Ölkə qanunvericiliyi referendumun azad və şəffaf keçirilməsinə tam təminat verir

 

Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsi (bundan sonra referendum) keçirilməsi haqqında qərar qəbul etmişdir. Referendum 2009-cu il mart ayının 18-nə təyin edilmişdir. Layihədə ölkə Konstitusiyasının 29 maddəsinə əlavələr və dəyişikliklər nəzərdə tutulur.

Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin II-ci hissəsinə əsasən ölkə Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi məsələsi yalnız referendumla həll oluna bilər. Konstitusiyanın 152-ci maddəsində də Əsas Qanunun mətnində dəyişikliklərin yalnız referendumla qəbul edilə bilinməsi təsbit olunmuşdur. Seçki Məcəlləsinə görə isə ölkəmizdə seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir.

Referendum və seçkilər - birbaşa demokratiya institutları kimi məqsəd və subyektlərinə görə çox oxşar, obyektlərinə və nəticələrinə görə isə bir-birindən fərqlidirlər. Hər ikisinin - istər referendumun, istərsə də seçkilərin məqsədi eynidir - xalqın iradəsini ifadə etmək.

"Referendum" latın sözü olmaqla bildirilməsi zərurət daşıyan xəbər veriləsi fakt mənasını verir. Referendumun keçirilməsi şərtləri və üsulu müvafiq ölkələrin və ya federasiya subyektlərinin konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır. Azərbaycan Konstitusiyasında, həmçinin Seçki Məcəlləsində referendum və ümumxalq səsverməsi sinonim anlayışlar kimi işlədilir.

Referendum xalq hakimiyyətinin bariz nümunəsidir. İlk referendumlar qədim Roma dövrünə təsadüf edir. Qərbi Avropada ilk referendumlar 14-15-ci yüzilliklərdən başlayır. Azərbaycanda ilk referendum 1921-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilmiş və öz konstitusion həllini 1937-ci il Azərbaycan SSR Konstitusiyasında tapmışdır.

Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin 2-ci hissəsinə görə xalqımız öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumda həll edə bilər. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Konstitusiyanın yuxarıdakı maddəsində göstərilən məsələlər, yəni Azərbaycan Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi, eləcə də Azərbaycanın dövlət sərhədlərinin dəyişdirilməsi xalqın özü və ya seçdiyi səlahiyyətli nümayəndələri vasitəsilə referendum yolu ilə həll oluna bilər.

Konstitusiyanın 3-cü maddəsinin 3-cü hissəsi referenduma çıxarıla bilməyən məsələlərin dairəsini müəyyən edir. Belə ki, vergilər və dövlət büdcəsi, amnistiya və əfvetmə, seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi üzrə referendum keçirilə bilməz. Bundan başqa, Konstitusiyanın 155-ci maddəsinə görə Əsas Qanunun "Hakimiyyətin mənbəyi", "Xalq suverenliyi", "Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi", "Azərbaycan dövləti", "Azərbaycan dövlətinin başçısı" və "Dövlət dili" adlı maddələri üzrə dəyişikliklər və ya onların ləğvi haqqında təklif edilməsi təşəbbüsü məhdudlaşdırılır. Həmçinin Konstitusiyanın III fəslində 24-71-ci maddələrdə əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

Referendum təyin etmək hüququ Konstitusiyanın 95-ci maddəsinin 1-ci hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisə mənsubdur. Ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan vətəndaşı ölkə başçısına və ya Milli Məclisə referendum keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər. Referendum keçirilməzdən əvvəl müvafiq subyektlər bu haqda qərar qəbul edir. Həmin qərarda referendumun keçirilmə tarixi, referenduma çıxarılan aktın adı, referenduma çıxarılan aktın məzmununun qısa təfsiri, referendumun maliyyələşdirilməsi qaydası göstərilir.

Azərbaycan Konstitusiyasının 152-ci və 153-cü və Seçki Məcəlləsinin 119-cu maddəsinə uyğun olaraq Konstitusiyada dəyişikliklərlə əlaqədar referendum keçirilməzdən əvvəl Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. Konstitusiyanın 154-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.

Seçki Məcəlləsinin 121.2-ci maddəsinin tələbinə əsasən eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər.

Konstitusiyanın 11-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir, özgəninkiləşdirilə bilməz. Respublika öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Milli Məclisinin qərarı ilə ölkənin bütün əhalisi arasında referendum keçirmək yolu ilə xalqın iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

Seçki Məcəlləsinin 124-cü maddəsinə müvafiq olaraq referenduma çıxarılan aktın layihəsi kütləvi informasiya vasitələrində referendumun təyin edilməsi haqqında qərarla birlikdə dərc edilməlidir. Bu ona görə zəruridir ki, daha çox seçicinin referendum aktının mətni ilə tanış olunmasına şərait yaradılsın. Bundan əlavə, referendum aktının layihəsi seçicilərin tanış olması üçün səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasında seçiciyə təqdim edilir.

