Yüz ilin həsrəti
YUNESKO 2008-2009-cu illərdə görkəmli şəxslərin yubileylərinin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsinə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasını da daxil etmişdir. 1908-ci ildə birinci tamaşası uğurla nümayiş etdirilən "Leyli və Məcnun" operasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ölkə Prezidenti cənab İlham Əliyev 31 yanvar 2008-ci ildə sərəncam vermişdir. Həmin sərəncamda deyilir: "Muğamla Avropa operasının üzvi vəhdəti əsasında yaradılan "Leyli və Məcnun" Azərbaycan musiqisinin həqiqi ensiklopediyasıdır. Müsəlman şərqində opera janrının əsası da muğam operasının bu ilk nümunəsi ilə qoyulmuşdur".
Ötən il "Leyli və Məcnun" operasının 100 illik yubileyi həqiqətən də təntənəli surətdə qeyd edildi. İstər YUNESKO-da, istərsə də Azərbaycanda bu münasibətlə maraqlı, yaddaqalan konsert proqramları, muğam gecələri, müsabiqələr, eləcə də operanın nümayişi tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. "Leyli və Məcnun"un belə möhtəşəm şəkildə gündəmə gətirilməsi tədqiqatçıları yenidən bu operanın yaranma tarixini, bir əsr müddətində repertuarda qalmasının səbəblərini araşdırmağa yönəltdi.
Yazıçı-publisist Mustafa Çəmənlinin uzun illər apardığı tədqiqatların, axtarış və zəhmətin bəhrəsi olaraq "Leyli və Məcnun" - 100 il səhnədə" adlı kitabı işıq üzü gördü. Bu kitab əslində "Leyli və Məcnun" operası ilə bağlı bir salnamədir və ilk dəfədir ki, belə bir kitab yazılıb. Adından da göründüyü kimi, burada "Leyli və Məcnun"un səhnəyə qoyulduğu ilk gündən başlayaraq dövrümüzə qədər olan tamaşasında iştirak etmiş rejissorlar, dirijorlar, xormeysterlər, rəssamlar, baletmeysterlər, aktyorlar, aktrisalar və başqaları haqqında ensiklopedik məlumatlar, bədii oçerklər toplanmışdır.
1995-ci ildə indiki Heydər Əliyev sarayında dahi bəstəkar Üzeyir Hacıbəyovun 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilirdi. Həmin təntənəli gecədə ulu öndər Üzeyir Hacıbəyovun sənəti və şəxsiyyəti haqqında çox geniş məruzə etmişdir. Yeni nəşr də məhz ümummilli liderin həmin mərasimdəki nitqi ilə açılır. Heydər Əliyev söyləmişdir: "...Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır".
Kitabın müəllifi Mustafa Çəmənli "Yüz il səhnədə" adlı yazısında oxucuya bələdçilik edərək Üzeyir Hacıbəyovun yaradıcılığından, "Leyli və Məcnun" operasının yazılma və tamaşaya qoyulma səbəblərindən söz açır. O, bu kitabı hazırlayarkən hansı ənənəyə, nəşriyyat tələblərinə əməl etdiyindən, kimlərdən söz açdığından, hansı sənətkarların yaradıcılığını təhlil, hansı mənbələrə, arxivlərə müraciət etdiyindən, ayrı-ayrı afişaları, şəkilləri, sənədləri toplayarkən üzləşdiyi çətinliklərdən, ilk dəfə rast gəldiyi faktlardan söz açır.
Yüz il ərzində "Leyli və Məcnun" operasının oynanılmadığı teatr mövsümü yoxdur. "Leyli və Məcnun" yüz ildir ki, səhnədə fasiləsiz oynanılır və tamaşaçıları bu sevgi dastanı önündə heyrətə gətirməkdə davam edir. Nəsillər, səslər bir-birini əvəz edir, çox şey dəyişir - quruluşlar, münasibətlər, zövqlər, libaslar, dəyişməyən isə müəllifin təbirincə desək, zamanın amansız, güzəştsiz zərbələrinə şərəflə sinə gərən, həmişə ucalığını - Şərqdə ilk opera olduğunu yaşadan "Leyli və Məcnun"dur. Dahi Üzeyir bəyin ömür verdiyi "Leyli və Məcnun" səhnədə həmişə davam edəcək, onun da nəticəsində yeni-yeni Leylilər, Məcnunlar, İbn Səlamlar, Nofəllər yetişəcəkdir.
