Dünya maliyyə
böhranının Azərbaycana təsiri daha da zəifləyir
Hələ də dünya iqtisadiyyatının bir nömrəli problemi kimi qalmaqda olan qlobal maliyyə böhranının yaratdığı fəsadlardan biri də ölkələrin valyuta ehtiyatlarını sürətlə "əritməsidir". Bu, ilk növbədə müxtəlif təbii sərvətlər, o cümlədən neft-qaz ixracı ilə məşğul olan ölkələrə aid edilir. Lakin qlobal maliyyə böhranının təsirinə ən minimal həddə məruz qalan ölkələrdən biri kimi Azərbaycanın valyuta ehtiyatları nəinki azalacaq, əksinə, xeyli miqdarda artacaq.
Qlobal iqtisadi böhran Azərbaycana yeni imkanlar yaradır
Belə vəziyyət son nəticədə
qlobal maliyyə böhranının bundan sonra da Azərbaycana
hər hansı ciddi təsir imkanını heçə
endirir. Ümumiyyətlə isə belə hesab edilir ki,
böhran sadəcə Azərbaycanın ixrac potensialında
öz cüzi təsirini hiss etdirsə belə, ölkə
iqtisadiyyatının inkişaf tempi yenə də böyük
sürətlə davam edəcəkdir. Bu məqamla
bağlı Prezident İlham Əliyev ABŞ-ın SNBC
telekanalına müsahibəsində qeyd edir: "Beynəlxalq
böhran iqtisadiyyatımıza elə də güclü təsir
göstərməyibdir. Azərbaycan dünya iqtisadiyyatına
getdikcə daha çox inteqrasiya olunduğundan xüsusən
ixrac potensialı ilə bağlı müəyyən
narahatlıqlarımız var. Qeyri-neft sektorundakı ixrac
potensialı son aylarda az da olsa, azalmışdır. Lakin
ümumilikdə bizdə maliyyə məsələləri və
iqtisadiyyatın inkişafı ilə bağlı vəziyyət
yaxşıdır".
Dünyanın ən
aparıcı maliyyə institutları isə bir çox
ölkələrdən fərqli olaraq Azərbaycanın hətta
qlobal maliyyə böhranından yararlana biləcəyini proqnozlaşdırırlar.
Məsələn, Dünya Bankının Avropa və Mərkəzi
Asiya regionu üzrə vitse-prezidenti Şeqeo Katso bildirir ki,
qlobal iqtisadi böhran Azərbaycana digər ölkələrdəki
kimi təsir etməyib və Azərbaycan bu böhrandan daha az
itki ilə ötüşür. Onun sözlərinə
görə, bu böhran hətta Azərbaycana yeni imkanlar da
yarada bilər: "Belə ki, qeyri-neft sektoru inkişaf etdirilə
bilər, yeni iş yerləri açıla bilər, biznes
mühiti, rəqabət qabiliyyəti və dövlətin
maliyyə idarəetməsi yaxşılaşdırıla bilər".
Azərbaycanın qlobal maliyyə
böhranını kifayət qədər hazırlıqlı
qarşılamasında və onun təsirlərini bundan
sonrakı dövrdə də minimum həddə endirməsində
vacib rol oynayan faktorlardan biri də valyuta ehtiyatlarıdır.
Uğurla həyata keçirilən yeni neft strategiyasından əldə
edilən gəlirlər hesabına indi ölkənin
etibarlı təhlükəsizlik "yastığı"
formalaşmışdır. Bu "yastıq" ortamüddətli
dövrdə ölkənin büdcə-valyuta sabitliyinin təmin
edilməsi üçün yetərli səviyyədədir.
Manat postsovet məkanında ən dayanıqlı
valyutadır
Həmçinin bir çox
xarici ölkələrdən fərqli olaraq Azərbaycan
böhranın təsirinə ən aşağı səviyyədə
məruz qaldığı üçün ölkənin
valyuta ehtiyatları başqa dövlətlərdə olduğu
kimi əlavə yaranan problemlərin həllinə sərf
olunmur. Son dövrlər isə dünya iqtisadiyyatında
özünü göstərən belə problemlərdən
biri də milli valyutanın xarici valyutalara nisbətdə dəyərini
sürətlə itirməsidir. Məsələn, neftin həcmi
və ixracı potensialına görə, Azərbaycanı
qabaqlayan Qazaxıstanda milli valyuta olan tenge son bir həftədə
devalvasiyaya uğrayaraq dollarla müqayisədə 25 faiz dəyərini
itirib. Artıq Qazaxıstan valyutadəyişmə məntəqələrində
1 dollar 150 tengeyə bərabərdir. Halbuki ötən ay
Qazaxıstanın iqtisadi inkişaf naziri Baxıt Sultanov
bildirirdi ki, hökumət tengenin 10 faizdən artıq ucuzlaşmasına
imkan verməyəcək. Lakin görülən tədbirlər
ciddi nəticə vermədiyindən sonda Qazaxıstan Milli
Bankı tengenin devalvasiyası ilə razılaşmalı
oldu. Onu da bildirək ki, son üç rüb ərzində
Qazaxıstan tengenin kursunu sabit saxlamaq üçün 6 milyard
dollardan artıq vəsait xərcləməli olub.