Konstitusiyanın 3-cü maddəsinin II hissəsində və 152-ci maddəsində göstərilən məsələlər üzrə referendumda respublikanın vahid seçicilər siyahısındakı seçicilərin 25 faizdən çoxu iştirak etməyibsə, referendum baş tutmuş sayılmır, qalan digər hallarda referendumla hansı məsələnin həll olunmasından asılı olmayaraq, səsvermə hüququna malik olan şəxslərin minimum iştirak həddi nəzərdə tutulmur. Referenduma çıxarılan məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermədə iştirak etmiş seçicilərin yarıdan çoxu onun lehinə səs versin.

Referendumqabağı aktiv hüququ olan vətəndaşlar referendumda iştirak etmək hüququ olan vətəndaşları ümumxalq səsverməsində iştirak etməyə, səsverməyə çıxarılan məsələni dəstəkləməyə və ya dəstəkləməməyə çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti həyata keçirmək üçün referendum üzrə təşviqat qrupunun yaradılması üçün təşəbbüs göstərir. Seçki Məcəlləsinin 63-cü maddəsinə əsasən, təşviqat qrupunun yaradılmasının 2 mindən az olmayan təşəbbüsçüləri MSK-ya yazılı bildiriş təqdim etməlidirlər. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin sayı 500-dən çox və 2 mindən az olarsa, bildiriş təşəbbüsçülərin əksəriyyətinin ərazisində yaşadıqları dairə seçki komissiyasına verilir. Bildirişdə hər bir təşəbbüsçünün soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, verilmə tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir. Bildirişə referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinin siyahısı əlavə edilir. Bildiriş məlumat xarakteri daşıyır və onun barəsində müvafiq seçki komissiyasında qərar çıxarılması tələb olunmur. Müvafiq seçki komissiyası bildirişin alınması barədə təşəbbüsçülərə 5 gün müddətində yazılı məlumat verməlidir.

Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri vətəndaşların zəruri olan seçki imzalarının toplanmasının təşkil edilməsi və Seçki Məcəlləsi ilə nəzərdə tutulan digər hərəkətlərin həyata keçirilməsi məqsədilə təşəbbüsçülər adından səlahiyyətli nümayəndə (nümayəndələr) təyin edə bilərlər. Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin sayı 25-dən, dairə seçki komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin sayı isə 5-dən artıq olmamalıdır.

Referendum üzrə təşviqat qrupları Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən şərtlərlə yanaşı Məcəllənin 62.1.1 maddəsinə müvafiq olaraq referendum kampaniyaları zamanı referendum üzrə digər təşviqat qrupunun öz baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləməli, seçicilərlə azad ünsiyyətin yaradılması üçün digər təşviqat qrupuna mane olmamalı, referendumun qanuni təsdiqlənmiş nəticələrinə hörmət bəsləməli, referendumla bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etməlidirlər.

Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan, yaxud kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri referendum kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar, müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər. Onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədilə istifadə edə bilməzlər.

Həmçinin dövlət vəzifələrində olan qeydə alınmış referendum üzrə təşviqat qruplarının təşəbbüsçüləri, həmçinin bələdiyyə vəzifələrində olan və referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər. Təşəbbüsçülərin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda referendumqabağı təşviqat aparmaq hüququ var.

Vəzifəli şəxslər, teleradio verlişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər referendum üzrə təşviqat qruplarının təşəbbüsçülər və ya referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, yaxud səlahiyyətli nümayəndələridirsə, referendumun gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan olunur.

Qeydə alınmış referendum üzrə təşviqat qruplarının müvafiq olaraq vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri, onların təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, qeydə alınan şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Qeydə alınan şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə, yaxud digər xidmətlər göstərilməsi təklifi ilə müraciət etməsi qadağandır.

Qeydə alınmış referendum üzrə təşviqat qruplarının seçki fondlarına dövlət tərəfindən ayrılmış vəsait MSK tərəfindən bərabər şəkildə bölüşdürülür və 3 gün müddətində müvafiq hesablara köçürülür. Bu halda vəsaitin bərabər məbləğləri MSK-da və dairə seçki komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qrupları üçün ayrıca müəyyənləşdirilir.

