Dinamik inkişaf dövrü

 

Son beş ildə Yardımlı rayonunun həyatı əlamətdar hadisələrlə zəngin olmuşdur. Ölkə Prezidenti İlham Əliyev 2005-ci il sentyabrın 9-da və 2006-cı il oktyabrın 23-də rayona səfərlər etmişdir. Həmin səfərlər zamanı rayonda yeni-yeni sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər sosial əhəmiyyətli obyektlər açılmış, rayona təbii qaz verilmişdir. 53 kilometrlik Masallı-Yardımlı magistral yolu da əsaslı şəkildə yenidən qurulmuşdur. Yardımlılar 2008-ci ili də uğurlu nəticələrlə başa çatdırmışlar. Rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovla da söhbətimiz bu barədə oldu. O dedi:

- "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda, habelə həmin dövlət proqramına əlavələrdə nəzərdə tutulmuş tədbirlər plana uyğun, ardıcıllıqla həyata keçirilmişdir. Bunun sayəsində yeni məktəblər, səhiyyə obyektləri, istirahət parkı tikilib istifadəyə verilmiş, kəndarası yollar təmir olunmuş, rayon mərkəzi xəstəxanası binasının təmiri başa çatdırılmış və digər abadlıq-quruculuq işləri görülmüşdür.

Dövlət proqramının tələblərindən irəli gələn vəzifələr yerinə yetirilərkən yerli imkanlar və ehtiyat mənbələri nəzərə alınmışdır. Bu bizə 2008-ci ildə nəzərdə tutulmuş tikinti-quruculuq işlərinin həcmini daha da artırmağa imkan yaratmışdır. İlin əvvəlində 2 min 200 yerlik mərkəzi "Sahil" stadionu əsaslı surətdə yenidən qurulmuş, Viləş çayı üzərində bir piyada və bir nəqliyyat körpüsü inşa olunmuş, şəhərin mərkəzində yeni park salınmışdır. Şəhərin mərkəzindəki Heydər Əliyev küçəsi və şəhid R.İsmayılov küçəsi yenidən qurularaq simasını tamamilə dəyişmişdir. Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksində ulu öndərin adını daşıyan parkda, digər küçələrdə cari təmir işləri aparılmışdır. Dövlət başçısının tapşırığı ilə respublikamıza gətirilmiş kommunal xidmət üçün nəzərdə tutulmuş texnikadan bizim rayona da verilməsi şəhərin daha təmiz saxlanmasına və kommunal xidmətin müasir tələblər səviyyəsində qurulmasına yardımçı olmuşdur. Şəhər əhalisinin içməli suya tələbatının ödənilməsi məqsədilə Nizami küçəsinə yeni su xətti çəkilmiş, təbii qazdan istifadə edən abonentlərin sayı 928-ə çatdırılmışdır. Bununla yanaşı, Əngövül kəndi ərazisində ikinci qazpaylayıcı stansiya inşa olunmuş və kənd qazlaşdırılmışdır.

Qış mövsümündə əhali üçün ciddi problem yaradan kəndarası yolların təmiri davam etdirilmişdir. 1 kilometrlik Yardımlı-Gavran yolu, 2 kilometrlik Yardımlı-Bozayran yolu qaydaya salınmış, bir körpü əsaslı təmir olunmuş, bir piyada körpüsü tikilib istifadəyə verilmişdir. Bütövlükdə dövlət proqramının icrası ilə bağlı 53 kilometr uzunluğunda Masallı-Yardımlı yolu müasir tələblər səviyyəsində yenidən inşa olunmuş, 62 kilometrlik kəndarası yollar əsaslı şəkildə təmir edilmiş, 8 yeni körpü salınmışdır.

Ötən il rayon üzrə 63.1 milyon manatlıq məhsul istehsal edilmiş, ümumi iqtisadi artım 38 faiz olmuşdur. Yeri gəlmişkən, son 5 ildə rayon üzrə ümumi daxili məhsul 3.2, sənaye məhsulları 2.6, tikinti işlərinin həcmi 8.6, kənd təsərrüfatı məhsulları istehsalı 3.5 dəfə artmış, əhaliyə göstərilən ticarət xidmətinin həcmi 2.9, nəqliyyat xidmətinin həcmi 3.5, rabitə xidmətinin həcmi isə 2.4 dəfə çox olmuşdur.