Analoji vəziyyət Rusiyada
da hökm sürür. Ötən ilin iyulundan indiyə qədər
olan dövr ərzində Rusiya rublu dollara nisbətdə 54
faiz ucuzlaşıb. Bunun əsas səbəblərindən
biri isə dünya bazarlarında neftin və metalın qiymətinin
ifrat dərəcədə endiyindən Rusiyada xarici valyuta, o
cümlədən dollar qıtlığının
yaşanmasıdır. Belə şəraitdə isə rublun
ucuzlaşmasının qarşısını almaq
üçün hökumət valyuta ehtiyatlarından
milyardlarla dollar xərcləyir.
Hazırda ölkənin
ümumi qızıl-valyuta ehtiyatları artıq 400 milyard
dollardan aşağıdır, halbuki ötən ilin
yayında bu rəqəm 600 milyard dollara çatırdı.
Analoji vəziyyət postsovet ölkələrinin böyük
əksəriyyətində müşahidə olunur. Ukraynada
ötən ilin iyulundan bu vaxta qədər olan dövr ərzində
milli valyuta olan qrivnanın dollarla müqayisədə dəyəri
73,6 faiz azalıb.
Azərbaycan strateji
əhəmiyyətli xarici şirkətlərin
səhmlərini almağa hazırlaşır
Neftin qiymətinin dünya
bazarlarında tez-tez dəyişməsi də valyuta
ehtiyatlarının toplanmasına təsir göstərməyəcək.
Cari il ərzində də Azərbaycan Dövlət Neft Fonduna
"qara qızıl"ın satışından xeyli
miqdarda vəsait daxil olacağı
proqnozlaşdırılır. Qeyd edək ki, fondun 2009-cu il
üçün büdcəsində neftin qiyməti dövlət
büdcəsində olduğu kimi, yəni, 70 dollardan
götürülüb.
Neftin bir bareli 70 dollardan
götürülməklə, 2009-cu ildə fondun gəlirləri
14 milyard manat proqnozlaşdırılır. Əgər qiymətlər
50 dollar ətrafında dəyişsə, onda bu rəqəm təqribən
9 milyard manat təşkil edəcək. OPEK-in isə yenidən
neft hasilatını azaldacağına dair verdiyi qərar
artıq bu məhsulun qiymətini 50 dollara
çatdırmaqdadır. Dünya Bankının ekspertləri
isə ilin sonuna kimi neftin bir barelinin qiymətinin 75 dollara
çatacağını proqnozlaşdırır. Deməli, ən
pis halda belə, Dövlət Neft Fonduna cari il ərzində
daxil olacaq vəsaitin həcmi 10 milyard dolları keçəcəkdir.
2008-ci ildə isə
bütün mənbələr hesabına fonda 11 milyard 865
milyon manat gəlir daxil olub. Ötən il fondda toplanan
pulların idarə olunmasından 231,2 milyon manat gəlir əldə
edilib. Onu da qeyd edək ki, ötən illərdən fərqli
olaraq, 2009-cu ildə fonddan yeni layihələrin maliyyələşdirilməsi
nəzərdə tutulmur. Bu isə fonda daha çox valyuta
ehtiyatlarının qalacağından xəbər verir.
Fondun ehtiyatlarının 94
faizə yaxını qiymətli kağızlara yönəldilib.
Qalan hissə isə depozitlər və pul bazarı alətləri,
həmçinin qısamüddətli kommersiya
kağızlarına yatırılıb. Ümumilikdə vəsaitlərin
90 faizi "3 a" reytinqli qurumlarda saxlanılır ki,
onların da qlobal böhran nəticəsində "batma"
ehtimalı qeyri-mümkündür.
