İkili standartlardan çıxış etmək Avropa Şurasının özünün imicinə kölgə salır

 

Avropa Şurası Parlament Assambleyasının 2009-cu il qış sessiyasında ənənəvi olaraq aktual, Avropa və eləcə də dünya ictimai fikrini düşündürən məsələlər müzakirə mövzusu oldu. Bu sessiya həm də ikili standartların bütün çılpaqlığı ilə nümayiş etdirilməsinin kulminasiya nöqtəsi kimi yadda qaldı.

Milli Məclisin deputatı, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli ilə müsahibəmiz də bu barədədir.

- AŞ PA-nın qış sessiyası təbii ki, ölkəmiz üçün də əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə yadda qaldı. Qurumun ikili standartlardan çıxış etməsi konkret olaraq hansı məqamlarda özünü büruzə verdi?

- Sessiyanın ilk günü inkişafa dair hesabat dinlənildi. Bu, ənənəvi bir hesabatdır və hər sessiyanın ilk günü ötən sessiyadan keçən dövr ərzində dünyada baş vermiş mühüm ictimai-siyasi hadisələrə icmal xarakterli qiymət verilir. Əgər həmin hadisələr xüsusi diqqət tələb edirsə, onlarla bağlı əlavə dinləmələr təşkil edilir. Bu icmal xarakterli məruzədə Azərbaycanda keçirilən prezident seçkilərinə də qiymət verildi. Azərbaycandakı seçkilərə dair dəyərləndirmələr zamanı Böyük Britaniyadan olan deputat Lord Tomilson AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkeli kəskin tənqid etdi. Bildiyiniz kimi, A.Herkel son seçkilər zamanı ölkəmizə həm də Avropa Şurasının müşahidəçilər missiyasının rəhbəri kimi gəlmişdi. Buna görə o, ikili mandata malik idi. A.Herkelin müşahidəçilər missiyasının rəhbəri kimi öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini bəyan edən Lord Tomilson Azərbaycan ictimaiyyətinin yaxşı bildiyi bir həqiqəti bütün çılpaqlığı ilə avropalı deputatların diqqətinə çatdırdı. O bildirdi ki, AŞ-nin seçkiləri müşahidə etmək üçün təşkil etdiyi missiyaya daxil olan deputatlar gördüklərini ifadə etməkdə sərbəstdirlər. Missiyanın yekun qənaəti də onun tərkibində olan deputatların müşahidələri əsasında formalaşır. Missiyanın rəhbəri isə yekun qənaəti öz bildiyi kimi deputatlara sırımalı deyil. Amma britaniyalı parlamentarın etirafına görə, Azərbaycanda prezident seçkilərinin müşahidəsi və yekun qiymətin formalaşdırılması zamanı vəziyyət tamamilə fərqli olub. Belə ki, missiya seçkilərin normal, şəffaf, demokratik meyarlara və Avropa standartlarına uyğun keçirildiyi qənaətinə gəlib. Missiyaya daxil olan bütün deputatlar bu qənaəti bölüşsələr də, A.Herkel yekunda müşahidəçilərin fikrini yox, öz şəxsi subyektiv fikirlərini və mülahizələrini ortaya qoyub. Lord Tomilsonun sözlərinə görə, A.Herkelin bu addımı bütün missiya üzvlərinin dərin etirazına səbəb olub.

Müzakirələr zamanı Azərbaycanda keçirilən prezident seçkiləri yüksək dəyərləndirildi. Etiraf olundu ki, son prezident seçkiləri Azərbaycan tarixində bu günə qədər olan bütün seçkilərin sırasında ən demokratik, ən mükəmməl və Avropa standartlarına uyğun olması ilə seçilir. Azərbaycandakı seçkilərin müzakirəsi zamanı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və mən çıxış etdik. Çıxışlarımızda ölkəmizdə keçirilən prezident seçkiləri barədə deputatları məlumatlandırdıq. Eyni zamanda, AŞ-nin öz missiyasının üzvlərinin rəyi ilə hesablaşmalı, parlamentarların qənaətinə hörmətlə yanaşmalı olduğunun vacibliyini avropalı parlamentarilərin nəzərinə çatdırdıq. Çıxışlarımızda səslənən ən önəmli məsələlərdən biri ondan ibarət oldu ki, AŞ-də üzv ölkələrə yanaşmada ikili standartlar nümayiş etdirilməməlidir. Hər bir ölkəyə münasibətdə vahid prinsiplərdən çıxış edilməlidir. Bu da ümumilikdə təşkilatın nüfuzunu artırar, qarşısında olan çağırışların, missiyanın daha uğurlu həyata keçirilməsinə kömək edər.

