Davos - idealların
süqutu
Zaman o xalqlar və o dövlətlər üçün uğurludur ki, onlar nəticə çıxarmaq və qərar vermək əzmindədirlər. Çəkinmədən, ehtiyat etmədən, soyuq təfəkkür və tarixin inkişaf proseslərinə praqmatik baxışla. Davos iqtisadi forumu başa çatdı. Dünyanın aqibətinin həllində ciddi təsir qüvvəsinə malik 2500 nəfər - prezidentlər, baş nazirlər, iqtisadiyyat nazirləri, o cümlədən 1400 nəfərlik böyük intellektual komanda İsveçrənin bu kiçik şəhərinə böhrandan çıxış yollarını aramağa toplaşmışdı.
"Böhrandan
sonrakı dünyanın
qurulması" adı
altında başlanan Davos dünya iqtisadi forumu böhrandan çıxış
yollarını beş gün aradı, lakin suallara cavab tapmadan bütün problemlərin həllini
"Böyük 20-lik"in (20 aparıcı dövlətin)
aprelin 2-nə təyin
edilmiş görüşünə
saxladı.
Analitiklər baş verən iqtisadi tənəzzülü bəşər tarixinin ən ağır və ən iri miqyaslı qlobal böhranı, Davos forumunu isə ən böyük iqtisadi tədbir kimi səcəyyələndirsələr də, gözlənilən nəticənin alınmadığını, bütün perspektivlərin qaranlıq qaldığını məyusluqla etiraf edirlər.
Britaniyanın Baş naziri Qordon Braun yeni qanunlar hazırlamağın zəruriliyindən danışdı: "Bizə hər qitədə böhranları əvvəlcədən xəbər verən sistem lazımdır". Davos forumunun təşkilatçısı və banisi Klaus Şvab dünya iqtisadi sistemini yenidən qurmağa və "Ümumdünya təşəbbüsü"nə çağırdı, amma bu təşəbbüsün reseptini təqdim etmədi. Hamı böhran qarşısında aciz, komik, bir az da Don Kixot kimi görünürdü. Hamı qaranlığı nişan aldı və kimsə atdığı daşın hansı hədəfə tuşlandığını açıqlamadı. Beləliklə, çıxışların əksəriyyəti böhranın acı reallıqlarına əsaslanmaqdan çox ritorik səsləndi. Məruzələr çaşqın, şoka düşən insanların çıxışlarına bənzəyirdi. Bu baxımdan Davos ağır iqtisadi böhrandan çıxış yolu axtaran tədbirdən daha çox idealların süqut etdiyi məkana çevrildi. Bu da bir dərsdir, ya da Qərbin təbirincə desək, treninqdir. Birinci dərs bədbin notlarda başa çatdı. Güclülər bütün uğursuzluqlarına baxmayaraq, yenə də nüfuz sahibi olduqlarını və dünyanın aqibətinin onlardan asılı olduğunu vurğuladılar. Amma bunu əvvəlki kimi etmədilər. "Böyük yeddilik" ifadəsi Davosda əvvəlki əzəməti ilə səslənmədi və "Böyük iyirmilik"lə əvəz olundu.
Bütün iştirakçılar elə ilk gündən ümumi bir qənaətə gəldilər ki, dünyanın son 15 ildəki maliyyə sistemi bir qurum kimi ömrünü başa vurmuşdur. Böyük Britaniyanın Baş naziri Qordon Braun müşavirələrin birində bu böhranın bəşər tarixində 1930-cu illərin böyük depressiyasından daha faciəvi və daha qlobal olduğunu etiraf etdi. Elə buradaca 30-cu illərin böyük depressiyasının İkinci dunya müharibəsi ilə nəticələndiyi xatırlandı.
Qərb 70 il ən təhlükəli rəqib saydığı SSRİ-nin süqutundan sonra bəşəriyyət üçün yeni, təhlükəsiz eranı qeyd edib qurtarmamış daxilindən baş qaldıran başqa bir düşmənlə - böhranla üzləşdi. Sovet sisteminin dağılması ilə iqtisadiyyatın planlı idarə olunmasına birdəfəlik son qoyuldu və iqtisadi münasibətlərdə bazar qanunları tam qələbə çaldı. Planlı iqtisadiyyat tarixə çevrilər-çevrilməz böhrandan yaxa qurtarmağa çalışan Qərb dövlətləri iqtisadiyyatda sovet metodlarını tətbiq edərək çökən maliyyə qurumlarını milliləşdirmək məcburiyyətində qaldılar. Sosialist inqilabından sonra kapitalistlərin əmlakları əllərindən zorla alınıb dövlət əmlakına qatılırdısa, yeni kapitalistlərin özləri dövlətə satılmaq eşqindədirlər, çünki satılmasalar, batacaqlar. Alanlar isə ona görə almırlar ki, iflasa uğrayan şirkətlərin milliləşdirilməsi indiki qlobal böhranda düzgün yoldur, əksinə, ona görə alırlar ki, ağıllarına gələn hələlik budur. Əsas prinsip belədir: "Ulağa minmək bir ayıbdırsa, düşmək iki ayıbdır". İqtisadi baxımdan dəyərləndirdikdə isə müəssisələrin milliləşdirilməsi bizim Şərq mentaliteti üzərində qurulub: "Tutar qatıq, tutmaz ayran".
