Əzablara düçar olmuş
yazıçı
Məmməd Kazım Ələkbərli həbs edildikdən sonra Azərbaycan Yazıçılar İttifaqının ikinci sədri Seyfulla Şamilov oldu. O, Leninqraddan təzəcə qayıtmışdı. Böyük nüfuzu və şöhrəti vardı. Onu bütün qələm əhli tanıyırdı. Ədəbiyyatşünas-alim Teymur Əhmədovun hazırladığı "XX əsr Azərbaycan yazıçıları" ensiklopedik məlumat kitabında Seyfulla Şamilovun kiçik tərcümeyi-halı verilib. Sağlığında da bir neçə qələm dostu onun haqqında xatirə qələmə alıb.
Ötən illərin birində Yazıçılar Birliyinin "Natəvan" klubunda bu keşməkeşli həyat yaşamış ədibin anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Həmin tədbirlə bağlı mətbuatda da qısa xəbərlər dərc edilib. Cəmi-cümlətanı bu qədər. Zəngin yaradıcılıq yoluna malik olan, repressiya illərində ağır əzablara düçar olmuş Seyfulla Şamilov barəsində sanballı bir monoqrafiya, tədqiqat əsəri yazılmayıb. Hətta məşhur tənqidçilərin, ədəbiyyatşünas alimlərin müstəqilliyimizi qazandıqdan sonra qələmə aldıqları tədqiqatlarda, "XX yüzilliyin ədəbiyyatı" adlı irihəcmli kitabda da Yazıçılar İttifaqının ilk sədrlərinin adları belə, çəkilməyib. Görünür, bəzi ədəbiyyatşünaslara nə Məmməd Kazım Ələkbərlinin, nə də Seyfulla Şamilovun xidmətləri önəmli olmayıb. Halbuki onlar Azərbaycan ədəbiyyatının cəfakeş, fədakar nümayəndələri olmaqla bərabər, həm də ağır tale yaşamışdılar. Ən azından repressiya caynaqlarının qətlə yetirdiyi, sürgünə apardığı oğullarımızın sırasında dayananlardan olmuşdular.
Seyfulla Şamilov 1902-ci ildə Qazax mahalının Tatlı kəndində anadan olmuşdur. Atasını erkən itirdiyindən anasının himayəsində yaşamış, əmisinin köməyi ilə böyümüşdür. Azərbaycanın aprel işğalından sonra həyatın axarına düşən Seyfulla komsomol sıralarına daxil olmuş, Qazaxda komsomol özəklərinin yaradılmasında çalışmışdır. Onu siyasi cəhətdən daha da təkmilləşdirmək üçün Bakıya, Partiya məktəbinə göndərmişlər. Bu, zamanın və dövrün tələbi idi. Onun komsomolçu olması, Kommunist Partiyasına meyil etməsi təbii idi. Kənddə yetimçiliklə böyümüş bir gənc ağ günə çıxmaq üçün başqa hansı yolu seçə bilərdi ki?!
Hələ uşaqlıqdan ədəbiyyata çox meyilli olub. Bakıda təhsil aldığı illərdə "Azərbaycan füqərası", "Kommunist" qəzetlərində, "Maarif işçisi", "Füqəra füyuzatı", "Yeni məktəb", "İnqilab və mədəniyyət" və başqa jurnallarda hekayəsi, oçerk və məqalələri dərc edilərdi. Onun bu dövrdə qələmə aldığı yazılarda ölkəmizdə baş verən mədəni inqilabın təntənəsi duyulurdu. Çoxu kimi, Seyfulla da yeni quruluşun insanlara xoşbəxtlik, firavanlıq, səadət gətirəcəyinə inanırdı. Bu səbəbdən də ilk növbədə xalqın savadlanmasına, maariflənməsinə can atırdı. Seyfulla Şamilov yaxşı bilirdi ki, nadanlıq və avamlıq girdabında çırpınanların xilası onların təhsilə cəlb edilməsidir. O, uzun müddət Xalq Maarif Komissarlığında, eləcə də Gəncə maarif şöbəsində çalışaraq Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizə aparanların ön cərgəsində olub.