Sessiyanın ikinci günü də Azərbaycan nümayəndə heyəti üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Çünki həmin gün Azərbaycan ərazilərini işğal altında saxlayan, ölkəmizlə müharibə şəraitində olan Ermənistanın məsələsi müzakirə olundu. Ermənistanda keçirilən prezident seçkiləri zamanı baş vermiş qanlı olaylar, insan hüquqlarının kobud şəkildə tapdalanması siyasətlə az-çox maraqlanan hər kəsə yaxşı bəllidir. Bu, Avropanın son 30-40 illik tarixində görünməmiş bir hal idi. Rəsmi statistikaya görə, Ermənistandakı seçkilər zamanı 10 nəfər, qeyri-rəsmi mənbələrin məlumatına görə 30-a yaxın insan yalnız seçki saxtakarlığına etiraz etdiyinə görə qətlə yetirildi. Yüzdən artıq insan isə siyasi motivlərlə, seçki saxtakarlığına etiraz əlaməti olaraq nümayişlərə qoşulduğu üçün həbs edildi. Parlamentin dörd deputatı da toxunulmazlıq statusundan məhrum edilərək həbs olundu. Ölkəni böyük etiraz dalğası, nümayişlər bürüdü. Bundan cəmi ay yarım sonra AŞ PA-nın 2008-ci il yaz sessiyası keçirilsə də, Ermənistanla bağlı məsələ nəinki gündəliyə çıxarılmadı, əksinə, seçki biabırçılığının üzərindən sükutla keçildi. Ermənistandakı seçkini AŞ-nin müşahidə missiyası izləmişdi. Müşahidə missiyasının rəhbəri, Böyük Britaniyadan olan deputat Preskot keçirdiyi mətbuat konfransında Ermənistandakı seçkilərin Avropa standartlarına uyğun olduğu barədə rəy verdi. Düşünürəm ki, A.Qrossun Çeçenistandakı seçkilərə verdiyi qiymətdən sonra (o, Çeçenistanda keçirilən seçkiləri Avropa standartlarına uyğun adlandırmışdı) Preskotun mətbuat konfransında verdiyi "Ermənistandakı seçkilər Avropa standartlarına uyğun baş tutdu" bəyanatı AŞ tarixində baş verən çox nadir və şok effekti yaradan bir hal idi. Ermənistandakı hadisələrdən sonra yaz sessiyasına qədər Avropa Şurasının kifayət qədər vaxtı var idi. Amma nəinki yaz sessiyasında, eləcə də 2008-ci ilin yay və payız sessiyalarında Ermənistandakı seçkilərdən söz açılmadı. Yalnız 2009-cu ilin qış sessiyasında Ermənistanın səsvermədən məhrum edilməsi ilə bağlı məsələ gündəliyə çıxarıldı. Elə gündəliyə salınandan dərhal sonra da Ermənistan üzrə həmməruzəçilərin hər ikisinin təşəbbüsü ilə çıxarıldı.

