Dahi bəstəkar
anıldı
M.F.Axundov adına Milli Kitabxanada dünya şöhrətli bəstəkar, görkəmli alim-pedaqoq, akademik Qara Qarayevin anadan olduğu gün kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycanın görkəmli şəxsiyyətlər" seriyasından "Qara Qarayev: Biblioqrafiya" kitabının və bəstəkarın "Yeddi gözəl", "Leyli və Məcnun" və "Don Kixot" əsərlərindən ibarət CD-lərin təqdimat mərasimi ilə anılmışdır.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bəstəkarın həyat və fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən belə biblioqrafiyaların çap edilərək xalqa çatdırılmasının əhəmiyyətindən söhbət açdı. Sonra Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli bəstəkar Qara Qarayevin keçən il YUNESKO tərəfindən Parisdə keçirilən yubileyindən və onun Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətlərindən danışdı. Biblioqrafik göstəriciyə ön söz yazmış AMEA-nın müxbir üzvü, professor Zemfira Səfərova, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri professor Nizami Cəfərov, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının professoru Fərhad Bədəlbəyli, BDU-nun kitabxanaçılıq informasiya fakültəsinin biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov və Qara Qarayevin tələbələri çıxış edərək dahi bəstəkarın şəxsiyyəti və pedaqoji fəaliyyəti barədə geniş söhbətlər açdılar. Belə biblioqrafiyaların bəstəkarlar, musiqişünaslar, tədqiqatçılar, Azərbaycan Dövlət Musiqi Akademiyasının müəllim və tələbə heyəti, ümumiyyətlə, musiqi ilə maraqlananlar üçün çox dəyərli töhfə olduğunu vurğuladılar.
Natiqlər Milli Kitabxananın bundan əvvəl "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından çap etdirdiyi görkəmli yazıçı Mircəlal Paşayev haqqında biblioqrafiyanı, F.Əmirov, Ü.Hacıbəyov, Y.Məmmədəliyev və digər tanınmış şəxsiyyətlər haqqında biblioqrafik göstəricilərin hazırlanmasını yüksək dəyərləndirdilər.
Tədbirin sonunda bəstəkarın əsərlərindən, onun haqqında yazılan kitablardan ibarət geniş kitab sərgisinə baxış keçirildi.
Azərbaycan.-2009.-6 fevral.-S.8.