2008-ci ildə rayon üzrə orta aylıq əməkhaqqı 2003-cü illə müqayisədə 3 dəfə artaraq 198 manata çatmışdır. Ümumi mənzil fondu artaraq 737.7 min kvadratmetr təşkil etmişdir ki, bu da adambaşına 12.8 kvadratmetr mənzil sahəsi deməkdir. 2003-cü illə müqayisədə ümumi mənzil fondu və adambaşına düşən mənzil sahəsi 1,3 dəfə artmışdır.

Sahibkarlıq subyektlərinin sadələşdirilmiş qaydada qeydiyyatdan keçməsi ilə bağlı ölkə Prezidentinin verdiyi tapşırığa uyğun lazımi şərait yaradılmışdır. Bu məqsədlə il ərzində rayon üzrə 21 hüquqi və 79 fiziki şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmişdir. Sahibkarlıq subyektləri tərəfindən 60 milyon 300 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da rayon üzrə istehsal olunan ümumi məhsulun 95 faizini təşkil edir. Özəl sektorda istehsal edilən ümumi məhsul 2003-cü illə müqayisədə 4,2 dəfə çoxalmışdır.

Torpaq islahatı aparıldıqdan sonra 36 min 776 hektar torpaq sahəsi dövlət mülkiyyətinə, 12 min 567 hektar torpaq sahəsi xüsusi mülkiyyətə, 17 min 377 hektar torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə verilmişdir. İl ərzində dövlət mülkiyyətində olan torpaqlardan 7 fiziki və hüquqi şəxsə 464 hektar torpaq sahəsi təhkim olunmuşdur. İcarəyə verilmiş torpaq sahələrinə görə büdcəyə 4 min 726 manat vəsait ödənmişdir ki, bu da əvvəlki illərlə müqayisədə 3 dəfə çoxdur.

Bütövlükdə rayonda son illər sənaye məhsulları istehsalı artsa da, əhalinin əsas hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Ötən il rayon üzrə 73 min 515 sentner kartof, 21 min 815 sentner tərəvəz, 9 min 31 sentner meyvə istehsal olunmuşdur.

Mal-qaranın sayının ildən-ilə artması hesabına 2008-ci ildə 23 min 840 sentner ət və 128 min 650 sentner süd istehsal edilmişdir. Bu, əvvəlki illə müqayisədə xeyli çoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 23 yanvar 2007-ci il tarixli sərəncamın icrası ilə əlaqədar rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan əhaliyə birdəfəlik yardımların ödənilməsi təmin olunmuşdur. Sərəncama uyğun olaraq, Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli qərarı ilə buğda istehsalına marağın artırılması məqsədilə hər hektara görə 40 manat yardım verilməsi yaxşı stimul yaratmış, buğda istehsalı 2008-ci ildə inişillə müqayisədə 3 dəfə artmışdır.

Təhsil, səhiyyə, mədəniyyət sahələri də diqqətdən kənarda qalmamışdır. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, avadanlıq və inventarlarla təmin olunmasına xüsusi fikir verilmişdir. Qəzalı vəziyyətdə olan Nisaqala, Gavran, Honuba-Şıxlar kəndlərində yeni məktəb binalarının tikintisinə başlanmış, Nisəqala kənd orta, Jij və Odurağaran ibtidai məktəb binaları istifadəyə verilmişdir. Hazırda Honuba-Şıxlar məktəbinin idman bölməsində son tamamlama işləri görülür.

Orta və ibtidai məktəblərin inşası zamanı müasir tələblər nəzərə alınaraq əlavə kompüter, kitabxana və digər xidmət otaqları tikmək nəzərdə tutulmuşdur. Son 4 il ərzində 45 məktəb yenidən tikilmiş, əsaslı təmir olunmuş və əlavə sinif otaqları inşa edilmişdir. İstifadəyə verilmiş bütün məktəblər avadanlıq və inventarlarla, kompüter dəstləri ilə təmin olunmuşdur. Yeni tikilən və əsaslı təmir olunan məktəblərdən 38-i "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Heydər Əliyev Fondu hesabına olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın təsdiq edilməsi haqqında (2005-2007-ci illər)" sərəncamına uyğun olaraq təkcə ötən il rayon məktəblərinə 148 ədəd kompüter dəsti verilmiş, bütün məktəblər təmir olunmuşdur.