Seçki Məcəlləsinin 72-ci maddəsinə əsasən qeydə alınmış referendum üzrə təşviqat qrupu vəkil edilmiş şəxs təyin edə bilər. Vəkil edilmiş şəxslər referendum üzrə təşviqat qrupunu qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə referendum üzrə təşviqat qrupunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində onlar qeydə alınırlar. Referendum üzrə təşviqat qruplarının müvafiq təqdimatlarına Seçki Məcəlləsinin 52-ci və 64-cü maddələrində müəyyən olunmuş qaydalar şamil edilir, vəkil edilmiş şəxslərə müvafiq seçki (referendum) komissiyası tərəfindən lövhəcik verilir. Seçki Məcəlləsinin tələbinə əsasən referendum üzrə təşviqat qrupu müvafiq seçki komissiyasını xəbərdar etməklə vəkil etdiyi şəxsi istənilən vaxt geri çağıra bilər və onun əvəzinə başqasını təyin edə bilər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxsi referendum üzrə təşviqat qrupunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.

Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyanın onları qeydə aldığı gündən başlanır və referendumun ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən gec olmayaraq, habelə Seçki Məcəlləsinin tələblərinin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, Məcəllənin 72.4-cü maddəsində göstərilən hallar istisna edilməklə, referendum üzrə təşviqat qruplarının statusunun itirilməsi ilə başa çatır.

Referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri referendum üzrə təşviqat qrupunun yaradılması barədə bildirişi istənilən vaxt geri götürə bilər. Bu haqda müvafiq vəsatət referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Bu cür vəsatət geri götürülmür. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri istənilən vaxt müvafiq seçki komissiyasına referendum üzrə təşviqat qrupunun qeydiyyatdan imtina barədə ərizə ilə müraciət edə bilər.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsul idarələri seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

Azərbaycan vətəndaşlarının seçkilərdə olduğu kimi, referendumda da iştirakı azad və könüllüdür. Referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədilə heç kəsin vətəndaşa təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz. Vətəndaşlar referendumda çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Referendumda iştirak edərkən Azərbaycan vətəndaşları referenduma çıxarılan hər bir suala bir cavab verə bilərlər.

Referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir. Referendum səsvermə gününə azı 75 gün qalmış elan edilir və səsvermə günü referendum keçirilən ərazidə iş günü hesab olunmur. Azərbaycan ərazisinin 25 faizdən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində referendum keçirilə bilməz.

Referendum zamanı Seçki Məcəlləsinin tələbinə əsasən referendum komissiyalarının işinin təşkili və bütövlükdə fəaliyyətləri seçicilər üçün şəffafdır. Seçki komissiyalarının üzvləri, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri seçki komissiyalarının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki (referendum) komissiyalarında səsvermə bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki (referendum) komissiyaları qərarlarının və digər seçki (referendum) sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər referendum hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.

Referendum zamanı seçki məntəqələrində səsvermə otağı Seçki Məcəlləsinin 98-ci maddəsinin tələbinə uyğun təşkil edilməli və səsvermələr üçün normal şərait yaradılmalıdır. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında referendum üzrə səsvermə bülletenlərinin nümunələrini, referendum aktı layihəsinin mətnini məlumat lövhəsində yerləşdirir. Referendum üzrə səsvermə bülletenləri Seçki Məcəlləsinin 99-cu maddəsində göstərilən qaydada hazırlanır və bülletendə referenduma çıxarılan hər məsələnin ifadəsi və səsvermənin cavabının variantları - "lehinə" və "əleyhinə" (hə və ya yox), "razıyam və "razı deyiləm" (sözləri də ola bilər) sözləri yazılır.

Səsvermə başa çatdıqdan sonra səslərin hesablanması həyata keçirilir və bu barədə protokol tərtib edilir. Səsvermənin məntəqələr üzrə nəticələri səsvermə başa çatdıqdan sonra 24 saat ərzində müvafiq dairə seçki (referendum) komissiyasına təqdim edilir. Dairə seçki komissiyasında səslərin hesablanması Seçki Məcəlləsinin 107-ci maddəsinə uyğun aparılır. Referendumun rəsmi nəticələri referendumda səsvermədən 25 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən elan edilir. MSK səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarından daxil olmuş protokollar əsasında ümumxalq səsverməsinə özünün iclasında yekun vurur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir.

Ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş qərar və referendumun yekunları haqqında rəsmi elan referendumda qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 20 gün keçənədək MSK tərəfindən dərc edilir. Referendumda qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir. Həmin akt Azərbaycanın bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir.

 

 

Nizami Nadirov

Mərkəzi Seçki

Komissiyasının üzvü

 

Azərbaycan.-2009. - 6 fevral.-S.4.