Çərxi-dövran tərsinə fırlanır. Bu günədək işlək mexanizm kimi tətbiq edilən iqtisadiyyat elmi artıq kapitalist dünyasının əlindən tuta bilmir. İnkişaf etmiş dövlətlərin iqtisadiyyatı çökməkdə davam edir. Dünya mətbuatı müqəssirləri, böhranın mənbəyini axtarmaqdadır. Son ünvan Azadlıq heykəlinin ucaldığı qitədir.
ABŞ-ın böhrandan çıxmaq üçün ölkə iqdisadiyyatının damarlarına 1-2 trilyon dollarlıq maliyyə sistemi qoşmaq niyyətindən Avropa ciddi narahatdır, çünki nəticədə bütün dünyanın qazancının Amerikaya axacağından ehtiyatlanır.
Qərb mətbuatı da Davosa qarşı bir o qədər yumşaq mövqedən çıxış etmir: öz ölkələrində etibardan düşən və pul kisələri yırtılan milyarderlər forumun dəhlizlərində dolaşırdılar. Davos kapitalist ideallarının süquta uğradığı məkana çevrildi.
Burada vəziyyətdən çıxış yolu tapa bilməyən, lakin liderlikdən zövq alan böyük dövlətlər bir qədər geri çəkilib Rusiya ilə Çini irəli buraxdılar. Təbii ki, irəli yeni ideyalarla inkişaf etmiş dövlətlərinin liderləri çıxmalı idi. Amma reytinqləri düşən rəhbərlər forumda elə bir fəallıq göstərmədilər. Dünyanın iri bankirləri - tənəzzülün birbaşa səbəbkarları Davosda ümumiyyətlə gözə dəymədilər. Ən çox tənqid olunan da bankirlər və maliyyəçilər oldu. Onlar acgözlükdə, pula hərislikdə və reallıqları nəzərə almamaqda ittiham edildilər, bir sözlə, qurbanlıq qoyun missiyasını daşıdılar.
Forum qlobal böhran şəraitində çevik iqtisadi mexanizmlərin tətbiqinə dair təklifləri gündəmə çıxarmaq əvəzinə, müqəssirləri axtarmaqla məşğul oldu. Təbii ki, belə yanaşma problemlərin dirəndiyi dalanı işıqlandıra bilməzdi. Dünya çaşqınlıq içində yaşamaqda davam edir. Və ola bilsin ki, ABŞ, Böyük Britaniya və Avropanın digər dövlətləri bütün bankları milliləşdirmək məcburiyyətində qalacaq.
Yalnız Almaniya kansleri Angela Merkel yeni ideya təklif
etdi. O, baş verənləri
İkinci Dünya müharibəsi ilə eyniləşdirərək BMT-nin
nəzdində xüsusi
iqtisadi şuranın yaradılmasını, Beynəlxalq
Valyuta Fondunun və Dünya Bankının roluna yenidən baxmağı təklif etdi. Amma bu gün dünyanın
aparıcı qüvvəsi
kimi BMT-nin nüfuzu şübhə altındadır. Münaqişələrdən hələ ötən
əsrdən əziyyət
çəkən dövlətlər
üçün BMT və
ATƏT kimi təşkilatlar
artıq dekorasiyadan başqa bir şey deyil. Ümumiyyətlə, ikili standartlarla
işləyən belə
təşkilatlar yeni qlobal təhlükələrin
yükünü çəkmək
üçün həddən
artıq köhnə və perspektivsiz qurumlardır.
Ehtimal edilən kütləvi iğtişaşlar artıq
qaçılmazdar. Dünya iqtisadi
forumundan dönən Avropa liderləri öz ölkələrində
onların istefasını
tələb edən nümayişlərlə qarşılaşırlar.
Davosda isə "Böhranın
səbəbkarı siz
özünüzsünüz!" şüarı altında
mitinq keçirilmişdir.
Bahadur İmanquliyev
Azərbaycan.-2009.-6 fevral.-S.4.