Həmin illərdə "İlk addımlar" adlı bir toplusu nəşr edilmişdir. Burada müxtəlif janrda yazdığı əsərləri toplanmışdır. Müxtəlif dillərdə çap edilən bu nəşrdəki şeir, hekayə, oçerklərin ruhundan beynəlmiləlçilik yağırdı. O zaman xalqlar dostluğu işıq üzü görən əsərlərin leytmotivinə çevrilmişdi. Sovet rəhbərləri quruluşun əbədiliyini təmin etmək üçün çalışırdılar ki, millətlər bir-biri ilə sıx təmasda və ünsiyyətdə olsunlar. Elə bu səbəbdən də Azərbaycanda ermənilərin tökdüyü qanlar üstündə sovet rəhbərləri dostluq şeypuru çalırdılar. Bəlkə də ona görə günahsız ruhların ahı 70 illik taxt-tacı süquta uğratdı.
Seyfulla Şamilov bir müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış (1931-1933), fəlsəfədən dərs demiş, eyni zamanda "Kommunist" qəzetində redaktor müavini, "Gənc işçi"də məsul redaktor olmuşdur. 1933-cü ildə Leninqrada oxumağa göndərilmişdir. Həmin vaxtda o, Azərbaycan Proletar Yazıçılar Birliyi Təşkilat Komitəsinin sədri idi.
Mətbuatda müntəzəm çap olunurdu. Onun 1925-ci ildə nəşr edilmiş "Leninin pedaqoji üsulları" adlı kitabı ali məktəblərdə dərslik kimi istifadə olunurdu. 1930-cu ilə kimi bu kitab nəşr edilmişdi. 1932-ci ildə isə hekayə və oçerklərdən ibarət "Laçın" adlı kitabı işıq üzü görmüşdü. Həm pedaqoq, həm də nasir və mətbuat işçisi kimi o, həmişə səmərəli fəaliyyət göstərirdi.
Dövrünün övladı sayılan Seyfulla Şamilov Kommunist Partiyasına ürəkdən inanırdı və onun ən sədaqətli ideoloqlarından biri idi. Bu işıqlı ziyalı əslində şəxsi keyfiyyətləri ilə seçilən, millətini, xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyi üçün canını əsirgəmədən çalışan bir fədai və növbəti qurban idi.
1936-cı
ildə Azərbaycan Yazıçılar İttifaqının
rəhbəri seçildi. Birinci sədr repressiyanın caynaqlarına
ilişmişdi. Gözləmək olardı ki, həqiqi
kommunist olan, bu yolda ürəkdən çalışan
Seyfulla Şamilov "qara tor"un girdabına düşməyəcək.
Əslində, o, qurtulmuşları xilas etmək naminə,
"xalq düşməni" elan edilənləri tənqid
etməyə məhkum və məcbur idi. Bəlkə də təbiətən
xeyirxah və nəcib xüsusiyyətlərə malik olan
ittifaq sədri bu metodlarla repressiyanın səngimək bilməyən
"gecə apardılar"ından yayınmaq istəyirdi.
Seyfulla Şamilovdan əl çəkmirdilər. O, nə qədər
verdiyi hesabatlarda, qələmə aldığı
yazılarda sovet ideologiyasına xidmət etsə də,
Yazıçılar İttifaqının üzvləri
arasında "təmizlənmə aparıldıqdan"
sonra saf niyyətli, partiyaya, sovet quruluşuna sədaqətli
insanların olduğunu sübuta çalışsa da, o
dövrün mətbuatında yazıçının yalan
danışdığı, xalq düşmənlərinə
meydan verdiyi, şərait yaratdığı müntəzəm
hallanırdı. Təkcə Moskvada çıxan qəzetlərdə
deyil, 1937-ci ildə nəşr edilmiş "Ədəbiyyat
qəzeti"ndə də Seyfulla Şamilov haqsız tənqid
atəşinə tutularaq liberallıqda, xalq düşmənlərini
müdafiə etməkdə, gizlətməkdə, millətçilərə
həyan durmaqda ittiham olunurdu. Məsələ Mir Cəfər
Bağırova qədər çözələnirdi.
İş o yerə çatdı ki, həmin ərəfədə
keçirilən partiya qurultayında Mir Cəfər
Bağırov öz çıxışında Şamilovun
baş verənlərdən nəticə
çıxarmadığını bildirdi. Dövrün
qarayaxanları himə bənd kimi bu hadisədən "ilham
alaraq" Seyfulla Şamilovu damğalamağa can
atırdılar. Böhtan yarışması getdikcə
qızışırdı.