"AŞ Azərbaycana ikili standartlar tətbiq edir" fikri və iddiası çox ciddi əsaslara söykənir. Gəlin, ilk olaraq Ermənistanda keçirilən son prezident seçkiləri ilə Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərini müqayisə edək. Azərbaycanda parlament seçkiləri noyabrın 6-da keçirildi, 2006-cı ilin yanvarında isə AŞ-nin tələbi ilə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə məsələ müzakirəyə çıxarıldı. Yəni, Azərbaycanla bağlı məsələ seçkidən dərhal sonra müzakirəyə çıxarıldı, Ermənistana isə 4 sessiya ardıcıl olaraq güzəşt edildi. Azərbaycanın AŞ PA-da səsvermə hüququndan məhrum edilməsinin təşəbbüsçüləri Azərbaycan üzrə həmmərüzəçilər A.Qross və A.Herkel idilər. Ermənistan üzrə həmməruzəçilər - fransalı Kolombyer və britaniyalı Preskot isə 2009-cu ilin qış sessiyasında bu ölkə ilə bağlı məsələnin gündəlikdən çıxarılması təşəbbüsünü irəli sürdülər. Digər bir məsələ isə hər iki ölkədə müşahidə aparmış missiyanın üzvlərinin mövqeyi ilə bağlıdır. Belə ki, AŞ-nin Ermənistanda müşahidə aparmış missiyası Preskotu yekun rəyində seçkiləri Avropa standartlarına uyğun hesab etməsinə görə tənqid edib. Çünki missiya kütləvi sayda saxtakarlıq və insan hüquqlarının pozulması hallarını müşahidə edib. Azərbaycanda isə prezident seçkiləri demokratik tələblərə uyğun keçirildiyi halda, A.Herkel hesabatda ancaq özünün subyektiv mülahizələrinə əsaslanıb. Ona görə də, AŞ-nin Azərbaycanda seçkiləri müşahidə edən missiyasının üzvləri, o cümlədən Lord Tomilson A.Herkelin seçkiləri tənqid etməsi ilə bağlı mövqeyinə etiraz edirlər. Azərbaycanda seçkilər normal keçirilib və müşahidəçilər seçkiləri yüksək dəyərləndiriblər. Bunun müqabilində missiyanın rəhbəri deputatların fikrindən yox, özünün şəxsi və qərəzli yanaşmasından çıxış edərək seçkiləri tənqid edir. Ermənistanda isə bunun əksini görürük. Müşahidəçilər missiyasının üzvləri seçkidən narazıdırlar, amma müşahidə missiyasının rəhbəri uydurma bəyanatla çıxış edərək seçkiləri normal, standartlara uyğun dəyərləndirir.

Ermənistandakı hadisələrin AŞ PA-da müzakirəsi yubadılarkən təşkilat belə bir mövqedən çıxış edirdi ki, məsələ öncə yerində araşdırılmalıdır. Bunun üçün Ermənistana missiya göndərilməli, vəziyyət öyrənilməli və yalnız bundan sonra Yerevandakı mart hadisələrinə obyektiv qiymət verilməlidir. Təxminən bir ilə yaxın Ermənistandakı vəziyyət öyrənildi. Ancaq Azərbaycanda keçirilən parlament seçkilərindən sonra ölkəmizə missiya göndərilməmişdi. AŞ-nin heç bir nümayəndəsi Azərbaycandakı vəziyyəti yerində öyrənmək üçün ölkəmizə ezam edilməmişdi. Bundan başqa, Azərbaycandakı parlament seçkilərindən sonra ölkəmizdən qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların nümayəndələri AŞ-yə dəvət almışdılar. Hətta AŞ-də Azərbaycan hakimiyyəti ilə müxalifət arasında dialoq təşkil edilmişdi. Ə.Kərimli Strasburqda Azərbaycan müxalifətini təmsil edərək çıxış etmişdi. Eyni zamanda, həmin dinləmələrdə Azərbaycan hakimiyyətini Milli Məclis Sədrinin müavini Bahar Muradova təmsil edirdi. Amma bir il ərzində Ermənistandan nə QHT, nə də bir nəfər də olsun siyasi partiya nümayəndəsi AŞ-yə dəvət edildi. AŞ-də Ermənistan müxalifətini təmsil edən bir nəfərin belə, səsi eşidilmədi.