Müəllif Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının, operanın ilk tamaşasında böyük rolu olan Əli Terequlovun, Ağəli Qasımovun, Əbdürrəhimbəy Haqverdiyevin, Hüseyn Ərəblinskinin, Hüseynqulu Sarabskinin, Mirzə Muxtarın, Mirmahmud Kazımovskinin, Qurban Pirimovun, Şirin Axundovun, Müslüm Maqomayevin və başqalarının haqqında ətraflı məlumat verir. "Leyli və Məcnun" operasında Leyli rolunu yaradan aktyorlardan başlayaraq aktrisalara qədər hamısı haqqında oxucuya müfəssəl məlumat çatdırılır. Hətta "Leyli və Məcnun"da bəzi rollarda özlərini sınayan, lakin səhnədən tez gedən müğənnilərimiz haqqında da müəllif qısa bilgi verməyi məqsədəuyğun saymışdır. Burada elə sənətkarların adı çəkilib ki, demək olar ki, onların barəsində ilk dəfədir ki, belə geniş söz açılır. Bir çox şəkillər, ayrı-ayrı proqramlar, bəzi afişalar, tamaşadan şəkillər ilk dəfədir ki, bu kitaba salınıb. Müəllif həmin sənədləri ayrı-ayrı şəxslərin şəxsi albomundan əldə etmişdir.
Kitabın təqdirəlayiq cəhətlərindən biri də budur ki, Mustafa Çəmənli "Leyli və Məcnun"un yalnız Bakı səhnəsindəki həyatına deyil, əyalət, eləcə də Tiflis, Aşqabad, Təbriz, Dərbənd, İrəvan teatrlarındakı fəaliyyətinə də işıq salıb.
Bakıdan pərvazlanan "Leyli və Məcnun"un əyalət teatrlarındakı çağlayışı maraqlı olub. Naxçıvan, Ağdam, Ağdaş, Füzuli, Şəki, Mingəçevir, Lənkəran, Qazax və başqa rayon, şəhər teatrlarında səhnəyə qoyulan "Leyli və Məcnun" həm peşəkar, həm də həvəskar aktyorlar, aktrisalar tərəfindən oynanılmışdır. Naxçıvan teatrında Səməd Mövləvinin, Zəroş Həmzəyevanın, Firuzə Əlixanovanın, Ağdamda Bəylər Nəcəfovun, Simuzər Hətəmovanın, Narınc Məlikovanın, Haqverdi Quliyevin, Füzulidə Ağabala Abdullayevin, Teybə Məmmədovanın, Lənkəranda Kamil Nəcəfovun, Ağdaşda İbrahim Qaradağlının, Şəkidə Yunis Qarabağlının, Dilarə Daşdəmirovanın yaratdıqları "Leyli və Məcnun" obrazları nəinki həmin bölgələrdə, onun hüdudlarından kənarda da tanınıb sevilmişdir. Müəllif həmin sənətkarlar barəsində də oxuculara məlumat verməyi unutmamışdır.
"Leyli və Məcnun"un Tiflis həyatı da maraqlıdır. Bakı aktyorları bu şəhərə tez-tez qastrola gedərək başqa tamaşalarla yanaşı "Leyli və Məcnun"u da böyük məhəbbətlə tamaşaçılara çatdırırdılar. Bu sevgi və diqqətin nəticəsində də sonralar burada Tiflis Dövlət Türk Dram Teatrı yaradılmışdır.
Dövrün tələblərindən doğan zərurətdən yaranan Aşqabad-Azərbaycan teatrında da milli operalarımız müvəffəqiyyətlə oynanılmışdır.
