Nümunəvi xidmət
Son illər Mingəçevir səhiyyəsi özünün inkişaf səviyyəsinə görə respublikanın digər iri şəhərlərindən geri qalmır. Ona görə də ətraf bölgələrin əhalisi dəqiq müayinə və müalicə üçün məhz Mingəçevirə gəlir və orada müalicə olunmağı üstün tutur.
Uzun müddət xəstəliklərdən əziyyət çəkən Kifayət Kərimova bizimlə söhbətində dedi ki, səhhətindəki problemlərlə bağlı Mingəçevir şəhər xəstəxanasına müraciət etməyi məsləhət gördülər. "Belə də etdim. Burada dəqiq müayinə və müalicə aparıldı. Hər addımda mehriban və qayğıkeş münasibətlə qarşılaşdım". İndi Tərtərdən çoxları müalicə üçün Mingəçevir şəhərinə üz tutur və şəfa tapırlar.
Mingəçevir şəhər Mərkəzi xəstəxanası ixtisaslaşdırılmış çoxprofilli tibbi yardım göstərən, 14 tibb müəssisəsini özündə birləşdirən müasir səhiyyə ocağıdır. Buraya 6 dispanser, mərkəzi şəhər xəstəxanası, "Ana və uşaq" MSM, doğum evi, 2 saylı böyüklər və uşaqlar üçün poliklinikalar, tələbə poliklinikası, uşaq nevroloji sanatoriyası, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası daxildir. Mingəçevir səhiyyəsi 96100 nəfər şəhər əhalisinə, burada məskunlaşan 23119 nəfər qaçqın və məcburi köçkünə, həmçinin yaxın rayonlardan müraciət edən çoxsaylı vətəndaşlara tibbi xidmət göstərir.
Ulu öndər Heydər Əliyev səhiyyənin inkişafına daim qayğı göstərmiş, bunu dövlətin vacib işi hesab etmişdir. Bu gün respublika Prezidenti İlham Əliyev də ölkədə müasir tibb mərkəzlərinin yaradılmasını, onların bütün lazımi avadanlıqla təchiz olunmasını, tibb personalının peşə səviyyəsinin yüksəldilməsini diqqət mərkəzində saxlayır. Ölkəmizdə son beş il ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi Azərbaycan səhiyyəsinin inkişafında da böyük rol oynamışdır. Bu dəyişikliklər öz əksini Mingəçevir səhiyyəsində də tapır. Xüsusilə son vaxtlar bu sahədə görülən işlər xeyli artıb. Son bir ildə Mingəçevir səhiyyəsində müxtəlif təmir-abadlıq işləri aparılır, müasir tibbi avadanlıq alınır, diaqnostik mərkəz yaradılır.
Ötən il şəhər Mərkəzi xəstəxanasının poliklinika şöbəsində, ruhi əsəb dispanserində, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında, "Ana və uşaq" MSM-də, doğum evində, 2 saylı poliklinikada təmir işləri aparılıb. Mərkəzi xəstəxananın cərrahiyyə bloku tamamilə yenidən qurulub. Şəhərdə müasir avadanlıqla təmin olunmuş yeni diaqnostik mərkəz yaradılıb. Onkoloji dispanserin cərrahiyyə bloku artıq istifadəyə verilib. Doğum evinin doğum şöbəsində fəaliyyətsiz qalmış cərrahi blokun işə salınması da bu sahədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə imkan vermişdir. Mingəçevirdə "Ana və uşaq" MSM-in reanimasiya şöbəsində əsaslı yenidənqurma işləri aparılıb, cərrahiyyə bloku təmir olunub və bu gün də müxtəlif sahələrdə əsaslı təmir-bərpa işləri davam etdirilir.
Mingəçevir şəhərinin 60 illik yubileyi ilə bağlı səhiyyə işçiləri də hazırlıq işlərinə qoşulmuş, küçə və meydanlarda geniş abadlıq işləri aparmışlar. Mərkəzi xəstəxananın həyətində fəvvarə quraşdırılmış, park yaradılmış, tibb müəssisəsinin yeni giriş qapısı milli ornamentlərlə zövqlə inşa olunmuşdur.
Bununla yanaşı, ötən il səhiyyə ocaqları üçün xeyli miqdarda yataq dəsti, müxtəlif cərrahiyyə avadanlığı və alətlər alınmışdır.
Səhiyyə xidmətinin yüksəldilməsinin ən vacib yollarından biri dərman təminatının yaxşılaşdırılması və xəstələrin təlimata uyğun qidalandırılmasıdır. Ötən il Mingəçevir səhiyyəsinə 131175 manatlıq dərman preparatları ayrılmışdır ki, bu da əvvəlki ildə olduğundan təxminən iki dəfə çoxdur.
Şəhər Mərkəzi xəstəxanasının baş həkimi Muxtar Paşayev söhbət zamanı dedi ki, əhaliyə nümunəvi xidmət göstərmək üçün bütün səy və bacarığımızı səfərbər edirik. Bu sahədə böyük uğurlar qazansaq da, görüləsi işlər hələ çoxdur. Respublika Prezidenti İlham Əliyev xalqın həyat tərzini hər vasitə ilə yaxşılaşdırmağı özünün prioritet vəzifələrindən hesab edir. Bu sahədə səhiyyə işçilərinin üzərinə son dərəcə məsul və şərəfli vəzifələr düşür. Energetiklər şəhərinin səhiyyə işçiləri də qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək məqsədilə daim çalışır, böyük səy göstərirlər.
Lazım Quliyev
Azərbaycan.-2009.-5 fevral.-S.8.