İgid ölər, adı qalar

 

- Oğlum Seymur torpaqlarımızın müdafiəsi uğrunda 21 yaşında şəhid olub. İndi onun adını bax, bu nəvəmə qoymuşam. İnanın, onu da cəbhəyə göndərməyə hazıram. Təki ata-baba yurd yerlərimiz işğaldan azad edilsin...

Seymur Qəhrəman oğlu Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdı. 2 nömrəli şəhər məktəbinə getmiş, dərs əlaçısı olmuş, müəllimlərinin rəğbətini qazanmışdı. Orta təhsilini başa vuran ili Texniki Universitetin elektrotexnika fakültəsinə qiyabi daxil olmuşdu. Onu bilgili mütəxəssis kimi rayonlarında rabitə şöbəsində işə qəbul etmişdilər. Lakin orada fəaliyyəti az oldu, əsgərliyə getdi. Hərbi xidməti zamanı Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərində artilleriya üzrə kurs keçdi. Sonralar Seymuru hərbi biliyini artırmaq üçün Almaniyaya da göndərdilər. Hərbi xidmətini başa vurub rayonlarına qayıtdı.

Ermənilər həmin ərəfədə yaşayış məntəqələrimizə vəhşicəsinə hücumlar edir, evləri yandırır, dinc əhalinin qanını tökürdülər. Seymur Məmmədov könüllü olaraq ərazidəki 814 saylı özünümüdafiə batalyonuna yazıldı. Günlərlə, həftələrlə soyuq səngərlərdə, atəş altında qalardı. Ancaq çəkdiyi əziyyətləri, cəfaları, vətən sevgisi kimi qəbul edərdi. O, hücum zamanı həmişə öndə gedər, silahdaşlarını qələbəyə ruhlandırardı. Neçə-neçə yerli sakinin əsirlikdən azad edilməsi məhz onun hünəri nəticəsində mümkün olmuşdu.

Seymurun son döyüşü 1992-ci il aprel ayının ilk günündə oldu. Məlikcan kəndi uğrunda ölüm-qalım mübarizəsi gedirdi. O da silahdaşları ilə müdafiə mövqeyində idi. Ancaq silah-sursatları yetərincə deyildi. Belə çətin məqamda Seymur inamla irəli gedib 15 nəfər basqınçını məhv etdi. Düşmən hücumunun qarşısı müvəqqəti olsa alındı. Təəssüf ki, qarşı tərəfdən atılan atəş ondan yan keçmədi...

Seymur Məmmədov 21 yaşında beləcə şəhid oldu. Lakin xidmətləri, döyüş bacarığı yüksək qiymətləndirildi. Şəhidlər xiyabanında dəfn edildi. Döyüşlərdəki şücaətlərinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.

 

 

T.Ağaoğlu

 

Azərbaycan.-2009.-5 fevral.-S.7.