Təhsilin maddi-texniki təchizatının yaxşılaşdırılması tədrisin keyfiyyətinə müsbət təsir göstərmişdir. 2008-ci ilin məzunlarından 98 nəfər ali, 62 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdur. Onlardan 7 nəfər Türkiyənin, 1 nəfər Çin Xalq Respublikasının, 1 nəfər isə Rusiya Federasiyasının ali təhsil ocaqlarına daxil olmuşdur. Ali təhsil ocaqlarına qəbul olunanlardan 3 nəfəri 600-dən çox bal toplamışdır. Kürəkçi kənd orta məktəbinin məzunu Vüsal Məmiyev 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür. Müqayisə üçün qeyd edək ki, qəbul olunanların sayı 2003-cü ildəkindən 3,2 dəfədən çoxdur. 48 gənc müəllim işlə təmin edilmiş, sinif müəllimlərinə tələbat tam ödənilmiş, digər ixtisaslar üzrə müəllim çatışmazlığı xeyli aradan qaldırılmışdır.

Ölkə Prezidentinin sərəncamı ilə Alçabulaq orta məktəbinin müəllimi Heybət Qədirov ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür.

Əhaliyə səhiyyə xidmətini yaxşılaşdırmaqdan ötrü, dövlət proqramına uyğun olaraq, 165 çarpayılıq rayon mərkəzi xəstəxanasında əsaslı təmir işləri, demək olar ki, başa çatdırılmışdır. Rayona gətirilən ən müasir tibbi avadanlıq hesabına xəstələr uzaq yerlərə getmək əzabından qurtulmuşlar. Mirimli və Çayüzü kənd ambulatoriyaları üçün yeni, müasir binalar tikilib istifadəyə verilmiş, hər ikisi yeni inventarlarla təchiz olunmuşdur. Səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə rayon mərkəzi xəstəxanasına daha bir sanitar avtomobili gətirilmiş, bununla da son iki il ərzində xəstəxanaya verilən təcili tibbi yardım maşınlarının sayı 3-ə çatmışdır.

Əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi də nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Şəhərin mərkəzində yeni istirahət parkı istifadəyə verilmiş, tarix-diyarşünaslıq muzeyində daxili tərtibat təzələnmişdir.

Gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunması, yeniyetmələrin fiziki sağlamlığının qorunması, bədən tərbiyəsi və idmanın inkişafında kütləviliyin artırılması istiqamətində mühüm addımlar atılmışdır. İdmanla bağlı mərkəzi stadion əsaslı şəkildə yenidən qurulmuşdur. Artıq rayonda müxtəlif idman növləri üzrə respublika səviyyəli yarışların keçirilməsi üçün lazımi şərait də var. Yeri gəlmişkən qeyd etmək xoşdur ki, 2008-ci ildə şahmat və kontakt-karate üzrə respublika birincilikləri bizim rayonda keçirilmişdir. Həmin yarışlarda idmançılarımız yüksək nailiyyətlər əldə etmişlər. Kontakt-karate üzrə respublika birinciliyinə qatılmış 12 idmançımızdan 6 nəfəri birinci, 6 nəfəri ikinci yeri tutmuşdur. Futbol üzrə zona yarışlarında rayonumuzun yeniyetmələri bütün görüşləri müvəffəqiyyətlə keçirərək birinci yeri tutmuşlar. "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü üzrə zona çempionu olan təmsilçilərimiz respublika birinciliyində 4-cü olmuşlar.

Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuşdur. Yaxın yaşayış məntəqələrinin hamısında əmək haqları, pensiya və müavinətlər plastik kartlarla ödənilir. Hazırda 3 min 719 nəfər əməkhaqqını, 3 min 729 nəfər kənd təsərrüfatı üzrə birdəfəlik yardımları, 2 min 82 nəfər ünvanlı sosial yardımı, 3 min 135 nəfər sosial pensiyanı və 4 min 182 nəfər əmək pensiyalarını plastik kartlar vasitəsilə alır. Plastik kartlar vasitəsilə ödənişin ümumi sayı 2008-ci ilin sonuna 16 min 847-yə çatmışdır ki, bu da 2006-cı illə müqayisədə 6 dəfə, 2007-ci illə müqayisədə 2 dəfə çoxdur.

Rayon üzrə 1961 ailənin 11 min 314 nəfər üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunmuş, onlara 1 milyon 365 min manat həcmində pul vəsaiti ödənilmişdir. Bu, hər bir ailəyə ayda təqribən 88 manat, hər bir ailə üzvünə 15.25 manat yardım deməkdir. Ötən il Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati binada tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

Əhaliyə rabitə xidmətinin səviyyəsini yüksəltməkdən ötrü də az iş görülməmişdir. Rayon telekommunikasiya qovşağının binası əsaslı şəkildə təmir edilmiş, müasir tipli 2 min 512 nömrəlik müasir elektron ATS quraşdırılmışdır. Yeni istifadəyə verilmiş Hamarkənd elektron ATS-dən kəndlərə xətlər çəkilmiş, Hamarkənd, Bürzünbül, Anzov, Osnağaran, Solqard, Zenqaran kəndləri telefonlaşdırılmışdır. Vərgədüz kəndində 128 nömrəlik yeni EATS istifadəyə verilmiş, Telavar, Zevin, Perinbel kəndləri üçün hər biri 128 nömrə tutumlu elektron ATS-lər alınıb gətirilmişdir. Horoni, Arvana, Deman, Honuba-Şıxlar, Honuba, Yeni Abidinli, Peştəsər, Zeynələzir, Güğavar, Zəngələ, Ləzran və digər yaşayış məntəqələrində hər biri 4 nömrəlik olmaqla 76 ədəd peyk rabitəsi telefonları quraşdırılmışdır.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması, istifadə olunmuş elektrik enerjisi haqqının ödənilməsi sahəsində ciddi dönüş yaranmışdır. Əksər yaşayış məntəqələrimizə elektrik enerjisinin verilməsi sutka ərzində 17-18 saata çatdırılmışdır. İstifadə olunmuş elektrik enerjisinin dəyəri hər ay 100 faiz ödənilmişdir.

Bütövlükdə son illər həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri nəticəsində Yardımlı qəsəbəsinin yerində yeni, müasir şəhər inşa olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2008-ci il tarixli Sərəncamı ilə qəsəbəyə şəhər statusu verilmişdir. Biz bunu dövlət başçısının rayonumuza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndiririk.

2008-ci ildə vətəndaşların ərizə, şikayət və müraciətlərinə qayğı ilə yanaşılmış, müntəzəm olaraq ayrı-ayrı yaşayış məntəqələrində rayon icra hakimiyyəti başçısının səyyar qəbulları keçirilmiş, vətəndaşların qaldırdıqları məsələlər operativ həll olunmuşdur. İl ərzində RİH-in başçısı tərəfindən 456, səyyar qəbullar zamanı isə 1340 nəfər vətəndaş qəbul edilmişdir. Qəbullarda qaldırılmış məsələlərin vaxtında həll olunması, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması hesabına ötən il müraciətlərin sayı inişilkinə nisbətən xeyli azalmışdır.

Rayonda fəaliyyət göstərən 16 siyasi partiyanın yerli təşkilatlarının hamısının normal fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.

Rayon əhalisi oktyabrın 15-də keçirilən prezident seçkilərində mütəşəkkil iştirak etmiş, böyük əksəriyyət cənab İlham Əliyevə səs vermişdir.

Mart ayının 18-də keçiriləcək ümumxalq səsverməsinə (referenduma) da ciddi hazırlıq işləri görülür.

 

 

Seyran Cavadov

 

Azərbaycan.-2009.-6 fevral.-S.6.