Bu arada isə o da məlum
olub ki, Dövlət Neft Fondu dünya maliyyə böhranı
ilə əlaqədar öz investisiya strategiyasında korrektə
aparmaq niyyətindədir. Fondun icraçı direktoru
Şahmar Mövsümov investisiya siyasətində
aparılacaq dəyişikliyin korporativ qiymətli
kağızlara yönəldilən investisiyalara aid
olacağını vurğulayıb. İcraçı direktor
hesab edir ki, fondun konservativ investisiya strategiyası hesabına
dünya maliyyə böhranı Dövlət Neft Fondunun
investisiyalarına mənfi təsir etməyib, çünki
fondun vəsaitlərinin çox kiçik bir hissəsi
dünya bazarlarında səhmlərdə yerləşdirilib.
Hazırda maliyyə
böhranının nəticəsində bir sıra iri
şirkətlərin səhmləri dünya bazarlarında kəskin
ucuzlaşıb. Lakin onların strateji əhəmiyyətini nəzərə
alaraq, həmin ölkələrin hökumətləri tərəfindən
bu şirkətlərin müflisləşməsinə yol
veriləcəyi az ehtimal olunandır. Bunu nəzərə
alaraq, Ş.Mövsumov Dövlət Neft Fondunun vəsaitinin
qismən bu şirkətlərin səhmlərinin
alınmasına istiqamətləndiriləcəyini istisna etməyib.
Fondun səhmlərə investisiya yatırması məsələsi
artıq bir neçə ildir gündəmdə olsa da, 2007-ci
ilin ortalarında ABŞ-da fond bazarında böhran əlamətləri
üzə çıxandan sonra bu proses təxirə
salınıb və hazırda investisiya strategiyasına yenidən
baxıla bilər. Lakin o da qeyd edilir ki, sərmayə
yatırımlarının yalnız böhran səngiyəndən
sonra reallaşması mümkündür.
Yerli bankların aktiv
fəaliyyəti təmin olunacaq
Dövlət Neft Fondu ilə
yanaşı, 2008-ci ildə Azərbaycan Milli Bankının
(AMB) valyuta ehtiyatları 52,8 faiz artaraq ötən il
dekabrın 30-na 6 milyard 137 milyon dollar təşkil edib.
Ümumilikdə 2008-ci ildə bankın valyuta ehtiyatları 2 milyard
121,7 milyon dollar artıb. Belə hesab olunur ki, cari il ərzində
təkcə Milli Bankın yox, həmçinin yerli kommersiya
banklarının da maliyyə ehtiyatları artacaq. Ən
azı ona görə ki, yerli kommersiya banklarının fəaliyyətini
canlandırmaq üçün xaricdə saxlanan valyuta
ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi
nəzərdə tutulur. Bu da onların maliyyə əməliyyatlarının
əvvəlki fəallıqla yerinə yetirməsilə
müşayiət olunacaq. Məlumat üçün bildirək
ki, Azərbaycan banklarının ümumi aktivləri 2008-ci ildə
52,7 faiz artaraq 10 milyard 273,46 milyon manat təşkil edib.
Bankların aktivləri strukturunda xüsusi çəkiyə
müştərilərə verilən kreditlər malik olub.
Onların payına 6 milyard 816,85 milyon manat və ya
bütün aktivlərin 66,35 faizi düşüb.
2009-cu il yanvarın 1-i
üçün aktivlərin strukturunda bankların müxbir
hesablarının payına 959,52 milyon manat və ya
bütün aktivlərin 9,34 faizi (artım 38,4 faiz), nağd vəsaitlərin
payına 460,58 milyon manat və ya 4,48 faiz (artım 61,1 faiz),
investisiyaların payına 795,77 milyon manat və ya 7,75 faiz
(artım 68,5 faiz) düşüb. Bundan əlavə, maliyyə
sektoruna verilən kreditlərin və depozitlərin payına
414,82 milyon manat və ya bütün aktivlərin 4,04 faizi
(artım 44,4 faiz), digər aktivlərin payına 825,92 milyon
manat və ya 8,04 faiz (artım 39,2 faiz) düşüb.
Cari il ərzində də
banklarda maliyyə əməliyyatlarının aktivliyinin
saxlanması üçün onların nağd vəsaitə
duyduğu ehtiyaclar hökumət tərəfindən valyuta
ehtiyatları hesabına qarşılanacaqdır.
Bütün bunlar isə Azərbaycanın
valyuta ehtiyatlarının etibarlı qorunduğunu göstərməklə
yanaşı, həm də ölkə iqtisadiyyatının
ayrı-ayrı sektorlarının inkişafında vacib rol
oynadığını göstərir.
Rasim Bayramov
Azərbaycan.-2009.-6 fevral.-S.1-3.