Belə bir vəziyyətdə Ermənistana növbəti güzəşt edildi. AŞ PA aprel sessiyasına qədər Ermənistanın səsvermə hüququndan məhrum edilməsinə dair məsələni gündəlikdən çıxardı. Bildirildi ki, AŞ PA-nın aprel sessiyasına qədər Ermənistan bütün nöqsanları aradan qaldırmalı, həbsdə olan insanlar azadlığa buraxılmalıdır. Həbsdə olanlar əslində, siyasi məhbuslardır. Amma AŞ nədənsə siyasi motivlərlə, seçki saxtakarlığına etiraza görə həbs olunanları siyasi məhbus adlandırmır. Ancaq Azərbaycanda konkret cinayət törətmiş insanları siyasətə bu və ya digər dərəcədə aidiyyətinə görə siyasi məhbus adlandırırlar. Düzdür, çıxışlarda səsləndi ki, Ermənistanda həbs olunanlar siyasi məhbuslardır və bu, etiraf edilməlidir. Amma qətnaməyə siyasi məhbus ifadəsi salınmadı. Sadəcə olaraq, həbsdə olan insanların azadlığa buraxılması tələbi irəli sürüldü. Qəbul olunmuş qətnamədə göstərilir ki, aprel ayına qədər Ermənistan AŞ-nin tələblərini yerinə yetirməsə, ona qarşı səsvermə hüququndan məhrum edilmə sanksiyası tətbiq olunacaq. Ancaq bütün bunlara baxmayaraq bu günə qədər Ermənistana sanksiyanın tətbiq edilməməsi təəssüf hissi doğurur. Bu, AŞ-nin özünün nüfuzu, insan haqları və demokratiya təşkilatı kimi imici baxımından çox yanlış bir addımdır. İkili standartlar göz önündədir və onları görməmək sadəcə, siyasi sadəlövhlük olar. Bu, münasibətlərə zərbə vurmaqla yanaşı, AŞ-nin öz imicinə də kölgə salır. Düşünürəm ki, AŞ bu məsələ ətrafında çox ciddi tədbirlər görməlidir.

- Ermənistana qarşı yumşaq, Azərbaycana qarşı isə sərt yanaşmanın səbəblərini nədə axtarmaq lazımdır?

- AŞ-nin Ermənistana yumşaq, Azərbaycana isə kifayət qədər sərt münasibətinin çox səbəbləri var və bunlara kompleks yanaşmaq lazımdır. Ermənistanla bağlı bəzi deputatların çıxışlarında bu ölkənin xristian sivilizasiyasının tərkib hissəsi olması qeyd edilir. Bu məqam göz önündədir və onu danmaq mümkün deyil. Digər bir məqam ondan ibarətdir ki, Fransada erməni lobbisi çox güclüdür. Təəssüf ki, AŞ bəzi güclü dövlətlərin əlində başqa ölkələrə təsir etmək üçün bir alətə çevrilir. Ona görə AŞ kiçik dövlətlərlə münasibətdə bir çox hallarda həmin böyük dövlətlərin yanaşmasından çıxış edir. Qurum Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq edə bilərdi. Çünki Ermənistan ən azından Avropa dəyərlərinə kökündən zərbə vurmuş bir ölkədir. Eyni zamanda, Ermənistan AŞ-nin məlum 1416 saylı qətnaməsini bu günə qədər yerinə yetirməyib. Buna baxmayaraq həmin qətnamənin yerinə yetirilməməsi tələbi ilə bu günə qədər AŞ bir dəfə də olsun, Ermənistanın qarşısında kəskin mövqe ortaya qoymayıb. Bu da səbəbsiz deyil, çünki Ermənistanın arxasında böyük güclər durur.

- Son sessiyada Azərbaycan nümayəndə heyəti tərəfindən ikili standartlara qarşı hansı şəkildə etiraz ifadə edildi?