"Leyli və Məcnun"un şöhrəti geniş yayılmaqda idi. Bakıdan düşən mədəniyyət işığı Təbrizdə də əks-səda verirdi. Teatr xadimi Mehdixan Şərifzadə 1909-cu ildə Təbriz şəhərində "Azərbaycan artistləri dəstəsi" adlı truppa təşkil etmişdir. 1919-cu ildə onun rejissorluğu ilə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun" əsərləri tamaşaya qoyulmuşdur. O illərdə Bakıda yaşayan aktyorlar da tez-tez Təbrizə gedərək həmkarlarına kömək göstərirdilər. Maraqlıdır ki, Cənubi Azərbaycanda təkcə Bakı aktyorları deyil, İrəvan, Tiflis teatrlarının aktyorları da tamaşalar göstərirdilər. Təəssüf ki, sonralar baş verən çevrilmələr bu teatrların fəaliyyətinə son qoydu.
Qədim türk şəhəri olan İrəvanda da hələ 1882-ci ilin əvvəllərində şəhər gimnaziyasının istedadlı müəllim və şagirdləri tərəfindən tamaşalar hazırlanırdı. Bu cəhd gələcəkdə İrəvanda Azərbaycan teatrının təməlini qoyurdu. 1923-cü ilin mart ayında İrəvan Türk Teatrosu yaradıldı. Burada həm dramlar tamaşaya qoyulur, həm də musiqili əsərlərə geniş yer verilirdi. Üzeyir Hacıbəyovun həm operaları, xüsusilə "Leyli və Məcnun", "Əsli və Kərəm", həm də operettaları teatrın repertuarını bəzəyirdi. Təəssüf ki, həmin teatrın da fəaliyyəti 1988-ci ildə daşnaklar tərəfindən dayandırıldı. İndi həmin yaradıcı kollektiv Bakıda məskunlaşmışdır.
Kitaba yazdığı "Son söz"də müəllif bildirir: "Hər kəs öz dövrünün, mühitinin övladıdır. Bizim borcumuz ulularımızdan miras qalmış yaxşı nə varsa, qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir. Mən "Leyli və Məcnun" - 100 il səhnədə" kitabını yazaraq gələcək nəsillərə yadigar verirəm". Müəllif həqiqətən bununla böyük vətəndaşlıq nümayiş etdirmişdir. Yüz yaşlı bir operanın hər ayına, gününə, dəqiqəsinə işıq salaraq oxucuya təqdim etmək böyük zəhmətdir. Sevinirik ki, neçə-neçə publisistik kitabı, roman və povestləri ilə oxucu məhəbbəti, rəğbəti, inamı qazanmış Mustafa Çəmənli bu çətin və gərəkli işin öhdəsindən bacarıqla, vətəndaş yanğısı ilə, ləyaqətlə gəlmişdir. Kitabın dili sadə, aydın, oxunaqlı və yaddaqalandır. Bu, adicə bir xronoloji ardıcıllığa əməl edən salnamə deyildir. Şərqdə ilk opera olduğunun qürurunu yaşayan, yüz ildir ki, tamaşaçını öz cazibəsində saxlayan "Leyli və Məcnun" adlı möhtəşəm musiqi abidəsinin sözlə ifadə edilmiş bədii təntənəsidir. Bu kitabda həm musiqi, mədəniyyət tariximizə, həm də ayrı-ayrı insanların taleyinə, dövrün, zamanın ziddiyyətlərinə güzgü tutulmuşdur. Biz bu güzgüdə həm də milli tariximizin çox gərdişləri ilə üzləşirik. Həsrət qaldığımız qədim Azərbaycan şəhərlərinə xiffətlə boylanır, əldən getmiş yurd yerlərimizin ağrısını sinəmizə çəkirik. Onda bir fikir bizi daha da çox düşündürür. "Leyli və Məcnun"dakı haraylar təkcə nakam məhəbbət deyil, bu ahların ahəngində düşmən işğalında qalmış qədim yurd yerlərimiz ağlayır. "Leyli və Məcnun" həmişəki kimi Ağdamda, Şuşada, İrəvanda... səhnə həyatı istəyir.
Azərbaycan.-2009.-6
fevral.-S.7.