Nəhayət, 1938-ci ilin
fevral ayı. Seyfulla Şamilov Azərbaycan KP Mərkəzi
Komitəsinə çağırılır. Mir Cəfər
Bağırovun kabinetində hansı ittihamlara məruz
qalıb, hansı üzücü suallara cavab verməli olub,
bu, yalnız Allaha bəllidir. Bildiyimiz odur ki, Seyfulla Şamilov
elə oradaca həbs edilib. Cəmi iki il Yazıçılar
İttifaqının sədri olan ədib təkadamlıq
kamerada 16 ay əzablı, təhqir dolu günlər
yaşayıb. Boynuna nəyi qoymaq istəyirmişlər, ondan
hansı hesabatı tələb edirmişlər, bilmirik.
Bildiyimiz odur ki, Seyfulla Şamilov Əli Nazimi, Əhməd
Cavadı, Hüseyn Cavidi, Məmməd Kazım Ələkbərlini...
aparanların hansı günahın və məqsədin sahibi
olduqlarını anlamışdı. Ona görə də
heç kimin ünvanına şər söz demədi,
bütün əzablara təmkinlə sinə gərdi. Əslində,
onun göstərdiyi sükut daşqəlblilərin eşidə
bilməyəcəyi acı fəryad idi. Bu səbrin nəticəsində
də 18 il çəkdiyi sürgün həyatında iradə
və dözüm göstərdi.
O, 1955-ci ildə bəraət
aldı. Amma daha olan olmuşdu. Çəkdiyi iztirabları
heç kimə bildirmədi. "Uşaqgəncnəşr"də
baş redaktor işlədi. Yenidən əlinə qələm
alıb hekayələr yazdı. Neçə-neçə
kitabları çap edildi. Fəaliyyətinə görə fəxri
fərmanla, ordenlə, medallarla təltif edildi. Hər şey dəyişsə
də, münasibətlər aydınlaşsa da, Seyfulla
Şamilovun qəlb ağrıları və bir də gözlərinin
dərinliyindəki nisgillər çəkilmədi.
Ömrünün qızıl çağlarını
zindanlarda çürüdən ədib gənclərə
xüsusi qayğı ilə yanaşar, onlara diqqət göstərərdi.
Onun barəsində xatirə
yazan yazıçı Süleyman Vəliyev 1972-ci ildə qələmə
aldığı "Qocaman yazıçı, müəllim"
adlı məqaləsində qeyd edib: "Seyfulla Şamilov ədəbiyyat
vurğunu idi. Onun hekayələrinin qəhrəmanları
azadlıq sevən, vətənpərvər, mübariz insanlar
olurdu. Mövhumatı, nadanlığı ifşa edən hekayələri
yaradıcılığında geniş yer tuturdu. Gözəl
hekayələr ustası olan S.Şamilov bədii tərcümə
ilə də müntəzəm məşğul olmuşdu".
Həqiqətən bu unudalmaz yazıçımız bədii
tərcümə sahəsində də bənzərsiz fəaliyyət
sahibi idi. O, Hötenin "Gənc Verterin iztirabları",
Rabindranat Taqorun hekayələrini, Əhməd Abbasın
"Hindistan oğlu", "Sabah bizimdir" və digər əsərlərini
Azərbaycan oxucularına çatdırmışdır.
Seyfulla Şamilov 1974-cü
ildə Bakıda vəfat etmişdir. Söyləyirlər ki,
ölümündən bir qədər əvvəl
övladlarına ən adi qəbiristanda və dəbdəbəsiz
dəfn olunmasını vəsiyyət edib. Fikirləşirsən
ki, Kommunist Partiyasının ilk xadimlərindən olaraq onun ən
ağır zərbəsini alan, ömrünün
baharını zindanlarda saraldan, ağrı və acılara
tuş olan, bütün arzuları, inamları tar-mar edilən
Seyfulla Şamilov başqa nə düşünməli idi ki? Ömrü
boyu sakit, daha açıq desək, fağır
yazıçı və müəllim həyatı yaşayan
bu işıqlı ziyalının həyat eşqini
söndürmüşdülər. Heyflər olsun ki,
dünyamızdan niskilli gedən bu unudulmaz yazıçı,
pedaqoq, jurnalist Azərbaycanın müstəqilliyindən xəbər
tutmadı. Deyirlər ki, bir insanın adını yeddi dəfə
çəkəndə ruhu sənin qonağın olur. Bu hesabı
aparsaq, görün bu yazımızda biz o cəfakeş,
başı bəlalar çəkmiş insanın
adını neçə dəfə çəkdik. Üzünü
görməsək də, haqqında az oxusaq da, əsərlərini
müntəzəm vərəqləməsək də, nəhayət,
kimliyindən xəbər tutduq. Ruhun şad olsun, Seyfulla
Şamilov!
Flora Xəlilzadə
Azərbaycan.-2009.-6 fevral.-S.7.