- Ermənistanla bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üç üzvü çıxış etdi. Səməd Seyidovla mənim çıxışım konkret olaraq ikili standartlara həsr olunmuşdu. Biz çox kəskin şəkildə AŞ qarşısında bu məsələni qoyduq. Mən açıq bildirdim ki, Ermənistanda baş vermiş hadisələrə təəccüblənmək yersizdir. Çünki mahiyyət etibarilə terrorçu olan bir rejimdən başqa davranış gözləmək mümkün deyil. S.Sarkisyan Xocalı soyqırımının həyata keçirilməsində fəal iştirak edən canidir. Xocalıda dinc insanlara amansız divan tutan, bununla qürrələnən, Qərb mətbuatına verdiyi müsahibələrdə bu cinayətin müharibənin zəruri şərti olduğunu qeyd edən və Xocalını məhz azərbaycanlılar arasında kütləvi psixoz durum yaratmaq üçün həyata keçirdiklərini etiraf edən S.Sarkisyan, sözsüz ki, eyni hərəkətləri öz xalqına qarşı çevirməli idi və çevirdi də. Xocalıda azərbaycanlıların soyqırımını həyata keçirən S.Sarkisyan Yerevanda öz millətinə divan tutdu. Bu da onun rejiminin terror xislətindən irəli gəlir. Biz AŞ-nin belə məsələlərə göz yummasının qəbuledilməz olduğunu bildirdik. Qeyd etdik ki, güclü dövlətlərə bir, kiçik dövlətlərə isə müxtəlif meyarların tətbiqi AŞ-nin bir beynəlxalq təşkilat olaraq nüfuzuna xələl gətirir. Eyni zamanda, onu da qeyd etdik ki, Azərbaycanda və Ermənistanda siyasi proseslər dəyərləndirilərkən eyni prizmadan yanaşılmasın. Azərbaycan nümayəndə heyəti AŞ-nin ikili standartlar siyasətinə açıq şəkildə etirazını bildirdi. Mənə elə gəlir ki, AŞ etirazımızın nə qədər ciddi olduğunun artıq fərqindədir.

- Yəqin ki, qondarma siyasi məhbus məsələsinin yenidən gündəliyə gətirilməsinə cəhd göstərilməsi də ikili standartların tərkib hissəsidir...

- İstənilən halda, Ermənistanda elə bir kütləvi zorakılıq aktı, insan haqlarının elə bir formada pozulması qeydə alınıb ki, bunun müqabilində bu ölkənin imicini bərpa etməsi çox çətindir. Siyasi məhbusların mövcud olduğu, dinc nümayişçilərin öldürüldüyü Ermənistanla bir balans yaratmaq, həmçinin bu ölkəni sakitləşdirmək məqsədilə Azərbaycanda qondarma siyasi məhbus məsələsini yenidən dövriyyəyə buraxmağa cəhd etdilər. Biz bu təşəbbüsün müəllifini də yaxşı tanıyırıq. Kiprli yunan Purqurides Ermənistanın AŞ-dəki ən yaxın dostlarından və tərəfdaşlarından biridir. O, hər zaman erməni maraqlarından çıxış edən, Ermənistanın yanında olan birisidir. Mən çıxışımda bildirdim ki, bu gün Purqurides Azərbaycanda siyasi məhbus ovuna çıxıb. Görəsən, Purqurides Ermənistanda seçki saxtakarlığına görə həbsdə saxlanılan 50-dən artıq adamın taleyi ilə niyə maraqlanmır? Göründüyü kimi, paradoksal bir vəziyyət yaranıb. Azərbaycanda siyasi məhbusların olub-olmaması ilə bağlı araşdırma aparılmasından danışırlar. Ancaq konkret olaraq Ermənistanda 50-dən artıq insan siyasi motivlərlə həbs olunub. Onların siyasi motivlərlə həbsi Ermənistan və AŞ rəhbərliyində şübhə doğurmur. Bununla belə, AŞ həmin insanlarla bağlı məruzəçi təyin etmir.

Mən əminəm ki, Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçi təyin edilməyəcək. Ən azından ona görə ki, bu, Azərbaycan-AŞ münasibətlərinə ciddi zərbə vurar. İkincisi, bunun özü AŞ tərəfindən çox qeyri-ciddi yanaşmanın nümayişi olar. Bu, prezident seçkilərində Avropa standartlarına uyğun davranış nümayiş etdirən Azərbaycanın uğurlarına seçki biabırçılığını yaşayan Ermənistanın fonunda kölgə salmaq üçün edilən siyasi manevrdən başqa bir şey deyil.

 

 

Müsahibəni yazdı:

Rəşad Cəfərli

 

Azərbaycan.-2009.-6 fevral.-S.2.