yeraltı qaz anbarı da inşaatçıların diqqət mərkəzindədir. Burada sutkalıq tutumu 7 milyon kubmetr təzyiqi 160 atmosfer olan 5 motokompressor aqreqatından ibarət iri kompressor stansiyası inşa edilir. Artıq lazımi avadanlıqlar əldə edilib. Stansiyanın qış mövsümü üçün yanacağın yığılması dövrünə istismara verilməsi planlaşdırılır.

Ötən ilin nailiyyətlərindən biri odur ki, 30 illik fasilədən sonra ARDNŞ öz maliyyə imkanları hesabına "Ümid" qaz-kondensat yatağında müstəqil olaraq işləməyə başlayıb. Kəşfiyyat qazma işlərinin aparılması üçün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda ilk ikibloklu platforma inşa edilərək dənizin 58 metr dərinliyində quraşdırılıb. Hazırda platformanın dənizin dibinə bərkidilməsi işləri həyata keçirilir. Eyni zamanda 8 iri modulda yerləşdiriləcək texnoloji avadanlığın montajı aparılır. Artıq 6 modulda bu işlər başa çatdırılıb. Burada həmçinin üçmərtəbəli yaşayış bloku vertolyot meydançası quraşdırılıb. Bütün üst qurğular, habelə qazma avadanlıqları yaxın aylarda hazır vəziyyətdə platformaya gətiriləcək. Platformanın aprel ayında qazmaçılara təhvil verilməsi planlaşdırılır.

2009-cu ilin iri obyektlərindən biri "Günəşli" yatağı üçün inşa edilən hündürlüyü 92 metr olan ikibloklu texnoloji platformadır. Həmin platformada "28 May" NQÇİ-nin neft hasilatının qaz-lift sistemi cəmlənəcək. Bloklardan biri Bakı Dərin Özüllər Zavodunda, digəri isə "Neftqaztikinti" Trestinin Zığdakı sahəsində yığılacaq. Bundan əlavə, "Neft Daşları" NQÇİ üçün hər biri 12 quyuluq 2 platformanın inşası da qeyd olunmalıdır. Onlardan biri - 2415 nömrəli platforma artıq dənizin 23 metr dərinliyində quraşdırılıb. Hazırda modulların avadanlıqla təchiz edilməsi həyata keçirilir. Yaxın vaxtlarda platforma istismara veriləcək. 2521 nömrəli ikinci platforma isə hələ inşa edilir. Ümumiyyətlə, "28 May" NQÇİ-nin 2008-2010-cu illər üçün sosial-iqtisadi inkişafı üzrə kompleks proqram çərçivəsində böyük həcmdə işlərin həyata keçirilməsi nəzərdə tutulub. Proqramın məqsədi NQÇİ-ni texnoloji sosial sahədə etalon müəssisəyə çevirməkdir.

Məlumdur ki, qarşıdan "Neft Daşları"nın 60 illik yubileyi gəlir. İnşaatçılar bu mühüm hadisəyə ciddi hazırlıq görürlər. Hələ 3 il əvvəl ARDNŞ prezidenti R.Abdullayev "Neft Daşları"ndakı bütün yataqxanaların (kişilər üçün nəzərdə tutulmuş 5 beşmərtəbəli, qadınlar üçün 1 doqquzmərtəbəli yataqxananın), habelə iri sosial obyektlərin (klubun, yeməkxananın, müasir idman-sağlamlıq mərkəzinin) əsaslı təmir edilməsi barədə göstəriş vermişdi. Bu işlər yerinə yetirilir. Bundan başqa, açıq dənizdə yerləşən uzaq sahələrə 8-10 neftçinin yaşaması üçün yeni rahat evlərin quraşdırılmasına başlanılması üçün hazırlıq görülür.

Sənaye infrastrukturuna da böyük diqqət ayrılır. Ötən il beynəlxalq standartlara cavab verən yeni rezervuar parkı inşa edilib. Bu il estakadaların digər hidrotexniki qurğuların təmirinə 10 milyon manatdan çox, sualtı boru kəmərlərinin təmirinə isə 1,4 milyon manat vəsait ayrılıb. ARDNŞ-nin birinci vitse-prezidenti X.Yusifzadənin rəhbərliyi altında "Neft Daşları"nın yubileyinə hazırlıq işləri üzrə yaradılmış komissiya bütün layihələrin icrasını nəzarətdə saxlayır.

 

 

Azərbaycan.-2009.-5 fevral.-S.6.